Ardını oxu...
Azərbaycanda təxminən 400 mindən çox sənədsiz fərdi yaşayış evi var.

Rəqəmlər illərdir artsa da, problem dəyişməz olaraq qalır. Qeyd edək ki, “kupça” verilməsə də, həmin evlərin əksəriyyətinin sahiblərində yalnız bələdiyyələrin verdiyi sənəd var. Satış zamanı həmin evlərin sənədi olaraq əsasən etibarnamə təqdim edilir.

Eləcə də sənədsiz olan evlərin demək olar ki, əksəriyyəti kommunal xidmətlərə malikdir. Bəs “kupça”sız evlərin sakinləri etibarnaməni necə əldə edir və kommunal xidmətlərə dair sənədlərin evi alan şəxsin adına hansı yolla keçirilməsi mümkündür?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, sənədsiz evləri vətəndaşlar etibarnamə ilə satırlar:

“Eləcə də qarşılıqlı yazılı ərizə, öhdəlik ərizəsi və yaxud sayğacları alıcının adına keçirməklə, alıcını qeydiyyata salmaqla evi satır. Ortada rəsmi sənəd olmadığına görə, hər kəs bildiyi bir formada bir evi digərinə satır. Bəzi vətəndaşlar memarlara layihə çəkdirirlər, bu layihədə sadəcə alıcının adını yazırlar ki, sifarişçi bu şəxsdir.

Onu vətəndaşa texniki pasport adı ilə o formada satırlar. Halbuki bu, tamamilə əsassızdır. Hər hansı bir memarın çəkdiyi layihə rəsmi sənəd deyil, sifariş üçün çəkilmiş sənəddir. Etibarnaməni notarius verir. Sadəcə onlar notariusa sənəd göstərə bilmirlər. İstənilən vətəndaş istənilən şəxsə etibarnamə verə bilər. Ancaq əslində etibarnamə veriləndə hansısa sənəd üzərində verilməlidir.

Burada ortada sənəd də yoxdur”.

Kommunalların çəkilişinə gəldikdə isə ekspert deyir ki, 2023-cü ilin oktyabr ayından etibarən çıxarışı olmayan evlərə kommunikasiya xətləri çəkilmir:

“Əgər evdə hazır kommunikasiya varsa, ev sahibi bələdiyyədən vergi şəhadətnaməsi ala bilirsə, onun əsasında kommunikasiyanı qarşı tərəfin adına keçirilə bilər. Əks təqdirdə mümkün deyill, kommunal xidmətlər əvvəlki şəxsin adında qalacaq. Əgər sənəd varsa, “ASAN Kommunal” və yaxud kommunal üzrə müvafiq qurumların işçiləri sənədin digər şəxsin adına keçməsinə kömək edə bilərlər”.

  
Ardını oxu...
Son günlər ölkəmizdə qumar oyunlarının təbliğatının genişlənməsi müşahidə olunur. Hətta "TikTok" və bir sıra platformalarda canlı yayım açaraq qumar oyunu təşkil edənlərin sayı da az deyil.

Bu gün Azərbaycanın mərc bazarında "Azərlotoreya"nın "Misli" və "Topaz" şirkətləri insanları müxtəlif şirnikləndirici vədlərlə yoldan çıxarmağa davam edirlər. 2021-ci ilin yanvar ayında imzalanan müvafiq sərəncamla "Azərlotoreya" bu sahədə söz sahibinə çevriləndən sonra "Misli" "Topaz"ın əsas rəqibinə çevrildi. "Azərlotoreya" "Misli" vasitəsiylə mərc oyunlarıyla yanaşı, müxtəlif növ ani lotoreyaları da bazara buraxdı. Nəticədə artıq uzun müddətdir ki, sadə vətəndaşlar asan yolla pul əldə etmək üçün "Poz, qazan" kimi lotoreyalara və bir sıra fərqli mərc oyunlarına pul yatırmaqla məşğuldurlar. Xüsusilə də "Misli" insanları şirnikləşdirmək üçün müxtəlif cəlbedici, azyaşlıların da izlədiyi müxtəlif televiziya proqramlarını, futbol qarşılaşmalarını öz təbliğat maşınına çevirir.

Bəs görəsən, bu şirkətlərin insanları bəlaya, pis vərdişlərə, uçuruma aparan qumar oyunlarının təbliğatının qarşısı niyə alınmır?

Pərviz Heydərov: Qumar oyunları yüksək iqtisadi rifah və şəffaflıq şəraitində qətiyyən çiçəklənə bilməz

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qumar oyunları qeyri-leqal və çirkli biznes növüdür:

"Hər bir biznes fəaliyyəti növü daha çox gəlir əldə olunması məqsədi güdür. Hətta bunun üçün vergi və rüsumlardan yayınmaq kimi üsullara da baş vurulur. Bu məsələdə qanunvericilikdə olan boşluqlar da mühüm rol oynayır. "Topaz" və "Azərlotoreya"nın "Misli" kimi şirkətlərin qapalı qumar oyunları bazarına yol verməməsi üçün, ilk növbədə, kölgə iqtisadiyyatını aradan qaldırmaq, onun payını və təsir dairəsini azaltmaq lazımdır. Qumar oyunları, insan alveri və sair hallar yüksək iqtisadi rifah və şəffaflıq şəraitində qətiyyən çiçəklənə bilməz".

Üzeyir Şəfiyev: Bəzi sosial şəbəkə istifadəçiləri qanunvericiliyi bilmədiyinə görə insanları qumar oyunlarına cəb edirlər

Bəzi qadağan olunmuş fəaliyyət növlərinin onlayn platformalara bilərəkdən daşındığını qeyd edən sosioloq Üzeyir Şəfiyev Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, bir sıra istifadəçilər internet resurslarından istifadə edərək, real həyatdakı hüquqazidd davranışlarını virtual aləmdə həyata keçirməyə çalışırlar. Qumar oyunları da bu qəbildəndir.

Onun sözlərinə görə, əslində bu oyunlarla bağlı həm hüquqi müstəvidə, həm də sosial müstəvidə mübarizə tədbirləri həyata keçirilir. Hətta bununla bağlı hüquqi tənzimləmə metodu mövcuddur:

"İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində Azərbaycan ərazisində qumar oyunlarının təşkili və keçirilməsi ilə hüquqi məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyət fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda ölkənin Cinayət Məcəlləsinin 244-cü maddəsində qumar oyunları ilə bağlı hüquqi məsuliyyəti özündə ehtiva edən müddəalar var. Həmçinin Cinayət Məcəlləsinin 525-ci maddəsində müvafiq müddəalar mövcuddur".

Ü.Şəfiyevin fikrincə, bəzi sosial şəbəkə istifadəçiləri qanunvericiliyi bilmədiyinə görə insanları qumar oyunlarına cəb edirlər.

"Bu məsələdə süzgəc mexanizmi tətbiq olunmayıb. Ona görə uşaq və yeniyetmələr də qumar oyunlarının qurbanına çevrilirlər. Nəticədə ailə böyük bir maliyyə itkisi ilə üzləşə bilir. Ona görə də valideynlər övladlarına maksimum diqqət etməli və sosial şəbəkələr platformalarından istifadəyə nəzarət etməlidirlər. Eyni zamanda yaxşı olar ki, sosial şəbəkələr və televiziya üzərindən sosial çarxlar vasitəsilə uşaq və yeniyetmələr bu mövzu ilə bağlı düzgün maarifləndirilsin", - deyə müsahibimiz bildirib.

Sosioloq təklif edir ki, uşaqları qumar oyunlarından uzaq tutmaq üçün orta məktəblərdə və internet resurslarında süzgəc mexanizmi tətbiq olunmalıdır. Hüquq-mühafizə orqanları da real həyatda olduğu kimi, virtual aləmdə də qumar oyunlarının təşkilatçılarına, reklamını təşkil edənlərə və təbliğatını aparan şəxslərə qarşı ciddi tədbirlər görsünlər.

İlahə Dadaşova: Narkotik asılılığı olan pasiyentlərimizlə qumar asılılığı olan azyaşlı pasiyentlərimizin sayı eyni səviyyədədir

Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında mərc və qumar oyunlarının psixoloji təsirlərinə toxunub.

O bildirib ki, qumar asılılıqlar içərisində ən təhlükəlilərdən biridir. "Topaz", "Misli" kimi şirkətlərin fəaliyyəti isə bu asılılığın daha çox artmasına səbəb olub:

"Hazırda narkotik vasitə asılılığı olan pasiyentlərimizlə qumar asılılığı olan azyaşlı pasiyentlərimizin sayı eyni səviyyədədir və kifayət qədər çoxdur. Xüsusən də futbol oyunları üzərindən mərclərə qoşulan pasiyentlərimiz var. "Topaz", "Misli" və s bu kimi şirkətlərin fəaliyyəti vəziyyəti daha da qabardıb. Əvvəllər qumar oynamaq istəyənlər yollarını daha çətinliklə tapırdılarsa, indi daha açıq və rahat şəkildə bu oyunları oynaya bilirlər. Əvvəllər kimsə qumar oynamaq istəyəndə yer axtarışına çıxırdı və bir çox hallarda axtarış ərəfəsndə həvəsi ölürdü. Lakin indi ürəyindən qumar oynamaq keçən istənilən şəxs rahatlıqla bu oyunları tapa bilir".

İ.Dadaşovanın dediyinə görə, bəzi insanlar maddi-mənəvi sıxıntılardan qurtulmaq üçün qumara üz tutduğunu bildirir. Bəziləri isə problemi olmadan, sadəcə maraq üçün qumar oynamağa başlayır və zamanla onlarda asılılıq yaranır.

"Qumar kimi pis vərdişlərdən uzaq olmaq insanın özündən asılıdır. Bəzi insanlar elə düşünür ki, bir dəfə oynamaqla onlara heç nə olmayacaq. Halbuki mərc və qumar oyunları çox asanlıqla asılılıq yarada bilir. Xüsusən də azyaşlıları bu oyunlardan uzaq tutmaq üçün valideyn övladlarını ailə mühitind sevgiylə böyütməlidirlər. Valideyn diqqətindən, sevgisindən məhrum olan uşaqlar, həmçinin övlada aid hər şeyi valideyn özü həll etməyə çalışanda zamanla sərbəst mühitə düşən uşaq təsir altına tez düşməyə meylli olur", - deyə İlahə Dadaşova öz məsləhətlərini qeyd edib.

Gülşən Şərif
 
Ardını oxu...
Xaliq Kazımov Dövlət Məşğulluq Agentliyinin səlahiyyətli şəxslərindən şikayətçidir...

Samux rayonu, Qarayeri qəsəbə sakini Kazımov Xaliq Abbas oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 4 ildi Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, ona heyvan verməmək üçün əllərindən gələni edirlər:

“Mən, Kazımov Xaliq Abbas oğlu yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

4 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən cavab ala bilmirəm. Gəlib baxış keçirib, şəraitimlə tanış olublar. Sonra bildirdilər ki, sən gəlirlərini düzgün qeyd etməmisən. Hansı gəlirdən söhbət gedir, onu bilmirəm. Mənə imtina gəlməyib, sadəcə telefon vasitəsilə bildiriblər ki, gəlirlərimi düzgün qeyd etməmişəm. Halbuki, həyətimdə tut ağacı belə, yoxdur”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq İdarəsinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O, bildirdi ki, Samux rayon sakini Kazımov Xaliq Abbas oğlunun müraciəti araşdırılıb: “Vətəndaş qoyunçuluq təsərrüfatı zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. 05.12.2024-cü il tarixdə onun şəraitinin qiymətləndirilməsi məqsədilə ilkin monitorinq təşkil edilib. Monitorinq komissiyasının rəyinə əsasən X.Kazımov gəlirlərini düzgün bildirmədiyi üçün proqrama cəlbi məqbul hesab edilməyib”.

Jalə FAMİLQIZI
 
Ardını oxu...
Sabahdan, yəni 5 fevraldan etibarən Rusiyada miqrantların "qara günləri" başlayır.

Belə ki, bu ölkədə qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan yeni qanun qüvvəyə minir. Həmçinin ölkəyə giriş-çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyət tətbiq olunur. Əgər əvvəllər Rusiyaya daxil olub, 3 ay qaldıqdan sonra giriş-çıxış edərək yenidən qayıtmaq mümkün idisə, bundan sonra bu qayda ləğv olunur və miqrantlara yalnız 90 gün qalmaq icazəsi veriləcək. Bütün bunlar nəzərə alınaraq xeyli sayda azərbaycanlı miqrantın vətənə geri dönəcəyi gözlənilir.

Digər tərəfdən, Amerikadan da 709 azərbaycanlı miqrantın deportasiya ediləcəyi bildirilir. Bəs bu qədər miqrantın geri qayıdışı ölkədə hansı problemlərə səbəb ola bilər? Bu məsələ işsizlik səviyyəsinə təsir edəcəkmi?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

 
Ardını oxu...
Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən-ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.

Ölkədə ümumi orta məktəb təhsili, əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müsəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Azərbaycanda ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi təmin olunur və ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq 10-11-ci sinifləri əhatə edir.

Qeyd edək ki, son vaxtlar ölkədə ümumi orta məktəb təhsili ilə bağlı dəyişikliyin olacağı barədə fikirlər səslənir. Belə ki, 10-11-ci siniflərin ödənişli olması gözlənilir.

Əgər bu layihə reallaşarsa, ölkədə “təhsilsizlər ordusu” yaranmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində təhsilin ödənişli olması ilə bağlı fikirlər təhsil sistemində ciddi sosial və iqtisadi problemlərə səbəb ola bilər:

“Təhsil hər bir vətəndaş üçün fundamental hüquq hesab olunur və onun əlçatan olması dövlətin əsas öhdəliklərindən biridir. Əgər bu layihə reallaşarsa, aşağı və orta gəlirli ailələrin övladları üçün təhsilin davam etdirilməsi çətinləşəcək və nəticədə ölkədə kütləvi təhsilsizlər ordusu yaranacaq.

Azərbaycanda təhsil sistemi konstitusiya ilə tənzimlənir və təhsilin hamı üçün əlçatan olması təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil almaq hüququ var və dövlət ümumi orta təhsilin icbari və pulsuz olmasını təmin etməlidir. Bu halda, 10-11-ci siniflərdə təhsilin ödənişli olması bu prinsiplərə zidd ola bilər. Eyni zamanda, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə görə, dövlət hər kəsə təhsil almaq üçün bərabər şərait yaratmalıdır”.

Ekspertin sözlərinə görə, əgər bu layihə tətbiq olunarsa, onun nəticələri bir sıra problemlərə yol aça bilər:

“Birinci, aşağı və orta gəlirli ailələrin övladları təhsili yarımçıq qoymağa məcbur olacaq. Bu isə əmək bazarında kifayət qədər savadlı və peşəkar kadrların sayının azalmasına səbəb olacaq. Statistik məlumatlara əsasən, hazırda Azərbaycan əhalisinin 35%-i yoxsulluq həddinə yaxın yaşayır. Əgər ailələrin təhsilə əlavə maliyyə xərcləri çıxarsa, bu, təhsildən yayınma hallarını artıracaq.

İkincisi, ölkədə erkən yaşda əmək bazarına qoşulan və qeyri-rəsmi çalışan gənclərin sayı artacaq. 10-11-ci siniflərdə təhsil ala bilməyən yeniyetmələr iş tapmaq üçün bazara daxil olmağa çalışacaq, lakin onların bilik və bacarıqları yetərsiz olduğu üçün əmək bazarında qeyri-rəsmi və aşağı maaşlı işlərdə çalışacaqlar. Bu isə həm gənclərin sosial təminatsızlığına, həm də gələcəkdə savadsız işçi qüvvəsinin artmasına səbəb olacaq.

Üçüncüsü, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Azərbaycanda universitetlərə qəbul olan abituriyentlərin əksəriyyəti məhz ümumi orta təhsilin tam kursunu bitirənlərdir. Əgər 10-11-ci siniflər ödənişli olarsa, ali təhsil almaq istəyənlərin sayı kəskin şəkildə azala bilər”.

Bu, həm ali təhsil sisteminə mənfi təsir edəcək, həm də ölkədə ali təhsilli kadrların sayının azalmasına gətirib çıxaracaq.

Dördüncüsü, bu sistem tətbiq olunarsa, cəmiyyətin təhsil baxımından daha çox sosial təbəqələşməsinə səbəb olacaq. Yüksək gəlirli ailələrin övladları təhsillərini davam etdirə biləcək, aşağı gəlirli ailələrin uşaqları isə məcburən məktəbdən kənar qalacaq. Bu isə gələcəkdə sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.

Ekspert deyir ki, bir çox inkişaf etmiş ölkələrdə orta təhsil pulsuz və icbaridir:

“Məsələn, Finlandiya, Almaniya və Fransa kimi ölkələrdə dövlət yalnız icbari təhsili deyil, eyni zamanda məktəb materiallarını, dərslikləri və hətta bəzi hallarda məktəb yeməklərini də təmin edir. Finlandiya modelində təhsilin hər kəs üçün pulsuz olması onun keyfiyyətinin artırılması ilə paralel həyata keçirilir. Bu ölkədə orta məktəbdə təhsilin pulsuz olması təhsil bərabərliyini qorumaq üçün əsas strategiya hesab edilir. Digər tərəfdən, ABŞ və Böyük Britaniya kimi ölkələrdə dövlət məktəbləri pulsuz fəaliyyət göstərsə də, özəl məktəblər ödənişli təhsil təklif edir. Lakin bu ölkələrdə hər kəs üçün pulsuz dövlət məktəblərində tam orta təhsil almaq imkanı mövcuddur.

Azərbaycanda orta təhsilin ödənişli olması ciddi sosial və iqtisadi risklər yarada bilər. Əgər məqsəd dövlət büdcəsinə əlavə gəlir gətirməkdirsə, bu, təhsildən yayınma faizini artıraraq əks nəticələrə səbəb ola bilər”.

K.Əsədovun fikrincə, digər tərəfdən, əgər bu addım təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyırsa, bunun daha effektiv yolları var:

“Keyfiyyətin artırılması üçün müəllimlərin maaşlarının yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi və yeni təhsil metodlarının tətbiqi daha məntiqli addım ola bilər. Ödənişli təhsilin tətbiq edilməsi əksər ailələr üçün maliyyə yükünü artıracaq və bu da təhsil sistemində bərabərsizlik yaradacaq. Bu layihə reallaşarsa, orta məktəb təhsilində davamiyyət faizi kəskin şəkildə aşağı düşəcək və nəticədə savadsızlıq problemi ilə qarşılaşa bilərik. Əgər dövlətin təhsil sahəsində islahat keçirmək niyyəti varsa, bu, daha inklüziv və hamının təhsil ala biləcəyi model əsasında qurulmalıdır. Əks halda, ölkədə təhsilsiz gənclərin sayı artacaq, bunun uzunmüddətli sosial və iqtisadi fəsadları olacaq”.
Ardını oxu...
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında Azərbaycanda Amnitsiya Aktının qəbulu ilə bağlı təkliflə çıxış edib. O bildirib ki, parlament təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər.

“Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, indi də həbsdədirlər. Bu Amnistiya Aktının qəbulu onları da sevindirər”, - S.Novruzov qeyd edib.

Bəs, ölkəmizdə Amnistiya Aktının sözügedən tarixədək qəbulu gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadə bildirib ki, Aktın qəbul olunması istisna edilmir.

“Məlum olduğu kimi, Prezident İlham Əliyev 2025-ci ili suverenlik və konstitusiya ili elan edib.

Bu amilləri nəzərə alaraq, Amnistiya aktının qəbul ediləcəyi istisna edilmir. Mütəmadi olaraq bu məsələ gündəmə gətirilir. Əfv Komissiyası mövcuddur və nümayəndələr davamlı olaraq toplanır, müzakirələr aparır, əldə olunan məlumatlar ölkə başçısına təqdim edilir və həmin şəxslər barədə əfv sərəncamları inzalanmış olur".

Onun sözlərinə görə, Akt əfv sərəncamından fərqli olaraq daha geniş spekteri əhatə edir:

“Əfv sərəncamları konkret şəxslərə şamil olunur. Konkret olaraq ayrı-ayrı cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxsləri əhatə edir. Amnistiya isə daha çox məhkuma aiddir. Bu səbəbdən də sözügedən Aktın təbliğ edilməsi ilə bağlı təkliflər zaman- zaman gündəmə gətirilir”, - deyə o qeyd edib.
Ardını oxu...
İşçilərlə bağlanmış Əmək müqaviləsinin ləğvi zamanı - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci müqaviləsində nəzərdə tutulan aşağıdakı hallar nəzərə almalıdırlar:
1.Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin AR-sıƏmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığılə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:
Tərəflərin qarşılıqlı razılığı;
Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə, AR Əmək Məcəlləsində qeyd tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda.
3.Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, Əmək Məcəlləsin də nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
4.AR Əmək Məcəlləsinin 75-ci maddəsindən sui-istifadə hallarına yol verilməsi, AR-sı Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır və məsuliyyət yaradır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsindən 3 əsas tələbi vardır:
Tərəflər Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənməyən şərtlərl barədə razılığa gələ bilərlər.
Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin AR-nın Əmək Məcəlləsi ilə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
Tərəflər arasında hər hansı bir əlavə hallar müəyyən edilərkən, İşçilərin əmək hüquqları məhdudlaşdırıla bilməz.
Azer Quliyev
TEREF
Ardını oxu...
Bu gün Parlamentdə sənədsiz evlərlə bağlı təklif səslənib. Bu məsələdə bürokratik əngəllər var. Həmçinin də bir çox ailələr var ki, uzun illər ərzində tikib içərisində yaşasalar da hələ mənzillərinin rəsmi sənədi yoxdur. Bu problemin həlli istiqamətində hansı zəruri addımlar atılmalıdır?

Bu mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Referans.az - a açıqlamasında bildirib ki, sənədsiz fərdi yaşayış yerlərinin sənədləşdirilməsi ilə bağlı illərdir ki, müzakirələr gedir. Hətta bəzi hallarda bu məsələnin öz həllini tapmasına yaxın da olmuşuq. Amma təəssüf ki, proses sonradan dayanıb. Ötən il bu istiqamətdə çox ciddi müzakirələr də aparıldı. Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri və Katastırı publik hüquqi şəxslə Ədliyyə nazirliyi elektron informasiya sistemi də yaratdılar. Bu sahədə də texniki işlər isə demək olar ki, yekunlaşıbdır.

Ramil Osmanlı onu da vurğulayıb ki, sözügedən məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib. Ekspertin bu məsələ ilə bağlı fikri ondan ibarətdir ki, çoxmənzilli binaların istismarına icazələrin sadələşdirilməsi və eyni zamanda qeyri-yaşayış obyektləri ilə bağlı ötən ilin iyun ayında ölkə prezidenti tərəfindən fərman da imzalandı. Bir sözlə bu istiqamətdə kifayət qədər təcrübə də mövcuddur.

"Bu problem illərin problemidir. Hesab etmirəm ki, ayrı-ayrı hüquqi aktlara və ya hansısa qanunlara dəyişikliklər edilməsi ilə mümkün olsun. Düşünürəm ki, bu problemin həlli analoji bir qərarın qəbulu məsələsidir. Fikrimcə bu məsələ 2025- ci ildə öz həllini tapacaqdır. Çünki illərdir ki, bu istiqamətdə bütün texniki işlər yekunlaşıb. Bu il ərzində bu mövzuda vahid bir qərarın qəbulu reallaşacaqdır",- deyə ekspert əlavə edib.
 
Ardını oxu...
Hazırda 670 min insan Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayır.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Komsomolskaya Pravda” radiosunun efirində Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy bildirib.

O qeyd edib ki, 670 min nəfərin yarısından çoxu qadın və uşaqlardır.

Qorovoyun sözlərinə görə, bu sayda insan Rusiya ərazisində qanunsuz yaşayır. Lakin 2024-cü il dekabrın 30-dan 2025-ci il aprelin 30-dək onların hüquqi statusu ilə bağlı məsələni həll etmək üçün müvafiq idarə və daxili işlər orqanları ilə əlaqə saxlamaq hüququ var.

“Xüsusi qeydlərimizi yoxladıqdan və ictimai asayişi təhdid edən hər hansı hüquq pozuntusunun olmamasını qiymətləndirdikdən sonra biz bu xarici vətəndaşların hüquqi statusunu tənzimləyəcəyik. Əks halda, onlardan ölkəni tərk etmək tələb olunur”, - Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Ardını oxu...
Sosial şəbəkə asılılığı günümzdə böyük-kiçik demədən demək olar ki, hər kəsin üz-üzə qaldığı problemdir. Bəs bu "bəladan" necə qurtulaq?

Referans.az sosial media asılılığından qurtulmaq üçün addım-addım planı təqdim edir:

Problemi qəbul edin
Özünüzə sual verin: "Sosial mediaya nə qədər vaxt sərf edirəm? Bu, mənə nə qazandırır, nə itirdir?"

Gündə neçə saatınızı sosial mediada keçirdiyinizi müəyyən edin.
Əsas məqsədinizin nə olduğunu düşünün: Məlumat əldə etmək, vaxt öldürmək, yoxsa sadəcə vərdiş?

Məhdudiyyətlər təyin edin
Vaxt limiti qoyun - Telefonunuzda "Screen Time" (Ekran müddəti) və ya "Digital Wellbeing" funksiyasından istifadə edin.
Tətbiqləri məhdudlaşdırın - Sosial media tətbiqlərini telefondan silin və ya dondurun.
Sosial media detoksu edin - Bir həftə və ya bir ay ərzində sosial mediadan uzaq durmağa çalışın.

Telefonu daha az əlinizə alın
Gecə telefondan uzaq durun - Yatmazdan ən az 1 saat əvvəl telefonu kənara qoyun.
Bildirişləri bağlayın - Sizi cəlb edən bildirişləri deaktiv edin.
Alternativ tapın - Sosial media yerinə kitab oxuyun, idman edin, real insanlarla görüşün.

Sosial medianın sizi necə manipulyasiya etdiyini anlayın
Sonsuz skrollama tələsinə düşməyin - Algoritmlər sizi daha çox vaxt keçirməyə məcbur edir.
Müqayisə etməyi dayandırın - Sosial mediada hər kəsin mükəmməl həyatı varmış kimi görünə bilər, amma bu, həqiqət deyil.
Yalnız faydalı məzmunları izləyin - Sizi inkişaf etdirən səhifələrə yönəlin.

Real həyata daha çox fokuslanın
Yeni hobbilər tapın - İdman, musiqi, rəsm, yazıçılıq və ya başqa maraqlarınızı inkişaf etdirin.
Dostlarınızla real görüşlər təşkil edin - Virtual ünsiyyət real münasibətləri əvəz edə bilməz.
Təbiətlə əlaqə qurun - Açıq havada vaxt keçirin, uzun gəzintilərə çıxın.

Lazım olanı saxlayın, qalanı atın
Özünüzə sual verin: "Bu platforma mənə nə qazandırır?"
Əgər sizə heç nə qatmırsa, hesablarınızı bağlamağı düşünün.
Sosial medianı idarə edin, onun sizi idarə etməsinə icazə verməyin.

Unutmayın: Həyat ekranda deyil, ətrafınızdakı gerçək dünyada baş verir!
 
 
 

Dünyapress TV

Xəbər lenti