Ardını oxu...
Son günlər daha çox gündəmdə olan mövzulardan biri də həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi ilə bağlıdır.

Belə ki, bu barədə Milli Məclisin deputatı Mübariz Qurbanlı fikir bildirib.

Millət vəkili qeyd edib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".

Qeyd edək ki, bu məsələ ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Əgər bu layihə təsdiqlənərsə, tətbiq mexanizmi necə olacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”a bildirib ki, burada ən mühüm məsələlərdən biri inzibatçılıq və prosesin tənzimlənməsi məsələsidir:

“Burada maraq doğuran məqam yoldaşının hansı səbəbdən işləmədiyinin necə müəyyən edilməsidir. Bu təsbit məsələsi yəqin ki, ailələr arasında sorğu yolu ilə müəyyən edilə bilər. Burada variantlardan biri bu ola bilər.

Əgər bir neçə formada sorğu keçirilərsə, həmin sorğuların nəticəsində, hətta ailədə əlverişli tərəflərdən birinin müəyyən mənada etiraf etmədiyi məqamları belə, bu yollarla üzə çıxartmaq mümkündür.

Yəni sadəcə keyfiyyətli sorğu metodologiyası hazırlamaq olar. Ancaq indiki halda mən bunun necə tənzimlənəcəyi ilə bağlı hansı yanaşmanın hökumətdə olduğunu bilmirəm. Azərbaycan ailəsini, strukturunu nəzərə almış olsaq, çox böyük ehtimalla bunun təsbit edilməsi o qədər də asan olmayacaq.

Bu bir sıra subyektiv məqamlara da gətirib çıxara bilər. Ailə arasında kiçik mübahisələrin nəticəsində həyat yoldaşının müraciəti və yaxud da ən azından məşğulluqla bağlı keçirilən sorğularda iş axtarıb-axtarmaması da nəzərə alına bilər.

Nikah zamanı bu məsələnin nəzərə alınmasına gəldikdə isə, əmin deyiləm. Çünki həmin ərəfədə kim etiraf edəcək? Nikah bağlanma anı insanların ən xoşbəxt anıdır. Hər şeyin gözəl olacağını düşünürlər. Hələ tam olaraq həyatın gətirəcəyi çətinlikləri, tərəflər arasında münasibətlərin hansı məcrada inkişaf edəcəyini qavramırlar.

Həmin dövrdə çox böyük ehtimalla tərəflər bunu etiraf etməyəcəklər. Ola bilər ki, ilkin dövrlərdə sadəcə ailə arasında razılaşma əsasında tərəflərdən birinin müraciəti ilə tətbiq edilə bilər. Hətta işləyən həyat yoldaşının özü belə, müraciət edə bilər. Düşünə bilər ki, onun pensiya kapitalı çoxdur. Məhz kapitalın hesablama zamanı bundan istifadə edilə bilər.

Hesab edə bilər ki, hazırda çalışdığı iş yerində maaş və pensiya kapitalı kifayət qədər yüksəkdir. Orta ömürü hesablaya bilər ki, bugünkü mexanizmlə vəsaitlərin geri qaytarılması ehtimalı azdır. Bunu nəzərə almaqla özü könüllü şəkildə müraciət edə bilər ki, “mən öz əməkhaqqımdan yığımların bir hissəsinin yoldaşıma ötürülməsinin razılığını verirəm”.

Bu müəyyən bir yerdə uzunmüddətli planlama tələb edir. Bu gün ən böyük problemlərdən biri, pensiya kapitalını toplaya bilməyən insanlar pensiyaya çıxa bilmirlər. Gələcəkdə ailə arasında müəyyən bir planlama aparıla bilər. Görürlər ki, ailə üzvü müəyyən dövrdə işləyib, indi işləmir və s. nəzərə almaqla kapitalın çatışmayan hissəsi var, bunu öz aralarında razılaşdırmaqla hökumətə bu müraciət edə bilərlər”.

Ekspert deyir ki, bu məsələ ilə bağlı neqativ bir yanaşma da var:

“Başa düşüləndir ki, ölkədə bir çox problem var. Bütün bunları bir kənara qoyub məsələyə rasional olaraq baxsaq, əgər tərəflərdən biri digərinin konstitusion hüququnu və bəzi hallarda bunu təzyiq yolu ilə məhdudlaşdırırsa, bu neqativ bir məsələdir.

Həyat heç də hamar deyil. Uzunmüddətli dövrdə müxtəlif vəziyyətlər ortaya çıxa bilər. Hətta ailələr dağılır və bu hallar kifayət qədər genişlənib. Burada digər tərəfin ahıllıq dövründə sosial təminatının güclü əsasının yaradılması alətlərindən biri kimi istifadə oluna bilər.

Xüsusilə də Azərbaycan ailəsində kişilərin qadınları işləməyə qoymaması daha çox yayılıb. Bunun yaradacağı nəticələri nəzərə alaraq kişilər bu məsələdə çox da israrlı olmaya bilərlər. Hələlik neqativ tərəflərini görmürəm.

Sadəcə burada bir neqativ məsələ yarana bilər. Belə ki, insanlar tam olaraq dövlət sosial sığorta haqqını ödəyəndə bir sıra hallarda əhəmiyyətli kəsim tələb olunan kapitalı toplaya bilmir. Təsəvvür edin ki, bu kapital eyni zamanda bölünəcək. Belə olduğu təqdirdə ailə üzvlərindən birinə pensiya hüququnun yaranması ehtimalı yarana bilər.

Gələcəkdə bu heç bir ailə üzvünün pensiya ala bilməməsinə gətirib çıxara bilər. Bunun neqativ tərəflərini də sığortalayan bir amil olmalıdır. Hazırda bu mexanizm hazırlansa və bunun tətbiqi ilə bağlı qərar qəbul edilsə, bu məqam daha diqqətlə incələnməlidir.

Əgər ailə üzvünün hər ikisinin pensiya hüququ yaranmrsa, ən azından pensiya kapitalını birləşdirə bilməlidir. Çünki ahıllıq dövründə ailənin təminatı məsələsi var. Bütün bunlar müzakirə olunmalıdır. Bunların hamısı nəzərə alınmaqla yekun, təkmil mexanizm tətbiq edilərsə, düşünmürəm ki, bu mənfi bir yanaşmadır”.
 
Ardını oxu...
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir:

"Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər".

Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:

"Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil".
 
Ardını oxu...
Miqrasiya yaxşı həyat axtarışında ölkəni tərk etmək, sonra isə vətəndə hər şeyin nə qədər yaxşı olduğu barədə danışmaqdır…

Miqrasiya – sadəcə çamadan, vağzal və bir tərəfli bilet deyil. Bu, ideyaları, texnologiyaları və maliyyə resurslarını daşıyan böyük insan axınıdır. Azərbaycan üçün miqrasiya problem yox, üstünlük ola bilər. Vətənə qayıdan mütəxəssislər, aktiv diaspora və xarici istedadların cəlb olunması ölkə iqtisadiyyatını daha çevik və rəqabət qabiliyyətli edə bilər. Axı köklər möhkəm olduqda, ağac hər iqlimdə böyüyür...

Miqrantların qayıdışı: Təkcə nostalji deyil, həm də investisiya

Bəzən elə gəlir ki, xaricdə hava daha təmiz, ot isə daha yaşıldır. Lakin bir çox azərbaycanlılar xaricdə oxuyandan və ya işləyəndən sonra vətənə qayıdırlar. Onlar boş əllə qayıtmırlar – qazandıqları təcrübə, qurduqları əlaqələr və topladıqları kapital onlara vətəndə öz bizneslərini qurmağa imkan yaradır.

Və ya başqa misal, xaricdə çalışan həmvətənlərimizin pul köçürmələri ölkə iqtisadiyyatını dəstəkləməyə davam edir. 2023-cü ildə bu köçürmələrin həcmi 2,5 milyard dollardan çox olub. Azərbaycanlı ailələr bu vəsait hesabına təkcə gündəlik ehtiyaclarını qarsalamırlar, həm də təhsil, səhiyyə və kiçik biznesə yatırım edirlər.

Sosial və mədəni inkişaf: Əsas sərmayə insanlardır

Miqrasiya təkcə pul məsələsi deyil. O, eyni zamanda mədəniyyət, təhsil və gələcəyə təsirdir. İnsan daha yaxşı həyat axtarışında ölkəsini tərk edir, amma bəzən onu elə doğulduğu yerdə tapır.

Vətənə qayıdan mütəxəssislər elmin və təhsilin inkişafına böyük töhfə verirlər. Məsələn, ADA Universitetinin rektoru Hafiz Paşayev diplomatik karyerasından sonra Azərbaycana qayıdaraq, universiteti ölkənin aparıcı təhsil ocaqlarından birinə çevirib. Digər bir nümunə – Hamlet İsaxanlı. O, xaricdə dərs dedikdən sonra Azərbaycana qayıdıb və ilk özəl universitet olan Xəzər Universitetini yaradıb. Onun rəhbərliyi altında universitet Qərb təhsil modelini tətbiq edərək beynəlxalq əməkdaşlığı genişləndirib.

Lakin yalnız vətənə qayıdan mütəxəssislər deyil, xaricdə yaşamaqda davam edən azərbaycanlılar da ölkənin inkişafında rol oynayırlar. Məsələn, Azerbaijan Cultural Heritage Association Parisdə Qarabağ incəsənətinə həsr olunmuş sərgi təşkil edərək, milli irsimizə diqqət çəkib. Axı öz mədəniyyətimizi dünyaya tanıtmasaq, bunu kim edəcək?

Güclü diasporlar: Təkcə çay süfrəsi arxasında görüş deyil

Azərbaycan diaspor təşkilatları təkcə xaricdə doğma dildə ünsiyyət qurmaq üçün bir vasitə deyil, eyni zamanda strateji resursdur. Bu, ölkə sərhədindən çox-çox uzaqlara gedən, ancaq onun enerjisi ilə qidalanan kökdür. Onlar ölkənin beynəlxalq səviyyədə tanınmasına və mövqelərinin güclənməsinə kömək edirlər.

Məsələn, Azərbaycan Gənclər Fondu dünyanın ən yaxşı universitetlərində təhsil almaq istəyən istedadlı tələbələri maliyyələşdirir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin tələbələri üçün təqdim edilən dövlət təqaüd proqramı Azərbaycanın xarici tərəfdaşlarla əlaqələrini möhkəmləndirir.

Diaspora “yumşaq güc” elementlərindən də istifadə edir. Londonda keçirilən Azerbaijan Culture Days festivalı Azərbaycan sənətinə və musiqisinə diqqət cəlb edərək göstərir ki, incəsənət ən yaxşı diplomatiyadır.

Yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi: “Xaricə beyin axını” ilə bərabər “ölkəyə beyin axını” olmalıdır

Dünya hazırda istedadlar uğrunda mübarizə aparır və Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Niyə Qazaxıstanın “Nurlı Köş” və ya İsrailin “Masa” proqramlarına bənzəyən milli “Köklərə Qayıdış” adlı təşəbbüs yaratmayaq?

Qiymətli kadrları nə cəlb edə bilər:

Bu cür təşəbbüslər alimlər, mühəndislər, IT mütəxəssisləri və sahibkarları ölkəyə cəlb etməyə kömək edərdi. Nəticədə, iqtisadiyyat daha innovativ olardı.

Dünyada artıq bir sıra ölkələr miqrasiyanı inkişaf resursuna çevirməyə nail olublar. Məsələn, Estoniya e-Residency proqramı vasitəsilə minlərlə IT mütəxəssisi və sahibkar cəlb edib. Birləşmiş Ərəb Əmirliləri isə alimlərə, mühəndislərə və investorlarına “qızıl vizalar” təqdim edir, yüksək kvalifikasiyalı mütəxəssislərin ölkəyə axınını stimullaşdırır. Azərbaycan da IT, bərpa olunan enerji və maliyyə texnologiyaları sahələrində istedadları cəlb edən mərkəzə çevrilə bilər. Elə indinin özündə ölkədə xarici mütəxəssislər fəaliyyət göstərir. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və neft-qaz layihələrində. Lakin belə nümunələrin sayının artması üçün onların adaptasiyasını və inteqrasiyasını asanlaşdıran hədəf proqramlarına ehtiyac var.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycana daimi yaşamaq üçün 3 016 nəfər gəlib, ölkədən isə 2 298 nəfər köçüb. Müsbət saldo – 718 nəfər. Amma bu 3 016 nəfər arasında nə qədər alim, mühəndis və ya həkim var? Əgər onların heç olmasa 10%-i belə peşə sahibləridirsə, deməli, iqtisadiyyata əlavə 300 mütəxəssis qazandırmışıq. Bəs bu rəqəmi necə artıra bilərik?

Dövlətin miqrasiya strategiyasına dəstəyi: Daha az bürokratiya, daha çox imkanlar

Miqrasiyanı öz xeyrinə çevirə bilən ölkələrdən biri İrlandiyadır. O, xaricə köçən istedadlarını geri qaytarmaq üçün vergi güzəştləri və qrantlar təqdim edib.

Bəs biz niyə gözləyək? Əksinə, istedadları geri qaytarmaq üçün elə indi onlara ən yaxşı şərtləri təklif etməliyik. Bunun üçün aşağıdakılar lazımdır:

Azərbaycanlıların vətənə qayıdışı təkcə evə alınan bilet deyil. Azərbaycanın gələcəyi yalnız neft və qaz üzərində qurulmur – onu quranlar həm də bilik, təcrübə və ideyaları ilə vətənə qayıdan insanlardır. Əsas məsələ onların bu potensialı reallaşdırmasına imkan yaratmaqdır…
Fuad Rəsulov
pressklub
 

 

Ardını oxu...
 

Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Layihədə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

Hazırda qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Ardını oxu...
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"İclasda 100-dən çox müraciətə baxılıb. Bu müraciətlərə əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətləri müzakirəyə çıxarılıb. Hər bir müraciət diqqətlə araşdırıldı. Səsvermə ilə qərarlar verildi. Komissiyanın növbəti iclası gələn həftə davam edəcək".

Komissiya üzvü qeyd edib ki, əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır:

"Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalmasının şahidi olacağıq".

Qeyd edək ki, ötən iclas da 100-dən çox müraciətə baxılıb.
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov ötən gün jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər.
Yəni əhaliyə satılan suyun qiyməti artırılmalıdır. Ənənəvi əsaslandırma isə ondan ibarətdir ki, təchizatı yaxşılaşdırmaq, xidmət səviyyəsini yüksəltmək.
Başqa mövzudur ki, bizdə xidmət səviyyəsini yüksəltmək və sair bəhanələr adətən yalan çıxır. Məsələn Bakı Metroplitenində aparılan rəsmi yoxlamalar zamanı bəlli oldu ki, əslində xidmətlər üzrə xərclər süni şişirdilərək maya dəyəri də artırılıb. Nəticə milyonlarla manat talan edilib.
Və ya Azərbaycanda əahliyə daha sürətli internet xidmətləri təklif etmək üçün tarifləri artırdılar. Guya 1100 Mb/s internet verəcəkdilər. Oldumu? Yox daha da bərbad bir vəziyyət yarandı.
İndi də su təchizatı ilə bağlı "xidmət səviyyəsinin yüksəldilməsi" bəhanəsi ortaya atılıb. Əhaliyə satılan suyun qiyməti artsa, xidmət də keyfiyyət də yüksələcəkmiş...
Rəsmi qurum iddia edir ki, Azərbaycanda əhaliyə satılan içməli su çox ucuzdur. Maya dəyərindən də aşağıdır.
Gəlin regionumuzda əhaliyə satılan içməli su tariflərinə diqqət edək:
- Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarına əsasən bu ölkədə əhaliyə satılan içməli suyun tarifləri belə tənzimlənir - sayğacı olan yaşayış evlərinin abonentləri üçün birləşdirilmiş su və kanalizasiya tarifi hər kubmetr üçün 0,50 laridir. Yəni 0.30 Azərbaycan qəpiyi. Sayğacsız müştərilər isə AYLIQ adambaşına 2,15 lari, yəni 1 manat 30 qəpik supulu ödəyirlər.
Məsələn keçmiş MDB dövlətlərində su qıtlığı olan Özbəkistanda hazırda əhaliyə satılan içməli suyun aylıq tarifi 3808 özbək somudur. Yəni 50 Azərbaycan qəpiyi.
Mənbə (https://schetchik.uz/uz/news/tariflar/...)
Analoji araşdırmalardan sonra Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna və digər ölkələrdə də su tariflərinin 0.50 ABŞ dolalrından baha olmadığı ortaya çıxır.
SADALAYIM?
AXI NİYƏ QİYMƏTLƏRİ ARTIRANDA ÖLKƏMİZ ÖZ MİQYASINDA İQTİSADİYYATLARLA YOX, TRİLYONLUQ İQTİSADİYYATLARI OLAN ÖLKƏLƏRLƏ MÜQAYİSƏ EDİLİR?
Düzdür inkişaf etmiş Avropa ölkələrində əhaliyə satılan 1 kubmetr içməli suyun qiyməti ortalama 2 avroya bərabərdir. Lakin Avrozonada ən aşağı və orta aylıq əmək haqqı, pensiyaları Azərbaycanla müqayisə etmək mümkün deyil deyə, ayrı ayrılıqda rəqəmləri ifadə etməyə lüzum görmədim.
Hələ onu da qeyd etmirəm ki, dövləti ən çox borclandıran da, dövlətə ən çox borcu olan da əvvəlki Azərsu, indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
Yəni su tarifləri artırılmadan da xidmət səviyyəsini yüksəltmək olar.
Razi Abasbəyli
TEREF
 
Ardını oxu...
Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (qarşısıalınmaz qüvvə (fors-major) şəraitindən başqa) daşıyıcı biletdə göstərilmiş marşrut üzrə sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində sərnişinlər üçün aşağıdakı xidmətləri ödənişsiz təşkil etməlidir:

– 7 yaşınadək uşağı olan sərnişinə ana və uşaq otaqlarının verilməsi;

– uçuş 2 saatdan çox ləngidikdə 2 telefon zənginin edilməsi və ya 2 elektron poçtun göndərilməsi imkanının yaradılması, habelə sərinləşdirici

içkilərin verilməsi;

– gündüz vaxtı 6 saatdan bir, gecə vaxtında isə 8 saatdan bir uçuş ləngidikdə isti yeməklə təmin edilməsi;

– uçuş 8 saatdan çox ləngidikdə mehmanxanada yerləşdirmə;

– əlavə haqq alınmadan mehmanxanada yerləşmə təmin edildiyi hallarda hava limanından (aeroportdan) mehmanxanaya və geriyə nəqliyyatla çatdırılma;

– baqajın saxlanılmasının təşkili.

Daşıyıcı və ya xidmət təşkilatı sərnişinə daha yüksək komfortlu ödənişli əlavə xidmətlər göstərə bilər. 5 yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə daşınırlar. 5 yaşından 18 yaşınadək uşaqların daşınması daşıyıcının qaydalarına uyğun olaraq tənzimlənir.
 
 
 
Ardını oxu...
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu qayda rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.

Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.

Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.

Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.

Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.

Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.

Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.

Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.
 

Ardını oxu...
Çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədlərinə nail olmaq üçün “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu layihəsi hazırlanıb.

"DogruXeber.az" xəbər verir ki, dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanunun 9-cu maddəsinə dəyişiklik təklif edilir. Qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.

Qanunun 11-ci və 12-ci maddələrə təklif edilən dəyişikliklər üzrə isə sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır.

Ardını oxu...
  

Ölkədə 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır - iqtisadçıdan fərqli rəy

2025-ci ilin yanvar ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 158 260 nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən, onların 33,3 faizini kişilər, 66,7 faizini isə qadınlar təşkil edib. Bir il əvvəl isə yaşa görə müavinət alanların sayı 145 min nəfər civarındaydı.

Nazirliyin digər məlumatına əsasən, 2024-cü ilin yanvar ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub. Onların 42,1 faizini kişilər, 57,9 faizini isə qadınlar təşkil edib. 2024-cü ilin sonuna doğru yaşa görə əmək pensiyası alanların sayında azalma qeydə alınıb -  oktyabr ayında onların sayı 706,9 min nəfər təşkil edib.

Beləliklə, rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda pensiya yaşına çatan, lakin sosial hesabındakı kapitalı minimum məbləğdə də olsa pensiya almağa yetməyən insanların sayı sürətlə artır. Bunun bir səbəbi əmək haqlarının bir çox hallarda işəgötürənlərin xərclərini azaltmaq məqsədilə aşağı - əsasən minimum əmək haqqı səviyyəsində təsdiqlənməsidirsə, digər səbəbi də qeyri-leqal işçi sayının çox olmasıdır. Bu isə ölkədə kölgə iqtisadiyyatının payının dünya ortalamasından dəfələrlə yüksək olaraq qalmasından qaynaqlanır. İqtisadçı-ekspert Natiq Cəfərlinin hesablamalarına əsasən, Azərbaycanda 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır: “Rəsmi məlumatda deyilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir. Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında qanuna əsasən muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar, özünü işlə müstəqil əmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin fermerlər və onların istehsalda iştirak edən ailə üzvləri məşğul əhalidir. Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 778.5 min nəfər olub; Ölkədə VÖEN-lə çalışan 700-800 min işçi var, tutalım, onların hamısı aktivdir;  Pay torpağı olanların hamısına, onların ailə üzvlətinə ölkədə "fermer" deyib rəsmiləşdirirlər - onların sayı da, təqribən 1 milyon 400 min nəfərdir. Bu isə o deməkdir ki, ən yuxarısı 4 milyon nəfər işləyən-məşğul əhali var. Belə çıxır ki, 1 milyon 300 min nəfər ya işsizdir, ya da qeydiyyatsız işləyir".

Qeydiyyatsız işləyənlərin, həmçinin əməkhaqqı minimum qeydə alınanların sayının yüksək olması orta və uzunmüddətli dövrdə pensiya yaşına çatıb əmək pensiyası almayan insanların sayının sürətlə artmasını şərtləndirəcək. Bu isə əhalinin ehtiyaclı təbəqəsinin artması deməkdir. Bu problemin qarşısının alınması üçün özəl pensiya fondlarının yaradılması əsas yollardan biri hesab olunur. Qeydiyyatsız işləyən, yaxud əməkhaqqı aşağı qeydə alınan, həmçinin kənd təsərrüfatında məşğul kimi rəsmiləşsə də, sosial sığorta hesabına hər hansı ödəniş olmayan vətəndaşlar belə fondlara öz imkanları hesabın ödəniş etməklə ahıl vaxtları üçün təhlükəsizlik yastığı formalaşdıra bilərlər.

Azərbaycanda uzun illərdən sonra özəl pensiya fondunun yaradılması istiqamətində addımlar atılmağa başlanıb. Ötən ilin dekabrında verilən açıqlamadan aydın oldu ki, artıq ƏƏSMN tərəfindən “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub. Müvafiq qurumlarla müzakirələr nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Azərbaycan Mərkəzin Bankından verilən açıqlamada qeyd edilir ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.

AMB-dən bildirildiyinə görə, bu istiqamətdə ƏƏSMN-in rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub: “Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır”, - cavabda deyilir.

Ardını oxu...

AMB-də hesab edilir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər: “Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə, Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir”. Eyni zamanda sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.

AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur: “Şəffaflıq və maliyyə sabitliyini təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır”.

Dünya təcrübəsindən çıxış etsək, özəl pensiya fonduna toplanan vəsaiti vətəndaş müqavilədə nəzərdə tutulan minimum ödəniş müddətindən sonra götürmək imkanı əldə edəcək. İstəyərsə, 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Vətəndaş rəhmətə getdiyi təqdirdə, onun varisi(ləri) toplanan vəsaiti ala biləcək. Hansı ki, bu, hazırda tətbiq olunan pensiya mexanizmində əksini tapmayıb.

Belə bir mexanizmin həyat sığortası şirkətlərinin iştirakı ilə qurulması ehtimalı yüksək qiymətləndirilir. Bu, baş verərsə, əlavə fondların yaradılmasına ehtiyac qalmayacaq - sığorta şirkətləri özləri bu funksiyanı icra edəcəklər. Son illərdə həyatın yaşam sığortasında qeydə alınan yüksəliş göstərir ki, dövlətin stimullaşdırıcı dəstəyi ilə özəl pensiya sisteminin də inkişafına nail olmaq mümkündür. Hətta prosesi özəl pensiya sistemi qoymadan, hazırda Azərbaycan qanunvericiliyində mövcud olan bir mexanizmin tətbiqi buna imkan verər. Belə ki, dünyada işləyən şəxslər üçün annuitet sığorta adlı əlverişli sığorta növü tətbiq olunur. Adətən bu sığorta növündən orta yaşlı insanlar daha çox istifadə edirlər. Mahiyyəti budur ki, insan sığorta şirkətinə həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər həmin şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni vəfat edənə qədər ödənilə bilər. Belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında da imzalana bilər Bu zaman işəgötürən - yəni iş yeri hər ay işçinin əməkhaqqından müvafiq sığorta haqqını sığorta şirkətinə köçürür. Həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü və ya varisi yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.

XalqHəyat sığorta şirkətinin satış idarəsinin müdiri Şəhriyar Məcidovun sözlərinə görə, Azərbaycanda da annuitet sığorta növü qanunvericilikdə nəzərdə tutulur: “Bu növ sığorta qanunda nəzərdə tutulub, lakin hələ satışa çıxarılmayıb. Vaxtilə Sovet dövründə bunu tətbiq edirdilər. Adətən valideynlər övladları üçün edirdilər bunu. İndi Avropada, Türkiyədə geniş tətbiq olunur. Türkiyədə buna əməkli sığortası deyirlər. Bizdə gözləyirik ki, bu məhsuldan nə vaxt istifadə edə biləcəyik. Fikrimcə, tətbiq edilsə, ona maraq yüksək olacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti