"Süni intellektin bütövlükdə həkim və müəllimləri əvəz etməsi ideyası tamamilə yalnışdır".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla 10 il ərzində süni intellektin həkimləri və müəllimləri əvəz edəcəyi fikirini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, zamanla hər şey təkmilləşsə də, tədris və müalicə prosesi olduğu kimi qalır:
"Şagirdlərlə ünsiyyət qurmaq, auditoriyanı canlı idarə etmək və digər məsələlər müəllimə bağlıdır. Bunu düşünmürəm və insan övladı yaradılandan bu günə kimi elə məsələlər var ki, mahiyyət etibarıyla eyni olaraq qalır. Çox şeylər təkmilləşsə və onlara yanaşma tərzi müəyyən qədər dəyişsə də, mahiyyətcə eyni qalır. O cümlədən bunun biri tədris, digəri isə müalicə prosesidir".
Adil Qeybullanın fikirincə, həkim sənətində süni intellektin köməyi böyük ola bilər:
"Əslində, bu gün tibdə kibernetika sistemlərindən istifadə olunur. Bəzi müayinə metodları, proqramlar həkimlərə diaqnoz qoymağa, müalicəni aparmağa, müxtəlif protokollardan istifadə etməyə, bəzi məsələləri ümumiləşdirməyə imkan verir. Zamanında bunlar yox idi, hər şey həkimin biliyi üzərinə qurulurdu. Hazırda bu işlər xeyli yüngülləşib. Bütün bunlara baxmayaraq, son nəticə beyinə və yaradıcı təfəkkürə aiddir. Bu baxımdan da süni intellektin həkimləri əvəz etməsi fikiri inandırıcı deyil".
Qeyd edək ki, "Microsoft” şirkətinin təsisçisi Bill Qeyts süni intellekt 10 il ərzində həkim və müəllimləri əvəz edəcəyini, insanların çox şey üçün lazım olmayacağını bildirib.