İranın yeraltı bazalarının yerləşdiyi bütün şəhərlərində raketlər buraxılış qurğularına yüklənir. Bunu İranın ingilisdilli “Tehran Tayms” qəzeti dünən ABŞ Prezidenti Donald Trampın təhdidindən sonra yazıb. Qəzet vurğulayıb ki, “Pandora qutusu”nun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək. Qeyd edək ki, ötən gün Tramp danışıqlardan imtina edəcəyi halda İranın görünməmiş bombardmana məruz qalacağını vəd edib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İranın yeraltı raket bazalarından atəşin açılması regionda gərginliyi artıra bilər:
“Fikrimcə, regionda İranın nəzərdə tutduğu səviyyədə gərginliyin baş verməməsi üçün Amerika və yaxud İsrail əməliyyatlara başlasa, ilk növbədə rəsmi Tehranın yeraltı raket bazalarını vurmalıdır. Əks halda bu regionda böyük fəsadlar yaradar. Pandora məşhur Yunan mifalogiyasına görə ilk qadındır. Həmin qadına qutuda hədiyyə olunub və qutu açılmamalıydı. Lakin qutu açıldıqdan sonra bütün dünyaya pisliklər yayılıb. İran “Pandora qutusu” ifadəsini işlədərkən bunu nəzərdə tutur. Yəni Amerika İrana qarşı hücum edərsə, həmin “pisliklər qutusu” açılacaq və bütün regiona dağıdıcı təsir göstərəcək şəklində mesaj verilir”.