![]() |
![]() ![]() ![]() |
|
Noyabrın 8-də Xankəndi Şəhər Stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
"Report" xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər. Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq coşqu ilə qarşılanıb.
Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.
2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır.
Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir.
Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdi: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar”.
Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.
Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.
AZƏRTAC
Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur; Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da səviyyəli iş aparıb
Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 2020-ci ilin bu günləri torpaqlarımızdan işğalçıları təmizləmək üçün əks-hücum əməliyyatlarını davam etdirirdi.
Artıq bu günlərdə qəhrəman Azərbaycan əsgərləri Şuşa şəhərini azad etməyə yaxınlaşırdılar. İndi bu hadisələrə daha soyuq ağılla qiymət verəndə məlum olur ki, Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da mükəmməl və səviyyəli iş aparıb. Əgər elə olmasaydı, kənar güclər Qarabağı poliqona çevirməyə çalışacaq, müxtəlif mərkəzlərin mübarizə meydanına çevriləcəkdi. Amma Azərbaycanın ağıllı strategiyası nəticəsində Qarabağda heç bir beynəxalq missiya yoxdur və rus sülhməramlı kontingenti də vaxtından tez bölgəni tərk edib. Əslində müqaviləyə görə hələ də rus hərbçilər regionda qalacaqdılar, amma şərait elə gətirdi ki, onlara ehtiyac olmadı.
Təbii, 4 il əvvəlki hadisələri xatırlayanda, çoxları rus hərbçilərinin Qarabağdan tezliklə getməsini gözləmirdi. Elə Rusiyanın da niyyəti Qarabağı tələm-tələsik tərk etmək olmamışdı. Lakin Azərbaycanın siyasi rəhbərliyinin uzaqgörən siyasəti bu məsələnin erkən həllinə səbəb oldu. Beləliklə, Vətən müharibəsini həm hərbi, həm diplomatiya cəbhəsində qələbə ilə başa vura bildik. Hər iki prosesdə Ordunun qüdrəti ilə diplomatiyanın praqmatizmi sinxronluq təşkil etdi. Erməni tərəfi isə təhlükəsizlik sahəsində və siyasi müstəvidə birtərəfli, əyilmiş, başıpozuq siyasəti ucbatından itirə-itirə gedir. Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin qəzetimizə dediyinə görə, ümumiyyətlə, Qarabağ müharibəsinin finalı, separatçıların həbsinə qədər nəticə əldə edilməsi, soyqırıma məruz qalan Xocalı şəhərinin azad edilməsi ən möhtəşəm sonluq idi: “Yəni həm siyasi-hüquqi, həm mənəvi qalibiyyət əldə olundu. Azərbaycan Ordusu erməni faşizminə qalib gəldi və onu darmadağın etdi. Doğrudur, postmünaqişə dövründə erməni faşizminin yeni elementləri meydana çıxıb: revanş ovqatı, silahlanma, qisasa çağırış, "artsax uğrunda mübarizə" kimi cəfəng səslər eşidilir. Fəqət Azərbaycanın gücü revanşizm həvəskarlarına əsl xəbərdarlıqdır, bunu xüsusən də erməni baş nazir Nikol Paşinyan qiymətləndirə bilir. O anlayır ki, yeni müharibə yeni fəlakətdir. Erməni xalqı yorulub və döyüşə hazır deyil".
Partiya rəsmisi hesab edir ki, ümumən, uduzmuş ordu 4-5 il sonra təkrar müharibə apara bilməz: “Erməni ordusunda isə əzm yoxdur. Deməli, sülhə aparan yol ermənilərin nicatıdır. Onlar 10 milyonluq Azərbaycan, 80 milyonluq Türkiyə ilə hansı potensial ortaya qoya bilərlər?! Rusiyadan da siyasi və hərbi cəhətdən üz çevirmiş bir ölkənin Fransa, Amerika hesabına nəyisə etməsi gülüncdür. Erməni xalqına sülh hamıdan çox lazımdır. Bir sözlə, 44 günlük müharibə və zəfərin nəticələri 4 il sonra nəticələr çıxarmağa, hadisələri dəyərləndirməyə imkan yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, sərhədin Tavuş istiqamətində delimitasiya aparılıb, Qazağın 4 işğal olunmuş kəndi danışıqlarla geri alınıb, hazırda ikitərəfli danışıqlar müxtəlif müstəvilərdə pis-yaxşı inkişafdadır”. E.Mehdiyevin fikrincə, bütün bu nəticələr Vətən müharibəsinin bizə qazandırdığı imkanlardır: “Ali Baş Komandanın və qalib Ordunun döyüş meydanındakı zəfəri bizim diplomatik masada əlimizi gücləndirməkdədir”.
Xatırladaq ki, Prezident İlham Əliyev Vll çağırış Milli Məclisin ilk iclasındakı nitqində deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu qeyd edərək, bir neçə rəqəmi açıqlayıb. Bildirib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin çox hissəsi infrastruktur layihələrinə xərclənib. Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir.
Hazırladı: Emil Salamoğlu
İşğaldan azad edilmiş rayonlarımıza qayıdan keçmiş məcburi köçkünlərin məşğuliyyəti məsələsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Xüsusən onların heyvandarlıq və əkinlə məşğul olması nəzərdə tutulur. Ancaq hələlik bu proses başlamayıb. Bununla bağlı iki gün öncə Milli Məclisdə də danışılıb.
“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir”. Bunu Milli Məclisin 29 oktyabrda keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də! Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.
Qeyd edək ki, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə azad olunmuş ərazilərdə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi əksini tapıb.
Bəs qanun nə zaman tətbiq ediləcək? Sakinlər nə zaman əkin və maldarlıq üçün torpaq sahələrinə sahiblənə biləcəklər? Yerli əhali içərisində torpaq sahələri götürüb böyük təsərrüfatlar qurmaq istəyənlər yetərincə varmı?
Ceyhun Məmmədov
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə qəbul olunan qanun layihəsinin də əsas məramı və məqsədi sakinlərin torpaq icarəyə götürməsi prosesinin tənzimlənməsi və sürətləndirilməsi, prosedurların müəyyən edilməsidir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra torpaqlarımız işğal olundu və işğal səbibi ilə həmin torpaqlarda özəlləşdirmənin həyata keçirilməsi, torpaqların icarəyə verilməsi ilə bağlı hüquqi normativ sənədlər qəbul edilməmişdi. Torpaqlarımz azad edildikdən sonra təbii ki, bu məsələ ilə bağlı hüquqi normativ aktların qəbulu zərurəti meydana gəlib. İndi hüquqi normativ sənədlər hazırlanır. Bu sənədlərə uyğun da prosedurlar həyata keçiriləcək. Yəni söhbət artıq bu torpaqların güzəştli şərtlərlə icarəyə verilməsindən gedir. Yaxın müddətdə bu tətbiq olunacaq. İnsanlara şərait yaradılacaq ki, onlar bu torpaqlara sahiblənsinlər. Eyni zamanda şübhəsiz ki, yerli əhaliyə də torpağın verilməsi və onların bu torpaqlardan istifadə etməsi üçün də lazımi qanuni şərait yaradılacaq. Təəssüf ki, bu gün müxtəlif müzakirələrin şahidi oluruq. Yəni burada həm evinin qarşısında, həm də kənar ərazilərdə torpaqların əhaliyə verilməsi nəzərdə tutulub.
Hazırda fəaliyyət göstərmək, iş qurmaq istəyən şəxslər müraciət edərək torpaqları icarəyə götürə biləcəklər".
Arzuxan Əlizadə
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə bildirdi ki, “Torpaq icarəsi haqqında” Qanuna dəyşikliklər mövzusu və bundan irəli gələn məsələlər cəmiyyətdə öz aktuallığını saxlamaqdadır, cəmiyyətdə bununla bağlı davamlı müzakirələr var: "Xüsusilə də işğaldan azad edilən ərazilərdən o dövrlərdə qovulmuş məcburi köçkünlük həyatı yaşayan insanların tezliklə öz torpaqlarına geri qayıdaraq məskunlaşdırılılmaları arzuları başadüşüləndir. Eyni zamanda məsələyə obyektiv olaraq yanaşsaq görürük ki, həmin ərazilər hələ də minalardan tam olaraq təmizlənməyib, onda məskunlaşmanın heç də qısa müddətdə həyata keçirilməsinin asan olmadığı qənaətinə gəlmək olar. İstənilən halda minalardan təmizlənmiş ərazilərə sakinlərin maksimum sürətli köçürülməsi, onlara torpaq paylarının verilməsi və qanunda da nəzərdə tutulduğu kimi torpaqların icarəyə verilməsi prosesi aparılmalıdır. Mən o fikirlə tamamilə razıyam ki, ilk növbədə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi məsələsində həmin torpaqlardan zamanında qovulmuş vətəndaşlara ilkin olaraq təklif olunmalıdır. Güzəştli şərtlərlə torpaq icarəyə verilməsi məsələsi ilkin olaraq onlara təklif edilməlidir. Müəyyən addımlar atılmalıdır ki, tezliklə qanunun icra edilməsinə şahidlik eləyə bilək. Qanunvericiliyə lazım olan dəyişikliklər edilib. Ümid edirəm və əminəm ki, prosesi sürətləndirmək imkanı olacaq. Vətəndaşlarımızın haqlı narahatlıqları geridə qalacaq və istəkləri təmin olunacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”