Ardını oxu...
İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Bu məsələnin sonrakı mərhələdə həlli haqda razılıq əldə olunub. Əmirbəyov həmçinin sülh müqaviləsinin imzalanmasına Bakının əsas əngəl saydığı məsələni bir daha səsləndirmişdi - Ermənistan konstitusiyası.

Başqa sözlə, İrəvan Bakı ilə sülh sənədi imzalanmadan kommunikasiyaların və sərhədlərin açılmasına ümid edə bilməz. Eləcə də qardaş Türkiyə ilə sərhədlər o vaxtadək bağlı qalacaq. Bunu az öncə iki ölkənin sərhədində xüsusi nümayəndələrin görüşündən sonra rəsmi Ankara bir daha net şəkildə bəyan etdi. Odur ki, “top” çoxdan Ermənistanın meydanında.

Bəs Zəngəzur (dəhlizi) anlaşmasına qədər Bakı və İrəvan arasında hansısa sənəd imzalanacaqmı və adı nə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının addımını tam doğru sayır: “Zəngəzur dəhlizi mövzusunun bir qədər arxa plana keçirilməsi, məncə, doğru qərardır. Doğrudur, Azərbaycan II Qarabağ savaşından sonra bu mövzunu gündəliyə gətirdi, dəhlizin açılması üçün çox çalışdı. Amma Ermənistan bu məsələyə müsbət yanaşmadı, indi də yanaşmır. Yəqin ki, danışıqlar hələ uzun müddət davam edəcək. Azərbaycan gözləyə bilməz. Zatən Zəngəzur dəhlizi olmadan da Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolundən istifadə edir. Türkiyə ilə, Avropa ilə kommunikasiya əlaqəsi var. Son bir ildə yükdaşımalar xeyli artıb. Yəni Zəngəzur dəhlizi olmadan biz Çin yüklərini, öz yüklərimizi Avropaya bu xətt vasitəsilə daşıya bilirik. Üstəgəl, Ermənistan məsələsini uzadandan sonra İranla razılaşmamız oldu, Araz dəhlizi ilə bağlı. Güney Azərbaycandan keçir. Bu dəhlizin də inşası və açılması Azərbaycan üçün çox vacib olacaq. Bu, artıq bizim ikinci dəhlizimiz olacaq. Bu da orta dəhlizin tərkib hissəsi olacaq. Ona görə də hazırda Azərbaycan üçün önəmli olan sülh və ya çərçivə sazişinin imzalanmasıdır. Zatən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar da sülh sazişi mətninin xaricində həyata keçirilir. Çünki sərhədlərin müəyyənləşdirilməsi illərimizi ala bilər. Biz gözləyə bilmərik. Bu baxımdan Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması, məncə, doğrudur. Hər iki tərəfin razılığı ilə bu baş tutub. Amma bu o demək deyil ki, sülh sazişinin imzalanması prosesi sürətlənəcək. Ən böyük əngəl qalır. Bu da Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən əraz iddiaları bəndləridir. Bunlar mütləq çıxarılmalıdır. Bu olmadan sülh və ya çərçivə sazişinin imzalanması xeyli mürəkkəb olacaq. Dəhliz məsələsi sonrakı müddətdə müzakirə predmeti ola bilər. Hesab edirəm ki, bu məsələdə də razılığa gəlmək mümkündür. Çünki Ermənistan hökumətinin özü də anlayır ki, məsələni bir az da uzatsa Orta dəhliz layihəsindən, eləcə də digər regional layihələrdən kənarda qalacaq. Bununla Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tam nail ola bilməyəcək. Bu da əslində Ermənistan üçün daha çox vacibdir. Biz gözləyə bilmərik. Düşünürəm ki, Paşinyan son addımı atsa, yəni Azərbaycana qarşı ərazi iddialarını Ermənistan konstitusiyasından çıxarsa, sülh və ya çərçivə sazişini növbəti ilin ortasına qədər imzalamaq olar”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov məsələyə belə münasibət sərgilədi: “2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında noyabrın 10-da imzalanan bəyanatın şərtlərindən biri Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən kommunikasiya dəhlizinin açılması və bu dəhlizin Rusiya Federasiyası Təhlükəsizlik Xidməti tərəfindən təmin edilməsi idi. Lakin Ermənistan imzaladığı sənədin həyata keçirilməsindən müxtəlif bəhanələrlə imtina etməkdə idi. Problemin həllini çətinləşdirən həmin dəhlizə nəzarət uğrunda ABŞ və Rusiya arasında kəskin rəqabət, eyni zamanda İranın buna qarşı çıxmasıdır. Dəhliz məsələsi Ermənistan-Azərbaycan arasında normallaşma prosesini əngəlləyən faktorlardan birinə çevrilmişdi. Moskva, Vaşinqton, Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı barışmaz mövqelər İrəvanı da qəti addımlar atmağa çəkindirirdi. Doğrudur, kommunikasiyalarla bağlı maddənin sülh müqaviləsi layihəsindən çıxarılaraq növbəti etapa saxlanılmasını Azərbaycan üçün məqbul hesab etməsəm də, razılaşdırılması hazırkı mərhələdə çətin olan bu halın üzərində inadkarcasına dayanaraq normallaşma prosesini ləngitmək də doğru seçim olmazdı. Orta dəhliz layihəsinin tezliklə gerçəkləşməsinə çalışan Birləşmiş Ştatlar "tərəflər çətin güzəştlər etməlidir" deyərkən, görünür, həmin seçimin detallarından biri də kommunikasiyaların açılmasının təxirə salınmasıdır. Çünki dəhliz məsələsində Azərbaycan və Türkiyə israr edirdi. Ancaq bunun qarşılığında İrəvanın hansı güzəştlərə gedəcəyi yəqin ki, məlum olacaq. Vacib məqam Ermənistan konstitusiyasında dəyişiklərin edilməsi, Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Fikrimcə, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqsa, vacib detallar nəzərə alınmalıdır. Qərbin Ermənistana hərbi siyasi və maliyyə dəstəyi verməklə onu gücləndirməsi danışıqlar prosesində də mövqelərini gücləndirə bilər. Bununla olsun ki, Ermənistana Bakı və müttəfiqləri siyasi təzyiqlərini artırmaqla sülh prosesini daha real və əlverişli, ədalətli şəkildə dolandırmağa nail olunsun".

“Yeni Müsavat”
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Laçın rayonunun Bəylik yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Minera” MMC olub.

Qalib şirkətə 21 543 211 manat ödəniləcək.
 

Ardını oxu...
“Sergey Şoyqu və İlham Əliyev arasında müzakirə mövzularından biri, ehtimal ki, Rusiya biznesinin Dağlıq Qarabağ və ətraf rayonlarda ərazilərin bərpasında iştirakı olub”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Rusiyanın “Vedemosti” nəşri yazıb.

Yada salaq ki, bu ilin yanvarın 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin reallaşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.

Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Ermənistan cəmiyyətinin əsas revanşist kəsimi Qarabağda tikinti-quruculuq işlərində iştirak edən dövlətlərə qarşı dərhal “müharibə” elan edirlər. Son olaraq Belarus liderinə Qarabağda quruculuq işlərinə qoşulmaq istəklərini bəyan etdikdən sonra Paşinyan səviyyəsində hücumlar edildi. Əlbəttə, İrəvan hakimiyyəti Putinə bu cür hücuma cəsarət edə bilməz. Amma şübhə yoxdur ki, Rusiya şirkətləri Qarabağda “qollarını çırmalayan” kimi, ermənilər də “tumanlarını başlarına atacaqlar”. Mümkündür ki, Rusiya da İrəvandakı anti-Rusiya əhvallı ermənilərin “kefinə belə soğan doğramaq” istəyir...

Deputat Fəzail Ağamalı öncəliklə şimal qonşumuzla Azərbaycanın olan üstün münasibətlərinin vacibliyinə toxundu: “Rusiyanın üç Qafqaz ölkəsi içərisində ən yüksək münasibətlər saxladığı dövlət Azərbaycandır. Bu münasibətlərin indiki səviyyəyə qalxmasında heç şübhəsiz ki, həlledici rol oynayan cənab Prezident İlham Əliyevdir. İlham Əliyevin unikal, ölçülüb-biçilmiş, çoxvektorlu xarici siyasəti dövlət və dövlətçilik maraqlarına indiki zaman kəsiyində cavab verən ciddi şərtdir. Rusiyanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Rusiya 44 günlük Vətən müharibəsində, eyni zamanda 2023-cü ilin antiterror əməliyyatında Xankəndi və onun ətrafında separatçı xunta rejiminin ləğv edilməsində bitərəf qalması, 90-cı illərin Yeltsin Rusiyasından fərqli olaraq Ermənistana hərtərəfli yardım etməməsi bizə imkan verdi ki, ermənilərlə haqq-hesabımızı təkbətək çürüdək. Azərbaycanın bütün parametrlər üzrə Ermənistandan hərbi üstünlüyü nəticəni müəyyənləşdirdi. Rusiya ilə o zamandan başlayan yüksək səviyyəli münasibətlərin müəllifi İlham Əliyevdir. Bu birmənalıdır. Deyərdim ki, bu, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında çox mühüm bir faktor oldu. Bəzi ağzıgöyçəklər hadisələrin gedişini və mahiyyətini obyektiv qiymətləndirməyi ya bacarmır, ya da qərəzli formada qəsdən bunu istəmirdilər və Rusiyanın buradakı sülhməramlı qüvvələrinin əbədi və daimi qalacağı haqqında fantaziyalar uydururdular. Lakin məsələlərə obyektiv yanaşan, İlham Əliyevi yaxşı tanıyan, onun xarakterini, aparmış olduğu siyasətin mahiyyətini yaxşı anlayan hər kəs bilirdi ki, bu müvəqqəti haldır, oradakı separatçı rejim ləğv edildikdən sonra ruslar orada qalmayacaqlar. Belə də oldu. Bu da Rusiya-Azərbaycan münasibətlərinin bir nümunəsi idi. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm də iqtisadi münasibətlər ənənəvi xarakter daşıyır. Müəyyən çətinliklərə baxmayaraq, Azərbaycanla şimal qonşusu arasındakı iqtisadi münasibətlər demək olar ki, yüksələn xətlə inkişaf edir. Bəzi hallarda problemlər yaşansa da, bu əlaqələr kəsilməyib. Azərbaycan üçün Rusiya bazarı son dərəcə önəmlidir. Bu hər kəsə bəllidir. İndi Rusiyanın Azərbaycana investisiya qoyuluşunu daha da artırması, fəaliyyət göstərən şirkətlərin sayının artması iqtisadiyyatımızın inkişafına ancaq töhfələr verir. Müstəqilliyimizə, iqtisadi müstəqilliyimizə isə heç bir təhlükə yaratmır. İndi verilən məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda Rusiya şirkətlərinin bərpa və quruculuq işlərindəki iştirakları təbii ki, müsbət qarşılanmalıdır. Bu, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü üstün səviyyəsini ifadə etməklə yanaşı, həm də bundan sonrakı münasibətlərdə öz üstün töhfələrini verəcəkdir. Ölkələrimiz arasındakı iqtisadi bağlılıq son dərəcə vacibdir. Rusiya çox böyük bazardır. Bu gün Rusiya Ukraynada Qərblə döyüşüb, ciddi çətinliklər qarşısında qalsa da, bu ölkə nəhəngliyini itirməyib. Təbii ki, Rusiyanın Ukraynaya hücumunu heç vaxt təqdir hesab etməmişəm. Bu gün Rusiya Azərbaycanla sağlam iqtisadi münasibətlər içərisində yer alırsa, bu ancaq dövlətimizin və millətimizin xeyrinə ola bilər. Təbii ki, Kremlin bu gün Ermənistanla yaşadığı əsəbi və gərgin münasibətlərdən fərqli olaraq, Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə getməsi, bunun iki dövlətin də maraqlarına uyğun olması, Qarabağ və Şərqi Zəngəzurda rus şirkətlərinin işləmək istəklərinə şərait yaradılması qətiyyən şübhə etmirəm ki, Ermənistan cəmiyyətini və hakimiyyətini kifayət qədər qıcıqlandırır. Onlar bundan ciddi narahatlıqlar keçirəcəklər. Bu, əlbəttə, Ermənistanın tutduğu yoldur və bu yol Ermənistanı ciddi fəlakətə aparır. Bizim seçimimiz ayrı-ayrı dövlətlərlə yüksək münasibətlər qurmaqdır, onların dost ölkə kimi Azərbaycanın yanında yer almasını vacib hesab edirik. Ölkə rəhbərinin xarici siyasəti də məhz bu müstəvi üzərində qurulub. Heç şübhəsiz ki, bundan sonra da bu siyasət ölkəmizə yeni-yeni uğurlar gətirəcək”.

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli diqqətə çatdırdı ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ölkəmizə işgüzar səfəri çərçivəsində müzakirə edilən məsələlərin əhatə dairəsi ilə bağlı rəsmi məlumatlarda, mahiyyət etibarilə bütün istiqamətlər öz əksini tapıb: “Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul etdiyi zaman Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafını, qarşılıqlı investisiyaları təşviq edən və əməkdaşlığın genişlənməsi üçün hüquqi baza formalaşdıran çoxsaylı sənədlər imzalanıb. Şübhəsiz ki, iki ölkə arasında 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Azərbaycan-Rusiya münasibətlərini qarşılıqlı faydalı əməkdaşlığın ən üst səviyyəsinə yüksəldib. Sözügedən bəyannamənin 24-cü maddəsində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. İqtibas gətirdiyim maddədən də göründüyü kimi, Azərbaycanla Rusiya digər istiqamətlərlə yanaşı, qarşılıqlı sərmayələrlə bağlı münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduqlarını bəyan ediblər. Bu baxımdan, Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmələrində, bütövlükdə ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə yatırmalarında qeyri-adi heç nə yoxdur. Əgər həqiqətən də Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq-bərpa işlərində iştirakı barədə müzakirələr aparılıbsa, bu, tamamilə təbii qəbul olunmalıdır və hər hansı bir üçüncü tərəfin bu kimi məsələlərdən əndişələnməsi tamamilə yersizdir. Məlum olduğu kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib və bununla bağlı, hətta Avropa İttifaqı platformasında qəbul edilən rəsmi bəyanatı imzalayıb. Digər tərəfdən, Azərbaycanın azad edilmiş əraziləri, hətta işğal dövründə belə beynəlxalq səviyyədə Azərbaycan Respublikasının suveren əraziləri kimi tanınıb. Əgər Rusiya şirkətləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hər hansı bir hissəsində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur rayonunda həyata keçirilən quruculuq-bərpa işlərində iştirak edəcəklərsə, düşünürəm ki, belə bir ehtimal çoxdur, o zaman bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunmalıdır. Əslində bu gün ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən narahatlıq keçirən və təxribatçı davranışlarından əl çəkməyən ölkələr, beynəlxalq hüquqa, humanizm və ədalət prinsiplərinə azacıq dəyər versəydilər, o zaman vandal Ermənistana deyil, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edən ölkələrin fəaliyyətlərini təqdir etməliydilər. Təbii ki, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində təbii sərvətlərimizin qanunsuz olaraq, istismarında iştirak edən, beynəlxalq iqtisadi cinayətlər törədən şirkətlərin mənsub olduqları ölkələrdən ədalətli və ləyaqətli davranış gözləmək mümkün deyil.

Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində quruculuq-bərpa işlərində iştirak edəcəkləri təqdirdə “ermənilərin tumanlarını başlarına çəkəcəkləri” ehtimalına gəldikdə isə, düşünürəm ki, bundan narahat olmağa dəyməz. Çünki onların “tumanları hər zaman başlarında olub”. Bu baxımdan yeni bir hadisə baş verməyəcək".
Ardını oxu...
Son günlərdə ABŞ-ın hərbi təyyarələrinin Ermənistanın Zvartnots hava limanına endirilməsi ilə bağlı məlumatlar diqqət çəkir. Caliber.az-ın əldə etdiyi məlumata görə, Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatlarına əsasən, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Bu təyyarələr ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarələri olub və şəxsi heyət hərbi yüklərlə birlikdə Ermənistana gətirilib.

ABŞ-ın Ermənistana hərbi yük və şəxsi heyət göndərməsi regionda diqqət çəkən hadisələrdən biridir. Bu hadisə bir çox suallar doğurur: Niyə məhz indi? ABŞ-ın Ermənistandakı hərbi fəaliyyəti nə ilə əlaqədardır? Bu hadisənin regiondakı digər dövlətlərə, xüsusən də Azərbaycana təsiri nə olacaq?

Məsələ ilə bağlı “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy News24.az açıqlamasında bildirib ki, Ermənistanın silahlandırılması önümüzdəki günlərdə regiondakı gərginliyi olduqca artıracaq:

“Bu xəbərin doğru çıxma ehtimalı olduqca böyükdür, çünki Caliber.az adətən mötəbər mənbələri olan və verdiyi informasiyaların əksəriyyətinin doğru çıxdığı bir xəbər portalıdır. Dolayısı ilə bu xəbərin və məlumatın doğru çıxma ehtimalı yüksəkdir. Diqqəti cəlb edən əsas məsələ ilə bu birləşmələrin Zəngəzurun mərəkəzini seçməsidir. Bu bölgədə ajiotajı artıracaq. Azərbaycan Ermənistanla məsələləri normallaşdırmağa çalışarkən onların Zəngəzur bölgəsinə hərbi müdafiə vasitələri yığması birmənalı qarşılanacaq addım deyil”.

Politoloq qeyd edib ki, əsas gərginlik yaradan məsələ amerikan əsgərlərinin silah-sursatla əraziyə gəlməsidir. Onun sözlərinə görə, Qafqazda ciddi rəqabət var və bu rəqabətdə hərbçilərin meydana girib Zəngəzur bölgəsində qarşı-qarşıya durması gərginliyi artrır: “Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlaı gətirilməli idi. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları veriləcəkdi”.

Nazim Cəfərsoy Paşinyanın İranın yeni seçilən prezidentinin andiçmə mərasiminə getdiyi zaman İranın dini lideri Əli Xamenei ilə görüşündə bəzi diqqət çəkən hadisələr olduğunu vurğulayıb. O, bildirib ki, görüş zamanı Xamenei Zəngəzur dəhlizinin açılmasına və bölgəyə xarici güclərin gətirilməsinə qarşı çıxmışdı:

“İranla ABŞ arasında olan münasibətlər də hər kəsə aydındır. Hətta yaxın günlərdə onların arasında ciddi münaqişə yarana bilər, qarşılıqlı hücumlar başlaya bilər. ABŞ-ın hərbi təyyarələrinin Ermənistana gəlişi regionda maraqların və gərginliklərin yenidən yüksəlməsinə səbəb ola bilər. Bu hadisə ABŞ-ın Qafqaz regionunda nə qədər təsirli olacağını və bu təsirin regiondakı digər dövlətlərə nə dərəcədə təsir edəcəyini göstərməkdədir. Azərbaycanın və Türkiyənin bu hadisələrə reaksiyası isə bölgədəki gələcək hadisələrin inkişafına yön verəcək”,- deyə Nazim Cəfərsoy əlavə edib.
 
 
 
Ardını oxu...
"Park Hill" memarlıq və tikinti şirkətinin "Park Qarabağ" layihəsi çərçivəsində Ağdamda yeni binaların inşasına başlayıb.
Ardını oxu...
Şirkətin bununla bağlı sosial şəbəkələrdə yaydığı elanda mənzillərin 24-36 ay müddətin daxili kreditlə müştərilərə təklif olunduğu bildirilir.
Bakupost.az -ın əməkdaşı şirkətlə əlaqə saxlayaraq mənzillərin qiymətləriylə maraqlanıb.
Şirkətdən bildirilib ki, mənzilin ümumi dəyərinin 30 faizini əvvəlcədən ödəməklə istənilən şəxs "Park Qarabağ"da mənzil sahibi ola bilər:
"Mənzillər faizsiz kreditlə təklif olunur. Bir kvadratmetrə görə qiymət 1500-1600 manat arasında dəyişir. İlkin ödəniş isə 30 faizdir. Mənzillər Ağdamın mərkəzində, Cümə məscidinə yaxın ərazidə tikilir. Binaların 2025-ci ilin sonunda təhvil veriləcəyi planlaşdırılır. Mənzillərin sahəsi 122 kvadratmetrdən başlayır”.
Qeyd edək ki, 122 kvadratmetrlik mənzillərin dəyəri kvadratmetri 1500 manatdan hesablandıqda 183 min manat, 1600 manatdan hesablandıqda isə 195 min 200 manat edir.

 
 
 
Ardını oxu...
Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İqtisadi Zonaların İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. Qeyd edək ki, "Asilsoy" Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.

Maraqlıdır, işğaldan azad olunan hansı rayonlar daha çox sənaye zonası üçün münasibdir? Hansı rayonda ağır və yüngül sənaye müəssisələri qurula bilər?

Məsələ ilə bağlı iqtisadçı-eskpert Fuad İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, müasir dörvdə bütün rayonların sənaye zonasına çevrilməsi mümkündür:

“İlk növbədə qeyd edim ki, Sovet dövründə Ağdam rayonu Füzuli və Cəbrayıla nisbətən sənaye cəhətdən daha çox inkişaf etmişdi. Amma buna baxmayaraq, Qarabağın bütün ərazilərində sənaye müəssisələri var idi.

İndiki, yəni müasir texnologiyanın inkişaf etdiyi dövrdə istənilən ərazidə sənaye xarakterli infrastruktur qurmaq mümkündür. Ona görə də işğaldan azad edilən istənilən rayonda sənaye müəssisələrinin qurulması üçün heç bir problem yoxdur. Hesab edirəm ki, yaxın gələcəkdə Ağdamla yanaşı, Füzuli, Cəbrayıl və Zəngilan da sənaye cəhətdən inkişaf edəcək.

Bu rayonlarda şəhərlər yenidən qurulur, şəhər tipli qəsəbələr salınır və xüsusi müəssisələr tikilir. Eyni zamanda, həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan elə ərazilər var ki, təbii sərvətlərlə zəngindir. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı və bir çox istehsal sektorlarının inkişafı üçün münbit şərait var”.

Ekspert bildirib ki, artıq Ağdamda sənaye parkının salınması istiqamətində mühüm işlər görülür:

“Bu zonada rezident və qeyri-rezident müəssisələr qeydiyyatdan keçir.

Aydın məsələdir ki, Ağdam sənaye mərkəzi nöqtəyi-nəzərdən ölkənin əhəmiyyətli rayonuna çevriləcək. Həmçinin Arazətrafı rayonlar – Füzuli, Cəbrayıl və Zəngilanda da sənaye zonaları yaradılır. Həmin rayonlarda zəngin təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan layihələr tərtib olunur. Kənd təsərrüfatı sektoruna daha çox diqqət yetirilir. İşğaldan azad olunan bütün rayonlar paralel şəkildə yenidən qurulacaq və inkişaf edəcək”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə - Azərbaycanla sərhədə səfər edəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə "Hraparak" nəşri çıxış edib.

Nəşr mənbələrinə istinadən yazır ki, Paşinyanın səfəri bu gün – avqustun 2-də baş tuta bilər. Erməni baş nazirin səfər zamanı doğulduğu İcevana, eləcə də sərhədin demarkasiya edilən hissələrinə, xüsusilə Kirantsa baş çəkəcəyi gözlənilir.

Ermənistan mediası iddia edir ki, Paşinyanın sərhədə növbəti səfəri yeni ərazilərin Azərbaycana təhvil verilməsi planı ilə bağlıdır.

Arçakut ağsaqallar şurasının üzvü Karen Qazaryan bildirib ki, növbəti kənd Berbakerdir.

Qeyd edək ki, ermənilərin Berbaker adlandırdığı bu kəndin əsl adı Bibişdir. Qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı. Paşinyan daha əvvəl demarkasiya ediləcək növbəti ərazilər arasında bu kəndin də adını çəkmişdi.

Qazaryan iddia edir ki, Paşinyanın bölgəyə səfər proqramına Berbaker kəndinə baş çəkmək də daxildir.

"Baş nazir avqustun 3-də kəndə gələcək və demarkasiya zamanı Azərbaycana qaytarılacaq ərazilər məsələsi müzakirə ediləcək. Məlumatlara görə, kənddə müəyyən ərazilər təhvil veriləcək, hökumət də sakinlərə kompensasiya ödəyəcək", - o iddia edir.
Ardını oxu...
Xocalının Meşəli kəndinin sakinləri etiraz edirlər.

Səbəb isə onların Xocalının digər kəndi Seyidbəyliyə köçürülməsidir.

Hazırda Goranboyun Ağcakənd qəsəbəsində məskunlaşan Meşəli kənd camaatı Prezident İlham Əliyevə müraciət edərək doğma kəndlərinə qayıtmaq istədiklərini bildiriblər.

“Otuz üç ildir ki, öz torpağımızın işğaldan azad edilməsini gözləyirdik. İndi isə bizi suyu olmayan, ilanmələməz bir yerə köçürürlər. Daşbulaq kəndində post qoyublar, bizi öz kəndimizə, Meşəliyə buraxmırlar. Kənd camaatı gedir, qabaqlarını kəsib saxlayırlar. Səbəb nədir? Bəlkə kəndimiz hələ də işğaldadır, biz bilmirik? Biz öz kəndimizi görmək istəyirik. İşğaldan azad olub, yenidən başlayıb, kəndi işğal edirlər. Hamısını istirahət mərkəzləri ediblər. Meşəlidən başqa yerə gedən deyilik. Qan tökülüb, torpaq alınıb, biz öz kəndimizi istəyirik”, – Meşəli camaatı deyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Meydan TV-nin məsələ ilə əlaqədar ünvanladığı sorğuya cavab verməyib.
 

 

Ardını oxu...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Dünyapress TV

Xəbər lenti