b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_bfd797fb656a4acb10842ee72dce5fbc.jpg
  

Politoloq: “Ermənistan bunu könüllü etməsə belə, məcbur qalacaq”

Azərbaycanla Ermənistan arasında barışığa və diplomatik münasibətlərin bərpasına ən ciddi əngəllərdən biri, sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki bu, ərazisi onun iradəsindən kənar ayrı salınmış (1920 noyabr) Azərbaycan xalqının halal haqqıdır. Doğrudur, bu məsələ artıq imzalanacaq sülh sənədinin predmeti deyil. Ancaq xalqımız üçün sülh müqaviləsinin imzalanması qədər önəmlidir. Ona görə ki, söhbət həm də tarixi ədalətin bərpasından gedir. Erməni tərəfi isə buna inadlı müqavimət göstərməyə davam edir. Qərb havadarlarından dəstəyi artdıqca bu dirəniş daha qabarıq görünməkdədir. 

Son olaraq Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iki gün öncə deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. “Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (dəhlizi nəzərdə tutur - red.)”, - deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb. Bu əslində Paşinyan hökumətinin Bakı ilə sülh anlaşması ilə bağlı pozitiv bəyanatlarının demaqogiyadan savayı bir şey olmadığının növbəti sübutudur. Deməli, kapitulyant ölkə bölgədə “izqoy” (dalan) durumdan çıxmaq istəmir. Özü bilər. Amma Zəngəzur dəhlizi bir az tez, bir az gec açılacaq. Daha bir səbəb: bu məsələdə Ermənistan əsas söz sahibi olan ölkə deyil. Üstəgəl, Bakı və Ankaranın mövqeyi dəyişməzdir. 

“Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi tezliklə həyata keçiriləcək”. 

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib. Spiker Türkiyənin Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəklədiyinə diqqət çəkərək əlavə edib: “Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Bunun sülh dəhlizinə çevriləcəyinə ümid edirəm”. Təbii ki, uduşda həm də Ermənistan olacaq, əgər xeyri ilə şərini ayırd edə bilsə və yenə də xarici güclərin əlində alət olmasa...

gunay agamali.jpeg (96 KB)

 Günay Ağamalı 

Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, regionda Azərbaycanın iradəsindən kənar heç bir siyasi və iqtisadi proses uğur qazana bilməz: “Ermənistan baş nazirinin müavini Mger Qriqoriyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri rəsmi İrəvanın uzlaşmaz siyasi ritorikasının təzahürüdür. Zəngəzur dəhlizi layihəsi İkinci Qarabağ müharibəsinin hərbi nəticələrinin təsdiqi olan 10 noyabr bəyanatının tərkib hissəsidir. Ermənistan baş naziri Nikol Paşinyan kapituliyasiya aktına imza atmaqla ölkəsinin məğlubiyyətini rəsmiləşdirdi və bunun fonunda müəyyən öhdəliklər götürdü. Lakin zaman keçdikcə proseslər fərqli məcrada inkişaf etməyə başladı. Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizə Fransa və ABŞ-ın Ermənistan üzərində hakimiyyət qurması ilə nəticələndi. Onlar İrəvanın xarici siyasətini yönləndirməyə başladılar və Nikol Paşinyan göstərilən dəstək əhatəsində vaxt qazanmağa hesablanmış addımlar atdı. Onların ikili oyunları eyni prinsiplərlə sülh danışıqlarına da sirayət edir. Ancaq Zəngəzur koridorunun regional və interkontinental müstəvidə əhəmiyyətini dərk etdikdə Azərbaycanla yanaşı Ermənistan üçün də geniş perspektivlər yaranır. Çünki söhbət Asiya və Avropanı birləşdirən nəqliyyat dəhlizindən gedir. Bu, Ermənistan üçün təcrid və üçüncü dövlətlərin təsirindən çıxaraq müstəqil siyasət həyata keçirməyin yeganə yoludur. Lakin Nikol Paşinyan bu reallıqları görməzdən gəlir və sələfləri Köçəryan və Sərkisyan kimi ölkəsini forpost dövlət statusunda saxlamağa üstünlük verir. Bütün hallarda cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri qarşımıza qoyduğumuz məqsədlərə çatacağımıza əsas verir.  Buna Zəngəzur dəhlizinin reallaşması da daxildir. Cənubi Qafqazın ən güclü və qüdrətli dövləti Azərbaycandır. Regionda bizim iradəmizdən kənar heç bir siyasi və iqtisadi proses uğur qazana bilməz”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov sonunda Ermənistanın məcbur qalıb razılıq verəcəyini düşünür: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 2020-ci il noyabr bəyannaməsində Azərbaycanın Qərb regionlarını Naxçıvanla birləşdirən dəhlizin açılması da nəzərdə tutulub. Və dəhlizin təhlükəsizliyinə təminat da Rusiyanın müvafiq dövlət qurumuna həvalə edilib. Lakin həmin bəyanatın üzərindən 4 il ötməsinə rəğmən Ermənistan dəhlizin açılmasına imkan vermir. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınır. Zəngəzur bölgəsi keçmiş sovetlər dönəmində Azərbaycanın mövqeyi öyrənilmədən qanunsuz olaraq Ermənistana verilib. Dövlətimiz Ermənistana hədiyyə edilən Azərbaycanın digər əraziləri kimi buna qarşı iddia irəli sürməkdə tam haqlı olsa da humanist və sülhpərvər yanaşır. Xarici siyasətini imitasiya və yalan üzərində quran Ermənistan Zəngəzur dəhlizinin açılmasına İrəvanın suverenliyi nəzərə alınmaqla razılıq verəcəyini bildirsə də, ancaq sonradan bundan imtina etdi. Görünür Fransanın və İranın patronajlığından cürətlənib və baş nazirin müavini Mger Qriqoryanın dili ilə Paşinyan imzaladığı bəyanatdan qaçmağa çalışır. Əslində Zəngəzur dəhlizinin açılması, nəqliyyat kommunikasiya xətlərinin işə salınması Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir. Ermənistan blokadadan özünü xilas edərək beynəlxalq məkana, beynəlxalq bazara çıxış imkanı qazanır və Avroatlantika məkanına inteqrasiyasını sürətləndirir. Eyni zamanda dalan ölkədən yüksək gəlir əldə edən tranzit ölkə statusu qazanır. Bu, Ermənistanın təhlükəsizliyi və Rusiyanın təsirindən qurtulmaq üçün də vacib amildir. İranın Zəngəzur dəhlizinin istifadəyə verilməsini qırmızı xətt adlandırması heç də Ermənistana görə deyil, bunun Tehran öz mənafeləri kontekstidən çözülməsini istəyir. Fransa düşünür ki, dəhlizin açılması Türk coğrafiyasının sürətli inteqrasiyasını sürətləndirəcək və Azərbaycanın mövqeləri daha möhkəmlənəcək, ona görə də bunu əngəlləməyə çalışır. Bu mənada Tehranla Parisin mövqeləri üst-üstə düşür. Ancaq Türkiyə və Rusiya Zəngəzur dəhlizinə fərqli prizmadan yanaşırlar. Xüsusən də Ankara bunun regionun inkişafı və əməkdaşlığın genişləndirilməsi, həmçinin təhlükəsizliyinin qorunmasında təsirinin olacağı qənaətindədir və ona görə də bu problemin müsbət həllinin tapılmasında təşəbbüskar kimi çıxış etmək istəyir. Təsadüfi deyil ki, Türkiyə rəsmiləri bununla bağlı həmişə pozitiv mövqe sərgiləyirlər. Fikrimcə, Ermənistanın hiylələri işləməyəcək və regionun əsas aparıcı dövlətləri olan Türkiyə, Rusiya və Azərbaycanın davamlı təşəbbüsləri öz müsbət bəhrəsini verəcək. Dəhliz açılacaq. Prezidentin dediyi kimi, Ermənistan bunu könüllü etməsə belə, məcbur qalacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti