Ardını oxu...
Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
 
 
 
Ardını oxu...
Azərbaycanda anti-korrupsiya tədbirləri çərçivəsində vaxtaşırı saxlananlar olur. İndiyə kimi onlarla yüksək və orta ranqlı məmur bu əmələ görə həbs edilib. Bəzilərinin barəsində məhkəmənin qərarı ilə uzunmüddətli həbs qərarı seçilib. Elə məmurlar da var ki, dövlətə vurduqları ziyanı geri qaytarırlar və azadlığa çıxırlar.

Belə məmurlar sırasında keçmiş nazirlər, komitə sədrləri, icra başçıları və dövlətə külli miqdarda ziyan vuran iş adamları var. Bildiyimiz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri prosesi davam edir. Dövlətin pulunu oğurlamış şəxslərdən geri alınan pulların müəyyən faizinin Qarabağın tikintisinə həsr olunması şübhəsizdir.

Oxşar nümunələr başqa ölkələrdə də var. Məsələn, Qazaxıstanda korrupsionerlərdən geri alınan pullarla 28 yeni məktəb inşa edilir. Bizdə də eyni addımın atılması mümkündürmü? Ümumiyyətlə, bu pullardan sosial sahədə bəzi ciddi işlər görmək üçün də istifadə oluna bilərmi?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, korrupsiya və rüşvətxorluğun daha çox özünə yer aldığı ölkələr bir qayda olaraq zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdir.

Onun sözlərinə görə, bu sırada dominantlığın həmin ölkələrə məxsus olmasının bəlli səbəbləri var:

“Belə ölkələrdə adətən qanunlar mükəmməl olmur, olan qanunlar isə yaxşı işləmirlər. Qanunların mükəmməl olmadığı və mövcud qanunların pis işlədiyi dövlətlərdə rüşvətxor məmurların əl-qolu açılır. Belə ölkələrdə adətən nəzarət sistemi də çox aşağı səviyyədə olur. Bütün bunlar isə həyatının mənasını dövlətin büdcəsindən oğurlamaqda görən məmurlara “bulanıq suda daha çox balıq tutmaq” şansları yaradır. Çox təəssüf ki, Azərbaycanda da rüşvət və korrupsiyaya bulaşmış məmurlar az deyil. Son illər bir çox rüşvətxor və korrupsiya əməllərinə bulaşmış məmurlar işdən çıxarılsa da, onların bir çoxu həbs edilsə də, bu, hələ o demək deyil ki, biz ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəni yüksək səviyyədə təşkil edə bilmişik. Lakin bunu etməyimiz çox vacibdir. Bunun üçün ilk növbədə bütün sahələrdə mövcud olan monopoliya sındırılmalı, bazarda bərabər hüquqlu oyunçu ordusu formalaşdırılmalıdır. Digər tərəfdən hüquqları pozulan hər bir oyunçu məhkəmələrdə hüquqlarının obyektiv araşdırılacağına və obyektiv qərarlar qəbul ediləcəyinə əmin olmalıdır”.

Sabiq nazir deyib ki, bütün dedikləri edildikdən sonra ölkədə korrupsiya və rüşvətxorluq halları kəskin şəkildə azala bilər:

“Əgər dünən dövlətin büdcəsini talayıb işdən qovulmuş məmur və onun övladları bu gün şəhərin ortasında, xalqın gözü qarşısında dəyəri yüz min manatlarla ölçülən avtomobillərdə şütüyürlərsə, dəyəri milyonlarla manat olan dəbdəbəli villalarda yaşayırlarsa və onlardan həmin var-dövlətin necə, hansı yolla əldə edildiyi soruşulmursa, bu, fəaliyyətdə olan məmurlar üçün çox pis bir nümunə deməkdir. Onun açması isə belədir – sizlər də oğurlayın, işdən qovulandan və hətta həbs ediləndən sonra dövlətdən oğurladığınızı əlinizdə nə qədər alsalar da, onun böyük bir qismi yenə sizə qalacaq… Baxın, biz mövcud mənzərəni aradan qaldırmağın optimal yollarını tapmalıyıq. Bu yolda dövlətin cəza maşını daha sərt işləməlidir. Bir az da obrazlı desək – dövlətdən oğurlayan vəzifəlinin əlindən oğurladığı son manatı da geri alınmalı və ona ən ağır cəza verilməlidir ki, “gözü çıxarılan qardaşı” görüb, fəaliyyətdə olan məmurlar tamahlarını ram edə bilsinlər”.

Fikrət Yusifovun fikrincə, korrupsionerlərdən alınan pulları dövlət hara zəruri sayarsa, ora da xərcləyə bilər:

“Rüşvətxorlardan geri alınan pullarla dövlət istəsə bağça, istəsə məktəb tikə bilər. Hamısını Qarabağın bərpası üçün də yönəldə bilər. Artıq bu, dövlətin baxışları ilə xərclənməlidir. O pullar xəzinəyə qayıtdıqdan sonra ən zəruri təyinat üzrə xərclərə yönləndirmək olar”.

Xatırladaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov onun tərəfindən dövlətə dəymiş bütün ziyanı – 20 milyonu ödəyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov, 2 milyon 25 min manat ziyanı banka keçirib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu ziyanı – 10 milyon manat məbləğində pulu ödəyib.

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi də 8 milyon manatlıq ziyanı tam ödəyib.
 
Ardını oxu...
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” nəşri tərəfindən hazırlanan “Rusiyanın daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 2 milyard dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 240 milyon dollar artıb.

Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (1 039 min kvadrat metr) əldə olunub. Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 591 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 320 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.

Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
“Rusiyanın daşınmaz əmlak kralları”nın ilk onluğunda daha bir azərbaycanlı – “Krokus Qrup” şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarovun ötən il icarədən əldə etdiyi gəlirləri 10 milyon dollar azalıb və o, 245 milyon dollarlıq gəlirlə 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara “Krokus Ekspo” (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (480 min kvadrat metr) daxildir.
Xatırladaq ki, 22 mart 2024-cü ildə Ağalarova məxsus “Crocus City Hall” konsert zalında terror aktı baş verib və 140-dan çox adam ölüb, 500-dən çox insan yaralanıb.

2023-cü ildə olduğu kimi ötən ildə də “Daşınmaz əmlak kralları” adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, 2023-cü ildə bu fərq 1 milyard 120 milyon dollara, 2024-cü ildə isə 1 milyard 315 milyon dollara yüksəlib.
Rusiyada “Daşınmaz əmlak kralları”nın ilk onluğunu təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna göstərilən yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib.

“Zelenski onlara göndərdiyimiz 3,5 milyard avronu necə geri qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Almanlar, fransızlar və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, Slovakiya da səssiz qala bilməz”, - o deyib.

Dankonun sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə ona yardım edən dövlətlərdən mümkün qədər çox pul almaq üçün mövcud vəziyyətdən sui-istifadə edib.

Qeyd edək ki, Kiyevə hərbi dəstək 2024-cü ilin oktyabrına qədər Slovakiyada liberal partiyaların yaratdığı hökumətlər tərəfindən təmin edilib. Hazırkı kabinet Ukraynaya humanitar yardım edir.

Slovakiya KİV-nin məlumatına görə, 2022-ci il fevralın 24-dən sonra Slovakiya Ukraynaya 3,48 milyard avro məbləğində yardım göstərib. Bu, ölkənin ÜDM-inin təqribən 3,22 faizidir. Vəsaitin əsas hissəsi - 2,77 milyard avro ölkədəki ukraynalı qaçqınların dəstəklənməsinə sərf edilib. Hərbi yardımın həcmi isə 690 milyon avro olaraq qiymətləndirilir.
 
Ardını oxu...
Nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankı olan “VTB Bank” 2024-cü il üçün dividend ödənişlərini təxirə sala bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə bankın İdarə Heyəti sədrinin birinci müavini Dmitri Pyanov məlumat verib.
Bildirilib ki, “VTB Bank” 2021-2023-cü illərin nəticələri üzrə də dividend ödənişini həyata keçirməyib.
Dmitri Pyanov qeyd edib ki, ödənişlərin 2025-ci ilin sonuna qədər bərpa edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, səhmlərinin 60,9%-i dövlətə məxsus olan “VTB Bank”ın səhmdarları arasında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da (2,95 %) yer alıb.
 
 
 
Ardını oxu...
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan “Temu” rəsmiləri arasında görüş keçirilib.

Görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan danışılıb.

Həmçinin İKTA və “Temu” arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.

Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.

Görüşdə həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.

“Temu” rəsmiləri eyni zamanda, İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
 
Ardını oxu...
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyalar siyahısına 40 gəmi də daxil olmaqla, 107 maddə əlavə edib.

Sanksiyalar paketi çərçivəsində Şimali Koreyanın müdafiə naziri No Qvan-Çxol və generalların adları “qara siyahı”ya salınıb.

Həmçinin, Rusiya Federasiyasına elektronika tədarükünə görə Mərkəzi Asiya ölkələri, Türkiyə, Tailand, Hindistan və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
 
Ardını oxu...
Cari ilin yanvar ayında ərzaq pərakəndə satışı və qiymətləri artıb

Yeni ilin ilk ayında pərakəndə satışlar artıb: vətəndaşların ərzaq, geyim və spirtli içkilərə xərcləmələri gözlənildiyi kimi çoxalıb. Buna səbəb qiymət artımı ola bilər, çünki inflyasiya hələ də sabit deyil - yanvarda qiymətlər daha 5,4 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında respublikanın pərakəndə satış şəbəkələri tərəfindən 4,8 milyard manatlıq məhsul satılıb. Bu məbləğə 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları dövriyyəsi daxil olub. Ümumilikdə ticarət dövriyyəsi 3,7 faiz artıb. O cümlədən, ərzaq, içkilər və tütün məmulatlarının dövriyyəsi 1,8 faiz artıb, qeyri-ərzaq malları üzrə isə bu göstərici 6 faizi ötüb.

Pərakəndə ticarətimizdə adambaşına düşən xərclər 473,5 manata, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 257,8 manata, qeyri-ərzaq məhsullarında isə 215,7 manata çatıb. Müəyyən edilmiş ənənəyə görə, ən böyük xərclər qidaya çəkilir və ticarət ərzaq mağazalarında aparılır. Yanvarda istehlakçılar pərakəndə satış şəbəkələrinin ərzaq şöbələrində ümumi gəlirlərinin 49,7 faizini xərcləyiblər ki, bu da əhalinin xərclədiyi məbləğin demək olar ki, yarısıdır.

Rəsmi statistika göstərir ki, içkilər və tütün məmulatları xərclərin 4,7 faizini təşkil edir. Siyahıda daha sonra xərclərin 14,5 faizini təşkil edən tekstil, geyim və ayaqqabı gəlir. Xərc strukturunda benzin və dizel yanacağına 5,6 faiz, elektrik malları və mebelə 4,6 faiz, əczaçılıq və tibbi ləvazimatlara 2,3 faiz, xərclərin bir faizdən bir qədər çoxu isə kompüter və telekommunikasiya avadanlıqlarının alınmasına sərf olunur. Bir neçə istisna olmaqla, demək olar ki, bütün dövriyyə özəl sektorun payına düşür.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov piştaxtalarda qeyri-sağlam çeşiddə məhsulların – siqaret və spirtli içkilərin alınması ilə bağlı itkilərə diqqət çəkir. Onun sözlərinə görə, rəsmi pərakəndə satış təsnifatında tütünlə alkoqol arasında fərq qoyulmur – əhalinin bu kateqoriya üzrə xərcləri ümumiləşdirilir və ona görə də azərbaycanlı ailələrin büdcəsindən spirtli içkilərə görə nə qədər pul xərclədiyi məlum deyil.

“Amma yenə də aydındır ki, əhalinin alkoqollu içkilərə olan xərcləri az deyil. Təbii ki, bu məhsulların bahalaşmasına qiymət artımı təsir edir, lakin istehlak həcmləri də artır. Orta hesablamalara görə, vətəndaşlarımızın qazancının yüz manatından beşini spirtli içkilər və siqaretlər aparır”, - deyə deputat bildirir.

Əlavə edir ki, alkoqollu içkilərə tələbatın yerində dayanmadığını beynəlxalq təşkilatların araşdırmalarının nəticələri göstərir: “Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri buna işarə edirlər. Onlar öz hesabatlarında yaxın vaxtlarda respublikamızda spirtli içkilərin istehlakının xeyli artacağını proqnozlaşdırırlar. İndi 15 yaşdan yuxarı adambaşına 2,5 litr təmiz spirt düşürsə, 2030-cu ilə qədər bu rəqəm 3,9 litrə yüksələcək”.

Düzdür, respublikamız hələ də postsovet məkanında ən az içki içən dövlətlər sırasındadır. MDB ölkələri arasında alkoqol istehlakının səviyyəsi, ÜST-ün məlumatına görə, Moldova, Rusiya və Belarusda ən yüksəkdir, ən az içən ölkələr isə Azərbaycan, Özbəkistan və Tacikistandır. Buna görə qida daha çox narahatlıq doğurur - orta hesabla, o, ailənin büdcəsinin yarısını təşkil edir, çünki qalan hissəsi kommunal xidmətlər və digər zəruri ehtiyaclara yönəlir.

Ərzaq inflyasiyası əvvəlki kifayət qədər yüksək qiymət artımı üçün əsas olub və inflyasiya dinamikasının azalması, təbii ki, ərzaq məhsullarının ucuzlaşacağı anlamına gəlmir. İqtisadçı ekspert Pərviz Heydərov belə izah edir ki, qiymətlər öz artımını ləngitdi, lakin istehlak bazarında vəziyyət hələ də kifayət qədər kövrəkdir.

“Qiymət artımının səngiməsinə baxmayaraq, daxili məcmu tələbin həddindən artıq artım tendensiyası var. Ona görə də inflyasiya amilləri hələ də çıxış yolu axtarır”, - deyə mütəxəssis vurğulayır.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Son günlə "Brent" markalı neftin qiyməti bir gündə 3%-dən çox azalıb.

Dünya neft bazarlarında qiymətlərin azalması, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Ukraynadakı müharibənin həlli barədə aparılan danışıqlardan sonra baş verib. Danışıqlarda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşməsi ehtimal olduğundan, bu, dünya bazarlarında neftin qiymətinə təsir göstərir.

Neft bazarında çalxalanma

"Brent" markalı neftin qiyməti 0,76 dollar azalaraq 74,42 dollara enib.

Fevralın 12-də isə qiymət 1,82 dollar düşərək 75,18 dollara geriləyib. Nyu-Yorkda isə mart ayı üçün "WTI" markalı neftin qiyməti 0,74 dollar azalaraq 70,63 dollara düşüb. Fevralın 12-də bu rəqəm 1,95 dollar enərək 71,37 dollar olub.

Sanksiyaların aradan qaldırılması imkanı, Tramp-Putin danışıqları neft bazarına ciddi təsir edir. Rusiya dünya bazarlarında neftin böyük tədarükçüsüdür və siyasi vəziyyətin dəyişməsi onun ixrac imkanlarına təsir edir.

ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar neftin qiymətinin artmasına səbəb olsa da,“Reuters”-in məlumatına görə, hazırda Rusiya neft şirkətləri istehsal həcmini azaltmağa hazırlaşır, çünki ixracı həyata keçirmək çətinləşib.

Neftin qiymətinin azalmasına təsir edən bir başqa amil isə ABŞ-də neft ehtiyatlarının artmasıdır. Son bir həftə ərzində ABŞ-də neft ehtiyatları 4,07 milyon barrel artaraq 427,86 milyon barreldən yuxarı qalxıb. Bu, bazarda təklifin artdığını göstərir və qiymətlərin yuxarı qalxmasını əngəlləyə bilər.

Digər tərəfdən, ABŞ-də benzin ehtiyatları 3,04 milyon barrel azalaraq, ölkədə yanacaq tələbinin bərpa olunduğunu göstərir. Distillat ehtiyatları isə az miqdarda, yalnız 0,135 milyon barrel artıb. Bu artım neftin müxtəlif növlərinə olan tələbin dəyişdiyini və bazarın adaptasiyasını göstərir.

Gələcəkdə nə gözlənilir?

Neftin qiymətinin aşağı düşməsi ABŞ - Rusiya arasında sanksiyaların yüngülləşdirilməsi ehtimalları və ABŞ-də neft ehtiyatlarının artması fonunda baş verir. Bu faktorlar bazarda qiymətləri aşağı çəkir. Ukraynada vəziyyətin sabitləşməsi və Rusiyaya sanksiyaların aradan qaldırılması barədə gözləntilər neft qiymətlərinə təsirini davam etdirəcək.

Ehtiyatların artması bazarda təklifin artıq olduğunu göstərir, bu da qiymətlərin artmasının qarşısını alır. Gələcəkdə siyasi qərarlar, ehtiyatlardakı dəyişiklik qlobal tələb neft qiymətlərini müəyyənləşdirəcək.

Bütün bu amillər bazarın dinamikasını formalaşdırır.

Bir zənglə dəyişən qiymət?

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov "Cümhuriyət”-ə bildirib ki, Rusiya-ABŞ danışıqlar dünya neft qiymətlərinə birbaşa təsir etmir:


“Çünki neftin qiymətləri Putin ilə Trampın telefon danışığından əvvəl də azalmağa başlamışdı. Danışıqların qiymətlərin düşməsində əsas faktor olduğunu demək çətindir. Lakin nəzəri olaraq sanksiyaların yüngülləşməsi və ya tamamilə ləğvi dünya neft bazarını daha effektiv edə bilərdi. Məsələn, 2022-ci ilin dekabrında Avropa İttifaqı Rusiyadan neft və neft məhsullarının idxalını qadağan etdi.

Bu, Rusiya neftini Asiya bazarlarına, Hindistana yönləndirdi və Avropaya neft ixrac edən Yaxın Şərq ölkələri, məsələn, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz məhsullarını Avropaya göndərməyə başladılar.

Bu dəyişikliklər nəqliyyat məsafələrini artırdı və əlavə logistika xərcləri yaratdı. Yaxın Şərqdən Avropaya neft daşınması daha uzaq marşrutlarla, xüsusən də Afrika üzərindən baş verir, çünki bəzi daşınan tankerlər Yəməndəki Husi hərəkatının hücumlarından qorunmaq üçün bu yolla gedir. Bütün bu dəyişikliklər neftin qiymətinə əlavə “yük” gətirir.

Əgər Avropa İttifaqı sanksiyaları ləğv etsəydi, Rusiya yenidən Avropaya neft və neft məhsulları ixrac edə bilərdi. Yaxın Şərq ölkələri öz məhsullarını Asiyaya göndərərdi, bu da bazarı daha effektiv edərdi və qiymətlər enərdi.

Lakin hazırda Avropa İttifaqı daha sərt mövqe tutaraq, "sanksiyalar qalmalıdır" və "sülh müzakirələri olmayacaq" deyir. Avropa İttifaqının sanksiyaları ləğv etməsi ehtimalı azdır. Lakin bəzi ölkələr, məsələn, Macarıstan və Slovakiya bu sanksiyaların müddətini uzatmayacaqları ilə hədələdilər, geri çəkildilər və bu məsələyə altı ay sonra yenidən baxacaqlarını bildirdilər. Amma hər 6 aydan bir Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarını yeniləyir və sərt mövqeyini qoruyur, dünyadakı neft qiymətləri də bu səbəbdən dəyişmir.

Yəni tək bir telefon zənginin dünya neft qiymətlərini kəskin şəkildə aşağı saldığını demək düzgün olmaz. Əksinə, bu, daha çox, Rusiya şirkətlərinin səhmlərinin artmasına və rublun möhkəmlənməsinə kömək etdi.

Bu danışıqların iqtisadi təsiri, şübhəsiz ki, var. Lakin dünya neft qiymətində bunun əks olunduğunu hələ görmürük. Əksinə, hazırda Rusiya neftinin ixracı Baydenin prezidentlik müddətinin sonunda tətbiq etdiyi sanksiyaları yaşayır".

Qiymətə təsir edən başqa amillər var

Ekspert vurğulayıb ki, 10 yanvar tarixində Bayden bir sıra Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. İlk dəfə olaraq, Rusiya hasilat şirkətlərinə qarşı bloklayıcı sanksiyalar qüvvəyə minib. Bunlara “Qazpromneft” və “Surgutneftqaz” da daxildir:

“Təxminən 170-180 tanker məhdudiyyətlərə məruz qalıb. Üstəlik, bu dəfə tətbiq olunan sanksiyalar olduqca sərt idi. İlk dəfə olaraq, tankerlərin fərdi qeydiyyat nömrələri sanksiya siyahısına daxil edilib. Bu, o deməkdir ki, əvvəllər sanksiyalara düşən tankerlərin adını, sahibini və bayrağını dəyişərək onları yenidən istismara vermək mümkün idi. Lakin indi tankerə təyin olunmuş nömrə dəyişmədiyi üçün bu üsul artıq keçərli deyil.

Nəticədə, Rusiya neftinə tətbiq olunan endirim artdı. Yeni il ərəfəsində bu endirim hər barrel üçün təxminən 10-12 dollar idisə, hazırda 14-16 dollar səviyyəsinə yüksəlib.

Ona görə də hələlik neftin qiymətlərində ciddi bir artım və ya müsbət dəyişiklik müşahidə etmirik. Burada əsas məntiq odur ki, qiymətə təsir edən başqa amillər var.

Bunlardan biri Çində neftə olan tələbatın artıb-artmayacağı ilə bağlı qeyri-müəyyənlikdir. Digəri isə mövsümi faktorlarla bağlıdır. Hazırda dünya bazarında neft istehlakı nisbətən aşağıdır. Amma bu göstəricilər şimal yarımkürəsində avtomobil mövsümü başlayanda, yəni aprel aylarında yenidən artmağa meylli olur.

Hazırda bazarda müəyyən dalğalanmalar var, amma bu tendensiya yeni deyil.

Son vaxtlarda qiymətlərdə kiçik dəyişikliklər olub, bunun səbəblərindən biri də gələcəkdə nələrin baş verəcəyinin qeyri-müəyyən olmasıdır".

Tramp bazara qarışıq siqnallar göndərir

Ekspert hesab edir ki, Trampın neft sənayesinə necə təsir edəcəyi müəmmalıdır:

"İrana və Venesuelaya qarşı sərt siyasət aparacaq, yoxsa yumşaldacaq, bu da bəlli deyil. O, bazara qarışıq siqnallar göndərir və nəticədə bazar da gözləmə mövqeyindədir.

Digər tərəfdən, OPEC-də hələlik heç bir ciddi addım yoxdur, nə hasilatı artırır, nə də azaldır. Ona görə də neft qiymətləri 75 dollar ətrafında sabit qalıb və yaxın gələcəkdə ciddi dəyişikliklər gözlənilmir”.

Sanksiyaların ləğv edilməsinə toxunan ekspert bildirib ki, ABŞ-nin Rusiya qazına qarşı tətbiq etdiyi sanksiyalar hələ uzun müddət davam edəcək.

Bir barrel 120-130 dollar?

Çünki ABŞ artıq dünyanın ən böyük maye qaz (LNG) ixracatçısıdır və gələcək illərdə bu sahədə gücünü ikiqat artırmağı planlaşdırır:

"Ona görə də bazarda Rusiya ilə rəqabət etmək istəmirlər və Rusiya qazını bazardan çıxarmağa çalışırlar. Bu səbəbdən Rusiya qazına qarşı tətbiq olunan sanksiyaların yüngülləşməsi çox ehtimal edilmir.

Neft sahəsində isə bəzi dəyişikliklər ola bilər. ABŞ İran neftini və onun vasitəçilərini dünya bazarından çıxarmağı çalışarsa, təbii olaraq dünya bazarından gündə 1,5-2 milyon barrel İran nefti çıxarılacaq. Bu da dünya neft bazarında qiymətin artmasına səbəb ola bilər, məsələn, bir barrel 120-130 dollar . Bu vəziyyət ABŞ-yə da təsir edər, çünki ABŞ hələ də neft idxal edir və daxili neft qiymətləri dünya bazar qiymətlərindən asılıdır.

Əgər ABŞ İran və Venesuelaya qarşı daha sərt sanksiyalar tətbiq edərsə, Rusiya üçün müəyyən yüngülləşdirmələr ola bilər.

Lakin Rusiya OPEC+ təşkilatında olduğu üçün öz istədiyi kimi neft istehsalını artırması mümkün deyil. Bəzi yüngülləşdirmələr olsa da, bu, hələ də qeyri-müəyyənliklərlə doludur”.

“Hazır olmaq lazımdır”

İqtisad elmləri doktoru Elşad Məmmədov isə məsələyə deyib ki, baş verən proseslər fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyaların, xüsusilə enerji daşıyıcılarının ixracı ilə bağlı məhdudiyyətlərin nə zaman və hansı şərtlərlə ləğv ediləcəyi hələ dəqiq bilinmir:

“Düşünürəm ki, bu məsələdə konkret proqnoz vermək üçün hələ tezdir. Hətta belə bir proses baş versə də, bu, sürətli bir şəkildə reallaşmayacaq.

Lakin ümumi mənzərə artıq aydındır. Dünyada baş verən sürətli dəyişikliklərin əsas istiqamətlərindən biri dövlətlərarası rəqabətdən daha çox elitalar arasındakı mübarizənin ön plana çıxmasıdır. Bu rəqabət nəticəsində güc balansının necə formalaşacağı artıq özünü göstərir.

ABŞ, Çin və Rusiya dünyanın əsas siyasi, iqtisadi və hərbi güc mərkəzləridir. Son dövrlərdə bu ölkələrdə qlobalizm və liberalizm tərəfdarları ciddi məğlubiyyətə uğrayıb. Həm Çində, həm Rusiyada, həm də ABŞ-də daha çox milli maraqlara söykənən qüvvələr üstünlük qazanır və biz artıq bunun nəticələrini görməyə başlayırıq".

Ekspert vurğulayıb ki, dünya qloballaşmadan uzaqlaşaraq, daha çox parçalanmaya – fraqmentləşməyə doğru irəliləyir:

“Bu proseslərə hazır olmaq lazımdır. Hazırda qlobalizmin və liberalizmin əsas dayaqları Avropa İttifaqında, xüsusilə Brüsseldə, həmçinin Almaniya və Fransada siyasi rəhbərlikdə var. Lakin onların da ciddi problemlərlə üzləşdiyini müşahidə edirik.

Əgər Avropada milli maraqlara söykənən, konservativ elitalar hakimiyyətə gəlməsə, o zaman Avropa daha da dərinləşən problemlərlə üzləşəcək. Artıq qlobalizmə və liberalizmə əsaslanan yanaşmalar həm iqtisadi, həm də hərbi-siyasi baxımdan ciddi geriləmə dövrünə daxil olub.

Bu proseslərin təsirləri bütün dünyada qaçılmaz olacaq. Yaxın aylarda ciddi siyasi və iqtisadi dəyişikliklərin baş verəcəyini görəcəyik. Bu dəyişikliklər nəticəsində dünya yeni bir mərhələyə qədəm qoyacaq, müxtəlif bölgələrdə regional iqtisadi və siyasi maraqlar daha da güclənəcək. Nəticədə, biz kifayət qədər ciddi və fundamental dəyişikliklərin şahidi olacağıq".
 

 
Ardını oxu...
Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

Teleqraf xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.

Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır.
 

Dünyapress TV

Xəbər lenti