Ardını oxu...
Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib?

Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.

Maraqlıdır, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir: "İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi".
"Süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir"

Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azalıb, bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərir. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik: "2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir".

"İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir"

V.Bayramov vurğulayır ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür: "İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir".
İstehsal sahəsində çətinliklər...

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, inflyasiyanın ötən illə müqayisədə bu il daha yuxarı olacağı proqnoz edilirdi: "Bunun səbəbi istehsal və təchizat zəncirində olan çətinliklər, tələbin müəyyən qədər artması, eyni zamanda idxal etdiyimiz ölkələrdə məhsulların istehsal-logistika xərclərinin artmasıdır".
Mütəxəssis hesab edir ki, 2025-ci il üzrə olan proqnoz göstəriciləri real nəticələri aşmayacaq.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, inflyasiyanın sürətlənməsi səbəbi yanacağın qiymətinin artmasıdır: "Ötən ilin ikinci yarısından benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artdı. Enerji qiymətlərinin artması ciddi surətdə inflyasiyaya təsir edəcək amildir. Təkcə dizel yanacağının qiymətinin artırılması istehsal xərclərinin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının daşınmasının qiymətini ciddi şəkildə artırır".

Hansı məhsullar bahalaşıb?

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarında daha çox bahalaşma olub. Buna misal olaraq, balıq məhsullarını, uşaq qidası üçün quru süd qarışığını, kərə, günəbaxan və qarğıdalı yağlarını, süfrə marqarinini, naringi, alma, armud, heyva, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, sarımsaq, soğan və kartofu qeyd etmək olar. Makaron, təzə balıq, yumurta, portağal, banan və yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Həmçinin bu ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə bəzi qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb. Buna misal olaraq kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının qiymətinin artmasını göstərmək olar. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə enmə müşahidə olunub.
 
Ardını oxu...
Bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli ötən ilin yekunlarına əsasən artım nümayiş etdirir və bu il də bu tendensiya davam edib. Üstəlik, təkcə kredit portfeli deyil, həm də kreditlər üzrə faizlər artır.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına diqqətlə baxsanız, bu ilin yanvar ayında verilən kreditlərin ümumi həcmi 29,3 milyard manatı ötüb, yəni daha 0,1% artıb. Bununla yanaşı, problemli borcların portfelləri də artıb – yanvarın sonunda toksik kreditlər 5,8% - kifayət qədər kəskin artım nümayiş etdirərək 475 milyon manatı keçib.

AMB-nin məlumatları milli valyutada olan kreditlərin əhəmiyyətli üstünlük təşkil etdiyini göstərir - manat kreditləri bütün maliyyələşdirmənin əsas hissəsini təşkil edir, xarici valyutada olan kreditlər isə yanvarda daha 1,8% azalıb. Onların payına cəmi 4 milyard 434,9 milyon manatı düşür.

Özəl bank kreditləşməsinin əhəmiyyətli üstünlüyü diqqəti çəkir və istehlak kreditlərinin kəskin üstünlük və artım tendensiyası davam edir. 17 milyard 147,7 milyon manat ev təsərrüfatlarının kreditlərinin payına düşür. Müqayisə üçün qeyd edək ki, kənd təsərrüfatının kreditləşməsi nisbətən cüzi - 577 milyon manat təşkil edib, sənaye və istehsal sektorunda banklar vasitəsilə maliyyələşdirmə isə 2 milyard 279,67 milyon manatdan çox deyil.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA.AZ-a açıqlamasında deyib ki, kreditləşmə nəinki həcmcə artır, həm də bahalaşır: “Son illər kreditlər üzrə faiz dərəcələrinin aşağı düşəcəyi gözləntiləri olsa da, cəlb olunmuş vəsaitlərin dəyəri nəinki ucuzlaşmayıb, əksinə artmaqda davam edir. Monitorinqlər göstərir ki, bankların (bu, xüsusilə sistem əhəmiyyətli kredit və maliyyə institutlarına aiddir) istehlak kreditləri üzrə faiz dərəcələrində nəzərəçarpacaq artım müşahidə olunur. Kreditlərin bahalaşması Mərkəzi Bankın rəsmi məlumatları ilə də təsdiqlənir”.

Onun sözlərinə görə, ötən ilin yanvarında kommersiya kredit-maliyyə təşkilatlarının kredit portfeli 19 milyard 594 milyon manat olub. Həmin vaxt tənzimləyicinin məlumatına görə, respublikada kreditlər üzrə orta faiz dərəcəsi 12,27% olub. Cəmi bir il sonra əsas bankın hesablamalarına görə, yerli bankların məcmu kredit portfeli 23 milyard 182 milyon manat səviyyəsində olub və faiz dərəcəsi 12,58%-ə yüksəlib. Nəhayət, bu il yanvarın əvvəlinə kredit portfeli 27 milyard 477 milyon manata çatıb, bank kreditləri üzrə faiz dərəcələri isə 13,19%-ə yüksəlib.

“Gördüyünüz kimi, son iki ildə ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 12,27%-dən 13,19%-ə yüksəlib. Üstəlik, kredit götürülmüş pulun orta dəyərinə iqtisadiyyatın real sektorunda mənzil alınması üçün uzunmüddətli kreditlər üzrə faiz dərəcələri və güzəştli maliyyələşdirmə təsir göstərir. Ona görə də bu gün maliyyə qurumunun adi istehlakçıya verdiyi standart kredit daha baha başa gəlir və orta istehlak krediti faizi ölkədə qeyd olunandan yüksəkdir”, - deyə deputat bildirib.

Bayramovun qənaətincə, kreditlər üzrə faizlərin artırılması daha çox bankların cəlb etdiyi vəsaitlərin dəyərinin nisbi artması ilə bağlıdır: “Son bir il ərzində biz ölkənin sistem əhəmiyyətli banklarında depozitlər üzrə faiz dərəcələrinin artdığını müşahidə etdik ki, bu da verilən kreditlərin qiymətinə təsir göstərməyə bilməzdi. Kreditlərin dəyərini optimallaşdırmaq üçün maliyyə institutları üçün ucuz vəsaitlərin əlçatanlığını genişləndirmək kifayətdir”.

Reallığın göstərdiyi kimi, bizim kommersiya banklarının faiz dərəcələri aşağı düşməyi düşünmür, əksinə, həvəslə artır, və bu da kredit götürənlər arasında adi narazılıq yaradır. Bununla belə, yüksək faiz dərəcələri əsasən artan tələblə bağlıdır, çünki pul eyni əmtəədir.

İqtisadçı ekspert Pərviz Heydərov AYNA.AZ-a şərhində söyləyib ki, bu bank məhsuluna artan tələbat adətən onun bahalaşmasına səbəb olur: “Tələb və təklif qanunları bu seqmentdə də keçərlidir. Tələbin artması qiymətlərin və faiz dərəcələrinin formalaşmasında əsas rol oynayır. Yüksək faiz dərəcələri pul kütləsinin yüksək qiyməti deməkdir. Mövcud vəziyyətə nəzər salsanız, istehlak kreditlərinə tələbat kifayət qədər yüksəkdir, bu isə o deməkdir ki, kredit və maliyyə qurumlarının faiz dərəcələri aşağı qala bilməz”.

Nəhayət, ekspertlər bildirirlər ki, bir çox yerli banklarda artıq likvidlik yoxdur. Yeganə istisnalar iri maliyyə strukturlarıdır, halbuki kommersiya maliyyə institutlarının əksəriyyətində bu imkan yoxdur və buna görə də borc vəsaitlərinin dəyərinin azaldılması praktikasından uzaqdır.

Başqa bir nüans da var: Bu gün kommersiya banklarının verdiyi kreditlərin aslan payı -70%-dən çoxu Bakıdadır, regionlar isə bank kreditləşməsində autsayder olaraq qalır. Respublikada ən yüksək ödəmə qabiliyyətinə malik tələbat Bakıda və Abşeronda cəmləşdiyindən, risklərin yüksək səviyyəsinə görə maliyyəçilər paytaxta ölkənin regionlarına üstünlük verirlər.

V.Bayramov hesab edir ki, regionların zəif maliyyələşməsinin digər səbəbi girovun olmamasıdır. Onun sözlərinə görə, banklar hələ də iqtisadiyyatımızın strateji əhəmiyyətli sahələrinin maliyyələşdirilməsində maraqlı deyil.
 
Ardını oxu...
2024-cü ilin IV rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə” hesabatda bildirilib.

Qeyd edilib ki, respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Bildirilib ki, stehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib.
 
Ardını oxu...
2025-ci ilin ilk ayı əhali üçün bir sıra süprizlərlə – bir çox sahələrdə baş verən qiymət artımları ilə yadda qaldı.

Ancaq bunun ardınca bir sıra dövlət büdcəsindən maliyyələşən strukturlarda da ixtisar prosesinə start verilib.

Gununsesi.info-ya müraciət edərək adlarının çəkilməsini istəməyən İdman Akademiyasın işçiləri, bu ali təhsil ocağında da ixtisarların olduğunu bildirirlər.

Onlar, bildirir ki, rektorluq bu barədə göstərişin Gənclər və İdman Nazirliyindən gəldiyini deyib.

Bundan başqa, ixtisar aparılan qurumlardan biri də “Azəravtoyol” Agentliyidir.

Bu agentliyin regional idarələrində xeyli sayda işçi ixtisara salınıb.

Gununsesi.info-nun araşdırmaları zamanı müəyyən olunub ki, 2025-ci il başlayandan ixtisarlar əksər ali təhsil müəssiələrində də aparılır.
 
 
 
Ardını oxu...
Hindistanın dövlət neft emalı zavodları iyun ayına qədər dünyanın ən uzun mayeləşdirilmiş neft qaz kəmərini tikib istifadəyə verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə adı açıqlanmayan sənaye rəsmisi məlumat verib.

Mənbənin sözlərinə görə, qaz kəmərinin dəyəri 1,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

2800 km uzunluğunda boru kəməri qərb sahilindəki Kandladan şimaldakı Qoraxpur şəhərinə qədər uzanacaq. “Indian Oil” şirkətinin boru kəmərləri üzrə direktoru N.Senthil Kumar bildirib ki, layihənin birinci mərhələsinin mart ayında işə salınması planlaşdırılır.
 
 
 
       
Ardını oxu...
Bu ilin yanvar ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 572 min dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsinin rəsmi saytında yerləşdirilib.

Açıqlanan məlumatlarda qeyd olunur ki, bir il əvvəl – 2024-cü ilin analoji dövründə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi builkindən 40% və ya 227 min dollar az – 345 min dollar olub.
Bu ilin yanvar ayı ərzində Türkiyənin Ermənistandan idxalı əvvəlki illə müqayisədə cüzi azalaraq 290 mindən 282 min dollara düşüb.

Bu dövrdə Türkiyənin Ermənistana ixracı isə kəskin şəkildə artaraq 55 min dollardan 290 min dollara çatıb.
Ardını oxu...
İcbari Avromobil sığortasında lizinqlə olan avtomobillərin sığortasını onlayn aparmırlar. Agentlərdə də icazə yoxdur. Lizinqlə olan avtomobili sığortalatdırmaq istəyəndə, baş ofisə dəvət edilir.

Bunun səbəbi nədir?

TEREF xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, sığorta şirkətləri lizinq yolu ilə alınmış avtomobillərin icbari sığortalanması ilə bağlı vətəndaşlar üçün ciddi problemlər yaradıblar: “Hazırda bu avtomobillərin nə onlayn qaydada, nə də sığorta agentləri vasitəsilə sığortalanması mümkündür. Yeganə çıxış yolu sürücünün birbaşa sığorta şirkətlərinin baş ofisinə müraciət etməsidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi isə sığorta şirkətlərinin bu məhdudiyyətlərin səbəbi ilə bağlı yetərli və qaneedici izahat verməməsidir. Xüsusilə, bəzi avtomobil markalarının "qara siyahıya" salınması daha böyük problemlərə yol açır. Əksər hallarda bu siyahıya əsasən taksi xidməti üçün istifadə edilən avtomobillər daxil edilir”.

Ş.İsmayılovun sözlərinə görə, görünən odur ki, sığorta şirkətləri taksi kimi istifadə olunan avtomobilləri yüksək risk daşıyıcısı hesab edirlər: “Bunun əsas səbəbi isə taksilərin gün ərzində fasiləsiz hərəkətdə olması və onları idarə edən sürücülərin böyük bir qisminin təcrübəsiz və ya iş tapmaqda çətinlik çəkən şəxslərdən ibarət olmasıdır. Belə sürücülər tərəfindən törədilən qəza halları sığorta şirkətləri üçün maliyyə riskini artırır.

Digər tərəfdən, taksi xidməti üçün seçilən avtomobillər adətən kiçik mühərrik həcminə malik olduğu üçün onların icbari sığorta haqqı nisbətən aşağıdır. Bu da sığorta şirkətlərinin az məbləğ qarşılığında yüksək risklə üzləşməsinə səbəb olur. Nəticədə, sığorta şirkətləri bu avtomobillərin icbari sığortalanmasında maraqlı olmurlar və müxtəlif bürokratik maneələr yaradırlar”.

Ş.İsmayılov vurğulayıb ki, "İcbari Sığortalar Haqqında Qanun"a əsasən, sığorta şirkətləri avtomobilin icbari sığortalanmasından imtina edə bilməzlər: “Hazırda sürücülər yalnız sığorta şirkətlərinin baş ofislərinə müraciət etməklə bu xidmətdən yararlana bilirlər. Bu isə xüsusilə Bakıdan uzaq ərazilərdə yaşayan və ya bölgələrdə fəaliyyət göstərən sürücülər üçün ciddi çətinliklər yaradır. Onlar icbari sığorta əldə etmək üçün uzun məsafə qət etməyə və əlavə vaxt itirməyə məcbur qalırlar”. “Bu yanaşma qanunsuz olmaqla yanaşı, həm də sürücüləri çətin vəziyyətdə qoyur. Problemin tezliklə həll olunması və icbari sığorta prosesinin hamı üçün əlçatan olması vacibdir”,- deyə o, qeyd edib.

Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, icbari sığorta qanunvericiliyinə əsasən, sığorta şirkətinin sığorta müqaviləsi bağlayarkən və sığorta riskini qiymətləndirərkən sığortalıdan və ya sığorta olunandan müvafiq məlumat və sənədləri tələb etmək, eləcə də sığorta ediləcək əmlaka baxış keçirmək hüququ var.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanarkən, dövlət qurumlarının təqdim etdiyi bütün zəruri məlumatlar İcbari Sığorta Bürosunun (İSB) elektron-informasiya sistemi ilə inteqrasiya olunmuş şəkildə əldə edilir.

Əgər nəqliyyat vasitəsi lizinq predmeti olarsa, lizinq alan şəxsin bu vasitəyə dair sığorta marağını təsdiq edən etibarnamə, yol vərəqəsi və digər sənədlər elektron bazaya daxil olmadığı üçün İSB ilə inteqrasiya olunmur. Buna görə də həmin sənədlər sığorta şirkətinə – baş ofisə və ya filiallara təqdim edilməlidir.

Sığorta şirkəti təqdim olunan sənədlər əsasında lizinq alan şəxsin sığorta marağını və sığorta risklərini yoxlayır. Yekunda, bütün məlumatlar təsdiqləndikdən sonra bu bilgilər İSB-nin elektron-informasiya sisteminə daxil edilir və sığorta müqaviləsi rəsmiləşdirilir”,- deyə əlavə olunub.
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən (AB) idxal olunan mallara 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib. Bu barədə “Faynənşl Tayms” məlumat yayıb. Ağ Ev rəhbəri ittifaqı tənqid edərək, onun ABŞ-a zərər vermək üçün yaradıldığını deyib: "Biz qərar qəbul etmişik və bunu çox yaxında elan edəcəyik. Ümumiyyətlə, bu, 25 faiz olacaq və həm avtomobillərə, həm də digərlərinə şamil olunacaq".

Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Donald Trampın sözügedən hədələri Avropa İttifaqını qorxutmaq mahiyyəti daşıyır:

“Rusiya ilə danışıqlar fonunda Tramp Avropa İttifaqının nə düşündüyünü və etirazlarını nəzərə almır. Avropa İttifaqı da Trampa alternativ olaraq məsələləri öz platformalarında müzakirə edir. Bu isə bir növ Amerikanın iradəsinə zid getmək sayılır. Tramp da bunun olmasına icazə vermir və qeyd olunan 25 faiz gömrük rüsumları ilə hədə-qorxu gəlir. Amerikanın isə bunu etməsi təbii ki, mümkündür. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının əsas aparıcı ölkələri Böyük Britaniya, Almaniya və Fransanın iqtisadiyyatında Amerikanın payı olduqca böyükdür. Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə Avropada ciddi iqtisadi böhran yarada bilər. Tramp yaxşı bilir ki, rahatlığa öyrəşən və rifah səviyyəsi yüksək Avropa cəmiyyəti iqtisadi problemlər qarşısında etirazlarını bildirəcək və hakimiyyətə qarşı gələcəklər. Avropa İttifaqının uzun müddət Amerikayla daban-dabana siyasət yürüdəcəyni düşünmürəm. Onlar gec-tez Amerikanın təkliflərini qəbul edəcəklər və bunları özlərinin rizasıyla edilmiş kimi qələmə verəcəklər”.
 
Ardını oxu...
Bitkoinin qiyməti 11 noyabr 2024-cü ildən bəri ilk dəfə ticarət zamanı 85.000 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə "Binance" platformasından məlumat verilib.

Bakı vaxtı ilə saat 21:36-a olan məlumata əsasən, Bitkoin 2,6 faiz ucuzlaşaraq 84,909 min dollar (mənfi 3,75 faiz) təşkil edib.

Bakı vaxtı ilə saat 21:50-də Bitkoin enişini sürətləndirdi və 84 380 min dollar (mənfi 3,23%) oldu.
 
Ardını oxu...
Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC bu il üçün 198 min 830 manatlıq gül və əklil alacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə tenderlərlə bağlı rəsmi saytda məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, keçirilən tenderə sasən nazirliyin tabeliyindəki qurum tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün güllərin və əklillərin satın alınmasını həyata keçirəcək. Bu məqsədlə İlkin Qalib oğlu Əskərovla satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, İlkin Əskərovla bağlı açıq mənbələrdə hər hansı məlumat yoxdur. Onun tenderlərdə iştirakı ilə bağlı da heç bir məlumat mövcud deyil.

Tribunainfo.az daxil olan bəzi məlumatlarda isə iddia edilir ki, Mədəniyyət Nazirliyinin tenderinin qalibi olmuş İlkin Əskərov Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda deputat olan Asif Əsgərovun yaxın qohumudur.

Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti