Ardını oxu...
ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya satdığı qazın pulunu almağın yollarını tapacaq.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib:

“Bəzi variantlar tapılacaq, Rusiya kimi bir ölkəyə qarşı tam bloklayıcı tədbirlər mümkün deyil”.

Onun sözlərinə görə, variantların tapılması “bir az vaxt apara bilər”: “Ancaq həll yolu mütləq tapılacaq” .

Qeyd edək ki, noyabrın 21-də ABŞ Xəzinədarlığı “Qazprombank” da daxil olmaqla 50 Rusiya bankını sanksiya siyahısına daxil edib. Bu isə Rusiya neft-qazına görə ödənişlərin həyata keçirildiyi yeganə bankla əməliyyatların dayandırılması deməkdir. Artıq Rusiyadan qaz alan Serbiya və Macarıstan ABŞ-ın qərarına etirazlarını bildiriblər.
 
Ardını oxu...
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq.

Yəni, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər.

Bu güzəştdən yararlanacaq olanlar arasında jurnalistlər də var. Deputat Vüqar Bayramovun açıqlamasına görə, əgər vətəndaş jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alırsa və onun aylıq gəliri 3 min manatdırsa, o, gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək.

Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

Yeni qaydaların jurnalistlərə hansı faydaları olacaq?

Mətbuat Şurasının sədri Rəşad Məcid TNS-ə bildirib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Azərbaycanda media sahəsində aparılan islahatların, ümumən, dövlət siyasətinin davamlı xarakter daşıdığının növbəti təsdiqidir.

O qeyd edib ki, başlıca məqsəd media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirilməsidir: "Jurnalistlər cəmiyyətə informasiya verilməsinə məsul şəxslərdən əldə etdikləri gəlirdən vergi tutulmalarının çox olduğunu bildirirdilər. Qanunvericilikdə vəziyyətin nəzərə alınması müsbət haldır. Bu addım real gəlirlərin artımını şərtləndirəcək".

Rəşad Məcid jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bu günədək atılan addımları yada salıb.

İpoteka qanunvericiliyinə edilən dəyişikliklərdən bəhs edən Şura sədri sözügedən dəyişikliyin jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə hüququnu verdiyini xatırladıb.

O, media fəaliyyətinin iqtisadi cəhətdən stimullaşdırılması baxımından kağızın idxalının və satışının ƏDV-dən azad edilməsinin, media fəaliyyətinin əksər komponentlərinin 3 il müddətinə ƏDV-dən azad olunmasının əhəmiyyətini vurğulayıb: "Qanunvericiliyin cəmiyyətə informasiya verilməsinə məsul daha çox şəxsi əhatə etməsi də vacibdir. Bunun üçün onların özləri də qanun çərçivəsində təmsilçiliyə maraq göstərməlidirlər. Çünki qanunlar çərçivəsində həyata keçirilən jurnalist fəaliyyəti üstünlüklər qazandırır. Qanunla müəyyən edilən imtiyazlar peşəyə marağın güclənməsində də rol oynayacaq".

"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər TNS-ə bildirib ki, tətbiq olunan bütün imtiyazlar Azərbaycanda media azadlığının inkişafına və gücləndirilməsinə, iqtisadi azadlığın möhkəmlənməsinə yönələn addımlardır: "Azərbaycan dövləti tərəfindən sistematik olaraq bu addımlar həyata keçirilir. Bu gün Azərbaycan Prezidentinin diqqət və qayğısını jurnalistlərimiz ciddi şəkildə hiss edir. Xalq dilində desək, çörək bişirməyi öyrətmək, onu hazır verməkdən daha faydalıdır. Əvvəlki illərdə də jurnalistlərlə bağlı önəmli addımlar atılıb. Amma son illərdəki yeniliklər ümumilikdə media qurumlarının fəaliyyətinin güclənməsinə yönəlib. Hazırda haqqında danışılan 75 faizlik güzəşt həm də sərbəst şəkildə jurnalist fəaliyyəti ilə məşğul olanlara dəstəkdir".

Aqil Ələsgər bildirib ki, əvvəllki illərdə əsasən, media rəhbərlərinin maraqlarına uyğun qərarlar verilirdisə, bu gün daha çox çalışan təbəqinin maraqları ön plana çıxır: "Mövcud "Media haqqında qanun" jurnalistin yanındadır. Bu gün Azərbaycan mediası “qara” mühasibatdan “şəffaf” mühasibata keçmək yönündə çox ciddi uğur əldə edib ki, bu da son qanunların, Media İnkişafı Agentliyinin irəli sürdüyü tələblərdən irəli gəlir".
 
 
 
Ardını oxu...
Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunmasl təklif edilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur. "Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir", - deyə vergi rəsmisi qeyd edib.

Bu təklif qəbul olunacağı təqdirdə alqı-satqı necə olacaq? Məsələn, brilyantı necə alacağıq? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu gün Azərbaycanda nağd kağız pul işləyirsə, hər hansı bir məhsulun nağdsız satışı qadağan oluna bilməz:

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda iqtisadiyyatı çökdürməyə yönəlik çox ciddi siyasət aparır. Avropanın hansısa əhəmiyyətsiz bir qurumu nağdsız hesablaşmalara görə tələb irəli sürüb və biz də bunu dərhal həyata keçirmək istəyirik.

Bu doğru deyil. O ölkələrdəki belə məhsulların nağdsız satılması dayandırılır, orada kağız pul rəmzi xarakter daşıyır. Yəni, Azərbaycanda hər hansı bir məhsulun açıq bazarda nağdsız satılmasına qadağa qoymaq ağılasığmazdır. Mən hesab edirəm ki, parlament bu qərarın əleyhinə səs verməlidir. Bu qəbildən olan qərarlar Azərbaycan iqtisadiyyatına zərbə vurur”.

Akif Nəsirli qeyd edib ki, yalnız stimullaşdırma yolu ilə vətəndaşları nağdsız hesablaşmalara cəlb etmək olar:

“Yalnız qiymətli daşlar deyil, gələcəkdə yəqin digər məhsulların da nağdsız satışına qadağa qoyulacaq.

Ümumiyyətlə, alış-verişdə, ticarətdə nağd hesablaşmalara qadağa düzgün deyil. Hökumət nağdsız hesablaşma sistemini o qədər cəlbedici etməlidir ki, vətəndaşlar özləri alqı-satqı zamanı etibarlılıq üçün nağdsız hesablaşmalara müraciət etsin. Nağdsız hesablaşmalara keçid qadağa ilə, qanunla qüvvəyə minməməlidir. Digər sahələrdə də bunun əleyhinyəm. Biz elə sistem qurmalıyıq ki, vətəndaşlar özləri nağd deyil, nağdsız hesablaşmalara üstünlük versinlər”.
 
 
 
Ardını oxu...
Bu il Azərbaycan Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə satıb.
Səbəbləri qoyaq kənara (Gürcüstan tranzit ölkədi, anlaşmalar var, qonşu ölkədə SOCAR həm də qazpaylayıcı şirkətdir - yəni, pərakəndə satışdan da qazanır), amma məmləkətdə əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir.
Hörmətli hökumət, neft-qaz ölkəsində qaz və elektrik istehlakına qoyulan limit zatən ayıbdır, amma limit qoyub qiymət müəyyən edirsinizsə limiti keçəndə Gürcüstana satdığınız qiyməti tədbiq edin, əhali, heç olmasa, 17,5 qəpik ödəsin.
Limiti ləğv etsəniz yaxşı olar, amma, niyə ləğv edəsiniz ki, sizin vətəndaşın səsinə, dəstəyinə ehtiyacınız yoxdur, bütün problemlərin kökü də burdadır...
Natig Cəfərli
TEREF
 
 
 
Ardını oxu...
2019-cu il iyunun 28-də Prezidenti İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Fərmanda bitkiçilik sahəsində aşağıdakı növdə subsidiyalar nəzərdə tutulub:

Əkin subsidiyası - fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilir. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən edilir. 2019-cu ildən etibarən dolayısıyla fermerlərə həmin vaxta qədər verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilir.

Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər kiloqramına görə əkin subsidiyasına əlavə olaraq verilir. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Aqrar Subsidiya Şurası tərəfindən müəyyən olunubr.

Toxum subsidiyası – toxumçu fermerlərə sertifikatlı (1-ci və 2-ci reproduksiya) toxumların və tinglərin satışına görə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq verilir.

Aqrar Subsidiya Şurasının 2023-cü ildə müəyyən etdiyi qaydalara görə, ölkədə intensiv bostan şəraitində becərilən əksər bitkilər üçün subsidiyaların miqdarı müəyyən olunub. Məsələn, limon, kivi, naringi, portağal, fındıq, zeytun bağlarının hər hektarına 5000-11600 manat məbləğində subsidiya verilir. Bundan əlavə başqa meyvə növləri, giləmeyvələr, bostan bitkiləri üçün də subsidiya məbləğləri müəyyən edilib.

Bu məqsədlə aqrar sektora büdcədən ayrılan vəsaitin məbləği ildən-ilə artır. 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.

Amma Hesablama Palatası bu qənaətə gəlib ki, aqrar sektora hər il ayrılan 100 milyonlarla vəsait bu sahədə inkişafa gətirib çıxarmayıb, əksinə, tənəzzül yaşanır.

Palatanın gələn ilin dövlət büdcəsinə verdiyi rəydə bu məqamlar belə sıralanır:

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

Subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Maraqlıdır, aqrar sektorun subsidiyalaşdırılması niyə gözlənilən nəticəni vermədi, hansı problemlər dövlətin müəyyənləşlədirdiyi strategiyanın özünü doğrultmasına əngəl oldu?

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycan hökuməti ayrılan subsidiyaları kənd təsərrüfatı məhsulu istehsalçıları üçün dəstək hesab edir. Onun sözlərinə görə, uzun müddətdir kənd təsərrüfatına böyük məbləğdə subsidiyalar ayrılsa da, təəssüf ki, ayrılan vəsaitlər effekt vermir: “Təsəvvür edin, bu il istehsal olunan buğdanın həcmi 20 il bundan öncə istehsal olunan buğdanın həcmi səviyyəsində olub. Halbuki, həmin illərdə ümumiyyətlə, subsidiya nəzərdə tutulmurdu”.

V.Məhərrəmli qeyd edir ki, bir çox hallarda ayrılan subsidiyalar oliqarx məmurların təsərrüfatlarına xidmət edir: “Baxın, indi yeni bağların salınması ilə bağlı şərtlər müəyyən edilib. Şərtlərdən biri odur ki, müasir dövrün tələbinə uyğun suvarma sistemi qurulmalıdır. Bunu isə yalnız imkanlı adamlar edə bilər. Bu da kimlərdir? Əlbəttə ki, əsasən oliqarx məmurlar. Biz görürük ki, son bir neçə ildə ayrılan subsidiyaların həcmini artırıblar. İlk mərhələdə səhv etmirəmsə 70-80 milyon nəzərdə tutulurdusa, indi artıq bu rəqəm 400 milyon manatı keçib. Bu, onunla bağlıdır ki, son bir neçə ildə onlar böyük fermer təsərrüfatları yaradıblar. Ayrılan subsidiyanın çox hissəsi onların biznesini stimullaşdırır”.

Mütəxəssis deyir ki, subsidiya məsələsi bununla da bitmir: “Onlar bir tərəfdən həm subsidiya alırlar, həm də bu sahəyə dövlət büdcəsindən vəsait ayrılır. Məsələn, aqroparklar üçün 1,1 milyard manat ayrılıb. Aqroparkların yaradılması üçün də çoxsaylı güzəştlər var ki, həmin məmurlar bundan istifadə edə bilərlər. İndi deyirlər ki, aqroparklara ayrılan subsidiyalardan hər kəs bəhrələnir”.

Vahid Məhərrəmli vurğulayır ki, əslində bundan bəhrələnənlər əsasən oliqarx məmurlardır: “Keçən ilə kimi ayrılan subsidiyanın 75 faizi istehsal vasitəsinin əldə edilməsinə yönəlirdi - yəni, gübrələrin alınmasına. Onların satışını da o oliqarx məmurlara yaxın adamlar həyata keçirirdi. Oliqarx yaxınlarının gətirdikləri gübrələrin keyfiyyəti isə aşağı idi. Deməli, daha ucuz alıb, daha baha qiymətə kəndlilərə məcbur satırdılar. Çünki şərt belə idi ki, kəndli aldığı subsidiyanın 75 faizini gübrəyə verməli idi. Bu yolla subsidiya kimi ayrılan vəsaitin bir hissəsi birbaşa onların cibinə gedirdi. Bu kimi fəndlərlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

V.Məhərrəmli xatırladır ki, digər ölkələrdə də belə subsidiyalar nəzərdə tutulub. Onun sözlərinə görə, istənilən halda bu sahəyə vəsait ayrılırsa, bu, özünü istehsalda, məhsuldarlığın artımında, məhsulun keyfiyyətində və qiymətində göstərməlidir: “Biz isə görürük ki, son vaxtlar məhsuldarlıq aşağı düşür, məhsulun keyfiyyəti pisləşir, digər tərəfdən, istehsal olunan məhsulun maya dəyərinin artdığını və satış qiymətinin yüksəldiyini görürük”.

 Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” adlı tədbirdə bildirib.

“Qlazqodan Şarm əl-Şeyxə, Dubaydan Bakıya qədər hər bir addımımız qlobal iqlim dayanıqlılığının təməlini gücləndirən vacib bir qat əlavə edir. Bakı Harmoniya İqlim Təşəbbüsü təkcə bir gündəm deyil; bu, dayanıqlı aqro-ərzaq sistemləri üçün səylərimizi harmoniyaya gətirmək barədə ortaq vədimizdir”, – deyə o qeyd edib.

Nazir həmçinin bildirib ki, Təşəbbüsün məqsədi əməkdaşlıq fürsətini qalıcı bir mirasa çevirməkdir.

Onun sözlərinə görə, qlobal səviyyədə Qida və Kənd Təsərrüfatı üçün Dayanıqlı Transformasiya Tərəfdaşlığı (FAST) kimi təşəbbüslər artıq Bakı Harmoniya İqlim Təşəbbüsünə inteqrasiya edilib: “Təşəbbüs Birləşmiş Ərəb Əmirlikləri Bəyannaməsində müəyyən edilmiş məqsədlərlə tam uyğunlaşdırılıb və Texniki Əməkdaşlıq Təşəbbüsü vasitəsilə həyata keçirilir. Əsas məqsəd mövcud imkanları və aqro-ərzaq sektorunun iştirakçılarını gücləndirməkdir”.

Nazir Təşəbbüsün maliyyələşdirmə və investisiyaları dəstəklədiyini, fermerləri dəyişiklik üçün əsas agentlər kimi ön plana çıxardığını vurğulayıb. O, tədbirin əsas mövzusunun “COP-dan COP-a miraslar” olduğunu qeyd edib və bildirib: “Biz aqro-ərzaq dayanıqlılığının, daha ağıllı və güclü iqlim dayanıqlı ərzaq sistemlərinin bir mirasını yaradırıq. Bir COP-dan növbəti COP-a dərsləri paylaşarkən, yalnız formal prosesləri yerinə yetirmirik, əksinə, gələcək üçün toxumlar əkirik”.

 

Ardını oxu...
 

"Bitcoin" kriptovalyutası beynəlxalq maliyyə bazarlarında yüksəlişini davam etdirir.

Musavat.com xəbər verir ki, "Binance" birjasının məlumatına görə, "Bitcoin" qiyməti tarixində ilk dəfə 93.9 min ABŞ dollarını ötüb. Bu artım, ABŞ-da prezident seçkilərinin nəticələri məlum olduqdan sonra "Bitcoin" qiymətində kəskin bahalaşma ilə müşahidə olunur.

Hazırda "Bitcoin" qiyməti 93,260.00 ABŞ dolları təşkil edir, bu da əvvəlki bağlanış qiymətindən 2,561.00 dollar (2.82%) artım deməkdir. Gün ərzində ən yüksək qiymət 94,042.00 dollar, ən aşağı isə 90,274.00 dollar olub. 

 

Musavat.com

 
 
 
Ardını oxu...
Bu yataqlarının istifadəyə verilməsindən ötən il noyabrın 1-dək müvafiq olaraq 214,1 və 204,6 milyard kubmetr qaz hasil edilib.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının istifadəyə verilməsindən bəri təxminən 460 milyard kubmetr qaz hasil edib. Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Azəri-Çıraq-Günəşli (AÇG) və "Şahdəniz" yataqlarının istifadəyə verildiyi vaxtdan 2024-cü il noyabrın 1-nə olan dövr ərzində yataqlardan 459,2 milyard kubmetr qaz hasil edilib. Qeyd edilən dövrdə "Azəri-Çıraq-Günəşli" yatağından 227,3 milyard kubmetr, "Şahdəniz"dən isə 231,9 milyard kubmetr qaz çıxarılıb. Bu müddət ərzində həmin yataqlardan 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixrac edilib", - məlumatda deyilir.

"Şahdəniz" və AÇG yataqlarının istifadəyə verilməsindən ötən il noyabrın 1-dək müvafiq olaraq 214,1 və 204,6 milyard kubmetr qaz hasil edilib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator - 28,8%), AzSD (10%), SGC Upstream (6,7%), Petronas (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
 
 
 
Ardını oxu...
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.

Qeyd edək ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 390.3 kq və 819.2 kq təşkil edib.
 
Ardını oxu...
Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkələrində satılan ət və ət məhsullarının qiymətində artım qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox bahalanan qoyun əti olub.
Bu ilin yanvar ayında 1 kiloqramı 16 manata satılan sümüklü qoyun əti, son 10 ay ərzində 11,5% bahalanaraq oktyabr ayında 17,9 manata satılıb.
Digər ət və ət məhsullarının bu ilin yanvar və oktyabr aylarındakı orta satış qiyməti aşağıdakı kimi olub:
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti