Ardını oxu...
“Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2025-ci ilin ilk 3 ayı ərzində 8 milyon 335 min manatlıq tender əldə edib.

Pravda.az-ın xəbərinə görə, QSC “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin (Dərman və Reaktivlərin alınması – 180 482 AZN), Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının (Periferik stent və balonların satın alınması – 93 810 AZN), “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması – 95 594 AZN), “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin (Köhnə təcili tibbi yardım avtomobillərinin təchizatının yenilənməsinə dair tibbi cihaz və avadanlılqların alınması – 980 099 AZN), “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası məqsədilə tibbi avadanlıqların və sərfiyyat malları”nın satın alınması – 10 903 AZN), Daxili İşlər Nazirliyinin Xüsusi Təlim Mərkəzinin (Dərman və sarğı ləvazimatlarının satınalınması – 4 613 AZN), Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının (Simulyasiya avadanlıqları, tibbi avadanlıq və simulyasiya avadanlıqlarının sərfiyyat materiallarının satın alnması – 315 582 AZN), “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin ( Regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair mallar - 1.760.350 AZN), publik hüquqi şəxsin (Reaktiv sərf və dərman ləvazimatlarının satınalınması - 758.093 AZN), “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (“Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması - 347.467 AZN), Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının (Tibbi sərfiyyat materialları və inventarlarının satın alınması – 73 540 AZN) və Müdafiə Nazirliyinin (Azərbaycan Ordusunun şəxsi heyətinin 2025-ci ildə tibbi təminatı üçün dərman preparatlarının, məsrəf tibbi ləvazimatların, laboratoriya reaktivlərinin və kardiocərrahiyyə üçün məsrəflərin satın alınması - 3.714.482 AZN) 2025-ci il üzrə elan etdikləri tenderlərin qalib olub.

“Azəri Med” 2024-cü il üzrə isə 67 milyonluq tender əldə edib.

Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir. Onun adı Milli Məclisdəki fəaliyyətindən daha çox dərman biznesində hallanır. K.Qafarov “Azəri Med”in ona məxsus olması ilə bağlı məlumatları indiyədək təkzib etməyib.

Ardını oxu...
Qəbələ Dəmiryolu Vağzalının gözləmə zalına sərnişinlərin girişinə icazə verilmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə sərnişin Həsən Hüseynzadə məlumat paylaşıb. O bildirib ki, heç bir sərnişin gözləmə zalına buraxılmır:

“Şikayətim Qəbələ Dəmiryolu Vağzalındandır. Qatarı gözləmək üçün istədim daxil olam zala, mühafizə icazə vermədi ki, bəs müəllim, yuxarıdan tapşırıblar icazə vermirlər taksi şoferlərinə görə. Dünyanın heç bir yerində belə bir şey görməmişəm. Əgər vətandaş buraxılmırsa gözləmə zalına, o gözləmə zalı kimin üçün tikilib bəs?! görəsən bundan “Azərbaycan Dəmir Yolları”nın xəbəri var?”.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
TEREF yazır ki, Ağsu rayonu Ləngəbiz kənd sakini Novruzov Şahin Şahı oğlu mətbuat vasitəsi ilə Prezidentə müraciət edib.
Müraciətdə deyir:
Ağsu rayonu Ləngəbiz kənd sakini

Novruzov Şahin Şahı oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident. hörmətli cənab nazir. görmətli Səbinə xanım!

Mətbuat vasitəsi ilə Sizə müraciət edirək bildirirəm ki. mən Novruzov Şahin Şahı oğlu Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. 1992-ci ilin sentyabr ayında Ağdərə rayonun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə yaralanmışam. Bir müddət hərbi hospitalda müalicə olunmuşam və sağaldıqdan sonra yenidən xidmət etdiyim hərbi hissəyə qayıtmışam. 1994-cü ilin yanvar ayının 21-də Murovdağ istiqamətində gedən döyüşlərdə ayaqlarımın don vurması nəticəsində 230 nömrəli hərbi hospitala göndərilmişəm. Hər iki ayaqlarımın I və II dərəcəli don vurması nəticəsində uzun müddət müxtəlif hərbi hospitallarda və xəstəxanalarda müalicələr almışam və bu xəstəliklə bağlı ikinci qrup müharibə əlili olmuşam.

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etsəmdə. müharibə veteranı adını ala bilmədiyim üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya»ya müraciət etsəmdə 06.12.2023-cü il tarixli imtina məktubu verilmiş. buna görədə mən iddiaçı qismində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Şəki İnibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək «müharibə veteranı adı və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdim

Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 iyul 2024-cü il tarixli 2-1(116)-1347/2024 nömrəli qərarı ilə mənə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuş (cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır) və icra edilməsi üçün 04 fevral 2025-ci il tarixdə qərarla birlikdə Müdafiə Nazirliyinə (Bakı şəhəri, Parlament prospekti 3) göndərilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən göndərilmiş bu məktubda qeyd edilmişdir ki, 02 iyul 2024-cü il tarixli 2-1(116)-1347/2024 saylı qərarın icra edilməsi üçün 20 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində müvafiq tədbir görülməli və məhkəməyə məlumat verilməlidir. Qərar icra olunmadığı halda Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 (əlli min) manat cərimə olunacaq.

Şəki İnzibati Məhkəməsi tərəfindən bu məktub Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 04 fevral 2025-ci il tarixdə göndərilib. Artıq iki aydır ki, bu məktub Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilsədə dövlətin adından verilmiş qərarı qanunsuz olaraq icra edilmir. Bununlada Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqlarım pozulur.

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilib. Lakin Müdafiə Nazirliyi qərarı icra etmir. Bu necə ola bilər ki. dövlətin adından çıxarılmış qərarın icra edilməsi dövlət qurumu tərəfindən təmin edilməsin?

Hörmətli cənab Prezident. hörmətli cənab nazir. hörmətli Səbinə xanım!

Sizdən xahiş edirəm mənim hüquqlarımın bərpa olunmasına və dövlətin adından çıxarılmış Şəki İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(116)-1347/2024 saylı qərarın icra edilməsinə köməklik edəsiniz.

Hörmətlə: Novruzov Şahin Şahı oğlu
Ardını oxu...
"İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib". Bunu ötən ay Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov açıqlamasında deyib.
Bu məlumat o qədər adi təqdim edilib ki, sanki 5 min insan işsiz qalmayıb. E. Bağırov və nazirlik deyə bilər ki, sertifikasiyadan keçməyi bacaraydılar. Lakin onlara işsiz qaldığı bu müddətdə heç bir sosial təminat verilməməsi də qeyd olunmalıdır. Sözügedən 5 min müəllim hər ay maaş alırdı. Bu, həm də 5 min ailənin gəliri deməkdir. Ancaq elm və təhsil naziri Emin Əmirullayev təhsildə islahat adı ilə illərdir ki, heç bir iş görmədiyi halda, 5 min müəllimi işindən edib. Guya təhsildə hər şey ideal imiş, qalıb bircə "saqqal darağımız". Axı təhsildə zərrə qədər inkişaf yoxdur. Məktəblərdə tədrisin keyfiyyəti aşağı səviyyədədirsə, 5 min müəllimin kənarlaşdırılması hansı müsbət nəticələr verib? Əlbəttə, o müəllimlər imtahandan keçməyiblər, yəni çox zəif nəticələr göstəriblər, amma onlardan sonra təhsilin inkişafında dəyişiklik varmı? Yox!
Bəs 5 min müəllimdən sonra nazir Əmirullayev inkişaf üçün hər hansı proqram, strategiya irəli sürübmü? O da yox!
Deməli, bu sertifikasiya imtahanı keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Yəni təhsilin bazara çevrilməsi ilbəil genişlənir. Əmirullayev isə əvvəlki nazirlərdən bu mənada fərqlənə bilmədi: məktəblərdə pul yığımı, direktorların özbaşınalıqları, A4 vərəqində tutmuş hər xırda ehtiyac üçün valideynlərdən pul istənilməsi həmişə olub, bu gün də var. O zaman, məktəb şagirdlərə nə verir? Əvvəl-axır repetitor hesabına ali məktəbə daxil olacaqsa, məktəbin şagirdin həyatında təsiri yoxdur.
O baxımdan, 5 min müəllim sadəcə işsiz qalıb, başqa heç nə. Üstəlik, nə kompensasiya ödənilib, nə işlə təmin olunmaqda hansısa təkliflər verilib. 5 min insanı çörəksiz qoymaq düzgündürmü? Hər halda, Qərb ölkələrində belə etmirlər, onlar üçün sosial paket olur, yaxud hansısa müavinət verilir. Bizdə isə hər şey Əmirullayevsayağıdır...

Azər Talıbov
Anaxeber.info
 
 

 


Ardını oxu...
Azərbaycanın bir qrup fermeri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edib. Müraciətin “Hürriyyət”ə daxil olan mətnində bildirilir:

“Hörmətli Nazir!

Azərbaycanın kənd təsərrüfatı sektoru əsrlər boyu xalqımızın iqtisadi dayağı, ərzaq təhlükəsizliyinin qarantı və milli irsimizin ayrılmaz parçası olmuşdur. Lakin son illərdə bu strateji sektor məhz tətbiq edilən idarəetmə üsulları, qeyri-effektiv struktur dəyişiklikləri və məqsədyönlü islahatların çatışmazlığı səbəbindən həm məhsuldarlıq, həm də dayanıqlılıq baxımından ciddi sarsıntılar keçirir.

Son iki ildə həyata keçirilən islahatlar və struktur dəyişiklikləri

Son iki ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş struktur dəyişiklikləri və islahatların fermerlərin real həyatına necə təsir etdiyini dərin elmi təhlillərlə ortaya qoymaq vacibdir. Əgər məqsəd kənd təsərrüfatının modernləşdirilməsi, məhsuldarlığın artırılması və fermerlərin rifahının yüksəldilməsi idisə, niyə sahədə geriləmə müşahidə edirik? Əksinə, qəbul edilən qərarlar fermerləri daha da ağır yük altına salır, onların maliyyə dayanıqlığını zəiflədir və ümumi kənd təsərrüfatı sektorunu çıxılmaz vəziyyətə sürükləyir. Bu islahatların elmi əsaslandırılması ilə bağlı dəqiq və şəffaf məlumat tələb edirik!

Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləri

Kənd təsərrüfatı hər bir dövlətin strateji sahəsidir və onun inkişafı üçün uzunmüddətli, dərin elmi əsaslara söykənən strateji yanaşma tələb olunur. Lakin görülən tədbirlər bu sahənin inkişafına deyil, daha çox kiçik və orta fermerlərin sıradan çıxmasına, böyük müəssisələrin isə süni üstünlüklər əldə etməsinə xidmət edir. Nazirlik olaraq sizin kənd təsərrüfatının gələcəyi ilə bağlı aydın və sistemli konsepsiyanız varmı?

Prezidentin Qayıdış Proqramına zidd qərarlar

Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə qayıdış proqramının əsas istiqamətlərindən biri kənd təsərrüfatının bərpası və kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların dəstəklənməsi idi. Lakin biz bunun əksini müşahidə edirik. Fermerlər üçün şəraitin yaxşılaşdırılması əvəzinə, onlara əlavə maliyyə yükü qoyulur, subsidiyalar çətinləşdirilir və torpaq istifadəsi ilə bağlı məhdudiyyətlər artırılır. Bu siyasət kimin maraqlarına xidmət edir?

Fermerlərə tətbiq edilən ödənişlər və şəffaflıq problemi

Əgər kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ayrılan vəsaitlər doğrudan da fermerlərə yönəldilirsə, niyə bu prosesdə şəffaflıq ciddi suallar doğurur? Fermerlərin ödədiyi vəsaitlər dövlət büdcəsinə yox, fərdi kart hesablarına yönləndirilirsə, bu qaydalar hansı qanuni və iqtisadi əsaslara dayanır? Kənd təsərrüfatı sektoru ilə bağlı qəbul edilən qərarların hesabatlılığı niyə təmin edilmir?

Torpaq tədqiqatlarının məcburi təkrar edilməsi

Dünyanın inkişaf etmiş kənd təsərrüfatı sistemlərinə nəzər saldıqda, torpaq analizlərinin hər beş ildən bir aparıldığı görünür. Lakin biz fermerlər hər il məcburi torpaq analizi etdiririk. Bu, fermerlər üçün əlavə maliyyə yükü olmaqla yanaşı, sahədə korrupsiya riskini də artırır. Nazirliyin bu qərarı hansı elmi əsaslarla müdafiə edilir? Əgər analizlər dövlət tərəfindən aparılmalıdırsa, bu laboratoriyalar hansı sertifikatlaşdırma qaydalarına cavab verir?

Nəticə və tələbimiz

Azərbaycanın kənd təsərrüfatı sektoru təkcə fermerlərin çörək mənbəyi deyil, həm də milli iqtisadiyyatın dirəklərindən biridir. Əgər biz bu sektoru inkişaf etdirmək istəyiriksə, sistemli və şəffaf idarəetməyə, elmi əsaslandırılmış qərarlara və fermerlərin maraqlarının real qorunmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərə aydın və əsaslandırılmış cavablar təqdim etməli, fermerlərin rifahına xidmət edən islahatlar həyata keçirməlidir. Əks halda, bu sahənin süqutu qaçılmaz olacaqdır!

Hörmətlə,
Azərbaycanın Kənd Təsərrüfatı Sektorunun Fermerləri”.

“Hürriyyət”
 
 
 
Ardını oxu...
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqırım hadisəsindən 107 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.


Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.


1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.

Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.


Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. ("Report")
 
Ardını oxu...
 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Musavat.com xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Dünyapress TV

Xəbər lenti