…1967-ci ilin mayında Martuni (Xocavənd) rayonunun Kuropatkino kəndində 8 yaşlı Nelson Movsesyan yoxa çıxdı. Tezliklə uşağın eybəcər hala salınmış meyiti briqadir Ələmşad Məmmədovun sahəsindən tapıldı. Ələmşad iki qohumu ilə birgə dərhal həbs olundu. Qısa sürən istintaqdan sonra Stepanakertdə açıq məhkəmə prosesi başladı. Gərginlik son həddə çatmışdı. Bu proses Qarabağda üsyana hazırlığın düyün nöqtəsi idi. Minlərlə erməni məhkəmə keçirilən binanın qarşısındakı bağa yığışmışdı. Onların çoxu daş və taxta parçaları, soyuq silahlarla gəlmişdi…
***
Kim düşünürsə ki, Ermənistanın sülh müqaviləsini imzalaması, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, hətta vətəndaş cəmiyyətləri arasında dostluq əlaqələrinin qurulması onun gələcəkdə torpaqlarımıza daha iddia etməyəcəyinə zəmanətdir, yanılır. Bunlar hamısı atılması zəruri olan addımlardır, amma əsl zəmanət ordu quruculuğunda, hərbi sənayedə, informasiya-texnologiya sahələrində və s. üstünlüyü həmişə saxlamaqdır.
Hətta böyük müharibə dayandırıldıqdan, işğal altında olan rayonlar geri qaytarıldıqdan sonra Ermənistanla sərhəd bölgələrində hakim yüksəkliklərin nəzarətə götürülməsinin də qabaqlayıcı təhlükəsizlik tədbiri kimi əhəmiyyəti var. Həmin mövqeləri ermənilərdən aldığına görə müəyyən məntiqlə Azərbaycanı tənqid edən soydaşlarımızı mən, əlbəttə, bəziləri kimi xəyanətdə günahlandırmıram. Amma onların uzağı görə bilmədiklərini düşünürəm. “Uzağı görmək” deyəndə isə alınmış yüksəkliklərə qalxıb qabaqda Göyçə gölünü seyr etməkdən danışmıram. Arxaya baxıb keçmişdən ibrət dərsi götürməyi və gələcəkdə yenə qarşımıza çıxacağı şübhə doğurmayan problemlərə indidən hazır olmağı nəzərdə tuturam.
Ermənistan və Azərbaycan adlı iki dövlət Cənubi Qafqaz məkanında qoşalaşandan bəri, tarixin elə bir dönüşü, hətta döngəsi olmayıb ki, orada bu ölkələrdən birincisi ikincisinə qarşı ərazi iddiası qaldırmasın. Nə sazışlər Ermənistanı saxlayıb, nə beynəlxalq prinsiplər çəkindirib, nə dostluq-qardaşlıq münasibətləri dayandırıb.
1910-cu illərdə Rusiya imperiyası parçalananda da belə olub, 1920-ci illərdə Lenin onu bərpa edəndə də. 1940-cı illərdə, II Dünya Müharibəsindən sonra, stalinizm vaxtında da eyni iddialarla üzləşmişik, 1950-ci illərdə “Xruşşov mülayimləşməsi” dövründə də. 1960-cı illərdə Brejnev epoxasının başlanğıcında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları bütün kəskinliyi ilə bir daha qarşımıza qoyulub. 1970-ci illərdə əvvəl SSRİ-nin, sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 50 illiyi ərəfəsində, nəhayət, növbəti sovet Konstitusiyasının qəbulu ilə bağlı ermənilər üç dəfə Azərbaycandan torpaq qopartmağa cəhd göstəriblər. 1980-ci illərdə Qorbaçovun yenidənqurma siyasətindən də onlar həmin məqsədlə istifadə ediblər. 1990-cı illərin əvvəlində SSRİ-nin dağılması ilə başladıqları müharibənin əks-sədası isə hələ də qulaqlarımızdadır. On minlərlə vətəndaşımızı qurban verib otuz illik işğaldan sonra yüzlərlə şəhər və kəndimizin xarabalıqlarını qaytara bilmişik.
Qurtardımı tarixin bütün döngələri? Bitdimi ermənilərin iddiaları? Qapandımı “Böyük Ermənistan” söhbəti? Bu sualların cavabını bilə-bilə bəri başdan ehtiyatımızı görməyin nəyi yanlışdır?
Yuxarıda sadaladığım faktlardan xüsusilə Xruşşov və Brejnev dövrünə aid olanları bəlkə çoxunuz bilmirsiniz. Məsələn, jurnalist dostlarıma 1960-cı illərdə, bir ittifaqda “qardaş kimi” yaşadığımız günlərdə ermənilərin Qarabağda üsyan hazırladıqlarını, hətta arada qan töküldüyünü danışanda, təəccüblənirlər. Qəribədir ki, həmin hadisələrin müəyyən təfərrüatları üzərindən “məxfilik” damğası indiyədək götürülməyib.
***
1950-ci illərin nisbətən yumşaq ab-havası, üstəlik Azərbaycanın millətçilikdə günahlandırılan partiya rəhbəri İmam Mustafayevin 1959-cu ildə vəzifədən uzaqlaşdırılması ermənilərə ərazi iddialarını daha israrla irəli sürmək şansı yaratdı.
Öz tarixçilərinin yazdıqlarına görə, həmin vaxtlar ermənilərin patriotizm hissi hər vasitə ilə alovlandırılırdı. Məktəb, kilsə, tələbə cəmiyyətləri, mədəniyyət dərnəkləri, idman klubları, hətta ZAQS idarələri bunda iştirak edirdi. Ədəbi birliklər isə prosesin önündə gedirdi. Belə bir zamanda SSRİ-nin partiya və hökumət rəhbərlərindən Anastas Mikoyan Moskvadan Yerevana gəldi. Yazıçılarla qapalı görüşdə onları daha da ruhlandırdı, o cümlədən, türk düşməni Andranikin ünvanına milli qəhrəman kimi xoş sözlər dedi. Bunları həmin görüşün iştirakçılarının (Qraçya Koçar, Nairi Zaryan) xatirələri təsdiq edir.
Adətən, patriot öz vətənini sevər, erməni patriotizminin gözü isə həmişə özgə torpaqlarındadır. Erməni ziyalılarının, əmək kollektivlərinin adından Moskvaya dəstə-dəstə teleqramlar göndərilirdi, onlarda Türkiyəyə və Azərbaycana məxsus “qədim erməni ərazilərinin” geri qaytarılması tələb olunurdu. Təkcə 1961-ci il aprel ayının 23-24-də SSRİ-nin xüsusi xidmət orqanlarının (KQB) Yerevanda yüzə yaxın belə məktub-teleqram müsadirə etdikləri barədə sənədlər var.
Hələ 1940-ci illərdə Yerevanda yaradılmış “Qarabağ komitəsi” yarımleqal fəaliyyətə keçmişdi. Komitənin nümayəndələri Dağlıq Qarabağa gəlir, əhali arasında təbliğat aparırdılar, oradan da eyni məzmunlu teleqramlar təşkil edirdilər.
1961-ci ildə sovet lideri Nikita Xruşşovun Ermənistanda kommunist hakimiyyəti qurulmasının 40 illiyi münasibəti ilə Yerevana səfəri gözlənilirdi. Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə (KQB) daxil olan məlumatda deyilirdi: “Vilayətin (Dağlıq Qarabağ Muxtar Vilayəti – red.) erməni əhalisi arasında Xruşşovun Ermənistana səfəri ilə əlaqədar fəal surətdə şayiələr yayılır ki, respublikanın 40-illiyi şərəfinə o, Dağlıq Qarabağı Ermənistana hədiyyə edəcəkdir”.
Nikita Xruşşov mayın 7-də Ermənistana gəldi, qırmızı çaxırdan, konyakdan içdi, Sevanda balıq tutdu, stadionda izdihamlı mitinqdə çıxış etdi, amma bura yığışanların eşitmək istədikləri əsas sözləri demədi. Alimlərlə və diaspora nümayəndələri ilə görüşlərdə də o, “əzəli erməni torpaqları” barədə suallara birbaşa cavabdan yayındı. Axırda isə ermənilərə Qarabağın əvəzinə, 48 kilometrlik Arpaçay-Sevan tunelinin tikintisinə maliyyə ayrılması haqqında fərman hədiyyə edib Tiflisə yollandı.
Ermənilər həm məyus olmuş, həm qəzəblənmişdilər. Yerli partiya rəhbərliyi özü etiraz səsini ucalda bilmirdi, narazılığı Yerevan ziyalılarının və diaspor liderlərinin dili ilə Moskvaya çatdırırdı. 1963-cü ildə Dağlıq Qarabağdan da 2500-ə qədər nümayəndənin imzası ilə Xruşşova hikkəli bir məktub göndərildi. Məktubda ölkə başçısından “Dağlıq Qarabağın və ətrafdakı bütün erməni rayonlarının Ermənistan SSR-ə birləşdirilməsi, yaxud Rusiya Federasiyasına verilməsi məsələsini yubanmadan həll etmək” tələb olunurdu. Xaricdə yaşayan ermənilər onlara dəstək verdilər, Xruşşova eyni tonda daha bir müraciət ünvanladılar.
Publisist Pompeyevin yazdığına görə, bu işi ermənilərin xeyrinə həll etməyə çalışan Mikoyana Xruşşovun cavabı çox kəskin olmuşdu. Demişdi ki, Qarabağ erməniləri Ermənistanda yaşamaq istəyirlərsə, mən onları köçürtməyə lazımi qədər yük maşını təşkil edə bilərəm. Ola bilsin, məlumat dəqiq deyil, amma ermənilərin Xruşşovla alverinin baş tutmadığı faktdır.
Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi 1964-cü il 14 oktyabr plenumunda Nikita Xuruşşovu vəzifədən kənarlaşdırdı və onun yerinə Leonid Brejnevi seçdi.
İki aydan sonra Ermənistan KP-nin birinci katibi Zarobyanın “1915-ci ildə ermənilərin kütləvi qırğınının 50 illiyinə həsr olunmuş tədbirlər haqqında” təkliflərdən ibarət məktubu artıq Brejnevin masasının üstündə idi. Buraya “soyqırım qurbanlarına” abidə qoymaq təklifi də daxil idi. Ancaq sənəddə o, “Birinci dünya müharibəsində həlak olmuş ermənilərin xatirəsinə monument” adlandırılırdı.
Mərkəzi Komitəyə Ermənistandakı əhval-ruhiyyədən narahat olanlardan da anonim teleqramlar gəlirdi. Onlardan birində deyilirdi: “Hazırda Ermənistan içi barıtla doldurulmuş, bir qığılcımdan alışa biləcək şara bənzəyir”. KQB-nin sədri Semiçastnı da MK-ya hesabatında xəbərdar edirdi ki, “Yerevanın və respublikanın ayrı-ayrı rayonlarının məktəblərində yuxarı sinif şagirdləri arasında millətçilik genişlənir”, vərəqələr yayılır, eyni hal Qarabağda, Naxçıvanda yaşayan ermənilər arasında da baş verir.
Buna baxmayaraq, Zarobyanın təklifləri bəzi məhdudiyyətlərlə qəbul olundu. 1965-ci ilin martında Yerevanda “soyqırım abidəsi”nin eskizini hazırlamaq üçün müsabiqə elan edildi, aprelin 24-də isə qırğına həsr olunmuş rəsmi tədbir keçirildi. Amma həmin gün “əvvəlcədən planlaşdırılmamış” başqa bir tədbir də baş tutdu.
On minlərlə, bəzi mənbələrə görə, yüz minlərlə insan eyni vaxtda matəm yürüşünə çıxdı. Etirazçılar əllərində “Erməni məsələsi ədalətlə həll edilsin!” yazılmış plakatlar aparır, “Torpaqlar”, “Torpaqlar” deyə Türkiyənin şimal-şərq ərazilərini, Dağlıq Qarabağı və Naxçıvanı Ermənistana verməyi tələb edirdilər. Axşama yaxın böyük bir dəstə rəsmi tədbir keçirilən Opera teatrının qarşısında toplandı. Beyinləri qızmış gənclər teatr binasını daşlamağa başladılar. Nəzarətdən çıxmış kütləni yanğınsöndürənlər su şırnaqları ilə dağıtdılar. Hadisə xuliqanlıq kimi qələmə verildi.
Ancaq bu, ermənilərin planını pozmurdu, əksinə, işinə yarayırdı. Narazılığın ciddiliyi və nə dərəcədə təhlükəli olduğu sovet rəhbərliyinin diqqətinə çatdırılmışdı, Yerevanda “şar” partladılmışdı, indi hadisələrin mərkəzini Dağlıq Qarabağa keçirməyin əsl vaxtı idi.
Muşeq Ohanjanyan 1962-1974-cü illərdə DQMV-də İcraiyyə Komitəsinin sədri, Dağlıq Qarabağda vəzifəcə ikinci adam idi. O, vilayət partiya komitəsinin katibi ilə birgə tez-tez Yerevana getdiklərini, orada Ermənistan rəhbərliyi ilə görüşdüklərini xatırlayır və gizli təşkilata üzv olduğunu təsdiqləyir.
1965-ci ildə Ohanjanyanın da səyləri nəticəsində Stepanakert yaxınlığında qırmızı tufdan “Biz – dağlarımızıq” monumentinin quraşdırılmasına başlandı. El arasında “Nənə-baba” adlandırılan bu abidə iki ilə hazır oldu və “Artsax”lıların milli kimliyinin simvoluna çevrildi. (27 ildən sonra isə ermənilər onun təsvirinə özbaşına elan etdikləri “Dağlıq Qarabağ Respublikası”nın gerbinin tam mərkəzində yer ayırdılar – red).
Ohanjanyan Qarabağ ermənilərinin durmadan həm Ermənistanın, həm də SSRİ-nin partiya-dövlət rəhbərlərinə petisiyalar göndərdiklərini söyləyir. Qabağa ziyalılar və gənclər düşmüşdülər. 1966-cı ildə Azərbaycanın xüsusi xidmət orqanları Dağlıq Qarabağda bir neçə millətçi-gənclər təşkilatının fəaliyyətinin qarşısını aldı. Amma onların hamısının əl-qolunu yığışdırmaq olmurdu. Çünki özək Yerevanda idi, təlimat, pul, çap materialları oradan gəlirdi.
Həmin ilin avqustunda SSRİ Nazirlər Kabineti Ermənistanın təşəbbüsünü və Sov.İKP MK-nın katibliyinin rəyini nəzərə alaraq, Yerevana ildə 5 min ermənini xaricdən ölkəyə köçürməyə icazə verdi. Xərcləri SSRİ Maliyyə Nazirliyi ödəyəcəkdi. Onları məskunlaşdırmağa da Ermənistan öz aləmində yer tapmışdı: Dağlıq Qarabağ və Naxçıvan. Bunun üçünsə yeni torpaqlar məsələsinin həllini sürətləndirmək lazım idi.
Son həmlə üçün vaxtın yetişdiyini düşünən Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan və Nazirlər Kabinetinin sədri B.Muradyan müvafiq hazırlıqdan sonra Moskvaya rəsmən müraciət etdilər. Müraciət “Ermənistan SSR-in bir qrup elm və mədəniyyət xadiminin partiyadan xahişi” kimi təqdim olunurdu. Xahiş “Dağlıq Qarabağı və Naxçıvanı Ermənistana birləşdirməkdən” ibarət idi. Məktubda tarixi sənədlər, xəritələr saxtalaşdırılırdı, DQMV-nin əmək kollektivlərinin çoxsaylı teleqramlarda ifadə olunmuş iradəsinə istinad edilirdi, Naxçıvana isə Ermənistanın tərkibində muxtariyyət vəd olunurdu. Sonda müəlliflər bu təklifin xalqlar dostluğunun möhkəmləndirilməsinə xidmət etdiyini yazırdılar, çünki onların fikrincə, söhbət “kiminsə ərazisini əlindən almaqdan yox, eyni millətdən olan əhalinin yaşadığı vilayətlə respublikanın birləşməsindən”, “tarixi ədalətin bərpasından” gedirdi.
Ermənilər Mərkəzi Komitədə müəyyən səviyyələrdə məsələni artıq razılaşdırmışdılar. Ermənistanın müraciətinə münasibət bildirmək üçün onu Bakıya göndərdilər. Sovet praktikasında bu, çox vaxt formal xarakter daşıyırdı: aşağıya göndəriblərsə, deməli, yuxarıda ən azı etiraz etmirlər.
Həmin vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini işləyən Heydər Əliyev vəziyyətdən necə çıxdıqlarını danışır:
“1966, ya 1967-ci il idi, Moskvadan qərar gəlmişdi. Məni Vəli Axundov (Azərbaycan KP MK-nın birinci katibi – red.) çağırdı. Bu, Sov.İKP MK-nın qərarı idi. Yazırdılar ki, “Azərbaycan KP MK – Axundov və Ermənistan KP MK – Koçinyan bu məsələni müzakirədən keçirib məruzə etsinlər”. Bu nə demək idi? Bu o demək idi ki, Azərbaycanın məsələsini həll etməyi Ermənistana tapşırırlar… Mən ona söylədim ki, məsələni Moskvada Brejnevin özü ilə müzakirə etmək daha yaxşıdır. O, Moskvaya getdi, hər şeyi Brejnevə izah etdi və qərar ləğv olundu”.
Ermənilərin məqsədlərinə dinc yolla çatmaq cəhdləri yenə boşa çıxdı. Güman zora qalırdı: ara qızışdırılmalı, qan tökülməli idi.
1967-ci ilin mayında Martuni (Xocavənd) rayonunun Kuropatkino kəndində ikinci sinif şagirdi, 8 yaşlı Nelson Movsesyan yoxa çıxdı. Tezliklə uşağın meyiti briqadir Ələmşad Məmmədovun sahəsindən tapıldı. Ələmşad iki qohumu – məktəb direktoru Ərşad Məmmədov və sürücü Söhrab Məmmədovla birgə həbs olundu. Qısa sürən istintaqdan sonra iyunun 12-də Stepanakertdə açıq məhkəmə prosesi başladı.
Qarabağ qaynayırdı. Ermənilər intiqam istəyir, azərbaycanlılarla bir yerdə yaşamağın daha mümkün olmadığını deyirdilər. Əhali arasında Ermənistandan gətirilmiş vərəqələr yayılırdı.
May ayında Yuri Andropov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyn olunmuş, Azərbaycan DTK-nin rəhbəri Sviqun ona müavin göndərilmişdi. İyunun 21-də Sviqunun yerinə Heydər Əliyev təyin olundu. Əliyevin Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova ilk məxfi məktublarından birində deyilirdi: “İyunun 23-dən 24-nə keçən gecə Stepanakertin bəzi küçələrində erməni dilində 300-dək vərəqə yayılmışdır… Vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələbi və millətçi xarakterli böhtanlar irəli sürülür”.
İyulun 3-də məhkəmə yekunlaşdı. İstintaq o dərəcədə səthi aparılmışdı ki, müttəhimlərin günahlarını sübuta yetirmək olmurdu. Müttəhimlərdən birinin – Söhrabın – hadisə vaxtı ümumiyyətlə kənddə olmadığı aşkar edildi. Digər tərəfdən, qatil Ələmşad idisə, guya meşədə öldürdüyü uşağın meyitini niyə elə oradaca basdırmırdı, gətirib məhz öz sahəsinə, sovxoz işçilərinin gözü qabağına atırdı? Məhkəmə Söhraba bəraət verdi, amma Ələmşad Məmmədov güllələnməyə məhkum edildi, Ərşad Məmmədova isə on beş il iş kəsildi.
Bağa yığışmış ermənilər yenə narazı qaldılar, axşama yaxın məhkəmə zalından çıxarılan azərbaycanlıların mindirildiyi milis maşınına hücum çəkdilər, onu çevirdilər. Məmmədovları qətlə yetirdilər, meyitləri təhqir etdilər, sonra sürüyüb bir yerə yığdılar, üçünü də yandırdılar.
Həmin gün Stepanakertdə başlanmış mitinq kütləvi iğtişaşa çevrildi. Etirazçılar hökumət binalarını ələ keçirirdilər. Yerli milis buna mane olmurdu. Şəhərə əlavə qüvvələr yeridildi. KQB arxivlərini araşdıran Rusiya KİV-ləri həmin hadisələrə aid şahid ifadələri gətirirlər: “Stepanakert döyüş meydanına dönmüşdü” (“Moskovskiy komsomolets”), “bir nəfər öldürülmüş, doqquz nəfər yaralanmışdı” (maxpart.com) (başqa mənbələrə görə, hadisələr zamanı 15 nəfər yaralanmışdı – red).
İğtişaş yatırıldıqdan sonra Azərbaycanın rəhbər şəxsləri Stepanakertə gəldilər. Şəhərdə ciddi rejim quruldu. Vəziyyətin normallaşdırılması Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevə tapşırıldı.
Həmin günlərdə Dağlıq Qarabağ DTK-na rəis təyin olunmuş Dmitriy Bıstrov xatırlayır:
“Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsini araşdırmağa başladılar. Əliyev özü qrupa pəhbərlik edirdi, onda Dağlıq Qarabağdakı qrupda 30-a qədər adam işləyirdi… Heydər Əliyev Stepanakertə gəldi və burada 15 gün qaldı. İş üzrə istintaq bir ilədək davam etdi, nəticədə ermənilərin böyük dəstəsi cinayət məsuliyyətinə cəlb olundu… Ertəsi gün Əliyev məni yanına çağırdı: “Dağlıq Qarabağdakı vəziyyətə görə başınla cavab verirsən. İşi elə qurmalısan ki, hər şeydən xəbərdar olasan… Ermənistandan gələn, başıpozuqluq yaradan, yerli əhalini qıcıqlandıran, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən emissarlara xüsusi diqqət yetir. Sözün əsl və məcazi mənasında həmişə ayıq ol”.
İstintaq-məhkəmə prosesləri 1968-ci il iyulun 23-də tamamlandı. İğtişaş törədənlərin beş nəfəri ölümə, 14 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu…
Ancaq bildiyimiz kimi, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına bu qədər qəti tədbirlərlə də son qoyulmadı. Onlar yalnız növbəti əlverişli məqama qədər qısa fasilə götürdülər, Qarabağda yeni şans ələ düşənə qədərsə diqqətlərini sərhəd rayonlarında – Qazaxda (Kəmərli), Laçında (Qaragöl), Qubadlıda (Çayzəmin), Kəlbəcərdə (Zod) strateji cəhətdən mühüm ərazilərin hektar-hektar, yüksəklik-yüksəklik ələ keçirilməsinə yönəltdilər…
Maraqlı məsələlərdən biri də odur ki, 1967-ci ildə Stepanakertdə üsyana cəhdə rəhbərliyin tək Yerevandan deyil, Bakıdan da həyata keçirildiyi haqqında məlumatlar var. O dövrün partiya işçilərindən biri deyir ki, Bakı buxtasında dayanmış gəmidə erməni əsilli vəzifəli şəxslər gizli qərargah qurmuşdular, Yerevanla, Stepanakertlə əlaqə saxlayırdılar. “Miatsum” planı iflasa uğrayanda gəmi kapitanı Azərbaycandan qaçmış, məsələ ört-basdır edilmişdi…
Qeyd. Yuxarıda yazdıqlarımın hər cümləsinin arxasında arxiv sənədləri, Azərbaycan və Ermənistan rəhbərlərinin çap olunmuş xatirələri, müsahibələri, məhkəmə materialları və reportajları durur. Təbii ki, sonuncu abzasdan başqa. Mən bu mənbələri jurnalist məqaləsində sadalaya bilməzdim. Ancaq ilk oxucularımdan suallar gəldiyi üçün sonda belə bir qeyd əlavə etməli oldum. Görünür, hələ də nələrsə bizi təəccübləndirir…
Arif Əliyev
pressklub