Ermənistan müxalifətinin əsas simaları – eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan arasında münasibətlərin pisləşməsi hakimiyyətə bəzi planlarını həyata keçirmək üçün fürsət kimi görünə bilər. Azərbaycanın sülh sazişi üçün iki tələbi - Konstitusiyadakı ərazi iddialarının çıxarılması və Minsk Qrupunun buraxılması - Ermənistanda ciddi daxili müqavimətlə üzləşir. Keçmiş siyasi elita Baş nazir Nikol Paşinyanı “kapituliyant”, “Azərbaycanın “agenti” adlandıraraq, cəmiyyəti müqavimətə çağırır. Əlində böyük maliyyə, media imkanları, arxasında Rusiyanın və kilsənin açıq dəstəyi olan bu qüvvələr hakimiyyət üçün başağrısına çevrilib.
Amma daxili intriqalar müxalifəti əsas hədəfdən yayındırır. Son aylar ərzində Sarkisyanla Koçaryanın rəhbərlik etdiyi qruplar bir-birinə qarşı ittihamlar səsləndirirlər. Onlar bir-birini 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yardım etməkdə günahlandırırlar.
Aprelin 14-də Ermənistan Respublika Partiyasının (HHK) 35-ci ildönümü tədbirində çıxış edən Sarkisyan, ad çəkməsə də, bildirib ki, Koçaryanın tərəfdarları küçə etirazlarına qatılaraq, onun istefasına səbəb olublar. Bu səbəbdən də, eks-prezidentin fikrincə, Paşinyanın sonrakı illərdə Ermənistana və Qarabağa yaşatdıqlarında onların da əli var. Sarkisyanın sözlərinə görə, həmin şəxslər indi də çox uzaq olmayan keçmişlərini təmizləmək məqsədilə onu 2018-ci ilin "məxməri inqilabı"nda günahlandırırlar. O, həmin şəxsləri gələcək seçkilər ərəfəsində müxalifətin səslərini oğurlamağa cəhd etməkdə ittiham edib. Koçaryanın ətrafı hələlik bu ittihamlara cavab verməyib.
Bu ərəfədə Baş nazir Nikol Paşinyan sülhə mane olan daxili səbəblər və onların ardan qaldırılması haqda daha ucadan danışmağa başlayıb. O, parlamentdə jurnalistlərə deyib ki, Ermənistanın yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: “Müstəqillik Bəyannaməsinin mətnini yenidən oxuduqdan, araşdırdıqdan sonra əmin oldum ki, bu mətn Ermənistanın müstəqil dövlətinin və dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bunu deyirəmsə, o zaman deyə bilmərəm ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mənim fikrimcə, yeni Konstitusiyanın mətnində ona istinad olmamalıdır. Amma onu da demək istəyirəm ki, qərarı Ermənistan xalqı verir, onun lehinə və əleyhinə arqumentlər gətirən isə təbii ki, siyasi qüvvələrdir".
Azərbaycanın Minsk Qrupunun buraxılması barədə tələbi ilə bağlı da Paşinyanln mövqeyi xeyli konstruktivləşib. O, aprelin 15-də təklif etmişdi ki, sülh sazişi və Minsk Qrupunun ləğvi ərizəsini eyni vaxtda imzalaya bilər.
Baş nazir deyib ki, Minsk qrupunun daha geniş mandatı var və əmin olmaq lazımdır ki, onun ləğvindən sonra Azərbaycan münaqişəni Ermənistan ərazisinə keçirməyəcək: "Bütün narahatlıqları aradan qaldırmaq, məsələnin həlli üçün biz Azərbaycana sülh sazişini və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-ə birgə ərizəni eyni vaxtda imzalamağı təklif edirik. Həm birincini, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir".
İrəvandan səslənən müsbət notlu açıqlamalar bununla kifayətlənmir, regional müstəvidə ilk dəfə Ermənistanın cəlb edildiyi yeni proses başlayır. Belə ki, dünən Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Gürcüstan mediasının yazdığına görə, qapalı keçirilən üçtərəfli görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, eləcə də nümayəndə heyətlərinin digər üzvləri iştirak edib.
İclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb. O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb.
“Bizi birləşdirən və bu gün bizi bu masa arxasında birləşdirən Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək istəyidir. Cənubi Qafqaz bizim birlikdə istifadə edə biləcəyimiz çox böyük potensiala malik strateji əhəmiyyətə malik regiondur. Regionla bağlı fikir mübadiləsi aparmaq və üçtərəfli əməkdaşlıq imkanlarını araşdırmaq həm vaxtında, həm də son dərəcə zəruridir", - Boçorişvili qeyd edib.
Daha bir maraqlı açıqlama Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan gəlib. Nazir deyib ki, Türkiyə Ermənistan və Azərbaycanın liderlər səviyyəsində yaxınlaşmasında konstruktiv rol oynaya bilər: “Türkiyə deyir ki, bəli, bizim münasibətləri normallaşdırmaq istiqamətində ikitərəfli prosesimiz yaxşı gedir, lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması tam reallaşana qədər biz bunu tam başa çatdıra bilməyəcəyik. Şübhəsiz ki, Türkiyə bizim münasibətlərin düzəlməsində müsbət rol oynaya bilər”.
“Görüşlərdə üç ölkənin nümayəndələrinin bir araya gələ biləcəyi tarix müəyyən edilib, yoxsa başqa variantın mümkün olduğunu düşünürsünüz” sualına Mirzoyan belə cavab verib: “Hazırda üç ölkənin birgə görüşü ilə bağlı heç bir razılaşma və ya proqram yoxdur, lakin bir sıra müzakirələr gedir. Ümid edirik ki, bu proses müsbət nəticə verəcək”.
Mirzoyanın dediklərindən belə nəticə çıxarmaq olar ki, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən təmaslarda üçtərəfli görüş ideyası müzakirə edilib. Ankara və İrəvan buna razıdır, Azərbaycan isə hələlik münasibət bildirməyib. Məntiqlə, Gürcüstanda regionun üç ölkəsinin rəsmiləri bir araya gəlibsə, Türkiyə-Azərbaycan-Ermənistan nümayəndələrinin bir masa arxasında əyləşməsi problematik görünmür.
Ümumilikdə Ermənistan rəhbərliyinin Azərbaycanın sülh sazişi üçün iki əsas tələbini yerinə yetirmək istiqamətində konstruktiv yanaşma nümayiş etdirməsi, üstəlik, İrəvanda siyasi atmosferin əlverişli olacağına dair ümidlər prosesin sürətlənməsinə şərait yarada bilər. Görünür, Paşinyan hökuməti bu dəfə fürsəti fövtə vermək istəmir. Amma hələlik ilkin mərhələdir, qarşıdakı həftələrdə regionda sülh istəməyən digər oyunçuların destruktiv addımları gözləniləndir. Bu isə ilk növbədə Paşinyanın sülh məsələsində nə qədər qərarlı olmasını test edəcək.