Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlər qonşuluqda yerləşən qalmaqallı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarovanı məhkəməyə veriblər.
Bu barədə Bakupost.az -a sakinlərdən Zəminə Zahirova bildirib.
O qeyd edib ki, vaxtilə məktəb qaçqın uşaqların təhsil alması bəhanəsi ilə gecə ikən qondarılıb:
"Elə o vaxtdan bizim rahatlığımız pozuldu. Çünki məktəbə gedən yol bələdiyyə işçiləri tərəfindən satıldı və onun yerində obyekt tikildi. Nəticədə bir tərəfi uçurum olan, digər tərəfində obyekt tikilən məktəb yolsuz qaldı. O vaxt humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətimizdən məktəbə çığır ayırdıq. Ancaq bir müddət sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gəlməyə başladılar. Bundan sonra da problemlər başladı". Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu deyən Z.Zahirovanın sözlərinə görə, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır: "Bu səbəbdən dəfələrlə həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsək də, məktəb rəhbərliyi buna məhəl qoymadı. Bu azmış kimi direktor məktəbin darvazasını qanunsuz olaraq mənim evimə bərkidib. Neçə vaxtdır evimə bərkidilən darvazanın oradan götürülməsini tələb etsəm də, xeyri yoxdur". Z.Zahirova qeyd edib ki, o, dəfələrlə məsələ ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova direktorun özbaşınalıqlarına son qoyulması ilə bağlı müraciət edib: "Dəfələrlə Fuad Bədəlovun qəbulunda da olmuşuq. Hər dəfə problemi həll edəcəyini bildirsə də, heç bir tədbir görməyib. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər. Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhid statuslu olduğunu bildirir. Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Məsələnin son vaxtlar gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Piyalə Xudayarovanı şəhidlər düşündürmür. Açıq şəkildə şəhid adından istifadə edərək,bizi evimizi sökməklə, torpağımızı məktəbin ərazisinə birləşdirməklə hədə-qorxu gələrək yaşamağımıza ciddi təhlükə yaradır. Həmin ünvanda cəmi üç ailə yaşayır. Piyalə Xudayarova bizimlə nəinki yola getmir, üstəlik yaxın qonşularla da münasibətlərimizi korlamaq, torpağımızı əlimizdən almaq niyyətinə çatmaq istəyir. O, tabeçiliyində olan işçiləri vasitəsilə daim bizə təziq göstərir. Hətta şər-böhtan atmaqdan belə çəkinmir. Biz haqqımızı tələb edirik deyə qaynım Nadir Zahirovu şərləyir, deyir, guya, o, çılpaq gəzir, şagirdlərin psixologiyasını pozur. Halbuki belə hərəkətlər bizim tərbiyəmizə yaddır. Utanmadan bizə böhtan atır. Məktəb direktoru da özünü bu səviyyəyə çatdırar? Bu cür davranışla o, məktəbdəki uşaqlara necə təlim-tərbiyə verəcək?"
Direktorun səs yazısı Z.Zahirova sonda onu da qeyd edib ki, Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə çoxsaylı müraciətlərinə, müvafiq dövlət orqanlarının təxliyyə yolu olmayan məktəbin qanunsuz tikilməsinə dair rəyinə baxmayaraq, məsələ həll olunmayıb: "Bu səbəbdən məcbur qalıb Baş Prokuror Kamran Əliyevə və məhkəməyə müraciət etdik. Aprelin 24-də iddiamıza hakim Rəna Qafarovanın sədrliyi ilə Səbail rayon məhkəməsində baxılacaq". Zaur, BakuPost