Ardını oxu...
Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kənlərində törətdiyi qətliamın ildönümüdür.

APA xəbər verir ki, 31 il əvvəl - 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini işğal edib, qətliam törədib.

Qarabağ müharibə başlayandan erməni silahlılarının daim hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli müqavimət göstərib.

Hər tərəfdən ermənilərin sıx məskunlaşdığı yaşayış məntəqələri ilə əhatə olunmuş bu kəndlərin yeganə əlaqə vasitəsi vertolyot idi. 1991-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotun erməni silahlıları tərəfindən vurulmasından sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf ərazilərlə əlaqəsi tamam kəsilib.

Bir neçə gün davam edən blokada və hücumlardan sonra erməni silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin iştirakı ilə fevralın 9-dan Malıbəyli və Quşçular kəndləri üzərinə geniş miqyaslı hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, evlər, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində 50-dək dinc sakin qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açılıb. Erməni silahlı birləşmələri Malıbəyli və Quşçulardan sonra fevralın 17-də Qaradağlıda qətliam, fevralın 26-da isə Xocalıda soyqırımı törədib.

Qeyd edək ki, Malıbəyli və Quşçular kəndləri 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındadır.
Ardını oxu...
Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Bununla bağlı xəbər bəzi yerli xəbər portallarında dərc olunub. Məlumata əsasən, vurğulanıb ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan Ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan Ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın "Şahid" kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq.

DİA.AZ-ın məlumatına görə, yayılan təxribat xəbərlərini "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, İran tərəfi mütəmadi olaraq Ermənistana kömək edib, təlimatlar göndərib, silahlı qüvvələrə hərbi təlimlər keçib. Hətta terrorçu PKK da İranla paralel uzun müddət işğalda saxlanılmış torpaqlarımızda separatçılara təlim keçiblər:

"44 günlük müharibədə 9 tonluq silah-sursat da, yanacaq ehtiyatları da İran ərazisi ilə Ermənistana ötürülmüşdü. Sonrakı dönəmdə Ermənistana raket verilib və onlarla bağlı təlim qrupları göndərilmişdi. Ancaq İran və Ermənistan unudub ki, Rusiyanın verdiyi "İsgəndər" raketləri ilə belə Azərbaycana heç nə edə bilmədilər. Düşmənin ordan-burdan əldə etdiyi bütün silahları Azadlıq meydanında sərgiyə qoyduq. İran tərəfi Ermənistana açıq yardımlarla bağlı təzyiq vasitələrinə də əl atmışdı. Cənub sərhədimizdə hərbi təlimlərə başlamışdı. Azərbaycan adekvat addımla İrana layiqli cavab verdi. Təlimlərdə Ordumuzun ən yüksək səviyyədə olduğu bir daha nümayiş olundu. Əlbəttə, İran çalışacaq ki, bundan sonra da Ermənistana dəstək versin. Ancaq reallıq odur ki, Ermənistanın özü də savaş əhval-ruhiyyəsində və marağında deyil. İrəvan Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq üçün müəyyən addımlar atır. İranın bu cür oyunlarından isə Ermənistan tərəfi sadəcə faydalanır. Azərbaycanla sərhədlər müəyyənləşmədiyi üçün özləri qəsdən informasiyalar yayırlar ki, guya, "SEPAH Ermənistan sərhədindədir". Bunu da qorxudan edirlər. Özləri də fərqindədirlər ki, İran Azərbaycanla savaşa girməz. Əgər bizimlə müharibə edərlərsə, Azərbaycan təkbaşına İranı çökdürər. Çünki Azərbaycan tərəfdən 10 milyon deyil, 50 milyonluq xalq döyüşəcək. Fars rejimi yaxşı bilir ki, Güneydəki 40 milyon Azərbaycan türkü bizimlə bərabərdir. İran rejimi türklərdən qorxur. Elə ona görə də Xoyda baş vermiş zəlzələdə Türkiyənin yardım təklifini rədd etmişdi. Səfirliyimizə də hücumun məqsədi Quzey Azərbaycanla Güneyin əlaqəsini qırmaq idi. Rəsmi Bakı Təbrizdə konsulluğu saxlamaqla mesaj verdi ki, Tehranla əlaqəmizi kəssək də, soydaşlarımızla daim birlikdəyik".
Bununla yanaşı F.Quliyev vurğulayıb ki, hər təhlükəyə, təxribata da hazır olmaq lazımdır: "Ordumuz da daim ayıq-sayıq olmalıdır. İstənilən təxribat cəhdində millət olaraq bütün imkanlarımızla səfərbər olmağa hazırıq. Lakin inanmıram ki, indiki vəziyyətdə İran Azərbaycana qarşı ciddi təxribata əl atsın. İranın başı çoxdan cəllad kötüyünün üstündədir. Böyük Britaniya, ABŞ, İsrail və başqa ölkələr ciddi şəkildə İrana qarşı xəbərdarlıq ediblər, hətta hərbi əməliyyatların başlayacağını istisna etməyiblər. Eyni zamanda ərəb dövlətləri də İrana qarşı hazırlıq içindədir. İranın tərpənməsi əks effekt verəcək. Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar. Görünür, belə məlumatlarla Tehranda səfirliyimizə qarşı terroru arxa plana keçirməyə çalışırlar".
Ardını oxu...
İlham İsmayıl: “Rusların nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil”

Qarabağdakı qondarma, separatçı rejimin başçısı Arayik Arutyunyan və “dövlət naziri”, milyarder Ruben Vardanyan ard-arda Moskvaya gedib. Ötən iki ayda bu, onların Rusiya paytaxtına ilk səfərləridir. Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda aksiya keçirdiyi günlərdə “liderlər” Qarabağın “blokadada olduğunu” bəhanə gətirərək, bölgəyə giriş-çıxışın qapalı olduğunu iddia edirdilər. O da doğrudur, A.Arutyunyan bu müddət ərzində iki dəfə İrəvanda olub, Ermənistan rəhbərliyi ilə görüşüb.

Separatçıların Xankəndindən çıxması ilə bağlı iki sual doğuran məsələ var. Birincisi, onlar Moskvaya hansı yolla gediblər, bu işdə Rusiya sülhməramlılarının məsuliyyəti nədən ibarətdir?

İkincisi, hazırki həssas dönəmdə Kreml rəhbərliyi onları niyə çağırıb? Vardanyanın səfəri dönüşü olmayan gediş ola bilərmi?

Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olmuş Azay Kərimov bir müddət əvvəl mətbuata demişdi ki, Xankəndindən Laçın istiqamətinə, əsas yoldan əlavə, daha 2 yol çıxır:

“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib, Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu… Digəri – asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yolayrıcı var. Biri sağa – Laçının Arduclu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə – asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.
A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür…”
Ola bilsin ki, A.Arutyunyan və R.Vardanyan bu yolla Xankəndindən İrəvana, oradan da Moskvaya gediblər. İkinci ehtimal onların Laçın yolundan maneəsiz hərəkət edən Rusiya sülhməramlılarının avtomobilləri vasitəsi ilə Qarabağdan çıxmasıdır.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “Pressklub.az”a şərhində bildirib ki, Arutunyanın, daha sonra Vardanyanın Moskvaya səfərində diqqət yetiriləsi iki məsələ var:

“Ruslar bunları niyə çağırıb, nə yenilik ola bilər? Əgər Ermənistan Rusiyadan siyasi-hərbi-iqtisadi cəhətdən asılıdırsa, separatçı rejimi, ümumiyyətlə, Moskva idarə edir və onun liderlərinin çağırılması və ya öz təşəbbüsləri ilə Rusiyaya üz tutmaları təbiidir. Çağırılma səbəbləri müxtəlif ola bilər, amma görünən odur ki, Arutyunyanla Vardanyan arasında ziddiyyət var və Xankəndidə faktiki ikihakimiyyətlilikdir. Araik Arutyunyan Moskvadan idarə olunsa da, rəsmi İrəvanla münasibətlərini kəsmir və Paşinyan hakimiyyəti ilə də məsləhətləşir. Vardanyan isə birbaşa Kremldən idarə olunur və Ermənistan hakimiyyətinin ünvanına tez-tez ittihamlar səsləndirir. Bu vəziyyət isə narahatlıq yaratmaya bilməz. Ehtimal olunan odur ki, hər ikisi arasında yaranan narazılığı həll etmək üçün Moskvaya çağırılıblar”.

Moskva kimə üstünlük verə bilər? Təhlilçi bildirir ki, Ukraynada müharibə getdiyi bir vaxt Rusiya Xankəndidə yeni seçkilər keçirilməsini, Vardanyanı qondarma rejimin başına gətirməsi onun üçün əlavə başağrısıdır. “Ona görə də, çox güman ki, Araik Arutyunyanın “prezident” olaraq qalmasına və Vardanyanın da ona tabe olmasına üstünlük verəcək. Erməni mediası da bu variantın mümkünlüyünü vurğulayır”, – o qeyd edib.

Yeni təlimatlar da ola bilərmi? İ.İsmayıl deyir ki, Kremlin marağı indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəticəsiz danışıqların yenidən dövrəyə girməsidir:

“Görüntü yaranır, Brüssel təşəbbüsləri arxa plana keçir, Avropa İttifaqının mülki missiyasının iki il müddətə Ermənistan sərhədinə yerləşməsinin heç bir əhəmiyyətinin olmadığı nümayiş etdirilir, Moskvanın mediatorluğu davam edir, real sülh isə yaranmır. Separatçı rejim radikal bəyanatlarla çıxışlarını davam etdirəcək, Azərbaycanın tərkibində olmaqdan qəti şəkildə imtina etdiklərini bir daha vurğulayacaqlar. Yəni, Ermənistan rəhbərliyi də separatçı rejimin siyasətini qəbul etməkdən başqa yolu qalmayacaq”.

Separatçıların Xankəndini necə, hansı yollarla tərk etməsinə, burada Rusiya sülhməramlılarının məsuliyyətinə, eləcə də Azərbaycanın bu məsələni qaldıra biləcəyinə gəlincə ekspert deyib ki, Rusiya hərbiçiləri istədikləri şəxsi Xankəndinə gətirə və çıxara bilərlər:

“Onlara aid maşınların necə, hansı səviyyədə yoxlanıldığını bilmirik, nə gətirdikləri, kimi gətirdikləri və apardıqları bizə tam məlum deyil. Ona görə də məsuliyyət daşıyan yoxdur. Azərbaycan da bunu bildiyi üçün heç bir formada məsələni qaldırmayacaq”.

Azərbaycan bundan sonra Vardanyanla nə etməlidir? İlham İsmayıl deyir ki, Azərbaycan Vardanyan faktorunu tam arxa plana keçirməli, onunla bağlı tələb irəli sürməməlidir:

“Azərbaycanın Qarabağın qalan bir hissəsində dövlət nəzarətinin yaradılması şəxslərə aid edilməməlidir. Azərbaycan qəti tələblərini bildirməlidir – sərhəddə nəzarət -buraxılış məntəqəsi yaratmalı, erməni silahlı qüvvələrinin çıxarılmasına konkret vaxt qoyub, o vaxta görə də siyasi-hərbi mövqeyini elan etməlidir. Vardanyan fiquruna köklənmək zəiflik əlaməti hesab olunur. Azərbaycan məqsədinə çatmaq üçün Rusiya dövləti qarşısında tələblərini qoymalı və bu tələbdə hansısa personaya fokuslanmamalıdır”.
 
Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin "dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan Moskvaya qaçıb.
Teref.az xəbər verir ki, məlumatı "Caliber” yayıb.
Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb.
 
Ardını oxu...
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fevralın 3-də parlamentdə “Laçın yolunun bağlanmasıyla” bağlı keçirilən dinləmələrdə bir neçə təklif irəli sürüb: “Birincisi, Ermənistan Dağlıq Qarabağın müstəilliyini tanımalıdır. Onsuz da Azərbaycanla münasibətlərimiz düzəlməyəcək. İkincisi, xarici siyasət prioritetlərizimizi müəyyənləşdirməliyik, Rusiya və Qərb arasında vurnuxmamalıyıq. Üçüncüsü, Ermənistan 9 noyabr 2020-ci il bəyanatından çıxmalıdır. Onsuz da iki ildən sonra bəyanat qüvvədən düşəcək və Bakı bildiyini edəcək”.

2025-ci il yaxınlaşdıqca Qarabağda separatizmin sonunun gələcəyini anlamağa başlayıblar. Əslində baş nazir Nikol Paşinyan Qrant Baqratyanın “təklfilərini” reallaşdırmaq istəsə bizim işimizi asanlaşdıracaq. Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı” və ya 2020-ci il 9 noyabr bəyanatından çıxacağı halda Azərbaycan ordusuna 2025-ci ili gözlməyə ehtiyac qalmayacaq və Xankəndinə daxil olmaq tezləşəcək. Bunlar özlərini güclü hiss etdikləri illərdə – işğal dövründə qorxularından “Dağlıq Qarabağın müstəqilliyini” tanımadılar. Hər il bu mövzunu parlamentin müzakirəsinə çıxaracaqlarını elan edər, sonradan müzakirələrdən vaz keçərdilər. Çünki keçmiş illərdə “Dağlıq Qarabağın müstəqliiyini” tanımaq həm Minsk Qrupunun timsalında vasitəçilərdən imtina etmək, həm də Azərbaycana rəsmən müharibə elan etmək demək idi. Bu risqə getmədilər. İkinci Qarabağ müharibəsindən sonra zəif düşüblər, “Qarabağ klanı” Paşinyanın mövqeyini zəiflətmək üçün mövzular tapmağa çalışır. Həmin Qrant Baqratyan sabah Nikol Paşinyanı devirib özü baş nazir kürsüsündə otursa, bu gün dediklərini təkzib edəcək.
Elxan Şahinoğlu
Ardını oxu...
“İrəvan və Bakı deyir ki, Qarabağ Azərbaycandır. Rusiya sülhməramlıları sual verəcək ki, bizim burada nə işimiz var?”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan deyir ki, Qarabağ Azərbaycandır, Azərbaycan da deyir ki, Qarabağ Azərbaycandır. Rus sülhməramlılarının sualı olacaq ki, bizim burada nə işimiz var?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, biz Qarabağla bağlı problem görürük. Yəni biz onu Azərbaycanın bir hissəsi kimi görmürük, lakin erməni tərəfi bu istiqamətdə heç bir iş görmür. Ermənistan Qarabağı rəsmən tanımalıdır.”, – deyə Baqratyan bildirib. \\KONKRET.az
 
Ardını oxu...
Qarabağdakı Rusiya sülhməramlılrı ilə ermənilər arasında qarşıdurma olub. Cebhe.nfo xəbər verir ki, bu barədə sosial şəbəkələrin eməni seqmentində məlumatlar yayılıb.

Məlumatlara görə, Rusiya sülhməramlıları erməniləri Ermənistandan Qarabağa daşımaq üçün pul alır, həmçinin onlara verilən malları oğurlayır. Bundan əvvəl sühməramlıların erməni avtoritetləri 10 min dollar qarşılığında Qarabağdan Ermənistana keçirdiyinə dair xəbərlər yayılmışdı.

Xankəndidəki separatçı rejimin məlumatına görə, sülhməramlı missiyanı yerinə yetirən rus hərbçilərinin insidentlə heç bir əlaqəsi yoxdur. Hadisə Ermənistan Respublikası ərazisində özünü Rusiya hərbçisi kimi təqdim edən şəxsin iştirakı ilə baş verib.

Artıq Ermənistanın səlahiyyətli orqanları tərəfindən müvafiq tədbirlər görülür. //Cebhe.info//
 
Ardını oxu...
Zəka fakt qarşısında acizdir. Amma söhbət Ermənistan zəkasından getdikdə əvvəlki cümlənin sonuna sual işarəsi qoymağa məcbur oluruq. Foto-video faktlar Laçın yolunun açıq olduğunu sübut etsə də, İrəvan Bakını “etnik təmizləmə” və “soyqırım” cəhdində ittiham edir.

İttihamlar Ermənistanın yeni şəraitə uyğunlaşmış köhnə siyasət məntiqinə sığır: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq → Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və soyqırım cəhdində ittiham etmək → ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşaya bilməməsi məsələsini beynəlxalq arenada qaldırmaq → “islahedici ayrılma” prinsipi altında Qarabağı Azərbaycan ayırmaq.

Bakı bunu yaxşı başa düşür və adekvat addımlar atır. Ərazi bütövlüyü, etnik təmizləmə, dəhliz, status kimi hər bir iddia/ittihama analoji tərzdə cavab verilir.

Ərazi bütövlüyü

Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması, Ermənistan və digər ölkələrdən Qarabağa diversantların göndərilməsi, I Qarabağ müharibəsində işğal edilən 8 kəndi qaytarmaqdan imtina Azərbaycana qarşı açıq ərazi iddialarıdır. Adekvat cavab özünü gözlətmədi. Azərbaycan prezidentinə əsasən, “əgər (ermənilər) bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. ... Delimitasiyanı istəmirlər? ...Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Mən hesab edirəm ki, buradan keçir”.

Etnik təmizləmə

Etnik təmizləmə və soyqırım ittihamlarına cavab olaraq Azərbaycan Ermənistanın monoetnik ölkə olmasına, dinc azərbaycanlılara qarşı 31 Mart, Xocalı soyqırımlarını törətməsinə və onları Qərbi Azərbaycan və Qarabağ ərazilərindən etnik təmizləməyə məruz qoymasına diqqət çəkir. Bir faktı qeyd edək: müharibəyə qədər indiki Ermənistanın 300-dən çox şəhər və kəndlərində 200 mindən çox azərbaycanlı yaşayırdı. Bunların 170-dən çoxunda ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ermənistan indiki əhalisi 98,1% etnik ermənilərdən, 1,2% yezidi kürdlərdən, 0,7% isə digər etnoslar ibarətdir.

Zəngəzur dəhlizi

Artıq 2 ildir ki, Ermənistan Azərbaycan üçün Zəngəzur dəhlizini açmadığı halda, Laçın yolundan istifadə edir. Ermənistan Laçında Bakının nəzarət-yoxlama məntəqəsinin qurulmasına, Zəngəzura isə eksterritoriallığın verilməsinə qarşı çıxır. Bakının fikrincə hər iki marşrut eyni statusa malik olmalıdır: ya hər ikisi dəhliz (Rusiya variantı), ya da yol (Brüssel variantı) olmalıdır. İrəvanın bu variantdan imtina etməsi Bakının Laçın yolunda ekoaksiya keçirtməsinə, Zəngəzur dəhlizinin isə Azərbaycan üçün strateji layihə olduğunu bir daha təsdiq etməsinə gətirdi. Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan “Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti” verməli, Ermənistan isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilini” təmin etməlidir.

Qərbi Azərbaycan

Ölkə başçısına əsasən, “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”

Qeyd edək ki, bizim bu məsələdə dəlil və arqumentlərimiz daha əsaslıdır: Qarabağda azərbaycanlılar ermənilərlə bərabər yaşadığı halda, indiki Ermənistanın 170-dən çox kəndində təkcə azərbaycanlılar yaşayırdı; Qarabağ erməniləri Azərbaycan əhalisinin cəmi 2%-ni təşkil edirdisə, Ermənistanda yaşayan azərbaycanlılar ümumi əhalinin orta hesabla 10%-ni təşkil edirdi. Sülh sazişi qarşılıqlı öhdəlikləri özündə təcəssüm etdirir. Ermənistan buna getmək istəmirsə, demək, prosesi məqsədyönlü şəkildə konfrantasiya istiqamətində aparır. Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
 
Ardını oxu...
Azərbaycan Respublikası ərazisində 32-ci ildir ki, qondarılmış separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan növbəti dəfə Kəlbəcər rayonuna aid kəndlərə səfər edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni nəşrləri məlumat yayıb.

Putinin milyarder “desant”ı Kəlbəcər rayonunun “Aterk” adlandırılan Həsənriz, “Drmbon” adlandırılan Heyvalı və “Vank” adlandırılan Vənkli kəndlərində qanuni-qanunsuz məskunlaşmış hayklarla görüş keçirib, adı çəkilən, eyni zmanda yaxınlıqdakı digər kəndlərin qanunsuz “icma rəhbərləri” ilə də görüşüb.

Görüşdə üzdəniraq “dövlət naziri” “Laçın yolunun bağlanması” səbəbindən “yaranmış problemlərdən, onların həlli yollarından” danışıb, erməni kəndlilərin çıxışlarını dinləyib. Guya onlar da bildirib ki, “blokada” “iradələrini sındıra bilməyəcək”... R.Vardanyan da buna “böyük inamını” ifadə edib...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Laçın yolundan sui-istifadənin qarşısının alınmasına gəlincə, Azərbaycanın haqlı etirazları və narahatlıqları var.

APA-nın London müxbiri xəbər verir ki, bunu moldovalı deputat Mixail Popsoy AŞPA-nın qış sessiyasında Laçın yolundakı vəziyyətə dair müzakirələr zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan hökuməti bir ildən artıqdır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz fəaliyyətin qarşısının alınması üçün müraciətlər edir.

Deputatın sözlərinə görə, Azərbaycanın suverenliyinə və ərazisi bütovlüyünə hörmət edən həll yollarının tapılması vacibdir. Mixail Popsoy qeyd edib ki, hər iki tərəfin imzaladığı üçtərəfli bəyanat sülh yolu ilə həll tapılarkən nəzərə alınmalıdır.

Deputat sonda AŞPA-nın vəziyyətin sülh yolu ilə həllini tapmağa və asanlaşdırmağa kömək edə biləcəyinə ümidini ifadə edib.
 

Dünyapress TV

Xəbər lenti