Ermənistanın baş naziri Nikol Paşinyanla onu tənqid edən keçmiş xarici işlər naziri Vardan Oskanyan arasında qiyabi polemika davam edir. Paşinyan deyir ki, Minsk Qrupunun vaxtilə hazırladığı “Madrid planı” Qarabağın Azərbaycan ərazisində qalacağını ehtiva edirdi, danışıqlarda iştirak edən Vardanyan isə əksinə həmin planın Qarabağın “müstəqilliyinə” şərait yaradacağını vurğulayır. Vardanyan sözlərinə onu da əlavə edir ki, həmsədrlərin “Madrid planına” görə Şuşa və Laçın dəhlizi ermənilərin nəzarətində qalacaq və keçirilməsi planlaşdırılan referendum bölgənin müstəqilliyini təmin edəcəkdi.
1990-cı illərdə jurnalist işlədiyim illərdə Vardan Oskanyandan geniş müsahibə götürmüşdüm, özündən razı və təkəbbürlü diplomat idi. Torpaqlarımız işğal altında idi, beynəlxalq birlik İrəvana heç nə demirdi, BMT-nin 4 qətnaməsi yerinə yetirilmirdi və bütün bunları Oskanyan özünün uğur xanəsinə yazırdı. Halbuki, münaqişənin həllini uzatmaqla həmin Oskaynan və onun xidmət etdiyi rejim bütün hallarda müharibəni qaçılmaz edirdi. Oskanyan bir məsələdə haqlıdır ki, “Madrid planı” Azərbaycan üçün faydalı deyildi. Elə bunun özü müharibə ehtimalını artırırdı. Oskanyan isə indi deyir ki, guya Nikol Paşinyan səhvlər buraxmasaydı müharibə olmayacaqdı və ermənilər torpaqları əvvəlkitək işğal altında saxlayacaqdılar. Əlbəttə, Paşinyanın Şuşada içkili vəziyyətdə yallı oynaması, tez-tez Qarabağa gəlişləri, “Qarabağ Ermənistandır” kimi ifadələri müharibənin başlama tarixini yaxınlaşdırırdı, ancaq Ermənistanın başında başqası da olsaydı, hamımız anlayırdıq ki, torpaqlarımızı güc yolu ilə geri qaytarmaqdan başqa alternativimiz yoxdur, sadəcə Paşinyan müharibənin başlaması tarixini yaxınlaşdırdı.
Elxan Şahinoğlu - DİA.AZ