Ardını oxu...
Göyçay rayonu Çayarxı kənd sakinləri tərəfindən

"Biz Göyçay rayonu Çayarxı kənd sakinləri olaraq bildirmək istəyirik ki, 25 ildir kəndimizdə içməli su problemi var. Doğrusu çoxsaylı şikayətlərimizdən sonra 2007-ci ildə mövcud su xəttindən bizə su verilmişdi, lakin sevincimiz çox çəkmədi. 2010-cu ildə suyun verilişi dayandırıldı. Hazırda kənddə su xətti olsa da, istifadəmizə icazə verilmir. Hər ay ərzində bir neçə dəfə maşınla su gətizdiririk. Elə vaxtlar olur ki, maddi imkansızlığa görə günlərlə susuz qalırıq. Axı belə olmaz! Evdə yaşlı, xəstə, uşaq var. İsti yay günlərində dözülməz duruma düşürük. Dəfələrlə fərdi və kollektiv şəkildə aidiyyəti qurumlara, o cümlədən Göyçay Rayon İcra Hakimiyyəti başçısına müraciət etsək də bizə köməklik göstərən yoxdur.
Biz sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidentindən və yuxarı instansiyalardan çox xahiş edirik, bizim içməli su problemimizin həlli üçün tapşırıq verəsiniz."

 
Ardını oxu...
Zaqatala Mərkəzi Xəstəxanasının elan etdiyi son tenderə əsasən tibb ocağı 103 min manatlıq dəftərxana və təsərrüfat mallarının satınalmasını həyata keçirəcək. Tribunainfo.az xəbər verir ki, bununla bağlı xəstəxana ilə “PROFMATERIALS” MMMC arasında satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Zaqatala rayonunun əhalisinin sayı 124850 nəfərdir. Tender üçün ayrılmış pulla orta hesabla adambaşı 10 diyircəkli qələm, 2 dəftər, bir o qədər də kağız və digər dəftərxana ləvazimatı almaq mümkündür. Təsərrüfat mallarına gəlincə, xəstəxanaya heç də belə böyük məbləğdə mal və məhsul almağa gərək yoxdur. Çünki xəstəxananın ərazisi elə də böyük deyil. Və lazım olan təsərrüfat mallarının da həcmi bir o qədər böyük ola bilməz.
Sual oluna bilər ki, 124 min insana bu qədər dəftərxana ləvazimatı niyə lazımdır? Adətən tenderlərdə maliyyə maxinasiyaları etmək üçün ən yaxşı vasitələrdən biri dəftərxana ləvazimatlarının alınmasıdır. Əgər xəstəxanalar üzrə elan edilmiş tenderlərə diqqət yetirsək, bu kateqoriya üzrə rəqəmlərin xeyli şişirdildiyinin şahidi ola bilərik.
Xatırladaq ki, Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Tamara Nurəliyevayadır. O, 2022-ci ildən etibarən bu postu daşıyır.
 
Ardını oxu...
“MİDA” MMC Bakı və respublikanın digər şəhər və rayonlarında tikilmiş yaşayış kompleksində tikintinin video və foto arxivi üçün taymlaps çəkilişləri, video və animasiya çarxlarının hazırlanması və sərt disklərdə saxlanmalarının göstərilməsi üzrə tender elan edib.
Tribunainfo.az xəbər verir ki, bu məqsədlə MİDA 112 min manat xərcləməyi qərara alıb. Və “MEDİCAL MEDİA” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, MİDA-nın adı indiyə qədər bir neçə qalmaqala qarışıb. Belə ki, hələ xeyli əvvəl bu MMC-nin bir qrup əməkdaşı qanunsuzluq və kiber yollarla saxtakarlıq etdiklərinə görə, həbs olunmuşdular. Buna səbəb isə MMC-nin bir neçə saniyə içində yüzlərlə mənzili satması barədə şübhələrin yaranması olmuşdu.
İşin qəribə tərəfi odur ki, tenderi udan şirkət “Saf Farma” dərman şirkətinin nəzdində fəaliyyət göstərən MMC-dir. Yəni, tenderi udan şirkətin əsas missiyası dərman pereparatlarının topdan və pərakəndə satışıdır.
“Medical media”nın rəhbəri Sərdar İbrahim oğlu Xudiyevdir. O, həmçinin “Saf Farma” şirkətinin təsisçilərindən biridir. Şirkətin digər təsisçiləri kimi isə Gunay Kazimova və Fəridə Mehdi göstərilir.
Bu şirkətin tibb aləmində baş verən hadisələr və yeniliklərlə bağlı “MedicalMedia.az” adlı saytları da var.
İndi sual yaranır ki, tibb və sağlamlıqla məşğul olan bir şirkət tikintiyə aid hansı əsas və məntiqlə videoçəkiliş aparacaq, reklam hazırlayacaq? Halbuki MİDA bunu ölkədə kifayət qədər peşəkar bir şirkətə həvalə edə bilərdi. Görünür, bu tenderdə hər iki tərəfin maraqlarını təmin edən səbəblər var. Əks təqdirdə, iki bir birinə tərf profilin sahibləri bu işə qol qoymazdılar.
 

Ardını oxu...
Naxçıvandakı məşğulluq mərkəzləri vətəndaşlardan xəbərsiz onları işə düzəldib, maaşlarını mənimsəyirlər. Bu haqda „Gündəlik Naxçıvan“a məşğulluq mərkəzlərində qeydiyyatda olan bir qrup işsiz məlumat verib. Onların bildirdiyinə görə, mərkəzlər bu saxtakarlığı bir sıra dövlət idarələri ilə əlbir edirlər.
Şikayətçilərin sözlərinə görə, mərkəzlər onlardan öncə işə düzəlmək üçün bütün sənədləri alıb, iş tapılana kimi gözləməyi məsləhət görürlər. Daha sonra onları özlərindən xəbərsiz bəzi dövlət idarələrində işə düzəldib, adalarına yazılan maaşı mənimsəyirlər.
İşsiz kimi qeydiyyata alınmış 48 yaşlı Naxçıvan şəhər sakini Nagar Əliyeva da eyni saxtakarlıqla üzləşib. O deyir ki, bir il öncə işə düzəlməsindən bu günlərdə xəbər tutub:
„Ötən ilin əvvəlində iş tapmaq məqsədi ilə Naxçıvan şəhər Məşğulluq Mərkəzinə müraciət etdim. Bütün sənədlərimi, eləcə də əmək kitabçamı alıb, dedilər ki, gözlə, iş olanda xəbər edəcəyik. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, onlardan heç bir xəbər çıxmadı. Məcbur qalıb, bir müddət öncə özüm iş axtarmağa başladım. Şəhər Sanitar və Təmizlik İdarəsi məni işə götürə biləcəyini bildirdi və sənədlərimi istədi. Əmək kitabçamı və digər sənədlərimi almaq üçün Məşğulluq Mərkəzinə getdim. Lakin, orda əmək kitabçamı vermək istəmədilər. Səs-küy saldıqdan sonra ala bildim. Evdə gətirib vərəqlədim, gözlərimə inanmadım. Kitabçamda qeyd olunub ki, guya mən 10 aprel 2023-cü ildə Təmizlik İdarəsində işə götürülmüşəm. İdarənin əmrində göstərilir ki, həmin tarixdən burada „təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi“ vəzifəsinə təyin edilmişəm. Ancaq, həmin dövrdən mən Naxçıvanda olmamışam, işləmək üçün Türkiyəyə getmişəm və mənim bu işdən heç bir xəbərim olmayıb“.
Nigar Əliyeva deyir ki, işin üstü açıldıqdan sonra, Sanitar və Təmizlik İdarəsi onu işə götürməkdən imtina edib:
“Görünür məni işə götürmək istəyəndə kimliyimi bilmirmişlər. Bilmirmişlər ki, bir il öncə „işə götürdükləri“ adam mənəm. Əmək kitabçamı gördükdən sonra anladılar ki, mən həmin adamam. Bunu bilən kimi, məni işə götürməkdən imtina etdilər. Bu işə mən də məəttəl qalmışam. Bu saxtakarlığı niyə ediblər, bilmirəm. İşə götürülmüşəmsə, mənim bir ildən artıq maaşımı kim alıb?”
Eyni problemlə üzləşən digər şəhər sakini B. Musayev isə məhkəməyə müraciət edəcəyini bildirir:
“Ötən ay xəbər tutmuşam ki, 6 ay öncə Məşğulluq Mərkəzi məndən xəbərsiz məni dövlət idarələrindən birinə işə düzəldib. Mərkəz idarə ilə əlbir olub, mənim maaşımı mənimsəyib, öz aralarında bölüblər. Saxtakarlıq görmüşdüm, bu qədərini də yox”.
Sakinlər bildirirlər ki, muxtar respublikadakı digər məşğulluq mərkəzləri də eyni saxtakarlığı edirlər.


Ardını oxu...
Parlamentdə 5 il səsi eşidilməyən, yalnız bir dəfə "Məni Cenifer Lopezə oxşadırlar" açıqlaması ilə gündəmə gəlmiş, indiyə qədər də Bərdənin "Ceniferi" adlanan Fatma Yıldırım mandat qazanmaq üçün yenə qayda-qanunları pozur. Bərdənin beş il deputatlığını etmiş, amma bundan əvvəlki seçki dövründə də qaydaları pozmuş, təbliğat-təşviqat kampaniyası başlamamış özünün piarı ilə məşğul olmuş Fatma Yıldırım yenə eyni addımları atır və qanunları pozur.
Belə ki, ötən parlament seçkilərində təbliğat-təşviqat kampaniyası başlamamış özünün reklamını həyata keçirdiyi üçün Mərkəzi Seçki Komissiyası ona rəsmi şəkildə xəbərdarlıq elan etmişdi və seçki qaydalarını pozduğu açıqlanmışdı. Bu xəbərdarlıqdan 5 il keçir və Fatma Yıldırım yenə təşviqat başlanmamış oxşar addımlar atmaqdadır. Halbuki təbliğat-təşviqat işlərinə hələ avqustun 9-dan başlanacaq. Amma Bərdədən deputatlığa namizədliyini irəli sürən Fatma Yıldırım qanunları ayaqlar altına alaraq rayonda öz təbliğatını aparmaq üçün indidən kampaniyaya start verib. Belə ki, Bərdədə bir valideynin övladının gözünün əməliyyatı üçün ona maddi dəstək olmuş Fatma Yıldırıma təşəkkür videosu yayılıb. Təbii ki, uşağın əməliyyatına yardım etmək təqdirəlayiq addımdır, amma məhz indi təşəkkür videosunun yayılması deputatın özünü təbliğ etməsi, təşviqat kampaniyası başlamamış piar etməsidir. Bu isə Seçki Məcəlləsinin müvafiq tələblərini pozmaq və İnzibati Xəta Məcəlləsində nəzərdə tutulan bir cəza ilə nəticələnməlidir. Ona görə də Mərkəzi Seçki Komissiyası toplaşaraq bu faktı araşdıra bilər. Necə ki, ötən parlament seçkilərində təbliğat-təşviqat başlamamış Fatma Yıldırımın Bərdənin Soğanveridlər kəndində yol çəkdirdiyi məlum olmuşdu. O, hətta həmin yolun açılışında iştirak etmişdi və bu da şikayət videosunda öz əksini tapmışdı. Beləliklə, bu zaman təşviqatın pozulması halları qeydə alınıb və öz təsdiqini tapmışdı.
O dövrdə MSK-da 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırıma xəbərdarlıq edilməsi qərara alınmışdı.
Bu dəfəki növbədənkənar deputat seçkilərində də göründüyü kimi, bütün namizədlər qaydalara əməl etsələr belə, Fatma Yıldırım MSK-ya, qanunlara meydan oxuyur. Çünki həmin təşəkkür videosunun indi yayılması deputatlığa namizədin özünü təbliğ etdirməsi faktıdır. Əslində, Bərdə şəhəri üzrə Dairə Seçki Komissiyası, Bərdə şəhər İcra Hakimiyyəti bu kimi yolverilməz hallara diqqət yetirməlidir. Amma nə DSK, nə icra başçısı Vidadi İsayev Fatma Yıldırımın vaxtından tez özünü təbliğ etdirməsinə münasibət bildirirlər. F.Yıldırım dövlətin qanunlarını saymadan öz xeyrinə təbliğat apardığı kor-kor, gör-görür. Özün qanunverici orqanın üzvü olasan və yenə olmaq istəyən, amma hələ bilməyəsən ki, təşviqat nə zaman başlanır və onun pozulması qaydaları hansı hallarda olur. Yaxud da bilir, sadəcə, qanunları-qaydaları heçə sayır. Əsas budur ki, Fatma Yıldırım etdiyi yaxşılığı reklama çevirir və təbliğat-təşviqat kampaniyası başlamamış bu əməllərə əl atır. Çünki xəstə birinin müalicəsinə yardım etmək olar, amma bunu seçki dövründə təşviqat başlamamış reklam etmək artıq qanun pozuntusu satılır. Ümumiyyətlə, MSK Yıldırımın namizədliyini qeydə almaya və ləğv edə bilər. Bütün hallarda bu videodan sonra MSK-nın toplaşması zəruridir və bu hal Yıldırımın seçki dövründə imicinə mənfi xal olaraq yazıldı...

Anaxeber.info
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci (Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.
Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.

 

Ardını oxu...
Məlum olduğu kimi, bir müddət öncə, Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi. Çox keçmədi ki, o, Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin olundu. M.Abbasbəylinin vəzifə gedişi müzakirələrə səbəb oldu, bildirilirdi ki, bir zamanlar insanların işlə təmin ediləcəyi qurumun rəhbərliyindən endirilmək elə işsiz qalmaq deməkdir.

O, bu vəzifəni o qədər də uğurla icra etməmişdi. M.Abbasbəylinin zamanında şikayətlər indikindən bir neçə dəfə çox idi, üstəlik məşğulluq üçün əhaliyə verilən iribuynuzlu mal-qaranın arıq və xəstəhal olduğunu əks etdirən görüntülərin yayılması işin necə icra olunmasının göstəricisi idi. Bu, sosial sahədə həyata keçirilən dövlət siyasətinə zərbə idi. Bir zamanlar karyerasının yüksəliş dövrünü yaşayan, dövlətin əsas, o cümlədən həssas təbəqə ilə işləyən strukturlarından birinə rəhbərlik edən Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilməsi və səssiz qalması eniş deməkdir. Görünür, o, bir müddət səssiz qalmaqla, yaddan çıxmaq istəyir, çünki xatırlandıqca problemlər də üzə çıxmış olacaq. Kiminsə yüksək vəzifə iddiası varsa, buna uyğun potensialı olmalıdır, natiqlik qabiliyyəti ilə çatışmazlıqları ört-basdır etmək olmaz. Mustafa Abbasbəylinin hazırda fəaliyyəti hiss olunmur, ola bilər, bir müddət sonra yenidən vəzifəsindən azad edilsin. Belə olan halda, yenidən əvvəlki fəaliyyət sahəsinə, yəni şirkətlərlə əməkdaşlıq edə bilər. Xatırlatmaq yerinə düşər ki, Abbasbəyli 2004-2014-cü illərdə "Standard Insurance" sığorta şirkətində bir sıra rəhbər vəzifələrdə, 2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku" şirkətinin, 2016-2018-ci illərdə "Beyli Group" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb. Kim hansı sahədə uğurludursa, orada olması daha məqsədəuyğundur, dövlət strukturlarında vəzifə tutmaq ağır və məsuliyyətli işdir. Səssiz qalmaq deyil, işləmək lazımdır.

Pravda.Az
Ardını oxu...
"Fantastika deyil, Azərbaycan restoranlarında hər gün yaşanan soyğunçuluğun qəbzidir..." dia-az.İnfo bildirir ki, bunu öz gileyində jurnalist Elşən Balaxanski qeyd edib.

Jurnalist daha sonra başına gələnləri belə nəql edir: "Deməli, adamlar Nardaranda "İskele" adlı restoranda 1 kilo qarpız, 0.5 kilo çörək, bildiyimiz şor, 1 kilosu 5 manata olan pendirdən 200 qram, 300 qram Bakı dondurması və 3 manatlıq qazlı su içiblər və dərin peşmançılıq hisslərinə qapılıblar!

Maksimum 7-8 manat maya dəyəri olan bu təamlara görə onlardan 93 manat 50 qəpik pul alınıb!.."

Ardını oxu...
Ardını oxu...
“Mcdonalds Azərbaycan” QSC-yə yazılan inzibati protokollara baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi üzrə tərtib etdiyi protokola Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə iyulun 30-da baxılacaq.

Dövlət Gömrük Komitəsinin (DGK) İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə tərtib etdiyi protokol isə Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə avqustun 6-da araşdırılacaq.
 
 
 
Ardını oxu...
Bakıdan Hacıqabula gedəndə yolun sağındakı Navahi kəndinə tərəf boylanan hər kəs köhnə məktəbin binasını görə bilər. Bura M.Ağayev adına Navahi kənd tam orta məktəbidir. Azı 300 nəfər şagirdi olan bu məktəblə kəndin arasında 3 kilometr məsafə var. Kəndin məktəbliləri təhsil ili boyunca qar-palçıq demədən kənddən məktəbədək yol qət edirlər. Son vaxtlar valideynlər öz təşəbbüsləri ilə avtobus tutublar ki, heç olmasa ibtidai sinifdə oxuyanlar dərsə əziyyətlə gedib-gəlməsin. Dərd bununla bitmir, təqribən 3 il əvvəl Meydan TV həmin məktəbdən yazmışdı. Navahi kəndinin sakinləri müraciət edərək məktəbin bərbad vəziyyətdə olmasından gileylənir, yeni məktəblə bağlı arzularını dilə gətirirdilər. Ancaq indi məlum olur ki, o vaxt dövlət qurumlarının verdiyi vədlər boşa çıxıb, kənd sakinlərinin yeni, işıqlı, müasir məktəb arzusu hələ də gerçəkləşməyib.

“Bu məktəb 1875-ci ildə yaradılıb”

İbad Nəzirov 23 il (2000-ci ilədək) Hacıqabul Şəhər İcra Hakimiyyətinin Navahi kəndi üzrə nümayəndəsi işləyib. Bu dəfə Meydan TV-yə o müraciət edib, kənd məktəbinin problemlərini təkrar gündəmə gətirməyimizi istəyib. İbad Nəzirov sözə məktəbin yaranma tarixinə ekskursiya etməklə başlayır. Deyir, rəsmi sənədlərdə bu təhsil ocağının 1970-ci ildə inşa olunduğu qeyd edilsə də, əslində tarixi 1800-cü illərə gedib çıxır:

“Buralar keçmiş Şamaxı qəzasına aid olub. 1875-ci ildə Bakı-Tiflis dəmiryolu xətti çəkiləndə Talışınski soyadlı bir xeyriyyəçi kəndimizdə ikimərtəbəli rus-tatar məktəbi açır. Udulu, Paşalı və başqa kəndlərin uşaqları həmin məktəbdə təhsil alırmış. Şamaxı qəzasında ən iri məktəb sayılan bu təhsil ocağı əvvəllər Şamaxı qəzasının xeyriyyəçilərinin dəstəyi ilə vaxtaşırı təmir olunur, baxımlı saxlanılırmış. Sonralar bu adamlar da həyatdan köçür, məktəb baxımsız qalır. 1970-ci illərdə məktəb bərbad vəziyyətdə olanda o vaxt “Mozalan” Satirik Jurnalı məktəbdən tənqidi süjet hazırlayır. Bundan sonra məktəb əsaslı təmir olunur. Hətta uzaqdan gələn müəllimlərin yollarda qalmaması üçün ikimərtəbəli yataqxana da inşa edilir. 1961-ci ildə Navahi kəndi artıq Şamaxı qəzasından çıxarılaraq Salyanın, 1990-cı ildə Hacıqabulun tərkibinə verilib. Bax, elə kəndimiz Hacıqabulun tərkibinə keçəndən sonra bağçalar, məktəblər baxımsız qaldı. Müəllimlər üçün tikilmiş yataqxana dağıldı, indi dörd quru divarı qalıb. O yataqxana da, uşaq bağçası da dağıldı, bircə divarları qalıb”.

“Sovet hökuməti məktəbləri, uşaq bağçalarını, yataqxanaları da özüylə apardı”

İbad bəyin sözlərinə görə, hələ Sovet vaxtı kəndin kolxoz sədrinin təşəbbüsü ilə kolxozda işləyənlərin uşaqları üçün uşaq bağçası da tikilib. İllərlə uşaqların istifadəsində olan bağça da Sovet dağılandan sonra baxımsız qalıb və istifadəyə yararsız olduğuna görə illər əvvəl qapısı qıfıllanıb:

“Sovet hökuməti dağıldı, özü ilə məktəbləri, uşaq bağçalarını, yataqxanaları da apardı. Mən o vaxt təklif etmişdim ki, Sovet dağılandan sonra baxımsız qalan o ikimərtəbəli uşaq bağçasını ibtidai sinif məktəbi edək. 1-5-ci sinifləri o məktəbə verək, balaca uşaqlar 3 kilometr yol gedib, kəndin qırağına çıxmasınlar. Aidiyyəti qurumlara da müraciət etdik, nəticəsi olmadı. O boyda bina istifadəsiz qalıb. Bu məktəbə görə də çox müraciətlər etmişik. Məktəbin rəhbərliyi müəllimlərdən, valideynlərdən xahiş edir ki, şikayət yazmasınlar, çünki onsuz da heç kəs gəlib məktəb tikən deyil, əvəzində yuxarı qurumlar məktəb rəhbərliyini qaralalayırlar. Bax, vəziyyət belədir”.

İbad Nəzirovun sözlərinə görə, son illərdə Navahidə dörd məktəb tikilib, ancaq azı 300 şagirdi olan bu məktəbdə bircə dəfə də əsaslı təmir işi aparılmayıb:

“Sovet vaxtı qaz olub, istilik təchizatı olub, 30 ildən çoxdur ki, o qaz xətləri sinif otaqlarının divarlarında paslanıb, qalıb. Sinif otaqları odunla qızdırılır. Qışda valideynlər əllərində balta, məktəbin qarşsında odun yarırlar. Sizə göndərdiyimiz fotolardan məktəbin vəziyyəti aydın görünür. Döşəmələr, dam örtüyü çürüyüb. Avadanlıqlar köhnə, sınıq-salxaqdır, ayaqyolu demək olar ki, yoxdur”.

Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən yabildirilib ki, sözügedən məktəb binasının sökülərək yerində yenisinin tikilməsi ilə bağlı ilkin sənədləşmə işləri başa çatıb. Yeni məktəb binasının layihəsi təsdiq olunduqdan sonra tikinti işlərinə başlanılacaq.
O da qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində 177 ümumtəhsil, 53 məktəbəqədər, 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son iki ildə bu təhsil müəssisələrinin 60-dan çoxunda təmir işləri aparılıb. Yeddi yeni təhsil müəssisəsi tikilərək istifadəyə verilib.
 

Dünyapress TV

Xəbər lenti