b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_fa1d2bb89646d91bbd10c91f0b7b4a92.jpg
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının paytaxtı Tiranaya səfərdən öncə Ağdamda olmuşdu. Həmin səfər boyunca keçirilən möhtəşəm görüşlərdə, tədbirlərdə dövlətimizin başçısını kövrələn də görmüşdük, bizlər də kövrəlmişdik...

2000-ci ilin 9 mayında ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavano mərhum Prezident, Ulu Öndər Heydər Əliyevə Ağdam Cümə məscidindən bir parça daş gətirmişdi. Keri Kavano həmin daş parçasını ulu öndər Heydər Əliyevə təqdim edərkən “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir.

AAAA.jpg

Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, - demişdi. Heydər Əliyev kövrələrək Kavano ilə qucaqlaşmışdı, sonra da bu barədə danışmışdı, əminliklə o torpaqların azad olunacağına inamını ifadə etmişdi. O hadisənin 25-ci ildönümündə ata vəsiyyətini yerinə yetirən oğlu Ağdamda qurulmuş möhtəşəm tədbirlərdə iştirak edirdi. Kim bilir, bəlkə kövrək anlarda elə həm də o daş parçası ilə bağlı xatirələr baş qaldırmışdı. Yeri gəlmişkən, həmin daş parçası Heydər Əliyev Fondu tərəfindən təmir edilən Ağdam Cümə məscidində saxlanılır...

c95268b9-3030-3767-85fe-29625ac2.jpg

Qayıdaq Balkanlara, Tirana müşahidələrimizə...Uzun həsrətdən sonra doğma torpaqlarına qayıdan sakinlərin əhatəsində gözləri dolan Prezidentimiz Avropa məkanında qətiyyətli, məğrur və qalib görkəmi ilə varlığımıza əlavə güc qatırdı.

Albaniyada ilk qarşılanma anlarından başlamış, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində görüşlərədək hər yerdə iştirakçı liderlər tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunması qürurverici anlar idi. Azərbaycanın imzası imzalar içindədir, təkcə ona görə yox ki, Tiranada iştirakçılar xüsusi tabloya imza atırdılar. İlham Əliyev də təvazökarcasına imzasını əlavə etdi. Artıq dövlət, millət olaraq imzamıza hər yerdə etibar və etimad var, xüsusən də işğala son veriləndən sonra Azərbaycan adına, bu dövlətin liderinə münasibət kökündən dəyişib, qətiyyətli olduğu qədər də humanist, sülhpərvər dövlət başçısına xüsusi münasibət daim sezilir. Builki Zirvə toplantısında iştirak edən 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları içərisində öz yeri və çəkisi ilə seçilirdi dövlətimizin başçısı, təbii ki, dost-qardaş ölkələrin başçıları ilə bərabər...

64e2fdb3-e370-3e66-902b-75e2616e.jpg

Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını şəxsən qarşıladı, onların hər birinə özəl münasibəti var idi. Azərbaycanla Avropa İttifaqı arasında gərginlik yaratmaq və öz məqsədləri üçün ziddiyyətləri qabardanlar bu dəfə də hesablamalarında yanıldılar. Çünki gərginlikdən əsər-əlamət hiss olunmadı, əksinə, ən yüksək hörmət və ehtiram var idi Azərbaycan liderinə. Bunun əsas səbəbi heç şübhəsiz ki, İlham Əliyevin öz sözünün sahibi olmasıdır. Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Azərbaycana səfərini, dövlət başçımızla görüşlərini xatırladım. O zaman Qarabağ hələ işğalda idi və dövlət başçımızın Avropa İttifaqı ilə münasibətlərin, əlaqələrin qurulmasında açıq şəkildə bəyan etdiyi əsas şərt Azərbaycanın ərazi bütövlüyünə hörmət, Qarabağla bağlı açıqladığı qırmızı xətt idi. Təsəvvür edin, ozamankı reallıqlar daxilində də Azərbaycan lideri qarşısındakılara “Ya Qarabağ, ya da Qarabağ!!!” hədəfini çatdırırdı, bu mövzuda hər hansı güzəştləri qəbul etmirdi. Yeri gəlmişkən, Ukrayna ilə bağlı davam edən acınacaqlı vəziyyət, bu ölkənin liderinin qarşısına bəzən təslimçi sazişin şərtlərinin qoyulması faktı ortadadır...

a71ca3a3-9792-35e0-b8cd-5dd863af.jpg

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedən Prezident İlham Əliyevin sözünü imzası qədər ciddi, etibarlı qəbul edən Avropa liderləri səmimiyyət və diqqətlərini ondan əsirgəmədilər. Üstəlik, Rusiya-Qərb konfrantasiyasının ən gərgin dönəmlərində Azərbaycan dövlətinin Avropa İttifaqına üzv olan 10-a yaxın ölkəni mavi yanacaqla təmin etməsi, heç bir təhdiddən çəkinməyərək anlaşmalara əməl edilməsi istiqamətində cəsarətli addımlar atması unudulası fakt deyil. Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə əlahiddə görüş də mühüm hadisə idi.

Təsadüfi deyildi ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının VACİB VƏ ETİBARLI TƏRƏFDAŞI olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın ENERJİYƏ EHTİYACI OLAN ZAMAN (seçmələr bizimdir-E.P.) göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Bu etiraf təkcə Avropa məkanı üçün deyil, ümumilikdə dünya üçün çətin günün dostunun kimliyinə dair suala cavab verməkdən ötrü qiymətli faktdır. Ancaq Avropa İttifaqının rəhbərliyi ölkəmizin və dövlət başçımızın rolunu yalnız yaxın tarixin önəmli hadisələri ilə əlaqədar xüsusi qiymətləndirmir, həm də perspektivlər baxımından Azərbaycanın roluna, əhəmiyyətinə diqqət verirlər. Təsadüfi deyil ki, hər iki avropalı liderin çıxışlarında Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Həmçinin, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.

6fb7a670-ac09-3d96-82d9-57f19bc8.jpg

Bu fikirlərin qarşılığında Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolundan bəhs edib. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyev ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunaraq, bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri vurğulayıb. Dövlətimizin başçısının Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını xatırlatması da mühüm məqamdır. Ani olaraq düşünürsən: Zəngəzur dəhlizinin reallaşmasından sonra bu artımın miqyası harayadək artacaq?..Heç şübhəsiz, avropalılar da bu barədə düşünməmiş deyillər. Rəsmi məlumatdan aydın olur ki, görüş zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub, Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib. Bundan əlavə, müzakirələrdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

5bc9b928-7671-3f60-8282-6cb16581.jpg

Azərbaycana verilən önəmin səbəbləri kifayət qədərdir. Bu məqamda Ermənistanın baş naziri Nikol Paşinyana münasibətə də ötəri nəzər salmaqla müqayisədə “yerdən göyə qədər” fərq olduğu ortaya çıxır. Ermənistan Qoşulmayanlar Hərəkatının üzvü olan Azərbaycandan fərqli olaraq, Avropa İttifaqına can atan, bu il parlament səviyyəsində quruma üzvlüklə bağlı konkret qərar verən ölkədir. Amma Aİ-yə üzv olmağa çalışan Ermənistanın bu təşkilatda çəkisi Azərbaycanla müqayisədə gözəgörünməz səviyyədədir. Xatırlayırsınız yəqin, illərlə ermənilər Azərbaycan dövlətinin və liderinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistandan, onun rəhbərliyindən qat-qat artıq diqqətin olmasına görə yanıb-yaxılırdılar. Azərbaycan Ermənistanın üzv olduğu təşkilatlarda da ondan güclü və üstün idi. Tirana görüşü Avropaməkandakı vəziyyəti də tam şəkildə ortaya çıxartdı. 9 May paradına görə özünü Rusiyaya çatdıran və prezident Putinin qəzəbindən xilas olmaq üçün cəhdlər göstərən, bu zaman da gülməli duruma düşən Nikol Paşinyan Tirana da gülüş obyektinə çevrildi, özü də dəfələrlə. Paşinyanın qarşısındaca Ermənistan bayrağının tərsinə qoyulması, özünün isə ailə fotosu çəkdirilərkən heç olmasa boyunun kiçik olması belə, nəzərə alınmadan lap arxa sırada saxlanması digər faktlarla müqayisədə kişik nümunələrdir. Azərbaycan Prezidenti ilə təmasa can atan təkcə Paşinyan olmadı, həm də onun “arxa-dayağı” Emmanuel Makron oldu. Bütün dünya bu kadrları gördü...Maraqlıdır, heç olmasa bundan sonra ermənilər anladılarmı ki, bundan sonra yenə ciddi səhvlərə yol versələr, nə Fransanın Ermənistana yeritdiyi Avropa İttifaqının kəşfiyyat şəbəkəsi, nə də Makronun silahları onları xilas etməyəcək?..

06bc6139-d479-391e-b0ea-d302d6fb.jpg

Albaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevə böyük diqqət, Albaniya Respublikasının rəhbərliyinin, digər rəsmilərin münasibəti öz yerində. Qardaş Türkiyənin Prezidenti Rəcəb Təyyib Ərdoğanla Azərbaycan Prezidentinin səmimi münasibətləri, ikili söhbətləri, hətta Paşinyanın yaxınlaşdığı məqamda iki Türk liderin mesajları, həmçinin Makronun Azərbaycan liderinə yaxınlaşıb, heç nə olmamış kimi, onun əllərini sıxmasının ardınca dövlət başçımızın unikal mövqeyi unudulmayacaq. Azərbaycan Prezidenti nə onunla “kofe içmək” adı altında danışmaq istəyən Nikol Paşinyanın, nə də havadarı Makronun əlini geri itələməməklə yenə böyüklüyünü, bəşəri sülh və təhlükəsizlik üçün əlindən gələni etməyə hazır olduğunu nümayiş etdirdi.

Əslində əlində kifayət qədər imkanlar var idi ki, Paşinyan-Makron cütlüyünə indiyədək etdiklərinə görə yerlərini göstərsin, etmədi, türkün böyüklüyü budur, qalib olanda basmır, kəsmir, əfv edir, şans verir...Əgər cızığından çıxsalar, deyildiyi kimi, peşman olacaqlar. Necə ki, Tirana görüşü artıq göstərdi: peşman olublar...Gözləyək, görək dərs olacaqmı? Sülhə doğru uzanan əllərin yenidən Dəmir Yumruğa çevrilməsini istəyənlər cavablarını alacaqlar, bunu da unutmasınlar!

Bölmənin digər xəbərləri

17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”
03 May 2025 Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov
30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Dünyapress TV

Xəbər lenti