Ardını oxu...
Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfər azalıb.
DİA.AZ-ın məlumatına görə, pensiyaçıların azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır:
"Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".

Saxta və əsassız pensiya işləri ləğv edilib

İqtisadçı qeyd edib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb.

Onun sözlərinə görə, bu gün cəmiyyətlərin ən böyük problemi pensiyaçıların əhalinin yaş strukturunda faizinin qalxması yox, gənclərin artırılmasıdır. İnkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri pensiyaçıların əhalinin yaş strukturunda faizinin artmasıdır. Məsələn, bu gün Almaniya miqrasiya ilə bağlı qanunvericiliyi liberallaşdırır. Almaniya yüksək ixtisaslı işçi qüvvəsinin cəlbi üçün ölkəyə girişi və onlara vətəndaşlıq verməyi asanlaşdırır ki, hər il 400 min işçi ölkəyə gəlsin.
"Pensiyaçıların, yaşlı təbəqənin əhalinin yaş strukturunda faizinin artması arzumuz, istəyimiz deyil", - deyə o əlavə edib.

Pensiyaçıların sayında artım proqnozlaşdırılır

Qeyd edək ki, bu il Azərbaycanda pensiyaçıların sayında artım proqnozlaşdırılır. Bu məsələ "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə deyilib ki, bu ilin sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır. Bu da kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayından çox olması ilə əlaqədardır.
Hesablama Palatası bu ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artımın əsasən həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması ilə əlaqəli olması qənaətindədir.

2018-ci ildən başlayaraq pensiyaçıların sayında azalma var

Sənədə əsasən, pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir. Bu da 2017-ci ilin 1 iyul tarixindən "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
Hesablama Palatasının rəyinə görə, əlilliyə görə təyin edilmiş pensiya işlərinin sayında müşahidə edilən azalma əvvəlki dövrlərdə barəsində əlillik dərəcəsi müəyyən edilmiş şəxslər tərəfindən əlillik dərəcəsinin qüvvədə olma müddəti başa çatdığı hallarda müddətin artırılması üçün yenidən müraciət edilməməsi, yaxud müraciət edilməsi hallarında isə çox zaman göstəricilərin əlilliyin müəyyən edilməsi üçün əsaslı olmaması səbəbindən əlillik dərəcəsinin ləğv edilməsi və nəticədə pensiya ödənişinin dayandırılması ilə izah oluna bilər.
Qeyd edilməlidir ki, 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həm yaşa görə, həm də əlilliyə görə yeni təyin edilmiş pensiya işlərinin sayının kəskin azalmasının qarşısının alınması məqsədilə 2019-cu ilin yanvar ayından "Əmək pensiyaları haqqında" qanuna "Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri" adlı maddə əlavə edilib. Bu maddəyə əsasən 2019-cu il 1 yanvar tarixindən başlayaraq şəxsə əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiyası növündə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, əlilliyə görə əmək pensiyası növündə isə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Bu da mövcud şərtlər daxilində pensiya hüququ qazanan şəxslərin sayının sabitliyinin qorunması baxımından, eləcə müəyyən edilmiş yaş həddinə çatmış, yaxud əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi baxımından effektiv addımdır.

Pensiyaçılar ölkə əhalisinin 11 faizini təşkil edir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1200,5 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11 faizini təşkil edir. Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Müavinət alanların sayı artıb

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 113,6 min) nəfər, əlilliyə görə - 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə - 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanuna görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Ardını oxu...
DİA. AZ - "Görəsən, 3 gün Pirallahı vertalyot meydançasında əziyyət çəkən 200 neftçidən yalnız 10 nəfəri, "Xəzəriaşə"nin ərzaq qutularını, bəzən da açıq halda gəmiyə yığılmış mallarını daşıyan şəraitsiz "Orion" gəmisi ilə Çilov adasına göndərdilərmi?"

DİA.AZ bildirir ki, bu ritorik sualı neçə gündür quruda qalan və Platformaya - işlərinin başına keçmələri müşkülə çevrilən neftçilərin hüquqları ilə bağlı həyəcan təbili çalan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı aidiyyatı üzrə ünvanlayıb.

M.Qəhrəmanlı daha sonra sual edib: "Bəs qalanı?"

Məsələ diqqətimizdədir.
Ardını oxu...
“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxlərdən bir neçəsi maddi və mənəvi ziyana görə təzminat tələb edirlər.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, keçmiş hərbçilər dəymiş ziyana görə ayrı-ayrılıqda iddia qaldırıblar.

Bəraət almış şəxlərdən biri-leytenant Nasif Əliyevin iddiası artıq Nəsimi Rayon Məhkəməsində ictaata qəbul olunub. İddiaya martın 30-da hakim Səməd Cəfərovun sədrliyi ilə baxılacaq.

Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Ardını oxu...
Prezidentin 22 il qabaq verdiyi aktlar əlil və şəhid ailələrinə tətbiq edilmir
“Heydər Əliyev ili”ndə ən çox hansı ərazidəsə 100 ağac əkilməsi kampaniyaları diqqət çəkir . Bu kampaniyaların elə kampaniya xarakteri daşıması heç kimə gizli deyil. Nədən ölkədə bir qarış torpaq sahəsi qalıb ki, 100 ağac demirik, bircə ağac əkmək mümkün olsun? Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 14 il qabaq Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin yerini və bütöv yaşayış kompleksini PA-nın, NK-nın , BŞİH-in , Nərimanov RİH -in “dövlət məmurları”nın (dövlətin əlil və şəhid ailələrinə tikdiyi evi işğal edən məmurun adı yalnız dırnaq içində ola bilər- M. B. ) villaları, kommersiya obyektləri necə işğal edibsə, heç bir ağac əkməyə də yer qalmayıb. Amma dörd yandan bir metrlik məsafədən “əlil-şəhid evi”ni hasarlayan məmur villalarının hasar dibində əkdiyi yolkaların kölgəsi əlil və şəhid ailələrinə çətir rolunu oynaya bilmir. Villaların kölgəsi elə möhtəşəmdir ki, üçqatlı villa dördqatlı “əlil evi”ndən bir boy da hündürdür ! “Şəhid-əlil evləri”nə heç gün işığı da düşmür , düşən yolkaların su şırnağı ilə “çimizdirilməsi” zamanı mənzilin rütubətli su ilə dolmasıdır. İki oğlunu Qarabağ savaşına verən şəhid anası bu su şırnağı “qonaqlığı”ndan mənzilini qoyub qaçmağa məcbur olub. ..
Qarabağ qaziləri və şəhid ailələri mərhum prezident Heydər Əliyevin 100 illiyində onlara diqqətin 100 faiz artırılmasını, prezident aktları ilə müəyyən edilmiş cüzi vəsaitlərin həcminin ən azı 100 manata çatdırılmasını diləməkdə haqlıdırlar. Təsəvvür edin, Heydər Əliyevin sağlığında verdiyi fərman və sərəncamlarla Qarabağ əlillərinə ayrılan müavinətlərin məbləği son 20-30 il ərzində nəinki dəyişməz qalıb, əksinə, verilməsindən də imtina olunub! (?) Prezident Heydər Əliyevin 26.12.2013 tarixli 613 saylı fərmanının və 29.12.2000 tarixli 597 saylı sərəncamının icrasının sosial -maliyyə qurumlarının icra etməkdən imtinasını diqqətə çatdıraq.
2002-ci ilə kimi müharibə veteranları, Qarabağ əlilləri və şəhid ailələri kommunal, nəqliyyat və digər xidmətlərin haqqını , hətta notarial hərəkətlər edilərkən dövlət rüsumunu ödəməkdən qanunla azad idilər. 2002-ci ildən sözügedən güzəştlərin müavinətlərlə əvəz edilməsi Milli Məclisin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunu ilə doğrulanıb. Bu qanuna uyğun olaraq Prezident 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASI ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ GÜCLƏNDİRMƏK məqsədi ilə qərara alıb :
1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün , müstəqilliyinin və Kostitusiya quruluşunun müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, Böyük Vətən (?-M. B. ) müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə , müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara -26 manat; (Prezident fərmanına 5 yanvar 2021 -ci il tarixli 1244 saylı və 22 noyabr 2022-ci il tarixli 1878 saylı fərmanlarla dəyişiklik edilərək, “130 min manat” “26 manat”la, “əlil” sözü “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunub- M. B. )
Böyük Vətən (?-M.B.) müharibəsi iştirakçılarına -25 manat;
Həlak olmuş döyüşçülərin dul arvadlarına -18 manat;
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli “Şöhrət” ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə -12 manat;
Böyük Vətən (?-M. B. ) müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə -12 manat. ( 31 dekabr 2020 tarixli 1223 nömrəli fərmanla “ŞƏHİD AİLƏSİ ÜZVLƏRİNİN HƏR BİRİNƏ” sözləri çıxarılıb – Bu da ZƏFƏR BAYRAMI ilə bağlı şəhid ailələrinə hədiyyə! (?)
Qarabağ müharibəsi veteranlarına fərmanın 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulan 11 manat müavinət 22.01.2007 tarixli 514 saylı fərmanla qüvvədən düşmüş hesab edilib. Qarabağ savaşı veteranlarına, şəhidlərinə ögeylik göz qabağındadır. Bu ögeylik Qarabağ əlillərinə ilgidə də özünü göstərir. QARABAĞ ƏLİLLƏRİNƏ PREZİDENT FƏRMANI İLƏ MÜƏYYƏN EDİLMİŞ 26 MANAT MÜAVİNƏTİN VERİLMƏSİNDƏN İMTİNA EDİLİR. ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu imtinanı 07.02.2006 tarixli “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi ilə əsaslandırır. Bu əsaslandırmanın əsassız olduğunu fərmanın və qanunun özü ortaya qoysa da, baxan yoxdur, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “dedığım dedığdır” deməyindən əl çəkmir. Sözügedən filial anlamaq istəmir ki, prezident fərmanı ilə əlillərə ayrılan müavinət sosial müavinət yox, ləğv edilmiş güzəşt əvəzi kompensasiyadır. Bunu anlamaq belə çətindir ki, anlamayasan ki, ŞƏXS ƏLİLDİRSƏ MÜTLƏQ YA SOSİAL MÜAVİNƏT İLƏ YA DA ƏMƏK PENSİYASI İLƏ TƏMİN OLUNUR? Yəni “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsində kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxsin əmək pensiyası hüququ qazandıqda dayandırılması doğrulanıb. Belə çıxır, Böyük Vətən (?-M.B) əlilləri və iştirakçılarının müavinəti dayandırılmır ki, onlar hələ də əmək pensiyası yox, sosial müavinət alırlar ? Özü də cəmi 25-26 manat? Qarabağ əlillərinə ayrılan sosial müavinətlərin 26 manatdan on dəfə çox olmasını, “Sosial müavinətlər haqqında” qanunun 5-ci maddəsinə görə, müavinəti seçmək hüququnun olmasından da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xəbəri yoxdur? Filialın “mənimsəmə məntiqi”nə görə, Qarabağ əlilləri 220 manatlıq sosial müavinəti yox, 26 manatlıq müavinəti seçiblər? Və 2006-cı ildə əmək pensiyaçısı olduqlarından bu 26 manatdan da məhrum ediliblər? Məntiqin mənimsəməyə yönəldiyi göz qabağındadır.
Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə Qarabağ əlillərinə ayrılan (əvvəlki qiymətlə) 50-70 min manat arası yardımın mənimsənilməsi də “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi ilə əsaslandırılır. Bu sərəncamda ki kommunal və digər xidmətlərdən bir söz belə yoxdur! Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial buna heç olmasa, başqa “əsaslandırılma” tapsın, yoxsa, mənimsəmə faktı, eldə deyildiyi kimi , ağbədiyə olur.
Uzunçuluq etməyimiz ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını Heydər Əliyevin 100 illiyində Prezidentin fərman və sərəncamlarının Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiq etməyə, uzun illər verilməyən toplam 38-40 manat arası müavinətlərin bərpasına yönəltməklə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin diqqətini isə Heydər Əliyevin 100 illiyi münasibətilə Qarabağ qazilərinə və şəhid ailələrinə ayrılan “ATA HAQQINI” 100 manata qaldırmağa yönəldirik. Heydər Əliyevin 22 ildir verilməyən 26 manatlıq aylıq müavinətini İlham Əliyev bərpa edib, 100 manata çatdırmaqla 100 illiyə qazi və şəhid ailələrinə gerçək hədiyyə etmiş olar.
Məğrur Bədəlsoy
Teref.az
 
 
 
Ardını oxu...
Azərbaycanda son illər əksər Novruz bayramları ərəfəsində verilən əfv sərəncamları ilə bağlı gözləntilər bu il özünü doğrultmadı. Halbuki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu il yanvarın 12-dən öz iclaslarını bərpa etmişdi. Sonuncu belə iclas da martın 14-də gerçəkləşmişdi. Ona görə də bəzi yerli sayt və sosial şəbəkələrdə Novruz bayramı öncəsi Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər ifadə edilirdi.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Turan”a bildirib ki, bu il 10 iclas keçiriblər: “Bütövlükdə 1300-dən artıq müraciətə baxılıb və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub”.

Onun sözlərinə görə, Əfv Komissiyanın iclasları geniş müzakirə formasında keçirilir: “Hər bir daxil olan müraciətə əsaslı yanaşılır və hərtərəfli, obyektiv yanaşma tətbiq edilir. Bunun üçün Əfv Komissiyasının iclaslarında hər şərait yaradılır. Hər kəs öz fikrini söyləmək imkanına malikdir. Bəzi hallarda iclaslarımız dörd saata qədər davam edib. Bu da onu göstərir ki, müzakirə mühiti yüksək səviyyədədir və hər şəxsə çox diqqətli münasibət göstərilir”.

Nuriyev deyib ki, komissiyanın iclasları aprel ayı ərzində də davam edəcək: “Düşünürük ki, may ayında növbəti əfv sərəncamı verilə bilər. Əlbəttə ki, əfv sərəncamı Heydər Əliyevin anadan olmasından 100 illiyi münasibətilə həyata keçirilən tədbirlərin sırasındadır”.

Əfv sərəncamına kimlərin düşüb-düşməməsi məsələsinə gəlincə isə, o bildirib ki, son qərarı dövlət başçısı verir: “Ona görə də bəri başdan fikir söyləmək etik baxımından düzgün olmaz. Həm də hər bir daxil olan müraciətlərin şəxsi məlumat olduğunu nəzərə alaq”.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov da AzadlıqRadiosuna bildirib ki, növbəti əfv sərəncamının veriləcəyi gözləniləndir: “Amma neçə nəfərin, hansı şərtlərlə azad olunması ilə bağlı nəsə söyləmək çətindir”.

Onun sözlərinə görə, indiki şəraitdə siyasi məhbusların dəqiq sayını demək çətindir: “Hazırda cəmi bir dənə siyasi məhbusların siyahısı var və biz bu siyahıya istinad edirik. Həmin siyahıda 90-dan artıq ad var”.

Amma hüquq müdafiəçisinin vurğulamasına görə, son dönəmlər həbs olunan bəzi şəxslərin adları ora, hələlik, əlavə edilməyib: “Azərbaycanda istintaqın və məhkəmələrin vəziyyəti elədir ki, həbs olunanların çoxunu elə siyasi məhbus hesab etmək olar. Ona görə də say haqqında danışmaq çətindir”.

Əhmədovun düşüncəsinə görə, Azərbaycanda siyasi məhbus problemi həll edilməyəcək: “Avtoritar rejimlərdə, diktaturalarda hakimiyyətin siyasətinə qarşı müqavimət varsa, istər-istəməz siyasi məhbuslar da yaranır. Yəni avtoritar rejimlər üçün siyasi məhbusların olması təbiidir. Hakimiyyətin indiki xarakterinə və davranışına baxıb heç kim deyə bilməz ki, siyasi məhbus problemi həll olunacaq”.

Azərbaycanda son əfv sərəncamı ötən il mayın 27-də-Müstəqillik Günü ərəfəsində verilib. Sərəncam 210-dan çox şəxsə şamil edilib, onlardan 170-ə qədəri azadlığa çıxıb. Əfv olunanlardan təqribən 20-si siyasi məhbus sayılan şəxslər olub. Hərçənd, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı rəyləri bölüşmürlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Ardını oxu...
“Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır”,

Bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitlərin oğurlanması və s. üzdə olan problemlərdir:
“Təqaüd və maaşların artırılması ilə bağlı fikir səsləndiriləndən sonra bazarlarda kim necə istəyir, o qiymətidə qoyur. Bu, azad bazar siyasəti deyil, özbaşınalıqdır, millətin həyatı və əsəbləri ilə oynamaqdır. Bəzi vəzifə sahibləri özlərindən əvvəlki qoçu qardaşlarının taleyi haqqında düşünmürlər. Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”.
S.Rüstəmxanlı qeyd edib ki, illər uzunu ana dilinin sıxışdırılmasından danışılır:
“Şəhərə çıxanda çevrənizdə başqa dillərdə danışanların ildən-ilə artdığını görəndə özünüzə sual verin, biz hansı ölkədə yaşayırıq? Bakıda birinci sinif rus məktəblərinə gedən uşaqların sayı artır. Deyəcəksiniz ki, vətəndaş seçimində sərbəstdir. Unutmayın ki, bugünkü sərbəstliyin altında sabahkı separatizm, milli hökumətə sayqısızlıq, ölkənin özgələşməsi dayanır”
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Dünyapress TV

Xəbər lenti