Ardını oxu...
Martın 18-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlayır. Həmin marşrut üzrə biletlər artıq martın 4-dən satışa çıxarılıb.
Bu münasibətlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, nəqliyyat üzrə ekspertlər və blogerlərin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil edilib. 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart, biznes və birinci sinif olmaqla ümumilikdə 364 yer var. Qatar həftəsonları, hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Bazar günü saat 19:00-da isə Qəbələdən Bakıya yola düşəcək və saat 22:20-da mənzil başına çatacaq.

Qeyd edək ki, Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 , biznes sinfi üçün 31, birinci sinif üçün isə 93 manatdır.

Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından almaq olar.

DİA.AZ-ın məlumatına görə, qatar nəqliyyatı təhlükəsizliyə və sürətli gedişə görə cəlbedici olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, pula və zamana qənaət əhalini bu nəqliyyat növündən istifadəyə təşviq edir:

"Bakıdan Qəbələyə 3 saat 40 dəqiqəyə çatmaq o qədər də sürətli deyil. Bakıdan Qəbələni mərkəzinə 216 km məsafədir və avtomobillə təxminən 2 saat 45 dəqiqəyə çatmaq mümkündür. Hətta Bakı-Şamaxı yolu yenidən qurulub və ən azından Şamaxıya qədər daha sürətlə çatmaq olur. Yəni Avropada şəhərlərarası sürət qatarlarının özəlliyi sürətli və ucuz olmasıdır. Həmçinin Qəbələyə taksi qiymətləri də 10-12 manat təşkil edir. Bu nöqteyi nəzərdən götürsək, qatarın nə qiyməti, nə də çatış vaxtı uyğun deyil. Bunun ciddi bir tələb görəcəyini isə gözləmirəm".

Ekspert qeyd edib ki, praktikada bu qatarlardan tez-tez istifadə edilir:

"Bu isə əhaliyə seçim imkanı yaradır. Yəni bir qatara çatmadıqda, digəri ilə gedə bilirsən. Lakin bu xətt üzrə hərəkət gündə bir dəfə olacaq. Gündə bir dəfə reysin olması isə bu qiymətə görə doğru yanaşma deyil. Digər tərəfdən Qəbələ dəmiryolu stansiyası şəhərin mərkəzindən xeyli uzaqdadır.

Oradan mərkəzə gəlmək üçün, avtobus xidməti olmadığına görə taksidən istifadə edilməlidir. Bu da təxminən 3-4 manatlıq əlavə xərc deməkdir. Ümumiyyətlə, belə nəqliyyat növlərində daha çevik qiymət sistemindən istifadə etmək lazımdır.

Məsələn, tələbələr üçün tələbə kartı ilə bilet alarkən daha ucuz tarif ola bilər. Və yaxud təqaüdçülərə müəyyən üstünlüklər verilə bilər. Yəni indiki kimi konkret qiymətin olması doğru deyil".
Ardını oxu...
İsmayıllı rayon sakini Kamran Baxtıyev Toplum TV-nin qaynar xəttinə yazaraq güzəranından gileylənib. Şikayətçi heç bir yerdən gəliri olmadığını, beş az yaşlı övladı olduğunu və onların tələbatını ödəyə bilmədiyini deyir.

“Evimiz uçuq, salxaq evdir. Şəraitim olduqca pisdir. Beş azyaşlı övladım var və mən bir ata olaraq onların tələbatını ödəyə bilmirəm. Ünvanlı sosial yardım üçün müraciət edirəm, deyirlər işin olmalıdır ki, sənə yardım edə bilək. İşi haradan tapım?! Rayon yerində iş üçün hara müraciət edirəm, deyirlər, işi kim itirib ki, sən tapasan. 4 ildir İsmayıllı rayon məşğulluq mərkəzinə gedib gəlirəm ki, mənə fəhləlik işi də olsa, verin, işləyim. Deyirlər, iş olanda xəbər edəcəyik. Ancaq 4 ildir heç bir xəbər yoxdur. Telefonum olmadığı üçün qonşunun telefonundan zəng edib maraqlanıram, tez-tez gedirəm. Ancaq onlardan bir səs çıxmır. Sonuncu dəfə dedim ki, iş yoxdursa, heç olmazsa inək, qoyun-quzu verim saxlayım, dolanım. Onda da deyirlər ki, sənin heyvan saxlamaq üçün yerin yoxdur. Həyətim balacadır. Bəs mən nə edim, necə edim ki, övladlarımın qarnını doyuzdura bilim”.

İsmayıllı rayon Məşğulluq Mərkəzinə günlərlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.

Ünvanlı sosial yardıma gəlincə isə bu kimi şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, əgər vətəndaş əmək qabiliyyətli şəxsdirsə, məşğul şəxs olmalıdır ki, onun ünvanlı sosial yardım məsələsinə baxılsın.
Toplum TV
 
Ardını oxu...
“Tək qadınlar deyil, eləcə də kişilər üçün təqaüd yaşının artırılması ilə bağlı qərara yenidən baxılmasına ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ombudsmanın qadınların pensiya yaşının azaldılması ilə bağlı təklifini şərh edərkən deyib. Natiq Cəfərli bildirib ki, Azərbaycanda təqaüd yaşının artırılmasına ehtiyac yox idi:
“Bu addım dünyada gedən proseslərə uyğun və paralel olaraq atılıb. Amma Azərbaycanda, dünyada, əsasən də Avropa ölkələrində pensiya yaşınının artırılmasının tək səbəbi demoqrafik böhrandır. Yəni, gənc nəsilin daha az olması, iş yerləri ilə problemlərin azalması və s. Məsələn, indi Fransada bu məsələ yenidən gündəmə gəlib, pensiya yaşını 65-ə qaldırmaq istəyirlər. Bizdə belə bir problem yoxdur. Bizim gənc və dinamik toplumuz var, əksinə gənclərin işsizlik problemi var. Bu mənada pensiya yaşınının artırılmasına ehtiyac yox idi. Azərbaycan bu mənada digər ölkələrdən fərqlənir”.

İqtisadçı ekspert əlavə edib ki, orta ömürlülük yaşının Azərbaycanda çox da böyük olmadığını təəssüflə qeyd etsək, pensiyaya çıxandan sonra çox az müddətdə insanların təqaüd alma imkanları olur:
“Bunu nəzərə almaq lazımdır. Amma bizdə bir başqa problem də var. Məsələn, Fransada, Avropada bu məsələ gündəmə gələndə ciddi şəkildə insanların etirazına səbəb olur. Onlar təqaüd yaşının artmasına etiraz edirlər. Bizdə fərqlidir, insanların böyük qismi təqaüd yaşının artırılmasını doğru sayırlar. Bu da onunla əlaqədardır ki, iş yerində gəlirləri təqaüddən daha çox olur. Məsələn, Azərbaycanda qadınların ən çox çalışdığı sahə məktəb müəllimliyidir. Bu sahədə təqaüdə çıxanlar az təqaüd alırlar, amma maaşları daha yüksəkdir”.
Natiq Cəfərli hesab edir ki, Azərbaycanın təqaüd sistemi yenidən qurulmalıdır:
“Bir tək dövlətin əlində olan Dövlət Təqaüd Sığorta Fondundan əlavə özəl fondlar olmalıdır. İnsanların daha yüksək təqaüd alması üçün yeni şərtər yaradılmalıdır ki, insanlar pensiyaya çıxmağa maraqlı olsunlar”.
Qeyd edək ki, Ombudsman qadınların pensiya yaşının azaldılmasını təklif edib.
 
 
 
Ardını oxu...
Əfv Komissiyasının iclasları intensivləşib. Yayılan məlumatlara görə, artıq 1000-dən çox müraciətə baxılıb. Bəzi təcrübələri yada salsaq, mümkündür ki, Novruz bayramı ərəfəsində Prezidentin əfv sərəncamı imzalansın. İlham Əliyevin bir imzası ilə yüzlərlə dustağın azadlığa çıxması və normal həyata qayıtması gözlənilir. Bəs bu dəfə də bir çox siyasi-ictimai fəalların, o cümlədən ömürlük iş alan OMON-çuların da azadlığa çıxacağı gözlənilirmi?

Bu arada Avropada yaşayan bəzi hüquq müdafiəçiləri Azərbaycandakı siyasi dustaqların siyahısını yayıblar. Leyla Yunusun tərtib etdiyi həmin siyahıya görə Azərbaycan həbsxanalarında 96 siyasi dustaq var. Bir zamanlar sayları barədə yüzlər rəqəmləri yazılan siyasi dustaqlar hər zaman əfv və amnistiya mövzularının mərkəzində olublar.

Yerli hüquq müdafiəçiləri isə Leyla Yunusun siyahısındakı şəxslərin əksərinin siyasi məhbus olmadığını bildirirlər.

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, verilməsi gözlənilən əfv fərmanı öncəsi 30 nəfər şəxsin adı olan siyahı hazırlayıblar:

“Dünən Avropa İttifaqının səfiri ilə görüşümüz oldu. Ondan da xahiş etdik ki, prezidentlə görüşləri zamanı siyahımızda adları olan şəxslərin əfv olunmasını xahiş etsin. Siyahıda OMON-çular, inanclı insanlar, "Qaranquş" dəstəsi üzvləri, keçmiş deputat Hüseyn Abdullayev, sabiq baş prokuror Eldar Həsənov və digərləri var. Siyahıda olanların bir çoxu xəstə insanlardır, əksəriyyəti uzun illərdir ki, həbsdədir. İstərdik ki, humanizm göstərilərək bu insanlar əfv olunsunlar. Məsələn, cavan biznesmen var, “İdeal” mağazalar şəbəkəsinin rəhbəri İlqar İsmayılov. Onun işi düzgün aparılmayıb. İstərdik ki, o da əfv olunsun".

Bu arada “Xural TV”nin baş redaktoru Əvəz Zeynallının azadlığa buraxılması üçün petisiya imzalanır. Artıq petisiyanı 200-ə yaxın vətəndaş imzalayıb.

Hüquq müdafiəçisi deyib ki, “Xural TV” rəhbəri Əvəz Zeynallının azad olunması üçün mütəmadi olaraq müraciətlər olunur: “Əlbəttə ki, çox istərdik ki, Əvəz Zeynallı azad olunsun. Onun fəaliyyəti ümumilikdə cəmiyyətin xeyrinə idi. "Xural TV" bir pəncərə idi və hər kəsin üzənə açıq idi. Kim istəyirdisə sözünü ölkə rəhbərliyinə çatdırsın, Prezident Administrasiyasının qarşısına getmirdi, “Xural TV”yə gəlib çıxış edirdi. Bu baxımdan, Əvəz Zeynallı cəmiyyət üçün faydalı idi. İndiki mərhələdə onun istintaq, məhkəmə dövründə azad olunmasını istəyirik. Ümid edirik ki, bu yöndə çağırışlarımıza humanism prinsiplərindən çıxış etməklə reaksiya veriləcək. Bu gün Azərbaycanda stabillik var və bu stabilliyi qorumaq lazımdır. Bu gün internet TV-lərdə iqtidar-müxalifət dartışmaları aparılır. Bunun özü cəmiyyətin inkişafı üçün çox müsbətdir. Bu baxımdan, belə ictimai fəaliyyətə töhfə verən Əvəz Zeynallının da azad edilməsi işin xeyrinə olar".

Hüquq müdafiəçisi deyib ki, Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər: “Bu siyahı hansı kriteriyalara əsaslanaraq yazılıb? Bunu bilmirəm. Bizim hazırladığımız siyahıda 30 nəfərin adı var. Bəli, siyahıda Gəncə hadisələrində həbs olunanlar, dindarlar, siyasi partiyaların üzvləri var. Lakin qeyd edim ki, Gəncə işi ilə bağlı araşdırmalar gedir və onlardan bəziləri artıq azadlığa buraxılıblar. Bəziləri də aktiv iştirak edənlər, ölümlərdə suçu olanlardır. Lakin qeyd etdiyim kimi, elələri var ki, tədricən azadlığa buraxılacaqlar. "Tərtər işi"ndə də azadlığa buraxılanlar var və bu proses tədricən davam edir. Onları biz niyə siyahıya salmalıyıq?"

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, veriləcək əfv fərmanından gözləntiləri böyükdür: “Xeyli insanın azadlığa çıxmasını istəyirik. Söhbət təkcə siyasi motovlərlə, blogerliyə, aktiv faəliyyətinə görə tutulanlardan getmir. Ortaya atılan 96 nəfərlik siyahı ilə də maraqlanmışıq. Müəyyən kateqoriyadan olan insanların azadlığa çıxması üçün o siyahıya adları salınıb.

Həmin siyahılarda olan bəzi şəxslərin azad edilməsini biz də istəyirik. Amma bir şəxsin xaricdə oturub belə siyahılar tərtib etməsini də düzgün hesab etmirəm".

Hüquq müdafiəçisi deyib ki, Əfv Komissiyasına, Prezidentə özlərinin tərtib etdikləri siyahını təqdim ediblər: “Gözləyirik ki, siyahımız nəzərə alınacaq. Əvəz Zeynallıya gəlincə, onun işini daim diqqətdə saxlayırıq, onun azadlığa çıxmasını istəyirik. Məsələ budur ki, hazırda Əvəz Zeynallının məhkəməsi olmayıb. Biz hazırda Əvəz Zeynallının məhkəməyə qədər ev dustaqlığına buraxılmasını istəyirik. Ümumiyyətlə isə belə praktika da var ki, Əfv Komissiyasının təqdim etdiyi siyahıda olmayan insanları da Prezident əfv edə bilər. Biz də çox istərdik ki, cəmiyətin diqqət mərkəzində olan belə şəxslər əfv olunsunlar”.

Xatırladaq ki, “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var. Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir. Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və onları qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.
Ardını oxu...
Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərindən və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə İşçi qrup formalaşdırılacaq.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2023-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Maliyyə Monitorinqi Xidməti işçi qrup formalaşdıracaq. Nəticədə qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması təmin olunacaq.
 
Ardını oxu...
Əfv Komissiyasında baxılan müraciətlərin sayı açıqlandı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 900-ü ötüb.

Komissiyanın növbəti iclası isə martın 7-də keçiriləcək.
 
Ardını oxu...
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi Bakıya qeyri-təbii axının olması, regionların boşalması və bunun yaratdığı problemlər, eləcə də prosesin qarşısının alınması ilə bağlı təkliflərlə çıxış edib.

Bakupost.az ictimai birliyin bununla bağlı mətbuata açıqlamsını təqdim edir:

Bu gün Azərbaycanda ən ciddi problemlərdən biri Bakıya axının davam etməsidir.

Ölkə ərazisinin 2,5%-ni təşkil edən paytaxt əhalinin 25%-dən çoxunu özündə cəmləşdirib. Qeyri-rəsmi məlumatlara görə isə bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır.

Hər gün regionlardan 500 mindən çox insan paytaxta qısamüddətli giriş-çıxış edir. Paytaxtın avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur.

Son 30 ildə qeyri-təbii urbanizasiya paytaxtda və bütövlükdə ölkədə ciddi problemlərə səbəb olub. Kəndlərdə əhalinin sayı sürətlə azalıb. Bu da bölgələrdə iqtisadi inkişafa, kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib. Paytaxtın həddən artıq "yüklənməsi" ekoloji vəziyyətin pisləşməsi, çirklənmə, tıxaclar və s. kimi ciddi problemlərin yaranmasına səbəb olub. Tənzimlənməyən miqrasiya Bakının və ətraf qəsəbələrin görünüşünə də təsirsiz ötüşməyib. Eyni zamanda kommunal təchizatda ciddi yüklənmələr müşahidə olunur.

Qeydiyyatsız yaşama paytaxtda ictimai sabitlik baxımından da problemlər yaradır. Belə ki, hər il Bakıda baş verən cinayət hadisələrinin təqribən 35 faizi digər şəhər və rayonlarda qeydiyyatda olan və Bakıda yaşayan insanlar tərəfindən törədilir.

Vətəndaşlarının az qala 3/1-nin paytaxtda məskunlaşması, əhalinin 15-20 faizinin qeydiyyatsız, qanunsuz tikilən evlərdə yaşaması ilə bağlı tədbirlər görülməli, ciddi fəsadlar yaradan tənzimlənməyən miqrasiyanın qarşısının alınması üçün mübarizə aparılmalıdır. Çünki belə davam edəcəyi təqdirdə gələcəkdə daha ciddi problemlər ortaya çıxa bilər. Tərəddür etmədən deyə bilərik ki, heç bir ölkədə bu sayda qeydiyyatsız yaşama halları mövcud deyil.

2007-ci ildən fəaliyyət göstərən və miqrasiya sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi olaraq mövcud vəziyyətin hərtərəfli araşdırılmasını zəruri hesab edir, Bakı şəhərinə axının qarşısını almaq üçün inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək təklif edirik:

1. Əsas istiqamət kimi regionlarda yeni iş yerlərinin açılması və investorların regionlara cəlb edilməsi təşviq olunmalıdır.

2. Ali təhsil müəssisələrinin Lənkəran, Gəncə, Quba, Sabirabad, Şirvan, Şamaxı, Şuşa kimi yaşayış məntəqələrinə köçürülməsi təmin edilsin. Özəl ali təhsil müəssisələrinin regionlarda açılması stimullaşdırılmalıdır.

3. Hüquq-mühafizə orqanlarının mərkəzi orqanları istisna olunmaqla digər nazirliklər rayonlara köçürülməlidir. Məsələn, Mədəniyyət Nazirliyi Şuşaya, Kənd Təsərrüfatı Nazirliyi Qarabağ və ya Aran bölgəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubaya və ya Zaqatalaya, Müdafiə Nazirliyi Gəncə və ya Yevlaxa köçürülə bilər.

4. Böyük istehsal müəssisələri yaratmaq istəyənlərin bölgələrə istiqamətləndirilməsi təmin edilməlidir.

5. Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kretidlərin verilməsini təşviq edilməlidir.
 
 
 
Ardını oxu...
Almaniya Ukraynaya daha 6 ədəd "BIBER" körpü quraşdırıcısı və "Zetros" yük maşını təhvil verib.

Teref.az "Unian"a istinadən xəbər verir ki, bu barədə hökumətin dərc etdiyi yeni yardım siyahısında məlumat yer alıb.

Yardımların bundan sonra da müntəzəm qaydada davam edəcəyi vurğulanıb.
Ardını oxu...
Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə yaşayan bir çox azərbaycanlı qonşu dövlətə atılan raketlərin od-alovundan uzaq olsa da, bir müddət əvvəl aparılmış qismən hərbi səfərbərlik bir çoxunda həyəcan, qorxu yaratmışdı. Hətta evini satıb Rusiyadan köçənlər də olub, burda yaşayan azərbaycanlılar BBC Azərbaycanca ilə müşahidələrini bölüşərkən deyiblər.

Rusiyanın Ukraynaya müharibə başlatmasının bir ili tamam olur. Bu müharibə nəticəsində Ukraynada minlərlə insan həlak olub, milyonlarla insan qaçqın olub. Bəzi iqtisadi təhlilçilər deyirlər ki, Ukraynaya hücumun ildönümü ərəfəsində Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının ağırlığını hiss etməyə başlayır.

Moskvanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan azərbaycanlılar BBC-yə deyir ki, müharibənin təsirlərini daha çox bahalaşmada, Azərbaycana gedərkən təyyarə biletlərinin qiymətlərində və səfərbərlik elanına görə Rusiyanı tərk edən tanışlarının yoxluğunda hiss edə bilirlər.

2022-ci ilin sentyabrın 21-də Rusiyada qismən hərbi səfərbərlik elan ediləndən sonra Moskva-Bakı təyyarə reyslərində adi vaxtlarda 240-300 manat olan biletin qiyməti 3000-3600 manat kimi bahalaşıb.

Həm Rusiyada, həm də Ukraynada milyonlarla azərbaycanlı məskunlaşıb, amma müharibəyə başlayan Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, təqribən 2 milyondan çox azərbaycanlının yaşadığı hesab edilir.

Moskva Domodedovo hava limanı
Ötən ilin sentyabrında Rusiyada qismən hərbi səfərbərlik elan ediləndə bir neçə gün ərzində viza tələb olunmayan ölkələrə təyyarə biletlərinin qiyməti bir neçə dəfə bahalaşdı
“Artıq təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”
Artıq yeddi ildirki Rusiyada, Moskva ətrafında yaşayan Nigar Salayeva (BBC-yə danışan azərbaycanlıların bəziləri təhlükəsizliyinə görə ad və soyadlarının dəyişməsini istəyiblər) deyir ki, müharibə ilk başlayanda və hərbi səfərbərlik elan ediləndə azərbaycanlılar arasında narahatlıq, həyəcan artıb, amma bu gün bu təlaşdan əsər-əlamət qalmayıb:

“Burada yaşayan azərbaycanlıların əksəriyyəti ailəli, uşaqlıdır, gənc ailələrdirlər və hamı narahat idi ki, Rusiya vətənadaşı olduqlarına görə, onları müharibəyə apara bilərlər”.

Rusiyada qismən hərbi səfərbərlik başa çatdığından təşviş nisbətən azalıb, amma işsizlik artıb, iş tapmaq çətinləşib və hətta işlərin itirənlər də olub, Nigar Salayeva əlavə edib.

Onun sözlərinə görə, işini itirənlər təkcə azərbaycanlılar deyil.

Nigar Salayeva xatırlayır ki, bir il əvvəl başlayan müharibəyə görə, qorxudan, təşvişdən bəzi azərbaycanılar evlərini satıb Azərbaycana qayıdıblar, müvəqqəti Türkiyəyə gedənlər də olub:

“Evini-eşiyini, hər şeyini satıb Azərbaycana gedənlər oldu burda. Rəfiqəmgilin ailəsi neçə il burada yaşasalar da köçüb qayıtdılar Lənkərana. Elə adamlar oldu ki, səfərbərliyə görə gizlənməli oldu. Həyat yoldaşım atasının təkidi ilə Azərbaycana getdi, amma 10-15 gün qalıb, qayıdıb gəldi Moskvaya. Biz çoxuşaqlı ailəyik deyə, yoldaşımı [müharibəyə] aparmayacaqlarını bilirəm, amma yenə də narahatıydıq ki, qanunsuz apara bilərlər”.

Onun sözlərinə görə, Moskvadakı bazarların birində ticarətlə məşğul olan həyat yoldaşının işində bir az problem yaranıb, işləri zəifləyib:

“Müharibənin əvvəlində çox problemlər yarandı, amma sonradan hər şey normallaşdı. İndi hətta ruslar arasında da təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”.

Müharibə başlayandan sonra Rusiyadakı azərbaycanlıların üzləşdikləri çətinliklərdən biri də Azərbaycana gedib-gəlməkdə üzləşdikləri “hədsiz baha təyyarə biletləri” olub.

“6-7 ay əvvəl atam rəhmətə getdi və biz ailəvi getmək üçün təyyarə biletinə 300 min rubl pul ödədik. Bu, Azərbaycan manatı ilə 7 min manata yaxın puldur. Normal halda bu məbləğ 60 min rubl ətrafında olurdu, yəni 1300-1500 manat ətrafında. Bəzən bayram ərəfələrində də bahalaşma olurdu, amma bu dəfə elə olmadı. Hazırda qiymətlər enib, amma müharibədən əvvəlki kimi deyil”, – Nigar Salayeva BBC Azərbaycancaya deyib.

Moskva metrosu
Moskvada yaşayan Mübariz Qasimi deyir ki, ölkə daxilində əvvəllər görmədikləri qədər yoxlamalar var, “iş icazəsini soruşurlar, metrolarda yoxlamalar aparılır”.
“Rusiya avtoritar ölkə olsa da alternativlər tapa bilib”
Artıq dörd ildir Moskvada yaşayan Mübariz Qasiminin sözlərinə görə, Rusiyada müharibənin ilk altı ayı çətinliyi gözlə görüləcək dərəcədə olmayıb:

“Ancaq sentyabrda səfərbərlik qərarı veriləndə bu, həm azərbaycanlılara və eləcə də Rusiyada yaşayan hamıya təsir etdi. Tanıdığımız azərbaycanlılara da çağırış gəldi, fərqi yoxdur, onlar bir aydır alıblar vətəndaşlığı, ya beş ildir. Rusiya vətəndaşlığını almış bəzi azərbaycanlılar ölkəni təcili tərk elədilər”.

Mübariz Qasimi restoran biznesində çalışır və daha çox turistlərin yoxa çıxması onun işinə təsir edib.

“Müştərilərimizin sayı azalıb, məcbur qalıb işçilərin də sayını bir-iki nəfər azaltdıq. Qiymətlər bahalaşıb, əsasən də ərzaq, gigiyenik vasitələr, ölkəyə gəlməsinə qadağalar qoyulan tanınmış markaların elektron-texnika məhsulları”.

Onun sözlərinə görə, Moskvada və digər Rusiya şəhərlərində Qərbin brend geyim dükanları bağlanıb.

Mübariz Qasimi deyib ki, ümumi iş yerləri ilə bağlı elə də narahatlıq yoxdur, çünki iş yerlərini tərk edənləri başqaları əvəzləyib.

“Həyat davam etsə də ölkə daxilində əvvəllər görmədiyimiz qədər yoxlamalar var, insanların iş icazəsini yoxlayırlar, hər addımbaşı yoxlayırlar, metrolarda daha çox yoxlamalar aparılır”, – o bildirib.

Mübariz Qasiminin sözlərinə görə, BMW, Audi, Mercedes, Porche və başqa Avropa avtomobil şirkətləri yeni modellər göndərmir və ona görə də Rusiyada Çin istehsallı avtomobillər daha geniş yayılmağa başlayıb və qiymətlər də bahadır:

“Ümumiyyətlə, buradakı azərbaycanlıların əsas qayəsi müharibəyə gedib hədər yerə məhv olmamaqdır. Rusiya vətəndaşlığı alan azərbaycanlıların çoxu ölkəni tərk elədilər, amma son vaxtlar bəziləri qayıdır. Ancaq yeni səfərbərlik elan ediləcəyi ilə bağlı şayiələr də yayılır”.

Onun fikrincə, müharibənin təsiri Qərb dövlətləriylə böyük biznesi olan azərbaycanlılara olub və sanksiyalar onların işlərində ləngimələr, geriləmələr yaradıb, sifarişlər, çatdırılmalar problemlə üzləşib:

“Ancaq Rusiya, demək olar, hər sahədə alternativlər tapıb. …Ən çox bəyəndiyimiz odur ki, nə qədər avtoritar idarəetmə olsa da, Rusiya ehtiyatlar baxımından, özünü vəziyyətdən çıxarmaq baxımından müsbət nəticələr əldə edə bilir”.

Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb.
Rusiyanın Federal Statistika Xidmətinin məlumatına görə, fevralda Moskva ətrafındakı İstra şəhərində supermarketdə xiyarın qiyməti iki ayda 53 faiz bahalaşıb
“Bahalaşma olsa da endirimlər vaxtı alış-veriş edirik”
Müharibə yeddi ildir Moskvada yaşayan Bahar Hüseynovanın ailəsinə birbaşa təsir etməyib, çünki həyat yoldaşı “dövlət işində” çalışır və iş yerindən ona hərbi xidmətə aparılmayacağı ilə bağlı arayış verilib.

Ona görə də ərinin səfərbərlik və işini itirməklə bağlı problemi olmayıb.

Elə Rusiyadakı bahalaşmadan da yayınmağa çalışırlar:

“Hər kəs ayağını yorğanına görə uzadıb alış-verişini edir. Geyimdə bahalaşma yoxdur, düzdü bizim aldığımız ərzaqlarda artım oldu, amma endirimlər də tez-tez olur. Çalışıram ki, aldığım hər şeyi endirim vaxtı alım ki, bahalaşmanı hiss etməyək”, – Bahar Hüseynova bildirib.

Azərbaycana təyyarə biletlərinin baha olması onlar üçün müharibənin özünü göstərdiyi ən ciddi amildir:

“Bahalaşma yeni deyil. Azərbaycana gediş-gəliş elə korona dövründə çətinləşmişdi. Onda biletlər də baha idi, birbaşa reys də tapmaq olmurdu, ancaq bir neçə reys dəyişməklə getmək olurdu. Ondan sonra bircə dəfə getmişəm vətənə. İndi deyirlər düzəlib” , – Bahar Hüseynova deyib.

Dünyapress TV

Xəbər lenti