Azərbaycanda pensiyaçıların sayı niyə azalır?
Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda pensiyaçıların sayı illik müqayisədə 5,4 faiz azalaraq 1096,6 min nəfər olub.

Pensiyaçıların sayı niyə azalır?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın səbəblərindən biri pensiya yaşının artırılmasıdır:
"Əvvəl Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq".
O qeyd edib ki, pensiya yaşının 65-ə qaldırılması ölkəmizdə vətəndaşın pensiyaya çıxma hüququnu pisləşdirib: "Məsələn, Almaniya və İtaliyada da pensiya yaşı 65-dir. Amma Almaniyada gözlənilən ömür uzunluğu 82 yaş, İtaliyada isə 83 yaşdır. Azərbaycanda isə ötən il doğulan insanlarda gözlənilən ömür uzunluğu 76 yaşdır. Azalma həm də o deməkdir ki, pensiyaçılar daha sürətlə vəfat edirlər. Bu, mənfi haldır. İnkişaf etmiş ölkələrdə isə əhali uzun ömür sürür".
Ekspert bildirib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir: "Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb. Nəzarəti artırmaqla saxta əlilliyin qarşısını almaq müsbət addımdır".
"İqtisadi baxımdan isə əhalinin strukturunda pensiyaçıların sayı nə qədər az olsa, bir o qədər də dövlətin yükü azalır" - deyə ekspert əlavə edib.

"Pensiyaçıların sayı yenidən stabilləşə bilər"
Azərbaycan parlamentinin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda pensiyaçıların sayının azalması yaşa görə pensiya alanların sayı ilə bağlı deyil: "Rəsmi statistika da göstərir ki, yaşa görə pensiya alanların sayında artım müşahidə olunub. Belə ki, bu ilin ilk yarısında illik müqayisədə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb. Azərbaycanda pensiyaçıların sayının azalmasının əsas səbəbi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanların sayının aşağı düşməsidir".
Deputat qeyd edib ki, əlilliyə görə pensiya alanların azalması birbaşa yenidən qiymətləndirmə zamanı əlillik alan vətəndaşlarımızın sayının azalması ilə bağlıdır: "Bu istiqamətdə həm yenidən qiymətləndirmə mexanizminin tətbiq olunması həm də şəffaflığın gücləndirilməsi pensiyaçıların sayına birbaşa təsir göstərib. Ona görə də pensiyaçıların azalması birbaşa yaşa görə pensiya alanlarla bağlı deyil".
Deputatın fikrincə, xüsusən də əlilliyin yenidən qiymətləndirilməsi dövrünün başa çatması nəticədə pensiyaçıların sayının yenidən stabilləşməsinə gətirib çıxardacaq. Əsas hədəf də ondan ibarətdir ki, yaşa görə pensiya alanların sayında artım tendensiyasını qoruyub saxlamaq mümkün olsun.

Sorğumuza nazirlikdən verilən cavab
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, daha da genişlənib:
"Buna misal olaraq, müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 57,3 faiz və ya 310 min nəfər artaraq 850 min nəfərə çatıb. O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,2 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar pensiya təminatı proqramının daha da genişlənməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verib. Həmçinin son illər qanunvericilikdə humanist dəyişikliklər edilərək daha erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib".
Nazirlikdən bildirilib ki, pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlillik müddətinin uzadılması üçün edilmiş müraciətlər üzrə şəffaf qiymətləndirmə zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi və bu səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,6 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir" - deyə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Orta aylıq pensiya 435 manat olub
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
Bu ilin birinci yarısında təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Əmək pensiyasının növləri
Xatırladaq ki, Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Qanunvericiliyə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti