Zaur Xəlilov 2015-ci ilin dekabrın 4-də Dövlət Neft Şirkətinin Günəşli yatağının 10 saylı dəniz özülündə baş verən yanğın zamanı itkin düşüb. İndiyədək bir çoxunun cəsədi tapılsa da, Zaurla bağlı heç bir məlumat yoxdur.
“İki övladımı çətinliklə heç kimin köməyi olmadan böyütmüşəm. Yaşlı qaynanam da mənim himayəmdədir”, – Zaur Xəlilovun həyat yoldaşı Günel Xəlilova deyir.
Onun sözlərinə görə, evdar qadın kimi 2 övlad böyütmək çətin olub:
“Zaur itkin düşərkən oğlum 4-cü sinifdə oxuyurdu. Dövlət tərəfindən 80 manat təqaüd verilirdi. Evdar qadın kimi iki uşağı min bir əziyyətlə böyütmüşəm. Oğlum Məlikəli Xəlilov bu il Bakl Biznes Universitetinə qəbul olub. Onun təhsil haqqı 2 min manatdır. Həyat yoldaşım sağ olsaydı, bu qədər çıxılmaz durumda olmazdıq. Oğlum təhsil almaq istəyir, amma təhsil haqqını ödəmək üçün pul tapa bilmirik”.
Günel Xəlilova bildirib ki, təhsil haqqına köməklik göstərmək üçün SOCAR-a müraciət edib. Onun ərizəsini qəbul ediblər, hətta ümid də verilib. Lakin elə həmin gün zəng edərək, Zaur Xəlilovun SOCAR CAPE-nin işçisi olduğunu və buna görə də köməklik edə bilməyəcəklərini deyiblər:
Məlikəli Xəlilov. Foto: Meydan TV
“Həyat yoldaşım SOCAR CAPE-nin işçisi idi, amma SOCAR-ın işini həyata keçirərkən həlak olub. Zaur platformada çalışmasaydı, bu gün övladlarının yanında olardı. SOCAR CAPE-yə də müraciət etdik. Dedilər ki, şirkət bizə göstəriş verərsə, yardım edə bilərik”.
Çarəsiz ana övladının təhsil alması üçün yardım göstərilməsini istəyir. Deyir ki, oğlu təhsil almaq istəyir və arzusunun reallaşmasında bir valideyn kimi ona yardım edə bilmir. 2015-ci ilin dekabrın 4-də baş vermiş yanğında 30 işçi həlak olub. Onlardan yalnız 12-nin cəsədi tapılıb.
SOCAR-dan ailənin müraciəti ilə bağlı yazılı sorğu cavablandırılmayıb. //Meydan TV//