Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.
“Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər”, deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.
Bu hüquqlar “demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır”. Aİ israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini, habelə Venesiya Komissiyasının və ATƏT DTİHB-nin yeni qanunla bağlı 13 mart tarixli rəyində yer alan tövsiyələri yerinə yetirməyə çağırır.
“Siyasi partiyalar siyasi özünüifadənin əsas kollektiv aləti olaraq vətəndaşların siyasi iradəsini ifadə etməsinə şərait yaradır.
Dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir”, deyə bəyanatın sonunda bildirilir.
Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə gözlənilməz səfər etdi. Yaponiyadan başqa “Böyük yeddilik” (G7) ölkələrinin bütün liderləri artıq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Hörmətli qonağın Ukraynaya gəlişinə qədər səfər məxfi saxlanılıb. Bundan əvvəl Kişida Yeni Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Kişida və Zelenskinin Yaponiyanın Ukraynanın yenidən qurulmasına dəstəyini müzakirə etdiyi ehtimal olunur. Kişida may ayında Xirosimada keçiriləcək G7 liderlərinin sammiti öncəsi ölkəsinin Ukraynanı dəstəkləmək əzmini nümayiş etdirmiş oldu.
Fumio Kişida ölkəsinin siyasi və iqtisadi çəkisini, habelə Ukraynanın xarici siyasətinin Asiya-Sakit Okean regionu üzrə istiqamətini nəzərə alsaq, son dərəcə mühüm qonaqdır. Səfərin səbəbləri və mümkün nəticələrlə bağlı suallara cavab vermək olar.
Birincisi, bu səfər qlobal proseslərin - ABŞ və Çin arasındakı qarşıdurmanın bir hissəsi kimi vacibdir. Çin xarici siyasətini gücləndirdi, həm də Amerika maraqlarının bu və ya digər şəkildə cəlb olunduğu münaqişələrə girərək. Tehran və Ər-Riyad arasında dialoqun açılışını xatırlaya bilərik. Yaxud Ukraynadakı müharibə ilə bağlı Çinin “mövqeyi” və Çin lideri Cinpinin Moskva səfərini misal çəkmək olar. Eyni regiondan ABŞ-ın tərəfdaş dövlətinin nümayəndəsinin Kiyevə gəlişi Pekinin təşəbbüslərini cilovlamaq baxımından məntiqlidir.
İkincisi, Yapon-Rusiya trekini nəzərə almaq lazımdır. Xatırladaq ki, Yaponiya ilə Rusiya Federasiyası arasında hələ də sülh müqaviləsi yoxdur və ərazi mübahisələri mövcuddur. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsi nəticəsində Rusiyanın qlobal oyunçu kimi mövqeyi artıq zəifləyib. Belə olan halda Yaponiya-Ukrayna münasibətlərinin aktivləşməsi və keçmiş SSRİ dövlətlərində Tokionun siyasi oyunu məntiqlidir.
Burada Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunskinin fəaliyyətini də qeyd etməyə dəyər. Yaponiya bu gün Ukraynaya kömək edir, lakin müharibədən sonrakı dövr haqqında düşünmək vacibdir. Və burada yapon biznesinin və Yaponiya hakimiyyətinin Ukrayna iqtisadiyyatına “giriş”də birbaşa maraqları var. Ona görə də Asiya istiqamətindən danışarkən, Ukrayna istiqamətinin inkişafında Yaponiya-Çin rəqabətinə şərait yarandığını söyləmək olar.
Müəllif: İxar Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.
"Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləmək qərarı sevindirici xəbərdir".
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
O xatırladıb ki, Böyük Britaniya ötən ilin may ayında Finlandiya və İsveç ilə ikitərəfli birgə təhlükəsizlik sazişləri imzalayıb. O, bu iki ölkənin "NATO-ya qəbulu zamanı və sonrasında təhlükəsizliyi ilə bağlı Böyük Britaniyanın sarsılmaz sadiqliyi"ni vurğulayıb.
"İsveçin ən qısa zamanda qəbul olunmasını təmin etmək üçün Türkiyə ilə sıx işləyəcəyəm. Eyni zamanda Böyük Britaniya istənilən Rusiya təhlükəsinə qarşı İsveçlə çiyin-çiyinə dayanacaq", - Böyük Britaniyanın müdafiə naziri vurğulayıb.
APA "i24 News"a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edən ordu generalı Maykl Kurilla Senatın Silahlı Qüvvələr Komitəsində deyib.
ABŞ generalı bildirib ki, İranın uranın inkişafı proqramı o qədər inkişaf edib ki, indi bu ölkə iki həftədən az bir müddətdə nüvə silahı üçün kifayət qədər parçalanan material istehsal edə bilər.
Kurilla Senatın Silahlı Qüvvələr Komitəsini Yaxın Şərqdəki son hadisələrlə bağlı məlumatlandıraraq, bu regionda ABŞ və müttəfiqləri üçün çoxsaylı təhlükəsizlik risklərini vurğulayıb.
"Minlərlə ballistik və qanadlı raketlərə malik olan İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket arsenalına malikdir, bu silahlarla bütün Yaxın Şərqə və Levanta qədər böyük ərazilərə zərbə endirməyə qadirdir. İran rejimi hazırda dünyada ən böyük və güniş imkanlara malik Pilotsuz Uçuş Aparatı qüvvəsinə malikdir. Son 40 ildə İranın hərbi imkanlarının inkişafı regiondakılarla müqayisə olunmazdır və bugünkü İslam İnqilabı Keşikçiləri Korpusu cəmi beş il əvvəlki halı ilə müqayisədə tanınmaz səviyyədədir. İran qonşulara qarşı təhdidlər, bütün regionda xaos və qeyri-sabitlik yayan zorakı proksi qruplara dəstək və Rusiyanın Ukraynadakı müharibəsinə dəstək kimi bədxah fəaliyyətlərindən də çəkinmir”, - Kurilla əlavə edib.
“Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”.
Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Dünən və bu gün Özbəkistan Prezidenti, Azərbaycan Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Türkmənistan Xalq Məsləhətinin sədri, Macarıstanın Baş naziri ilə ikitərəfli görüşlər keçirdim. Liderlər kimi imzaladığımız sammit bəyanatı ilə biz müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək iradəmizi açıq şəkildə nümayiş etdirdik.
Dünya siyasətində önə çıxan ölkələr və birliklər səhiyyədən maliyyəyə, təhlükəsizlikdən ksenofobiyaya, qeyri-qanuni miqrasiyadan siyasi və sosial qeyri-sabitliyə qədər bir çox problemlə mübarizə aparır. Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilməsi gözlənilən dördtərəfli toplantı ləğv edilib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Sözügedən görüşün niyə təxirə salındığı və yeni tarixi ilə bağlı məlumat paylaşılmayıb.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitriy Peskov Suriya prezidenti Bəşər Əsədlə prezident Rəcəb Tayyib Ərdoğanın bir araya gəlməsi üçün hələ çox hazırlıq və görüşlərin görülməli olduğunu bildirib.
Əsəd və Putin arasında aparılan danışıqlarda Suriya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində irəliləyişin olub-olmaması sualına cavab verən Peskov, Suriya-Türkiyə münasibətlərinin normallaşmasının Putin-Əsəd görüşündə müzakirə edilən məsələlərdən biri olduğunu qeyd edib.
Bəşər Əsədlə prezident Ərdoğanın bir araya gəlməsinin mümkün olub-olmaması ilə bağlı suala Peskov, “Belə bir görüşün baş tutması üçün işçi qruplarının bir sıra təmaslar etməsi lazımdır ki, onlar hazırda keçirilir. Bu işlər davam etdiriləcək”, – deyə cavab verib.
Hindistan bu ölkədə keçiriləcək “G20” sammitinə 43 dəvətnamə göndərdiyini bəyan edib. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, dəvət olunan liderlərin 20-si təşkilata üzv ölkələrin başçıları, 9-u xüsusi dəvət olunan ölkə liderləri, 14-ü isə beynəlxalq qurumların rəhbərləridir.
Hindistanın sammitin təşkilinə görə cavabdeh olan rəsmisi Amitabx Kant dəvət olunanların hamısının sammitə qatılıb-qatılmayacağı barədə qəti fikir söyləyə bilməyəcəyini deyib. Ukrayna Prezidenti Volodimir Zelenskinin də sammitə dəvət olunmasının mümkünlüyü barədə suala cavab verən Hindistan rəsmisi deyib ki, bu barədə danışmaq hələ tezdir.
Vladimir Putinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya başçısının sammitdə iştirakı istisna olunmur. Lakin hələlik bununla bağlı qəti qərar verilməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşıladı.
Prezidentlər birgə foto çəkdirdilər.
Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.
Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.
Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.
Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp Rusiyada Vladimir Putinin diktatura rejiminin dəyişdirilməsinin əleyhinə olduğunu bildirib.
“AzPolitika.info” xəbər verir ki, “Fox News” kanalına açıqlamalar verən Tramp, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ABŞ-ın strateji maraq nöqtəsində olmadığını deyib.
Onun sözlərinə görə, bu, Ukraynaya daha çox kömək etmək Avropanın məsələsidir: “Biz Avropaya kömək etməli, həmçinin Avropanın təhlükəsizliyini təmin etməliyik. Lakin Avropa özü-özünə kömək etmir. Bu müharibədə ABŞ-ın böyük ölçüdə xərclər ödəməsi çox ədalətsizdir”
Tramp Rusiyada Putin rejiminin dəyişdirilməsinə dəstək olub-olmaması ilə bağlı suala isə “qəti şəkildə yox”,- deyə cavab verib.