Ardını oxu...
Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveykonun Litva ilə bağlı sözlərinə cavab olaraq diplomata etiraz notası təqdim edilib.

“Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da tamamilə qəbuledilməzdir”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Pavel Muraveyko sonuncu müsahibəsində bildirib ki, Litva üzərindən güc yolu ilə dəhliz yaradılması dünyada pislənməyəcək. Onun sözlərinə görə, indiki vəziyyət fərqlidir və Minsk artıq Qərbin ciddi təzyiqlərinə müqavimət göstərir.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Binyamin Netenyahu ilə telefon danışığı aparacaq.
APA-nın xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilib ki, Co Bayden bu gün Binyamin Netenyahu ilə danışıq aparacaq.
 
 
 
Ardını oxu...
Şimali Koreya lideri Kim Çen In siyasi hakimiyyətin potensial varisi kimi qızı Kim Cu Aeni seçib.

Gununsesi.info “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Respublikasının birləşmə naziri Kim Yonq Ho bildirib.

Bildirilib ki, Kim Cu Aenin 10 yaşı var. Onun ilk ictimaiyyət qarşısında çıxışı ötən ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında olub. Bundan sonra o, dəfələrlə Kim Çen Inla ictimai tədbirlərdə, o cümlədən sentyabrın 8-də KXDR-in yaradılmasının 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edib.
 
Ardını oxu...
"Moskvaya səfər edən Həmas nümayəndələri ilə təmaslar Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir".

Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Jurnalistlərə açıqlamasənda deyib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin onlarla görüş keçirməyi planlaşdırmır.

Xatırladaq ki, bir az əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Moskvada səfərdə olduğunu bildirmişdi.

Həmas nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Rusiya tərəfi, xüsusən də hərəkat nümayəndələri ilə görüşdə girovların azad edilməsi və Qəzza zolağından rusların təxliyəsi məsələlərini müzakirə edib.
 
Ardını oxu...
Teref.az musavat.com-a istinadən Dünya Sakitin yazısını təqdim edir.

Bir həftə əvvəl Avropa bazarına alternativ tapdıqlarını deyirdi, amma Çin ucuz Rusiya qazını almağa həvəs göstərmir

Ötən həftə dünya siyasi gündəmini İsrail-HƏMAS qarşıdurması zəbt etsə də, iqtisadi gündəm daha çox Pekinə kökləndi. Çin paytaxtında keçirilən "Bir kəmər-Bir yol" layihəsinə həsr olunmuş forum Rusiya prezidenti Vladimir Putinin iştirakına görə əvvəlkilərdən daha çox diqqət cəlb etdi.

Bu, Putinin Ukraynadakı işğalçı müharibə başlanandan bəri uzaq xaricə ilk səfəri olmaqla yanaşı, Pekində əldə olunması gözlənilən razılaşmalar baxımından beynəlxalq medianın gündəmində oldu. Belə ki, Putinin Çin lideri Si Cinpinlə görüşü zamanı Rusiya qazının Çinə ixracını bir neçə dəfə artıracaq "Sibirin gücü-2" qaz kəmərinin çəkilməsini nəzərdə tutan layihə ilə bağlı konkret razılaşmanın əldə olunacağı gözlənilidi. Layihənin görüşdə müzakirə olunacağını Putinin mətbuat katibi Dmitri Peskov da elan etmişdi. Bundan əlavə, Pekinə Rusiya prezidenti ilə birlikdə "Qazprom" şirkətinin rəhbərliyi də geniş tərkibdə getmişdi.

Nəhayət, Pekinə getməzdən öncə Putin arxayın şəkildə Avropanın almadığı bütün qaz həcmlərinə alıcı tapdıqlarını elan etmişdi: "Biz bunu praktiki olaraq tapmışıq. Təchizatın həcmi hələ Avropa qitəsi ilə müqayisədə azdır, lakin bu ölkələrin iqtisadiyyatı genişləndikcə təchizat da artacaq, mən burada heç bir problem görmürəm".

Putinin fikrincə, Avropa Rusiya qazı olmadan dolana bilmir: "Avropa ölkələri hələ ki bizim qazımız olmadan keçinə bilmir. Onların, sadəcə olaraq, əlavə qazı əldə etməyə yerləri yoxdur. Bu, yəqin ki, mümkündür, amma çətindir, hətta mövcud alternativ fiziki həcmlər belə kifayət etmir. Biz hamımız Amerika qazını almaqdan danışırıq, lakin orada da hasilat həcmi məhduddur və onu tez bir zamanda artırmaq o qədər də asan deyil. Bunlar hamısı uzun bir dövrü əhatə edən işlərdir".

Lakin Pekində Putinlə Si Cinpin arasında 3 saatdan artıq çəkən görüşdən sonra verilən açıqlamalarda "Sibirin gücü-2" layihəsi barədə bir kəlmə olsun məlumat səsləndirilmədi. Pekində verilən yeganə açıqlama "Qazprom"la Lin Dövlət Neft-qaz Şirkəti CNPC arasında qaz alqı-satqısına dair əlavə sazişin imzalanması barədə oldu. Həmin saziş bu ilin sonunadək Çinə nəzərdə tutulandan əlavə 600 milyon kubmetr qazın nəqlini nəzərdə tutur. "Qazprom"un sazişlə bağlı bəyanatında bildirilir ki, "işçi görüş zamanı "Qazprom" və CNPC-nin sədrləri ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər". "Qazprom" "Sibirin gücü" qaz kəmərinin ikinci qolunu israrla təbliğ edir, lakin çinlilər nəzakətlə susurlar. Beləliklə, ötən həftə Pekində 2023-cü ilin martındakı vəziyyət təkrarlandı: Si Cinpin Moskvada bütün təmtəraqla qəbul edildi, lakin Çin tərəfdən enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı heç bir siqnal olmadı. Rusiya mətbuatının yazdığına görə, onlar indi də "meydana çıxmayıblar".

Çinin ilk kəmərdəki mövqeyinə görə Moskva ikincinin maliyyələşməsini birlikdə həyata keçirməyə çalışır. Məsələ burasındadır ki, "Sibirin gücü-2" mürəkkəb marşrutlu kəmərdir və onun tikintisi ən azı 10 il çəkəcək. Bundan əlavə, layihə olduqca bahalıdır: yalnız boru xəttinin çəkilməsi 55 milyard dollar hesablanır. Kəməri qazla doldurmaq üçün iki yatağın işlənməsi, Amur vilayətində qaz emalı zavodunun və onlarla kompressor stansiyasının tikintisi xərclərini daxil etsək, layihənin dəyəri 100 milyard dollara qalxacaq. Plana görə, indi layihələndirmə işləri aparılarsa, "Qazprom" 2048-ci ildən öz vəsaitlərini geri qaytarmağa başlaya biləcək. Layihədə qazın qiyməti neftin qiymətinə bağlı olduğundan, qoyulan investisiyanın qaytarılması bir barel üçün 60-90 dollar arasında hesablanıb. Üstəlik, Çin "qiymət öldürən" alıcılardandır və kəmər hazır olduqdan sonra hansı tələblərin irəli sürüləcəyini proqnozlaşdırmaq çətindir. Buna görə də Rusiya layihənin maliyyə riskini bölüşmək istəyir, Pekin isə ümumiyyətlə, layihə ilə maraqlanmadığını açıq nümayiş etdirir.

Qeyd edək ki, 2023-cü ildə "Sibirin gücü-1"lə Çinə 22 milyard kubmetr qazın nəqli planlaşdırılır. Üstəlik, əlavə 8 milyard kubmetr maye qaz satışı gözlənilir. 30 milyard kubmetr "Şimal axını 1"lə Avropaya nəql olunan qazı belə kompensasiya etmir. Analitiklərin hesablamalarına görə, Rusiyanın Avropaya qaz tədarükü 2021-ci ildəki 201 milyard kubmetrdən 2023-cü ildə 26-27 milyard kubmetrə qədər azalıb. "Qazprom" Türkiyəyə də qaz tədarük edir. Onun qiyməti neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti qalxarsa, o zaman təklifin həcmi azalar. Məsələn, bu ilin may ayında Türkiyə qaz alışını 25 faiz azaldıb, ilin sonuna qədər isə daha 7,5 azaldacağı gözlənilir. Ümumilikdə 2023-cü ildə "Qazprom" 80 milyard kubmetr qaz ixrac edəcək ki, bu da müharibədən əvvəlki 2021-ci ildən 2,5 dəfə azdır. Bu isə o deməkdir ki, hətta "Sibirin gücü 2" işə salınsa belə, bu, Avropa bazarındakı itkilərin yarısını ancaq kompensasiya edə bilər. Lakin məsələ burasındadır ki, hətta "Sibirin gücü 1"in əsas ötürücülük gücünə - 38 milyard kubmetrə çatdırılmasına da Çin tərəfi hər hansı vəsait xərcləmək istəmir. İlk əvvəldən kəmərin bütün xərclərini qarşılayan Rusiya indi onun ötürücülük gücünü artırmaq işlərini də öz hesabına həyata keçirir. Çin tərəfinin təşəbbüskarlıq etməməsinin nəticəsidir ki, kəmərin tam ötürücülük gücünə çatması müddəti 2025-ci ildən 2027-ci ilə keçirilib.

Rusiya niyə qaz ixrac bazarı kimi Çindən belə ikiəlli yapışıb? Cavab çox sadədir: Avropa İttifaqı artıq 2027-ci ilə qədər enerji sektorunu Rusiyasız quracağını bəyan edib. Maye qaz istehsalçıları yaxın 2 ildə böyük layihələr işə salacaqlar. Ən uzağı 2026-cı ildən Avropa qaz bazarında seçim imkanları 2021-ci ildəkindən daha geniş olacaq. Beynəlxalq Enerji Agentliyinin (IEA) illik "World Energy Outlook" hesabatına əsasən yeni maye qaz(LNG) layihələri üzrə istehsalın başlanması 2030-cu illərə doğru qaz bazarında təklif bolluğu yaradacaq. Hesabat müəllifləri hesab edirlər ki, təklif bolluğu bazarda təbii qazın qiymətindəki volatilliyin qarşısını alacaq, onun ucuzlaşmasını şərtləndirəcək. Onların fikrincə, qısa müddətdə təbii qaz qiymətlərindəki dəyişkənlik davam edəcək, lakin 2025-ci ildən sonra yeni LNG layihələrinin tətbiqi ilə vəziyyət dəyişəcək ki, bu da "bazarların tarazlığını pozacaq və tədarüklə bağlı narahatlığı aradan qaldıracaq".

Hesabatda qeyd edilir ki, artıq tikintisi davam edən və ya yekun investisiya qərarı qəbul edilən layihələr 2030-cu ilə qədər LNG istehsalını ildə 250 milyard kubmetr artırmalıdır ki, bu da bugünkü qlobal tədarükün yarısına bərabərdir. Qlobal maye qaz təklifində ən əhəmiyyətli artım 2025-ci ildən 2027-ci ilə qədər gözlənilir. Yeni layihələrin yarıdan çoxu ABŞ və Qətərdə yerləşir.

BEA-nın fikrincə, yeni LNG istehsalının tətbiqi qlobal qaz bazarında tarazlığa nail olmağa imkan verəcək, lakin onun istehlakının artım tempi də yavaşıyır. 2030-cu ilədək tələb və təklif 4,3 trilyon kubmetrə qədər artacaq ki, bu da 2022-ci illə müqayisədə 161 milyard kubmetr və 140 milyard kubmetr (təxminən 4 faiz) çoxdur. Eyni zamanda, 2050-ci ilə qədər analitiklər qaza tələbat və təklifin 3 faiz azalacağını və ildə 4,17 trilyon kubmetrə düşəcəyini proqnozlaşdırırlar.

Agentlik vurğulayır ki, yeni LNG güclərinin işə salınması, eləcə də qlobal qaz tələbatının artım tempinin aşağı düşməsi Rusiya üçün Asiya ölkələrinə "mavi yanacağın" tədarükünün diversifikasiyasında çətinliklər yaradır: "Qiymətləndirmələrimizə görə, yeni qaz tədarüklərinin üçdə birindən çoxu spot bazarda təqdim olunacaq. Bununla belə, yetkin bazarlar, xüsusən də Avropa bazarı struktur tənəzzülü yaşayır. İnkişaf etməkdə olan bazarlarda isə daha böyük həcmləri mənimsəmək üçün kifayət qədər infrastruktur olmaya bilər. Bazarda artıq LNG təklifi o deməkdir ki, Rusiya Federasiyası yeni bazarları fəth etmək üçün son dərəcə məhdud imkanlara malikdir. Onun qlobal qaz ticarətində 2021-ci ildəki 30 faizlik payı 2030-cu ilə qədər STEPS (mühafizəkar iqlim ssenarisi - IF) çərçivəsində iki dəfə azalacaq".

Agentliyin məlumatına görə, Çində qaz istehlakının payı 2030-cu ilə qədər 24 faiz artaraq 458 milyard kubmetrə, Hindistanda - 78 faiz artmaqla 107 milyard kubmetrə, Cənub-Şərqi Asiya ölkələrinin qalan hissəsində isə 21 faiz artmaqla 191 milyard kubmetrə çatacaq.

Beləliklə, aydın görünür ki, Rusiya öz qazını Çinə satmağa, sadəcə, məcburdur. Pekin birbaşa kəmər ideyasını müsbət qarşılamadığına görə Rusiya dolayı yollarla məhsulunu Çinə satmağa çalışır: oktyabrın 7-də Özbəkistana Qazaxıstan üzərindən ildə 2,8 milyard kubmetr qazın çatdırılması prosesinə başlanıb. Özbəkistan son illərdə qaz hasilatının azalması, istehlakın sürətli artımını yaşayır. Ölkə bu səbəbdən Çinlə qaz satışına dair müqaviləyə əməl edə bilmir. İndi isə daxili istehlak üçün qazı Rusiyadan alıb, Çinə satışı artırmaq imkanı yaranıb. Eyni proses Qazaxıstanla da gedə bilər. Astana ildə Çinə 10 milyard kubmetr qaz satmaq öhdəliyinə əməl edə bilmir, amma ötən həftə Pekində tərəflər arasında qaz alqı-satqısına dair yeni müqavilə imzalanıb. Müqavilənin detalları açıqlanmadığına görə Qazaxıstanın əlavə qaz həcmlərini haradan əldə edəcəyi bilinmir. Lakin əksər analitiklər daxili istehlak üçün qazın Rusiyadan alınması, əvəzində Çinə ixracın artırılması variantının üzərində dayanırlar.

Maraqlıdır ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan qazını Çinə daşıyan 3 xətli kəmərlər şəbəkəsinə Rusiyanın qoşulmasına hər 3 ölkə etiraz edib. Belə görünür ki, Qazaxıstan və Özbəkistan Rusiyadan qazı özləri alıb Çinə satmağa üstünlük verirlər...

Ardını oxu...
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, - XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, veriliş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib.
 
Ardını oxu...
"3+3" formatında növbəti görüş Türkiyədə keçiriləcək.

Bu barədə Tehranda keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə XİN başçıları 2024-cü ilin birinci yarısında Türkiyədə görüşəcək.

Qeyd edək ki, bu gün keçirilən toplantıda Gürcüstan tərəfi iştirak etməyib.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiya edilməsini təklif edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

“İsveçin NATO-ya qəbulu ilə bağlı protokol 23 oktyabr 2023-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”, – administrasiyadan bildirilib.
 
Ardını oxu...
Cənubi Koreya prezidenti Yun Sok-Yol krallığa səfəri zamanı Koreya Respublikası və Səudiyyə Ərəbistanı arasında 15,6 milyard dollar dəyərində 51 anlaşma memorandumunu imzalamağı planlaşdırır.

Bu barədə Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayılıb.

Oktyabrın 23-də investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı memorandumlar imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin 2022-ci ildə Koreya Respublikasına səfəri zamanı tərəflər arasında 29 milyard dollarlıq memorandum imzalanıb.
 
Ardını oxu...
Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, Gürcüstan heç vaxt bu formatda görüşlərdə iştirak etməyib.

Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti