Yüksək qan təzyiqi bütün dünyada çox yayılmış sağlamlıq problemidir. Çox vaxt problemin yalnız yaşlı insanlara aid olduğu düşünülür, amma son illər gənclərdə də hipertoniya tez-tez rast gəlinir.
Teleqraf.com xəbər verir ki, alimlərin araşdırmaların nəticəsində məlum olub ki, qan təzyiqi dəyərlərini normalaşdıran 4 vərdiş var.
1- Hərəkət edin!
Oturaq həyat tərzi hipertoniya və digər ürək-damar risk faktorlarını artırır. Buna görə də aktiv həyat tərzi sürmək lazımdır.
Fiziki fəaliyyət növü yaşa və ümumi sağlamlığa uyğun olmalıdır. İstənilən halda həftədə ən azı üç dəfə 15-20 dəqiqəlik sürətli gəzinti ilə başlaya bilərsiniz.
Həmçinin liftə minmək yerinə pilləkənlərlə qalxıb-enmək, hər gün bir az gəzmək üçün maşını işdən bir az uzaqda saxlamaq, ev təmizləmək kimi hərəkət tələb edən işlərlə məşğul olmaq sizi xeyli sağlam edəcək.
2- Sağlam qidalanın!
Düzgün qidalanma hipertoniyanın həm qarşısını alır, həm də müalicə edir. Tərkibində çoxlu duz olan bütün qidaların istehlakını, kolbasa, pendirlər, hazır yeməklər və işlənmiş qidalar kimi emal edilmiş ətlər məhdudlaşdırılmalıdır.
Evdə hazırlanan yeməklərə əlavə edilən duzun azaldılması da vacibdir. Həmçinin heyvani yağları, spirti və şəkəri azaldın.
3 - İdeal çəkidə olun!
Artıq çəki qan təzyiqinin artmasına səbəb olur. Fərqi yaradan təkcə çəki deyil, həm də yağın paylanmasıdır. Ən təhlükəlisi qarın ətrafındakı piydir. Göbək ətrafında yağ yığılması təkcə ürək-damar xəstəlikləri üçün risk faktoru sayılır və yüksək xolesterin və hipertoniya kimi digər risk faktorlarına səbəb olur. Bel ölçüsünü azaltmaq və çəki itirmək qan təzyiqi dəyərlərini normala qaytarmaq üçün vacibdir.
4 -Alkoqol və siqaretdən imtina edin!
Həddindən artıq spirt bütün orqanizm üçün zərərlidir və yüksək təzyiqə səbəb olur. Siqaret də eynilə...Siqaret və spirtdən tamamilə imtina edilməlidir. Yüksək qan təzyiqi və ürək xəstəliyi üçün digər risk faktorları olanlar xüsusilə onlardan çəkinməlidirlər.