Ardını oxu...
“Dərman qıtlığı ölkədə hiss ediləcək dərəcədə problemlər yaradır”.

TEREF.AZ yzır ki, bu fikirləri Demokrat.az-a açıqlamasında tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla deyib. O qeyd edib ki, xüsusilə də, xəstəxanalarda həkimlərin müalicə işinin aparılmasına xeyli əngəl törədir.

“Bütün bu kimi həlli vacib məsələlər nəzərə alınmalı və qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Şayiələr gəzir ki, dərman preparatlarının əsas maddəsinin içərisində olan miqdarı azaldılır. Gedib, danışılır yerində və sair. Əvvəla buna imza atan şirkətlər xaricdə cinayət məsuliyyətinə qol çəkirlər. Nəzərə almaq lazımdır ki, bu cür dərmanlar xəstələrə təsir etmir. Biz indi görürük ki, ölkəyə 100-dən çox antibiotiklər gətirilir. Bunların çoxu keyfiyyətsizdir. Bizim çoxumuz keyfiyyətsiz dərman prepatları ilə rastlaşırıq. Ümumiyyətlə, hər bir ölkə özünün dərman strategiyası ilə bağlı düşünməlidir. Ölkəmizə keyfiyyət parametrləri heç bir şübhə doğurmayan dərmanlar idxal edilməlidir. Qardaş Türkiyədən və Avropadan isə həmin dərmanları gətirmək mümkündür”.
 
Ardını oxu...

Xərçəng xəstəliyi hüceyrələrin mutasiya etdiyi vaxt, yəni orqanizmin sağlam fəaliyyətinə kömək edən hüceyrələrdən ona hücum edən hüceyrələrə çevrildiyi vaxt əmələ gəlir.

 

Xərçəngin reaktiv üsulla müalicəsinə böyük diqqət ayrılmasına baxmayaraq, bu xəstəliyin qarşısını necə almaqdan ötrü tədqiqat aparılıb. Nəticədə bu vəziyyətin yaranmasının qarşısını ala bilən 5 ərzaq müəyyən edilib.

 

Xərçəng insanın hər hansı hüceyrəsini onun həyatının hər anında zədələyə bilər. Ölümün əsas səbəbləri arasında dünyada ikinci yerdə olan bu xəstəlik elmin ən qəddar düşmənlərindən biridir.

 

Xərçəngin daha çox yayılan 4 növü bunlardır: süd vəzisi, bağırsaq, ağciyər və prostat xərçəngi. Bu xəstəliklərin müalicəsinin sürətlə inkişaf etməsinə baxmayaraq, insanlar tərəfindən xəstəliyin bu və ya digər formada inkişaf riskinin necə aşağı salınmasına da diqqət yetirmək mühümdür.

 

Onkoloq Andrey Vorobyov deyib:

 

"Tədqiqat tərkibində konkret bir kimyəvi qrupun - flavonoidlərin mövcudluğu sayəsində xərçəng xəstəliyi riskini aşağı sala bilən 5 ərzağı aşkarlayıb. Flavonoidlər bitkilərdə aşkarlanan polifonik təkrar metabolit növünü təmsil edir. Başqa sözlə desək, onlar adi meyvə və tərəvəzlərdə olan birləşmə qrupunu təşkil edir".

 

Flavonoidlər təbiətdə rast gəlinən digər birləşmələr kimi hansı flavonoidlərin hansı qidada və hansı kombinasiyada mövcudluğundan asılı olmayaraq, bir sıra üstünlüklərə malikdir. Onların bəziləri iltihabəleyhinə xassəyə malikdir, yəni xərçəngin inkişaf etməsi riskini azaltmağa qadirdir.

 

Onkoloq tərkibində yüksək miqdarda flavonoid olan beş ərzağı və onları hansı dozada qəbul etməyi məsləhət görüb: 1 fincan yaşıl çay, 1 alma, 1 portağal, 100 qram qaragilə, 100 qram brokkoli kələmi.

 
 
Ardını oxu...
Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və “Sağlam və uzun ömür qaydaları” kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da “New York Times” versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.
Devid Aqus məşhur kompüter dahisi Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni həkim də inandıra bilməyib.
AZXEBER.COM oxucuları Devid Aqusun uzun və ağrısız bir həyat yaşamaq üçün hazırladığı qaydalar cədvəli ilə tanış edir.
1. Kofein
Birincisi, koefini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfə daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.
2. Gülümsəyin
Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı “ağrıkəsicilər”dir.
3. Bədəni idmanla yükləməyin
İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm cansağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.
4. Daimi nəzarət
Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.
5. Balıq günlərİ
Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.
6. Şərab
Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.
7. Balıq yağı
Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatıllaşmasına icazə verməyin.
8. Səhər yeməyi
Mütləq səhər yeməyi yeyin.
9. Gigiyena
Yataq dəstlərini tez-tez dəyişin.
10. Rahatlıq
Yalnız rahat ayaqqabı geyinin. Özünüzə rəva bildiyiniz ən yaxşı ayaqqabını alın.
11. Gəzinti
Hər gün 1- 3 km piyada gəzin.
12. Smuzi
Yaşıl bitki, meyvə və tərəvəzlərdən hazırlanan smuzi için. Bu, sizi vitaminlə təmin edəcək.
13. Rafinə edilmiş məhsullardan imtina edin
Yalnız təbii ərzaqlar yeyin. Orqanizmin ətə ehtiyacı var dedikdə kolbasa və sosiska kimi məhsullar nəzərdə tutulmur. O cümlədən balıq da konservləşdirilmiş olmalı deyil. Hazır salatlar almayın. Daha az rafinə edilmiş məhsullar bədən üçün daha faydalıdır.
14. Qablaşdırılmış məhsullara yox deyin!
Hazır şirələr almayın.
15. Həyat eşqi
Pozitiv olun. Bu, həqiqətən də, işə yarayır.
16. Günəşin ultrabənövşəyi şüalarından qorunun
Günəş yanıqlarından qorunun. Onların zərərləri yalnız görünəndən ibarət deyil.
17. Şüa
Rentgenlə şüalanmadan qaçın. Xüsusilə aeroportlarda.
18. İnam
Dua edin, hətta ofisdə.
Həkimin Stiv Cobs haqqında müsahibəsini təqdim edirik
– Bir çox həkimin proqnozlarına rəğmən Stiv Cobs mədəaltı vəzi xərçəngi xəstəliyi ilə yeddi il yaşaya bilib, xərçəng hüceyrələrini normadan daha az yayılıb. Siz Stiv ilə necə və nə vaxt tanış olmusunuz?
– Haradasa ona diaqnoz qoyulduqdan bir il sonra. Onda xəstəliyin residivi baş vermişdi. Onkoloji müalicəyə təcavüzkar və qeyri-standart yanaşma tətbiq etdim. Müasir texnologiyaya və bütövlükdə bədənin müalicəsinə inanıram. Hesab edirəm ki, bunların hamısı bütövlükdə Stivə təsir etdi.
– Stiv Cobsun vegetarian olması ona xəstəliyi ilə mübarizə aparmağa kömək edirdi, ya əksinə? Qidalanma ilə bağlı ona nə məsləhət görürdünüz?
– O, vegetarian idi, amma müalicə zamanı o, müntəzəm olaraq balıq yeyirdi. Həmişə deyirəm ki, yağları rasiondan çıxarmaq olmaz, ümumiyyətlə, yağlar yaxşı, təbii və doymamış olmalıdır.
– Bəs Cobsu digər xəstələrdən nə fərqləndirirdi?
– O, son dərəcə ağıllı idi və tibbi terminologiyanı başa düşürdü. Vəziyyəti ilə bağlı bütün məsələləri heç bir şəkildə sadələşdirilmədən onunla müzakirə edə bilirdim.
– Ancelina Coli onkologiya riskindən dolayı süd vəzilərini əməliyyat etdirdi. Siz onun bu addımına necə münasibət bəsləyirsiniz?
– Hesab edirəm ki, Ancelina Coli səhhəti ilə bağlı vəziyyəti mediaya elan etməklə qəhrəmancasına hərəkət etdi. O, bir çox qadınlar üçün nümunə oldu. O göstərdi ki, bu xəstəlikdə utancverici heç nə yoxdur və onun haqqında açıq-aşkar danışmaq olar.
Məşhur onkoloq hesab edir ki, xərçəng xəstəliyi riskini azaltmaq insanın özündən asılıdır. Bunun üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:
“Xərçəngin əsas satqınlığı təbiətin özüdür. O mənada ki, hüceyrələr özü-özünü məhv edir. Xərçəng hər birimizdə yatan dəhşətdir. Bəzən o şiş adlandırılan qəribə hüceyrə qrupunda artaraq qısa müddətə oyansa da, çox zaman yenidən təsir gücü altında yuxuya gedərək tabe olur.
Amma bəzən ən gözlənilməz anda xərçəng bütün qoruyucu orqanizmləri məğlub edərək üzə çıxır, bədxassəli şişlərin artmasına və hüceyrələrin fəaliyyətinin pozulmasına səbəb olur.
Xərçəngin yaranmasına nə səbəb olduğu və şişlərin nə üçün inkişaf etdiyini bilmirik, amma xərçəngin bədən funksiyasının kompleks pozulması və sistematik bir problem ilə əlaqəli olması barədə qeyri-müəyyən bir ehtimal var. Cərrahi əməliyyat və proflaktik tədbirlərin görülməsi vacibdir.
Qarşınıza məqsəd qoyun ki, daim özünüzü öyrənəcək və qeydlər aparacaqsınız. Bədəni dinləyin və xatırlayın ki, sizə nə lazım olduğunu sizdən yaxşı bilən yoxdur. Həkim başınıza daxil ola və hisslərinizi qəbul edə bilməyəcək. Həkimə kor-koranə əməl etməyin. Özünüzün baş həkimi olun. Tibbi məlumatları həkimdə qoymayın, əlavə nüsxələrini götürün və onları özünüzdə saxlayın.
İlin 365 günü stabil rejimə əməl etməyə çalışın. Həftənin günlərindən asılı olmayaraq, həm qidalanma, həm yuxu, həm də fiziki aktivliyə riayət edin. Həmişə günün eyni saatlarında qidalanmağa, eyni saatda yuxuya getməyə və yuxudan oyanmağa səy göstərin. Həftə sonları yuxu rejimini dəyişmək sağlamlıq ritmini poza bilər. Məsələn, əgər bir gün saat 10-da, bir gün 11-də, bir gün də 12-də yuxuya gedirsinizsə, siz bununla təbii yuxu dövriyyəsini pozursunuz. Hətta eyni saat yuxu yatsanız da, yuxu dövriyyəsi pozulur.
Yuxuya hazırlaşmağı öyrənin. Televizor, telefon, planşet və kompüter melotonun yuxu hormonlarının ifrazına mənfi təsir edir. Video oyunları, televiziya və internetdə vaxt keçirmək beyni stimullaşdırır, odur ki, yatmazdan ən azı yarım saat əvvəl onları söndürün. Yuxusuzluq mədə ilə beyin arasındakı əlaqəni kəsir və nəticədə “şüursuz yemək” istəyini oyandırır. Tox olmasına baxmayaraq, yuxusuzluq orqanizmi ac olduğuna inandırır.
Beyin üçün istirahət planlaşdırın. İstirahət beyinə fasilə verməyə və yeni təcrübələri asan yolla həyata keçirməyə imkan verir.
Araşdırmalar göstərir ki, dünyaya optimist gözlə baxan insanlar daha çox yaşayır. Aktiv həyat tərzi sürün. İdman zalına yollanmaq məcbur deyil. Hərəkətli olmaq siz düşündüyünüzdən daha sadədir. Elmi cəhətdən də sübut olunub ki, hərəkətli həyat tərzi sürən insanlar daha cavan qalır və bunun üçün hər hansı maliyyə tələb olunmur”
(publika.az)
 
 
 
Ardını oxu...
Koronavirus pandemiyası ərzində məhdudlaşan sosial ünsiyyət başqalarının həyatına olan marağı artırdı. Bəzilərimiz hətta qonşularımızdan hansının çölə çıxarkən maska taxdığına fikir verirdik. Sosial şəbəkələrdə keçirdiyimiz vaxt rekord səviyyədə artdı.

Bu təəccüblü deyil, çünki informasiyanı, xəbərləri və şəxsi yeniliklərlə bağlı məlumatları internetdən əldə edirik.

Londondakı Brunel Universitetinin tədqiqatçısı Anne Chappell, insanların təbiətcə belə olduğunu, bizim öz hekayələrimizin başqalarının həyatı ilə mübadilə nəticəsində formalaşdığını deyir.
Bu, başqalarını "rentgendən keçirmək" kimi görünsə də, o qədər də pis olmaya bilər.
Lakin pandemiya dövründə başqalarının həyatlarına olan bu maraq daha da artdı.
Pandemiya kimi dövrlərdə başqalarının həyatını müşahidə etmək prosesi qəbul etmək, hətta vəziyyətə uyğunlaşmaq üçün yaxşı ola bilər.

Təbii ki, "rentgendən keçirmək" yeni anlayış deyil.

"İnstagram" hekayələrinə çevrilən "People" jurnalından əvvəl 19-cu əsr qəzetlərində Kardashian üslublu səhifələrə rast gəlmək olar.

Bu gün isə marağımızı təmin etmək üçün daha çox üsul var.

"Facebook"dan "İnstagram", "Snapchat", "TikTok" və "Clubhouse"a qədər bütün sosial şəbəkələrdə başqalarını müşahidə etmək üçün bir çox kanal var.

Chappell, adətən, şüursuz şəkildə başqalarının həyatlarını müşahidə etməyin xəstəlik olmadığını bildirir. Bu, daha çox mübadilə, ətrafımızdakı dünyanı anlama cəhdidir.

Anne Frank kimi tarixi şəxslərin gündəliklərini xatırladan Chappell bunların bir şəxsin düşüncələrindən ibarət olmadığını, həm fərdi, həm də ictimai həyatdan bəhs etdiyini deyir.
Görünən odur ki, başqalarını müşahidə etmək arzumuz yaşadıqlarımızı mübadilə etmək istəyimizdən qaynaqlanır.

Digər insanlarla ünsiyyəti təmin edir
"Covid-19"un qlobal miqyasda yayılmasından bəri hər növ məlumat almaq istəyimizin artması ilə başqalarının həyatlarına marağımız daha çox artıb.

Bu, iş yerindən darıxdığımız bir dostumuz, ya da övladımızın məktəbindən bir valideyn ola bilər.

New Yorkdakı Lenox Hill Xəstəxanasından klinik psixoloq Sabrina Romanoff qeyd edir ki, "pandemiya zamanı artan sosial məsafə bizi ətrafımızdakı insanların həyatları ilə daha çox maraqlanmağa məcbur edib."

Sosial media real həyat qədər qaneedici olmasa da, digər insanlarla ünsiyyət qurmağa imkan verir.

Sosial media və davranışlar üzrə tədqiqatçı Laura Tarbox deyir ki, bu real dünya ilə ünsiyyət üçün plasebo effekti yaradır.

Yeni bir nizam
Sosial media eyni zamanda yeni normaların formalaşmasında rol oynayır.

Tarbox sosial medianı nələrin məqbul sayıldığını, necə davranmalı olduğumuzu, nələri paylaşmağın təhlükəsiz olduğunu, yəni-yeni qaydalar öyrəndiyimiz yer olaraq izah edir.

Romanoff əlavə edir ki, insanlar sosial varlıqdır və ictimai fikrə daha çox güvənirlər.

Bundan savayı, başqalarının da qorxuları olduğunu görmək sakitləşdirici təsir göstərir və "proyektiv eyniləşdirmə" deyilən psixoloji proseslə izah edilir.

Eynilə dəhşətli bir hadisəni əks etdirən xəbəri yüzlərlə insanın paylaşması kimi, bu halda da bizdə olan qorxu və ya narahatlıq parçalanır və xarici mənbəyə ötürülür.

Pandemiya zamanı başqalarının həyatlarını müşahidə etmək, şüursuz da olsa, şəxsi problemlərimizi qəbul etməyə kömək etdi.
 
Ardını oxu...
Hökumət bahalaşmadan narahatdırsa, niyə dərman vasitələrinin və preparatların dövlət qeydiyyatına alınması üçün rüsumlar 100 manatdan 150 manata, gigiyena sertifikatı 15 manatdan 25 manata qaldırılıb?

Apketlərin piştaxtalarından dərmanların yoxa çıxması heç kəsi təəccübləndirməyəcək. Uzun illərdir ki, əhali uyğun dərman axtarışında aptekdən aptekə yol və vaxt qət edir. Hətta ən sadə və ilk baxışdan tanış olan dərman və tibbi vasitələr pərakəndə satışdan kənarda qalır və səbəblərə gəldikdə, onlar haqqında yalnız təxmin etmək olar.

Problemin uzun illər aktuallığına baxmayaraq, profil strukturları “niyə dərmanlar apteklərimizdən yoxa çıxır” sualına tam cavab vermir. Düzdür, mürəkkəb logistika, pandemiya ilə bağlı problemlər və Ukraynadakı müharibə ilə bağlı bəyanatlar var. Amma, axı dərmanlarla bağlı çətinliklər bu gün, hətta dünən də yaranmayıb. Bu problem uzun illərdir var idi, indi isə sadəcə olaraq kəskinləşib.

Keçən qışda, koronavirus pandemiyasının ortasında, “Asetilsistein”in apteklərdən necə yoxa çıxdığını xatırlayıram (bəlğəm əmələ gəlməsi ilə müşayiət olunan tənəffüs sistemi xəstəliklərində istifadə olunan bəlğəmgətirici). Bu problemi olan insanların hansı çaxnaşma içində xilasedici çarə axtarmağa tələsdiklərini söyləməyə ehtiyac yoxdur - AYNA-nın həmsöhbətləri kimi...

Xroniki bronxitdən əziyyət çəkən Maqsud Əzimov deyir: “Dərman altı aydan sonra ortaya çıxdı. Ancaq dərmanların yeni partiyaları yeni qiymətlərlə satılır. Əgər əvvəllər “ACC Long” paketinin qiyməti 3,60 idisə, indi 4 manat 80 qəpiyə satılır. Yeri gəlmişkən, bu dərmanın olmaması səbəbindən daha ucuz olan “Mukaltin”ə keçmişdim - bir blisteri 70 qəpik. Amma ACC-nin gəlməsi ilə o da apteklərimizdən yox oldu”.

Yeri gəlmişkən, həmsöhbətlərimizin fikrincə, dərmanların yoxa çıxması adətən onların sonrakı bahalaşmasından xəbər verir.

Qlaukoması olan başqa bir həmsöhbət, “Betoptik” göz damcılarının apteklərdən tamamilə çıxarılmasından şikayətlənir. Yaşlı qadın deyir: “Aylardır bu dərmanı axtarırıq. Dərman əvvəllər də apteklərdən itirdi, amma Gürcüstandan və Rusiyadan olan qohumlar, dostlar kömək edirdi. İndi sərhədlər bağlı olduğundan ziyarətçi azdır, bizim depolarda isə bu damcıların izi-tozu da qalmayıb. Nə etməliyəm? Axı əvəzedicilər mənə kömək etmir”.

Paytaxtda yaşayan Elmira Əzizovanın sözlərinə görə, bütün şəhərin apteklərində yaşlı anasına yazılan “Tanakan” dərmanını axtarırmış, bunun üçün bütün gününü sərf edib: “Dərmanı həkim yazıb. Gedirəm birinə, o birinə... onuncu aptekə - deyirlər ki, yoxdur. Həm də təkcə bu apteklərdə deyil. Heç bir yerdə yoxdur. Mənə deyirlər ki, depoda dərman bitib... Amma şəhərin kənarında qalan apteklərdə hardasa tapmaq olar! Bakı kəndlərinə gedirəm, ən ucqar aptekləri gəzirəm, oradan dərman alan az olur. Və möcüzə! Bir blister tapıldı. Mən başqa əraziyə gedirəm, aptekləri gəzirəm, bir qutu tapıb alıram – sonuncunu”.

Bir sözlə, yerli aptek şəbəkəsindən dərmanların “yoxa çıxması” vəziyyəti heç də yeni deyil, amma bizi adi yod və valerianın yox olması kimi sürprizlər də gözləyirdi. Piştaxtalardan yod, antiseptik, valerian və validolun yoxa çıxmasını “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov jurnalistlərə təsdiqləyib. Onun sözlərinə görə, son aylar apteklərə məhdud miqdarda yod daxil olurdu. Onların hər birinə gündə dörd şüşədən çox vermirdilər, halbuki, normal vaxtlarda gündəlik satış təxminən 50-60 ədəd olurdu.

Yod çatışmazlığının səbəbləri barədə susmaq, görünür, effekt vermədi. İxtisaslaşmış şöbələrimizin ağır sükutunu Azərbaycanı yuxarıda göstərilən çeşidlə təmin edən Yaroslavl Əczaçılıq Zavodu pozdu. Müəssisədən bildirilib ki, Tarif Şurasının tətbiq etdiyi qiymət həddi ilə əlaqədar respublikaya çatdırılma dayandırılıb. Ancaq vəziyyəti həll edilmiş hesab etmək olar - tariflər dəyişdi və Rusiyadan idxal özünü çox gözlətməyəcək.

Hər şey yaxşı olardı, amma qıtlığın səbəbi kimi yenə də dərmanların qiymətlərinin tənzimlənməsi qeyd edilir. Ancaq bu, bir dəfə tətbiq edilən qiymət tavanının nəinki qıtlığa səbəb olduğu, həm də birbaşa məqsədinə çatmadığı ilk belə hal deyil. Axı qiymət tavanı apteklərimizdə qiymətləri saxlaya bilmir.

Yeri gəlmişkən, bu hekayənin kökü 2015-ci ilə gedib çıxır. Yadımdadır, hökumətin o vaxtkı yaddaqalan iclasında “süni” qiymət artımının yolverilməzliyi barədə necə danışılırdı. Qiymət tavanı isə daha ucuz qiymətlərin gözlənilməsi ilə bağlı qoyulurdu. Yəni ki, biz qiymət limiti təyin edəcəyik və nəticədə satıcıların marjası 100, 200 və hətta 300 faiz kimi yırtıcı olmayacaq.

Bir il sonra Tarif Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin ilk partiyalarının qiymətlərinin hesablanması qaydalarını, habelə onların topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını təsdiq etdi. O vaxtdan illər keçdi - fərmanlar qəbul edildi, bir çox dərmanlar dövlət qeydiyyatına alındı və tarifləri müəyyən edildi...

Ancaq apteklərimizdəki qiymət etiketlərinə baxanda bu tədbirin açıqlanan məqsədlərinə - əhalinin xərclərinin azaldılması və qiymətlərin sabitləşməsinə - çatdığına inanmaq çətindir. Qiymətlər ucuzlaşmayıb və dərmanların daim yoxa çıxması müxtəlif hallarla izah oluna bilər - zəif nəzarətdən tutmuş monopoliya biznesinin ən sərt miqyasına qədər.

Təbii ki, dərmanların qiymət tavanı da bahalaşmaya ciddi töhfə verir. Ş.Bünyatovun qeyd etdiyi kimi, bu, daha çox Tarif Şurasının qiymət siyasəti ilə bağlıdır: “Bu qiymət siyasətinin tətbiqindən və qiymətlərin tənzimlənməsinə başlandıqdan sonra bir çox aparıcı əczaçılıq şirkətləri ölkəni tərk etdi, təbii ki, onların məhsulları da bazardan itdi”.

Bütün bunları məhsulları yerli bazardan itən rus istehsalçısının son açıqlaması da təsdiqləyir.

Aydındır ki, bu cür inflyasiya diapazonu ilə dərmanların qiymətləri yerində qala bilməz. Nəticədə bu il sentyabrın 1-dən ölkədə apteklərdə satılan dərman vasitələrinin yeni tarifləri qüvvəyə minib. Hələ avqustun 31-də Tarif Şurası bəzi dərman vasitələrinin qiymətlərinə baxaraq qiymətləri qaldırıb. Ancaq göründüyü kimi, qurum indi qiymət artımı ilə ayaqlaşa bilmir.

Onda sual yaranır: ümumiyyətlə, niyə qiymət tavanı tətbiq ediblər? Bunun bir faydası varmı və özümüzü bazar qiymətinin formalaşması ilə məhdudlaşdırmaq daha asan deyilmi?

Tarif Şurasından qeyd edildiyinə görə, belə bir ehtiyac var: “Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst qiymətlər qiymətlərin ucuzlaşmasını təmin etmir, əksinə, artımını stimullaşdırır. Elə buna görə də inkişaf etmiş ölkələrdə və liberal Avropa dövlətlərində qiymətlər dövlət tərəfindən tənzimlənir. Tətbiq olunan mexanizmə uyğun olaraq, istehsalçı daha aşağı qiymət təsdiq etmək istəyirsə, o, müvafiq qaydada bunun üçün müraciət edir və qiymət yenidən endirilir”.

Lakin məmurların uzun-uzadı açıqlamaları reallıq sınağına dözmür. Axı hökumət bahalaşmadan narahatdırsa, niyə bu halda inflyasiyanın ən qızğın vaxtında dərman vasitələrinin və preparatların dövlət qeydiyyatına alınması üçün rüsumlar 100 manatdan 150 manata qaldırılıb, gigiyena sertifikatı 15 manatdan 25 manata çatdırılıb?

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, dərmanların yerli istehsalı olmadığı halda, idxal rüsumlarını qaldırmaq sonda təbii nəticəyə - bahalaşmaya gətirir: “Amma dərmanların qiyməti ciddi sosial əhəmiyyət kəsb edən problemdir. Bu baxımdan, yüksək gömrük rüsumları ilə bağlı sual yaranır - ölkədə istehsal olunmayan idxal məhsullarına 15% gömrük rüsumu və 18% ƏDV-nin tətbiqinin daxili bazarda qiymət artımından başqa perspektivi yoxdur. Amma əczaçılıq məhsullarının yerli istehsalı dərmanlara olan tələbatı ödəmir. Söhbət əsasən pambıq, spirt, şprislər və digər oxşar çeşidlərin istehsalından gedir”.

Müəllif: Tanya Samsonova
 

Ardını oxu...

Bəzi qidalar ürək-damar sisteminin qorunması baxımından çox faydalıdır.

 

Bu ərzaqların siyahısını təqdim edirik:

 

1. Alma. Liflə və antioksidanla zəngin olan bu meyvə ürəyinizi qoruyur.

 

2. Spanaq, brokolli. Qan təqyiqini normallaşdırır, ürəyin fəaliyyətini bərpa edir.

 

3. Yulaf. Zərərli xolestrinin yaranmasına əngəl olur.

 

4. Çərəzlər. Tərkibindəki E vitamini ürək dostu hesab edilir.

 

5. Zeytun yağı. Sadəcə bir neçə çay qaşığı zeytun yağı zərərli xolesterolun səviyyəsini azaldır, qan şəkərini normallaşdırır.

 

6. Qırmızı meyvələr. Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini salaraq, damarları genişləndirir.

 

7. Nar. Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir, qandakı hemoqlobini artırır.

 

8. Yaşıl çay. Hər gün bir stəkan yaşıl çay içmək piylənmədən qoruyur. Xolesterinə qarşı da faydalıdır.

 
 
Ardını oxu...
Rusiyada meymunçiçəyinə qarşı ilk dərman vasitəsi qeydə alınıb.

Bu barədə Rospotrebnadzordan məlumat verilib.


“NİOX-14” adlı dərman N.N. Vorozhtsov adına Novosibirsk Üzvi Kimya İnstitutu ilə birlikdə Vektor Tədqiqat Mərkəzində hazırlanıb.

Keçirilmiş preklinik testlər onun meymunçiçəyinə və digər ortopoks viruslara qarşı mübarizədə effektivliyini, eləcə də zərərli əlavə təsirlərin olmadığını sübut edib.

Klinik sınaqların ilk mərhələsində 18 yaşdan 50 yaşa qədər olan 90 könüllü iştirak edib. Bu, dərmanın aktiv maddəsinin təsirini sübut etməyə, həmçinin onun təhlükəsizliyini, dözümlülüyünü qiymətləndirməyə və lazımi dozanı seçməyə imkan verib.

Bildirlir ki, dərman virusun bədəndə yayılmasının qarşısını alır. “NİOX-14” - dövlət ehtiyatının bir hissəsi hesab olunan strateji dərman kimi təsnif edilir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr ayında Hindistanda "Maiden Pharmaceuticals" tərəfindən hazırlanmış dörd öskürək və soyuqdəymə əleyhinə şərbətin Qambiyada 66 uşağın ölümü ilə əlaqəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.

BMT-nin səhiyyə agentliyi həmçinin xəbərdarlıq edib ki, çirklənmiş dərmanlar Qambiyadan kənarda da paylanmış ola bilər.

ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus jurnalistlərə deyib ki, sözügedən dörd soyuqdəymə və öskürək siropu "kəskin böyrək zədələnməsi və uşaqlar arasında 66 ölümlə əlaqəlidir".

Vurğulanıb ki, söhbət prometazin məhlulu, "Kofexmalin" uşaq öskürək siropu, "Makoff" uşaq siropu və "Magrip N" soyuq şərbətindən gedir.

İstintaq davam edir.
 
Ardını oxu...
İnfeksionist Nicat Əzimli: “Koronavirusun tamamilə yox olmasını gözləməməliyik, o, insanlarla bərabər yaşayacaq”
Məktəblərin açılmasından sonra ölkədə COVİD-19-a yoluxanların sayında hələ ki ciddi artım qeydə alınmayıb, yoluxma 4 rəqəmliyə keçməyib. Bununla belə, rəsmi statistikaya əsasən, hər gün təxminən 100-150 yoluxma olur. Beləcə davam edəcəkmi? Görəsən, koronavirusun kökü niyə kəsilmir? Payız mövsümünün başlaması ilə əlaqədar təzədən vaksinasiyaya ehtiyac varmı?

Bu arada Rusiyada yoluxanların sayında artım var. Son sutka ərzində 30 085 nəfər koronavirusa yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 049 027 nəfərə çatıb. Bundan əlavə, son sutka ərzində koronavirusdan 96 nəfər ölüb, 46 992 nəfər isə sağalıb.

Koronavirus pandemiyası dövründə ən az yoluxma hallarının baş verdiyi ölkələrdən biri olan Yaponiyada artıq 10-cu həftədir ki, dünya üzrə ən çox belə hal qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı (DST) məlumatında yayıb ki, son həftə ərzində Yaponiyada 535 mindən artıq yeni yoluxma halı qeydə alınıb. Bu, 361 min yoluxma sayı ilə ikinci yerdə olan ABŞ-dan demək olar ki, iki dəfə çoxdur. Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyada hazırda yeddinci yoluxma dalğası davam edir. Son sutka ərzində təqribən 50 min yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Tokio Siyasi Araşdırmalar Fondunun məlumatına görə, Yaponiya əhalisinin koronavirusa qarşı kollektiv immuniteti təqribən 90 faiz təşkil edir. Buna baxmayaraq, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişlə bağlı tətbiq edilən məhdudiyyətləri oktyabrın 11-dən aradan qaldırmaq barədə qərar qəbul edib. Qərara əsasən, həmin gündən etibarən ölkəyə sutka ərzində gəliş sayına tətbiq edilən limit, qısamüddətli vizaların verilməsi məhdudiyyətləri və fərdi turizm barədə qadağa aradan qaldırılacaq.

Son bir həftənin statistik məlumatına əsasən, dünyada COVİD-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib ki, ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb - 94 237 260. Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb. Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.

Göründüyü kimi, pandemiyanın bitəcəyi barədə məlumatlar verilsə də, görünən odur ki, virus yoluxmaqda davam edir.
Ardını oxu...
Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, yoluxmalarda artım olsa da, olmasa da, bu, insanları narahat etməməlidir: “Çünki hazırda koronavirusun üstünlük təşkil edən variantları əhalidə ağır xəstəlik hallarına çox az hallarda səbəb olur. İnsanlar xəstəliyi daha yüngül formada keçirirlər. Xəstəlik sayında nə qədər artım olmuş olsaydı, bu, hər hansı məhdudiyyətlərə, tədbirə ehtiyac olmayacaq idi. Bu da yaxşı bir xəbərdir ki, yoluxmalarda ciddi bir artım yoxdur. Koronavirusun kökündən kəsilməsini gözləməməliyik. Bu virus bundan sonra da davam edəcək kimi görünür. Bunun əsas xüsusiyyəti nədir, insan çox rahatlıqla yoluxur, insan hüceyrələrində də çox rahatlıqla bölünüb çoxala bilir. Xüsusilə də hər keçirilən mutasiyadan sonra bu xüsusiyyətlərində güclü artım müşahidə edilir. Hər yeni variant insan orqanizmində daha çox kopyalanmaq, çoxalmaq xüsusiyyətinə malik olub. Bu da onu göstərir ki, bu virus nəinki insan orqanizmindən uzaqlaşır, insan orqanizminə daha da uyğunlaşır. Bu uyğunlaşmanın həm də bir cəhəti var ki, o, yoluxduğu insanı xəstələndirməməyə və daha az simptomatik olaraq özünü göstərməyə başlayır”.

Həkim əlavə edib ki, insanlar xəstəliyi yüngül keçirirlər, bu, virusun özünə də lazımdır, bununla da o davam edə bilir: “Bölünüb çoxalmağa, insandan insana ötürülməyə başlayır. Çünki yoluxduğu insanı öldürməsi təbii seleksiya nəticəsində ona mənfi təsir edir. Yəni digər insana virusun yoluxma ehtimalı azalmış olur. Əgər yoluxduğu insan xəstəliyi nə qədər az simptomatik keçirərsə, nə qədər yüngül keçirərsə, o, insanın bədənində daha uzun müddət qalır. Daha çox ehtimal olur ki, yeni-yeni insanlara bu virus ötürülsün. Bu cür olan halda da yoluxma saylarında artım baş verir. Amma xəstəliyin ağırlığı, şiddəti azalmış olur. Belə başa düşülür ki, bu virus insanlarla bərabər yaşamağa davam edəcək. Necə ki, uzun dövrlər boyu bizimlə yaşayan bir çox virus var. Misal üçün, qrip, influenza virusu bunlardan biridir. Bu virusu da hamı normal qəbul edir. Bir çox hallarda qripi evdə yüngül keçiririk. Koronavirus da bu cür xüsusiyyətlər qazanmağa başlayıb”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Kaliforniya alimləri piyləmənin xərçəngin əmələ gəlməsinə səbəb olmasıyla yanaşı, orqanizmin xərçəng şişləri ilə mübarizədə kömək olmasını aşkar ediblər.

Alimlərin araşdırma nəticələri “Nyu Medisin” jurnalında dərc olunmuşdur.

Piylənmə onkoloji xəstəliklərdə təhlükə faktoru kimi qəbul olunur. Şiş aktiv qidalanaraq daha da tez inkişaf edir. Şiş, zədələnmiş T-limfositlərə maneə olaraq, hüceyrələrə hücum etməsinin qarşısını alan PD-1 zülallarının ifraz olmasını təhrik edir. Lakin bu prosesi inhibitor siqnal yollarının blokerləri vasitəsi ilə dayandırmaq olar.

Alimlər artıq çəkili siçanlar və meymunlar üzərində belə bir immun terapiyasını tətbiq ediblər. Kaliforniya universitetinin dermatalogiya şöbəsinin tədqiqat qrupunun müəllifi Uilyam Mörfinin sözlərinə əsasən, hüceyrələrin disfunksiyası, enerji mübadiləsini tənzim edən leptin hormonunun təsir etməsiylə əlaqədərdir.

Təcrübə göstərmişdir ki, onun qanda çox miqdarda olması PD-1 zülalının ifrazıyla bağlıdır. Təcrübə siçanlarına siqnal yollarının blokerlərinin tətbiq olunması zamanı məlum olmuşdur ki, piylənmə sayəsində sağ qalma göstərici yuxarı qalxmışdır.

Kökəlmə vasitəsiylə 251 melanoma xəstəsinə tətbiq olunan terapiya, klinik durumun yaxşılaşmasına səbəb olmuşdur. Alimlər qeyd edirlər ki, tətqiqatın təzadlı nəticələri həkimlərə, xəstələrin bədən kütləsi indeksinə əsasən xususi növ terapiya təyin etmək imkanı verəcək.
 

Dünyapress TV

Xəbər lenti