Ardını oxu...
Və ya sual olunur: Ermənistan KTMT-dən “yaxasını qurtara” biləcəkmi?

Bu günlərdə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərə müsahibəsində deyib ki, hazırda ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi gündəmdə deyil. Amma eyni zamanda, bu məsələnin yenidən gündəmə gələ biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, bu mövzu ötən ilin sentyabrında Azərbaycanın “hücum”u zamanı Təhlükəsizlik Şurasında müzakirə olunub: “Həmin vaxt hökumət rəsmi olaraq Rusiyaya və KTMT-yə müraciət edərək, digər məsələlərlə yanaşı, Ermənistanın ərazi bütövlüyünün bərpası və Azərbaycan silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılmasının təmin edilməsi üçün hərbi yardıma ümid edirdi”.

Bu yardım alınmadı, KTMT yalnız müşahidəçi göndərməyə hazır olduğunu bildirdi. O zaman Ermənistan Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi blokdan niyə çıxmadı? Səkkiz aydan çox vaxt keçsə də, Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi deyir ki, Ermənistanın addımlarının nəticə verəcəyinə hələ də ümid var. Bütün bu müddət ərzində İrəvan KTMT-dən Azərbaycanın “təcavüz”ünə siyasi qiymət verilməsini gözləməkdə davam edir.

“Bəli, vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla yanaşı, öhdəliklərimiz də olsa, atdığımız addımların, işimizin müəyyən nəticələr verəcəyinə ümid etməkdə davam edirik. Hələ də belə bir ümid var. Elə məsələlər var ki, KTMT-nin sammiti zamanı daha sonra müzakirə olunub və iş davam edir. Yaxın vaxtlarda Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanat barədə də müzakirələr olacaq və bu barədə məlumat verəcəyik”, - deyə XİN rəhbərinin müavini bildirib.

Keçən ilin noyabrında blokun İrəvan sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında sənədi məhz orada siyasi qiymətləndirmə olmadığına görə imzalamamışdı.

“KTMT-yə alternativ nədir” sualına isə nazir müavini konkret cavab verməyib. Səfəryan KTMT-nin təklif etdiyi paketə silah və qoşunların daxil olub-olmadığını da dəqiqləşdirməyib.

Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması da bu baxımdan maraqlıdır: “Bizi mövcud olan və guya qorumalı olan o təhlükəsizlik mexanizmləri indi işləmir və Ermənistan yeni təhlükəsizlik təminatları tapmağa çalışır”.

Ümumiyyətlə, aydındır ki, heç nə aydın deyil. İrəvanın KTMT-də bundan sonra da qalması ilə bağlı hər hansı aydın niyyətin olub-olmaması tamamilə anlaşılmazdır. Adamda belə bir hiss yaranır ki, bir tərəfdən Ermənistan bu blokdan kənarda qalmağı çox istərdi, digər tərəfdən isə belə bir addım atmaqdan qorxur. Ya qonşuların - Türkiyə və Azərbaycanın xəyali hücum təhlükəsi üzündən, ya da Kremlin kəskin reaksiyasından ehtiyatlanaraq.

Maraqlıdır, yeri gəlmişkən, Ermənistanın KTMT-dən potensial çıxması hansı tendensiyaları doğura bilər, bu, bu hərbi qurumun dağılmasına səbəb olmayacaqmı?

Prosesi AYNA-ya tanınmış ekspertlər şərh ediblər.

Qazaxıstanlı politoloq Kazbek Beysebayev:

“Bu suallara cavab vermək üçün ilk növbədə Ermənistanın coğrafi mövqeyinə baxmaq lazımdır. Açıq desək, Ermənistanın qonşuları ondan çox fərqlənir və bəzi qonşularla ciddi problemlər var. Bu şəraitdə İrəvanın yalnız bir müttəfiqi var - Moskva. Sadəcə başqası yoxdur.

KTMT-yə gəlincə, əgər olanları öz adı ilə çağırsaq, deməli, bu, Rusiya ilə digər ölkələr arasında razılaşmadır. Ona görə də İrəvanda KTMT-dən mümkün çıxmaq barədə çox danışa bilərlər, amma getməyəcəklər. Moskva buraxsa belə, İrəvan yenə də çıxmayacaq”.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov:

“Erməni məmurlarının bütün hay-küyləri və narazılıqları dövlət təcrübəsi olmayan və öz postlarını təsadüfən zəbt edən səriştəsiz şəxslərin Rusiyanı ucuz şantaj etmək cəhdi kimi qiymətləndirilə bilər. Ermənistanın Rusiyadan asılılıq səviyyəsini nəzərə alsaq, Moskvanın cəzası son dərəcə ağrılı ola bilər.

İrəvanda hakimiyyətdə olan həvəskarlar hesab edirlər ki, Ermənistan KTMT-dən çıxmaqla Rusiya ilə əvvəlki münasibətlərini saxlayacaq: deməli, erməniləri Türkiyədən qoruyacaq, Rusiya sərhədçiləri də daxil olmaqla Rusiya hərbi bazası (80%-i Rusiya xəzinəsindən maaş alan ermənilərdən ibarət) qalacaq, silah təchizatı, ucuz qaz, vizasız rejim və ticarətdə üstünlüklər də həmçinin. Adını da qoyacaqlar ki, guya Ermənistan KTMT-dən ona görə çıxır ki, Qazaxıstan, Qırğızıstan, Belarus kimi ölkələrdən dəstək almır.

Eyni zamanda, Paşinyan hökuməti KTMT-dən çıxmağı Qərbə baha satılmaq və Avropa İttifaqı, ABŞ, NATO və sairdən əlavə hərbi və maliyyə yardımı dilənmək niyyətindədir.

Qoy onlar Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələni qaldırmağa çalışsınlar. Biz Bakıdan və Türkiyədən yalnız Paşinyanı alqışlayacağıq və Kremlin onu davranışından rüsvayçılıqla tövbə etməyə və açıq şəkildə “geri qaytarmağa” məcbur edəcək şillələrə tamaşa edəcəyik. Bakı və Türkiyə üçün İrəvanda bu cür çaşqınlıqlar sadəcə daha bir plyusdur”.

Müəllif: Rauf Orucov
Ardını oxu...
Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən narahat olmağa dəyməz.
Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır, təkcə BP şirkətinin məmləkətimizdəki böyük layihələrinə ortaq olmasını və qazandığı milyardları xatirlatmaq kifayətdir.
Bunun nəticəsidir ki, London İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı narahat edə biləcək heç bir bəyanat yaymadı. Böyük Britaniyalı diplomat Nikol Paşinyanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
Əgər Ermənistanın Rusiyadan uzaqlaşmasında Böyük Britaniyanın da payı olacaqsa, bunun özü həm bölgə, həm də Azərbaycan üçün faydalıdır.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Paşinyanın son mətbuat konfransında verdiyi mesajlar çox önəmli idi, mənim diqqətimi çəkən məsələlərdən biri Ermənistan Konstitusiyası ilə bağlı yarı-açıq/yarı-gizli mesajlar oldu. Ermənistan Konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları izləri var, çox güman, Ermənistanda yeni referendum və konstitusiya dəyişikləri də gözlənilir.
Paralel olaraq Azərbaycanda da yeni Konstitusiya dəyişikliyi labüddür: 44 günlük Vətən savaşınında qələbəmizin hüquqi təsbiti, ölkənin yeni inzibati-ərazi bölgüsü, icra hakimiyyətlərinin ləğvi, yerli özünüidarəetmə və Mer institutunun təsisi və gücləndirilməsi, proporsional seçki, hökumətin parlamentən çıxması, Naxçıvanın statusunun ləğvi və s. kimi çox vacib maddələr yer almalıdır.
Gördüyüm odur ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi imzalanmasa da, vacib sənədlərin imzalanması mümkündür. Azərbaycanın israrı nəticəsində bir neçə platformada paralel aparılan danışıqlar nəticəsini vermək üzrədir – rəsmi Bakının danışıqlar platformaları arasında rəqabət yaratması doğru taktiki addım idi ki, strateji nəticələr də verir.
Məncə, Moskvada baş tutacaq Əliyev- Paşinyan görüşündə regionada kommunikasiyaların açılması ilə bağlı rəsmi protokol və sənəd, Moldovada (və ya bir neçə həftə sonra Brüsseldə) baş tutacaq görüşdə isə ölkələrin qarşılıqlı olaraq ərazi bütovlüyünün tanınması ilə bağlı sənəd və protokol imzalana bilər. Hər iki sənəd qarşıda imzalanacaq böyük sülh sazişinin təməlini təşkil edə bilər. Bölgəmizdə sülhün bərqərar olması Şimaldan əsrlərdir gələn təhdidlərə sədd ola bilər, hamılıqla buna çalışmalıyıq!
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
ABŞ-ın siyasət səhnəsində əhəmiyyətli nəşrlərdən olan məşhur “Politiko” dərgisi dünya üzrə 2023-cü ilin ən mühüm seçkisinin Türkiyədə olacağını qeyd edir. Prezidentlik və millət vəkilliyi seçkilərini bu qədər əhəmiyyətli edən başlıca məqam isə dünyada hal-hazırda yeni bir düzənə keçidlə bağlı sözün əsl mənasında bütün sahələrə nüfuz etmiş amansız müharibənin yaşanmasıdır. Bu müharibədə Türkiyənin tərəf seçimi məhz bir çox analitiklərə görə qalibi (qalib tərəfləri) müəyyən edəcək ən əsas amillərdəndir.

Son dövrlərdə yeni bir mərhələyə yüksəlməklə dünyada enerji resurslarına nəzarət və qida təhlükəsizliyi sahəsindəki gərgin mübarizə, Covid-19 kimyəvi müharibəsi (məhz müharibə), “Soyuq müharibə”dən daha güclü bir yeni soyuq müharibənin dünyanı öz cənginə alması və Rusiya-Ukrayna arasında baş verən, əslində isə Qərbin Rusiyaya qarşı apardığı ənənəvi müharibə dünyada formatlanmanın və yeni bir düzənə keçidin təzahürləridir. Mübarizə ona görə də olduqca kəskindir və bu amil də 2023-cü il Türkiyə seçkilərini bir anda kritik səviyyəyə yüksəldib. Kimin seçkini qələbə ilə başa vurmasından asılı olaraq Şərq və Qərbin qovşağında yerləşən və bir zamanlar dünyanın super gücü Osmanlının varisi Türkiyənin yönünü də bu mənada müəyyən edəcək.

​Siyasi təsir gücü baxımından “Osmanlıdan böyük Türkiyə” anlayışından istifadə bu gün dünyada diqqət mərkəzindədir. Müstəqilliyinin 100-cü ilini tamamlayan bu ölkə ikinci yüzilliyə qədəm qoyduğu bir məqamda ayaqlarına vurulan həlqələrdən bir-bir qurtulmaqla dünyada “Yeni bir Osmanlı imperiyası meydana çıxır” qənaətinin yaranmasına səbəb olub. Müstəqilliyini əldə etdikdən sonra Kommunist blokla NATO arasında mübarizə meydanına çevrilən, Qərb tərəfindən sosializmlə mübarizə donu üzərinə biçilən və kənd təsərrüfatı ölkəsindən texnoloji avadanlıqların istehsalını həyata keçirən gücə çevrilməsinin qarşısı hər vəchlə alınan Türkiyə uzun illər boyunca bu vəziyyətindən qurtula bilmədi. Nə vaxt ki ölkə yeni bir texnoloji sıçrayış göstərmək istədi, bunun qarşısı hər zaman müxtəlif yollarla kəsildi, çevrilişlərlə Türkiyə hər dəfəsində yenidən girdaba salındı. Hələ İkinci Dünya müharibəsindən öncə qırıcılar istehsal edib səmaya qaldıran nadir ölkələrdən olan, avtomobil istehsal etməyi bacaran (“Devrim” minik maşını) ölkənin bu uğurlarının qarşısı alınmış, həmin sahələrdə əldə edilmiş bacarıqlardan imtina etdirilməklə qırıcılar istehsal edən zavod qapadılmış, maşın istehsalından isə vaz keçirilmişdi. Nəticədə, Türkiyənin inkişafı uzun illər ləngidildi, Qərbdən asılı halda saxlanılan ölkə kimi yaşamağa məcbur buraxıldı.

​XX yüzillik boyunca iqtisadi-ticari sahələrdə həlqələrindən qurtula bilməyən Türkiyə separatçılıq meylləri ilə də qarşı-qarşıya qalmış və terror bu ölkənin gündəmindəki ən böyük problem kimi diqqət çəkmişdi. Türkiyənin terrorla mübarizəsi milyardlarla dolların bu problemlə mübarizəyə yönləndirilməsinə və digər sahələrdə geriləməyə səbəb olmuşdu. Bunun yanında dünya gücləri terror vasitəsilə Türkiyəni məhdudlaşdırmağa və onu özlərinin təbiri ilə desək, “tərbiyələndirməyə” çalışmışdılar. Şərqlə Qərbin qovşağında qərar tutan, zəngin enerji qaynaqlarının Avropa məkanına çatdırılmasındakı əsas marşrut olan Türkiyənin xarici qüvvələrin meydan suladığı ölkəyə çevrilməsini asanlaşdıran digər mühüm bir məqam da burada uzun illər boyu müəyyən bir məsələdə qərara gələ bilməyən və idarəçilik böhranının yaşandığı koalisiya hökumətlərinin mövcudluğu idi. Nəticədə, koalisiya hökumətləri xüsusilə də ötən əsrin 90-cı illərində Qərbin güclü nüfuz etdiyi hökumətlər kimi Türkiyənin dərdlərinə çarə qılmaqda yetərsiz qalmışdı.

​XXI yüzilliklə birlikdə dünyada yeni bir düzənin daşlarının döşənməsi, Sovetlərin dağılması ilə ABŞ-ın dünyanın tək super gücü kimi yeni əsrdə həyata keçirdiyi siyasətin güclü etirazlar və qarşıdurmalar yaratması, onun qarşısında Avropa İttifaqının, Çinin peyda olması Türkiyə kimi dövlətlərin də önündə yeni imkanlar yaratdı. Bunların yanında, 2002-ci ildə bu ölkədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi və ölkədə güclü hakimiyyət sisteminin yaradılmasına başlanılması dünyada yaranmış yeni vəziyyətlə üst-üstə düşdü ki, bu da Türkiyə üçün daha bir xeyirli amili ola bildi. Bununla da güclü dövlətçilik üçün gərəkli olan sahələrə investisiyalar yatırılmaqla Türkiyədə böyük nailiyyətlər əldə edilmə dövrünə qədəm qoyuldu. Çox yaxın keçmişdə öz sərhədlərini qorumaqda çətinlik çəkən, terroru şəhərlərindən çıxarmaqda aciz qalan ölkə bu gün isə separatçı meylli qüvvələri böyük ölçüdə zərərsizləşdirməyi bacara bilib, artıq terror üzərindən Türkiyəyə qarşı oynan oyunlar öz məqsədinə çatmaqdan çox uzaqlaşıb.
​Bu gün müstəqilliyinin ikinci yüzilliyi astanasında olan Türkiyənin dünya üzrə nüfuzunun daha da artmasında bu ölkənin hərbi sənaye sahəsində əldə etdiyi böyük nailiyyətlər də mühüm rol oynayır. Türkiyənin XXI əsrin 23-cü ilini yaşadığımız bu günlərdə hərbi sənaye sahəsində əldə etdiyi bütün bu nailiyyətləri imkan verir ki, ölkə öz müttəfiqlərinə də güclü dəstəklər göstərməklə nüfuz dairəsini genişləndirsin. Somalidən Qatara, Liviyadan Azərbaycana – Qarabağ konfliktinin həllinə və hətta öz müasir silahları ilə Rusiya-Ukrayna müharibəsinin taleyinin də müəyyən edilməsinə kimi vacib oyunçu olduğunu bütün dünyaya sübut edən Türkiyə xarici siyasətini “qazan-qazan” prinsipi əsasında təşkil etməklə Qərb ölkələrindən və Rusiya, Çin kimi yüksəlməkdə olan dövlətlərdən fərqli olaraq imperialist çıxarlar üzərinə qurmayıb. Bu səbəbdən dünyada bir çox ölkələr Türkiyə ilə dərin iqtisad-siyasi, ticari-hərbi əlaqələr qurmaq üçün böyük canfəşanlıq göstərirlər.

​Ümumiyyətlə, Osmanlı imperiyasının nüfuz dairəsində olmuş bütün coğrafiyalarda bu gün ciddi nüfuza malik olan Türkiyə bundan əlavə türk dövlətləri ilə də dərin əlaqələr qura bilib. Türk-Turan birliyinin qurulmasına öncüllük edən ölkə Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı çərçivəsində qurduğu dərin əlaqələr yanında, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla türk dövlətləri arasında İsmayıl bəy Qaspıralının “dildə, işdə, fikirdə birlik” ideyasına uyğun olaraq addımlar atır və bu gün Turan birliyi fikri reallaşmaq üzrədir.

Göründüyü kimi, köhnə dünya sisteminə format atıldığı və yeni dünya düzəninə keçidin daşlarının döşəndiyi bir dövrdə Türkiyə hər keçən gün daha da güclənir, qüdrətli dövlət halına yiyələnir. ABŞ-ın başını çəkdiyi təkqütblü dünya sistemindən fərqli olaraq, XXI yüzilliyin 20-ci illərinin sonlarına doğru çoxqütblü düzənin hakimi olacağı dünyada ABŞ-İngiltərə, Çin, Rusiya və Avropa İttifaqı kimi Türkiyə də türk-islam coğrafiyasının parlayan ulduzu olaraq çoxqütblü düzənin söz sahibi ölkəsinə çevriləcək.

Bütün bunlara görə də 14 mayda birinci turu baş tutan, 28 may tarixində isə ikinci tutu keçiriləcək Türkiyə prezidentlik seçkiləri dünyanın gündəmini olduqca ciddi şəkildə məşğul edir. Və bir şey də aydındır ki, bu seçkinin nəticələri Türkiyə ilə yanaşı, Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə, uzun illər boyunca imperialist dövlətlər tərəfindən sərvətləri talanan qara qitə Afrikada, Balkanlar və sair regionlarda böyük dəyişikliklər meydana çıxarmaq iqtidarındadır.

Anar Qasımov
Naxçıvan
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki mətbuat konfransında bəyan edib ki, İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağı da əhatə edir, lakin “erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə”. TEREF.AZ-ın məlumatına görə, onun açıqlamasını AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov düşünür ki, ümumiyyətlə, Paşinyan yeni heç nə deməyib: “O, son bir ildə bu və ya digər formada bu fikri təkrarlayır. Həmişə deyirdi ki, Ermənistan Azərbaycan SSR-in inzibati sərhədi miqyasında, Qarabağı qeyd etmədən Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Və bu dəfə o, Qarabağı xüsusi qeyd edib. Bu, birincidir”.

“İkincisi, əlbəttə ki, Paşinyanın və Ermənistanın əvvəlki liderlərinin mövqelərində müəyyən fərq var. Ən sülhsevər Prezident Levon Ter-Petrosyan hesab oluna bilər ki, o da demişdi ki, Ermənistan və Azərbaycanın heç bir ərazi problemi yoxdur - rəsmi Bakı ilə Qarabağ erməniləri arasında problem var və əgər Azərbaycan bu məsələni həll edə bilirsə, qoy gedib həll etsin. Amma eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ermənistan açıq şəkildə bəyan edirdi ki, o, “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu” dəstəkləyir. Yəni, Paşinyanın sözləri Ermənistanın əvvəlki liderlərinin mövqeyindən ciddi fərqlənir”, - deyə həmsöhbətimiz bildirib.

Siyasi şərhçi üçüncü məqama da toxunub: “Nə qədər qəribə səslənsə də, Azərbaycanın siyasi elitasında və ictimaiyyətində ölkənin ərazi bütövlüyünün, o cümlədən Qarabağın ölkəmizin ərazi bütövlüyü çərçivəsində tanınmasının ümumilikdə münaqişənin həlli yolu olacağı ilə bağlı illüziyalar olmamalıdır. Bu, heç bir halda belə deyil. Məsələ ondadır ki, bu məsələ dövlətlərarası münasibətlərin predmeti olmaqdan çıxır və dövlətdaxili məsələyə çevrilir. Azərbaycan bu məsələni bu və ya digər şəkildə həll etməlidir. Bu, hətta “öz müqəddəratını təyinetmə” məsələsinin gündəmdən düşdüyü anlamına da gəlmir. Belə bir tələblə, inanıram ki, ilk növbədə Moskvadan gələcək beynəlxalq təzyiqlərlə Qarabağ erməniləri önə çıxarılacaq. Moskva bu münaqişə ocağının saxlanmasında maraqlıdır, çünki bu vəziyyət həm Bakıya, həm də İrəvana təzyiq alətidir”.

Mirqədirovun sözlərinə görə, Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək şərti ilə, daha yaxşısı beynəlxalq mexanizmlə şərtləndirir: “Bu, kifayət qədər proqnozlaşdırıla bilən və az-çox əsaslandırılmış tələbdir. Nəzərə alsaq ki, hazırda real vəziyyətə mahiyyətcə işğalçı olan rus “sülhməramlıları” nəzarət edir, bu məsələ daim Azərbaycan üçün mənfi istiqamətdə gündəmə gələcək. Və bu mənfi tendensiyaları neytrallaşdırmaq mümkündür, lakin bu, Bakı və İrəvan tərəfindən böyük səylər və koordinasiyalı fəaliyyət tələb edir. Prinsipcə, son vaxtlar Bakı və İrəvanın sülh sazişi ilə bağlı səsləndirdiyi nikbin bəyanatlar kifayət qədər ümidvericidir, lakin bu, problemin yekun həlli deyil”.

“Rusiya problemin saxlanmasında maraqlıdır və bu vəziyyəti saxlamaq üçün hər şeyi edəcək. Hazırda Rusiya tərəfinin minimum vəzifəsi münaqişənin həllində moderatorluğun Qərbə ötürülməsinin qarşısını almaqdır. Və maksimum vəzifə odur ki, regionda siyasi təsirini gücləndirsin və imkan daxilində bütün kommunikasiyaları, sərhədləri hərbi nəzarətə götürsün. Düşünürəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və liderlərinin Moskvada gözlənilən görüşü də Rusiyanın Qərbin səylərini neytrallaşdırmaq vəzifəsinə xidmət edəcək”, - deyə analitik vurğulayıb.
 
Ardını oxu...
Türkiyədə prezident seçkilərinin II turunda Ərdoğan-Kılıçdaroğlu yarışında iki önəmli faktor həlledici ola bilər.
Birincisi, Sinan Oğanın kimi dəstəkləməsi idi: ki, seçimini Ərdoğandan yana etdi və bu, Oğanın qazandığı 5,2 faizlik səsin hamısının arxasınca aparacağı demək olmasa da, nəticəyə təsir edəcək;
- Səslərin 1 faizinin belə Ərdoğana getməsi qələbəni təmin etməyə imkan verir;
- ATA ittifaqında yer almış Zəfər partiyası Millət ittifaqını dəstəkləsə belə, Kılıçdaroğlunun ala biləcəyi səslər bölünür;
İkincisi və ən önəmlisi, seçki psixologiyasıdır: bir tərəfdə parlament seçkilərini qazanan və 49,5 faiz səslə önə keçən Ərdoğan, digər tərəfdə bütün problemlərə və altı partiyanın, üstəgəl, HDP-nin səsi ilə qazana bilməyən, parlament seçkilərini də uduzan Kılıçdaroğlu var; bu situasiya Ərdoğan tərəfdarlarında psixoloji üstünlük, Kılıçdaroğlu tərəfdarlarına inamsızlıq yaradır və bunun II turda nəticəyə təsiri olacağı gözləntisi az deyil;
a) I turda uduzan Kılıçdaroğlunun “onsuz da qazanmayacağı” düşüncəsi ilə seçkilərə getməyənlər olacaq;
b) Kılıçdaroğlunun namizədliyinə əvvəldən qarşı çıxan CHP-lilər də daxil olmaqla “altılı masa” tərəfdarları arasında “etiraz səsləri” Ərdoğana gedə bilər;
Seçkiyə sayılı günlər qalmış fors-major situasiya baş verməsə, Kılıçdaroğlunun işi çətin görünür. Və I turdan öncə apardığı kampaniya ilə II turdan öncə apardığı kampaniya arasındakı ziddiyyətlər, xüsusilə millətçiliyə U dönüşü əleyhinə işləyə bilər.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
Bu, Üçtəpədə tapılmış bir möhür-üzükdür. Sasani Şahı Xosrovun dövrünə aid olduğu təxmin edilir. Üzərində Parsiqcə (Sasanilərin dili) deyilən dildə bu sözlər yazılıb:
“Silig i abarzeniganbed”
Burada “Silig” sözü şəxs adıdır. “Abarzeniganbed” tituldur, “lord komandir, ali çadırın qoruyucusu” kimi mğnalarının olduğu hesab edilir.
Silig adının isə Türk adı olduğu hesab edilir, Avar, ya da Suvar bəylərindən birinin adı olduğu düşünülür. Belə ki, Xosrovun Azərbaycana çox sayda türk köçürdüyü onsuz da bəlli məsələdir, ona görə hansısa Türkə bölgədə mərzbanlıq verməsi elə də qəribə deyil.
Oki qaldı “Silig” adının nə olduğuna, silik, pak, təmiz mənasında izah edilir. Belə Türk şəxs adları tarixdə mövcuddur, məsələn, “Arı Buğa”. Arı-təmiz.
Sadə bir sual verib yazını çox uzatmadan bitirəcəyəm. Sasanilərin Azərbaycan ərazisində digər mərzbanları olan, adından başqa haqqında heç nə bilinməyən hansısa Asvagenləri, Asayları həvəslə Alban İmperatoru elan edənlər niyə eyni qaydada mərzban olan Silik adlı Türkü bu “Alban çarları” sırasına əlavə etmirlər?
Ən azında Alban ittifaqına bir Türk qəbiləsinin də qoşulduğunu demək olardı. Ancaq yox, görünür sərf etmir.
Heç bu tapıntının bəhsini belə aparmırlar. Çünki onda Qafqazdilli Udi-Alban qalaktik imperatorluğunu uydurmaq alınmayacaq.
İş Türkə gələndə ağzını mumlayandan tərəfsiz tarixçi, araşdırmaçı olmaz.
https://www.avetruthbooks.com/2017/12/janos-harmatta-turk-officer-of-sasanian-king-xusro-1-2002.html?fbclid=IwAR33WlrRQieJWGzOA3I0LUqJYnHyg_Xm5omdgMsZkDtOhH7NZN5G_rG_Mbw
Cəfər Cəfərli
Teref.az
Ardını oxu...
Əhməd Obalıya və oğluna keçmiş olsun! Əhməd bəylə təxminən 15 ildir tanışıq, Bakıya hər gələndə görüşməyə çalışırıq, bu alınmayanda telefonla da müxtəlif mövzular ətrafında uzun-uzun müzakirələr aparırıq.
Əhməd Obalı vaxtilə Günaz TV-ni təsis etməklə mürəkkəb bir işə girişib, dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib.
Günaz TV təsis edildiyi ilk gündən İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, “Səhər” televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb.
Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran “şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir.
Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
“Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyi imitasiya xarakteri daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın Kəlbəcər istiqamətində tez-tez atəşkəsi pozması və təxribatlar törətməkdə məqsədi Zod qızıl mədənini işğal etməkdir:

“Eyni zamanda, bununla strateji yüksəkliklərdə möhkəmlənən Azərbaycan hərbi qüvvələrini geri çəkilməyə məcbur etmək məqsədi güdür. Əlbəttə, hərbi və digər cəhətlərdən Azərbaycandan müqayisəsiz zəif olan Ermənistan bu həmlələrinin öz əleyhinə işlədiyini həm cəbhədə, həm də diplomatik masada görür.

Danışıqların intensivləşdiyi vaxtda törətdiyi təxribatlarında İrəvanın başqa hesabları da var. Şifahi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan süni gərginlikdən istifadə edərək bu sözünü rəsmiləşdirməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır.

Fransanın verdiyi silahlar da Ermənistanı “cəsarət”ləndirir. Deyə bilərik ki, Rusiya ilə yanaşı, Fransa da gərginliyin qorunub saxlanılmasında maraqlıdır. Fransa Cənubi Qafqazda geosiyasi mövqeyininin güclənməsini Ermənistana hücum silahlarını verməkdə görür. Bununla, Azərbaycana hərbi təzyiq etməyə çalışan Fransa, eyni zamanda, bölgədə güclənən Türkiyəyə “mən də varam” mesajı vermək istəyir”.

Məhəmməd Əsədullazadə vasitəçiliyi pozuculuğa hesablanmış Rusiyanın planlarına da diqqət çəkib:

“Rusiya vasitəçi rolunu saxlamaqla danışıqlar prosesini uzatmağa çalışır. Eyni zamanda, öz qüvvələrini KTMT adı altında Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirmək də Moskvanın planlarına daxildir. Avropa Birliyinin mülki missiyasının Ermənistanda yerləşməsi Rusiyanı qəzəbləndirib. Rusiya dəfələrlə Ermənistana KTMT missiyasını təklif etsə də, hələlik buna getmir.

Bir sözlə, xarici işlər nazirlərinin Moskvadakı bugünkü görüşü əməli addımların atılmasına yönəlməyib. Ayın sonunda liderlərin Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşündən də heç nə gözləmirəm. Görünən budur ki, Ermənistanı sülhə, oyunu pozan qüvvələri də bölgədəki reallığı qəbul etməyə məcbur edən bir güc var – Azərbaycan. Həmin güc nə Rusiya, nə də Qərbdir, hər ikisinin bölgə ilə bağlı hesabı sülhə əngəl olur”.
Ardını oxu...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu TV Müsavat-ın efirində “Canlı debat” verilişinə qoşulub.

Musavat.com xəbər verir verir ki, Elxan Şahinoğlu Qarabağda baş verən hadisələrdən danışıb:

“Qarabağ separatçıları əmrləri Moskvadan alırlar. Separatçılar Rusiya ilə sövdələşmə əsasında Qarabağda hərəkət edirlər. Separatçıların öz aralarında da rifaq artıb, yola getmirlər”.

Ətraflı videoda:

 

Dünyapress TV

Xəbər lenti