Osmanlıdan böyük Türkiyə və yaxud Türkiyə seçimlərinin qlobal təsirləri
ABŞ-ın siyasət səhnəsində əhəmiyyətli nəşrlərdən olan məşhur “Politiko” dərgisi dünya üzrə 2023-cü ilin ən mühüm seçkisinin Türkiyədə olacağını qeyd edir. Prezidentlik və millət vəkilliyi seçkilərini bu qədər əhəmiyyətli edən başlıca məqam isə dünyada hal-hazırda yeni bir düzənə keçidlə bağlı sözün əsl mənasında bütün sahələrə nüfuz etmiş amansız müharibənin yaşanmasıdır. Bu müharibədə Türkiyənin tərəf seçimi məhz bir çox analitiklərə görə qalibi (qalib tərəfləri) müəyyən edəcək ən əsas amillərdəndir.

Son dövrlərdə yeni bir mərhələyə yüksəlməklə dünyada enerji resurslarına nəzarət və qida təhlükəsizliyi sahəsindəki gərgin mübarizə, Covid-19 kimyəvi müharibəsi (məhz müharibə), “Soyuq müharibə”dən daha güclü bir yeni soyuq müharibənin dünyanı öz cənginə alması və Rusiya-Ukrayna arasında baş verən, əslində isə Qərbin Rusiyaya qarşı apardığı ənənəvi müharibə dünyada formatlanmanın və yeni bir düzənə keçidin təzahürləridir. Mübarizə ona görə də olduqca kəskindir və bu amil də 2023-cü il Türkiyə seçkilərini bir anda kritik səviyyəyə yüksəldib. Kimin seçkini qələbə ilə başa vurmasından asılı olaraq Şərq və Qərbin qovşağında yerləşən və bir zamanlar dünyanın super gücü Osmanlının varisi Türkiyənin yönünü də bu mənada müəyyən edəcək.

​Siyasi təsir gücü baxımından “Osmanlıdan böyük Türkiyə” anlayışından istifadə bu gün dünyada diqqət mərkəzindədir. Müstəqilliyinin 100-cü ilini tamamlayan bu ölkə ikinci yüzilliyə qədəm qoyduğu bir məqamda ayaqlarına vurulan həlqələrdən bir-bir qurtulmaqla dünyada “Yeni bir Osmanlı imperiyası meydana çıxır” qənaətinin yaranmasına səbəb olub. Müstəqilliyini əldə etdikdən sonra Kommunist blokla NATO arasında mübarizə meydanına çevrilən, Qərb tərəfindən sosializmlə mübarizə donu üzərinə biçilən və kənd təsərrüfatı ölkəsindən texnoloji avadanlıqların istehsalını həyata keçirən gücə çevrilməsinin qarşısı hər vəchlə alınan Türkiyə uzun illər boyunca bu vəziyyətindən qurtula bilmədi. Nə vaxt ki ölkə yeni bir texnoloji sıçrayış göstərmək istədi, bunun qarşısı hər zaman müxtəlif yollarla kəsildi, çevrilişlərlə Türkiyə hər dəfəsində yenidən girdaba salındı. Hələ İkinci Dünya müharibəsindən öncə qırıcılar istehsal edib səmaya qaldıran nadir ölkələrdən olan, avtomobil istehsal etməyi bacaran (“Devrim” minik maşını) ölkənin bu uğurlarının qarşısı alınmış, həmin sahələrdə əldə edilmiş bacarıqlardan imtina etdirilməklə qırıcılar istehsal edən zavod qapadılmış, maşın istehsalından isə vaz keçirilmişdi. Nəticədə, Türkiyənin inkişafı uzun illər ləngidildi, Qərbdən asılı halda saxlanılan ölkə kimi yaşamağa məcbur buraxıldı.

​XX yüzillik boyunca iqtisadi-ticari sahələrdə həlqələrindən qurtula bilməyən Türkiyə separatçılıq meylləri ilə də qarşı-qarşıya qalmış və terror bu ölkənin gündəmindəki ən böyük problem kimi diqqət çəkmişdi. Türkiyənin terrorla mübarizəsi milyardlarla dolların bu problemlə mübarizəyə yönləndirilməsinə və digər sahələrdə geriləməyə səbəb olmuşdu. Bunun yanında dünya gücləri terror vasitəsilə Türkiyəni məhdudlaşdırmağa və onu özlərinin təbiri ilə desək, “tərbiyələndirməyə” çalışmışdılar. Şərqlə Qərbin qovşağında qərar tutan, zəngin enerji qaynaqlarının Avropa məkanına çatdırılmasındakı əsas marşrut olan Türkiyənin xarici qüvvələrin meydan suladığı ölkəyə çevrilməsini asanlaşdıran digər mühüm bir məqam da burada uzun illər boyu müəyyən bir məsələdə qərara gələ bilməyən və idarəçilik böhranının yaşandığı koalisiya hökumətlərinin mövcudluğu idi. Nəticədə, koalisiya hökumətləri xüsusilə də ötən əsrin 90-cı illərində Qərbin güclü nüfuz etdiyi hökumətlər kimi Türkiyənin dərdlərinə çarə qılmaqda yetərsiz qalmışdı.

​XXI yüzilliklə birlikdə dünyada yeni bir düzənin daşlarının döşənməsi, Sovetlərin dağılması ilə ABŞ-ın dünyanın tək super gücü kimi yeni əsrdə həyata keçirdiyi siyasətin güclü etirazlar və qarşıdurmalar yaratması, onun qarşısında Avropa İttifaqının, Çinin peyda olması Türkiyə kimi dövlətlərin də önündə yeni imkanlar yaratdı. Bunların yanında, 2002-ci ildə bu ölkədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi və ölkədə güclü hakimiyyət sisteminin yaradılmasına başlanılması dünyada yaranmış yeni vəziyyətlə üst-üstə düşdü ki, bu da Türkiyə üçün daha bir xeyirli amili ola bildi. Bununla da güclü dövlətçilik üçün gərəkli olan sahələrə investisiyalar yatırılmaqla Türkiyədə böyük nailiyyətlər əldə edilmə dövrünə qədəm qoyuldu. Çox yaxın keçmişdə öz sərhədlərini qorumaqda çətinlik çəkən, terroru şəhərlərindən çıxarmaqda aciz qalan ölkə bu gün isə separatçı meylli qüvvələri böyük ölçüdə zərərsizləşdirməyi bacara bilib, artıq terror üzərindən Türkiyəyə qarşı oynan oyunlar öz məqsədinə çatmaqdan çox uzaqlaşıb.
​Bu gün müstəqilliyinin ikinci yüzilliyi astanasında olan Türkiyənin dünya üzrə nüfuzunun daha da artmasında bu ölkənin hərbi sənaye sahəsində əldə etdiyi böyük nailiyyətlər də mühüm rol oynayır. Türkiyənin XXI əsrin 23-cü ilini yaşadığımız bu günlərdə hərbi sənaye sahəsində əldə etdiyi bütün bu nailiyyətləri imkan verir ki, ölkə öz müttəfiqlərinə də güclü dəstəklər göstərməklə nüfuz dairəsini genişləndirsin. Somalidən Qatara, Liviyadan Azərbaycana – Qarabağ konfliktinin həllinə və hətta öz müasir silahları ilə Rusiya-Ukrayna müharibəsinin taleyinin də müəyyən edilməsinə kimi vacib oyunçu olduğunu bütün dünyaya sübut edən Türkiyə xarici siyasətini “qazan-qazan” prinsipi əsasında təşkil etməklə Qərb ölkələrindən və Rusiya, Çin kimi yüksəlməkdə olan dövlətlərdən fərqli olaraq imperialist çıxarlar üzərinə qurmayıb. Bu səbəbdən dünyada bir çox ölkələr Türkiyə ilə dərin iqtisad-siyasi, ticari-hərbi əlaqələr qurmaq üçün böyük canfəşanlıq göstərirlər.

​Ümumiyyətlə, Osmanlı imperiyasının nüfuz dairəsində olmuş bütün coğrafiyalarda bu gün ciddi nüfuza malik olan Türkiyə bundan əlavə türk dövlətləri ilə də dərin əlaqələr qura bilib. Türk-Turan birliyinin qurulmasına öncüllük edən ölkə Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı çərçivəsində qurduğu dərin əlaqələr yanında, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla türk dövlətləri arasında İsmayıl bəy Qaspıralının “dildə, işdə, fikirdə birlik” ideyasına uyğun olaraq addımlar atır və bu gün Turan birliyi fikri reallaşmaq üzrədir.

Göründüyü kimi, köhnə dünya sisteminə format atıldığı və yeni dünya düzəninə keçidin daşlarının döşəndiyi bir dövrdə Türkiyə hər keçən gün daha da güclənir, qüdrətli dövlət halına yiyələnir. ABŞ-ın başını çəkdiyi təkqütblü dünya sistemindən fərqli olaraq, XXI yüzilliyin 20-ci illərinin sonlarına doğru çoxqütblü düzənin hakimi olacağı dünyada ABŞ-İngiltərə, Çin, Rusiya və Avropa İttifaqı kimi Türkiyə də türk-islam coğrafiyasının parlayan ulduzu olaraq çoxqütblü düzənin söz sahibi ölkəsinə çevriləcək.

Bütün bunlara görə də 14 mayda birinci turu baş tutan, 28 may tarixində isə ikinci tutu keçiriləcək Türkiyə prezidentlik seçkiləri dünyanın gündəmini olduqca ciddi şəkildə məşğul edir. Və bir şey də aydındır ki, bu seçkinin nəticələri Türkiyə ilə yanaşı, Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə, uzun illər boyunca imperialist dövlətlər tərəfindən sərvətləri talanan qara qitə Afrikada, Balkanlar və sair regionlarda böyük dəyişikliklər meydana çıxarmaq iqtidarındadır.

Anar Qasımov
Naxçıvan

Dünyapress TV

Xəbər lenti