Ardını oxu...
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-
də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik
əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi
partiyalar və digər qurumlar yaranmağa başlamışdı.
Belə çətin və ağır vaxtlarda respublikada yeni siyasi düşüncəli, dövlət
quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin
maraqlarını ifadə edən və o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı
müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi
bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı
“Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və
böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş
hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o
dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və
nəhayət, 27 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni
müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz
təqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvanda təsis konfransı keçirilərək
Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində,
ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli
hadisələrdən biri kimi yaddaşlara həkk oldu.
Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni
iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün
sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi
başladı. Azərbaycanın çətin və ağır dövründə hakimiyyətə qayıdan Heydər
Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil
Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.
Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük
rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə
qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan
Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə
inanır və liderin də xalqa olan inamı günü-gündən artır.
Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının veteranı
kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan
gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının
30-cu ildönümü münasibətilə təbrik edirəm.

İsrafil Kərimov
YAP veteranı, AJB-nin üzvü
 
Ardını oxu...
Rusiya Müdafiə naziri Sergey Şoyqunun orduya Xerson vilayətinin sağ sahilindən geri çəkilmək əmrini verməsinin hansı zərurətdən irəli gəldiyi çox düşündürücüdür.

Məsələ ondadır ki, Ukrayna ordusu rusları bu istiqamətdə möhkəm sıxışdırsa da, son bir ayda Xerson vilayətində demək olar, yeni ərazilər azad etməyib. Digər yandan, vilayətin paytaxtı Xerson şəhəri ilə Ukrayna Silahlı Qüvvələrinin (USQ) ən öndəki birləşmələri arasında 20 kilometrə qədər olan böyük məsafə var. Ancaq belə görünür ki, Ukrayna ordusunun başlıca məqsədi heç də yeni ərazilər ələ keçirmək olmayıb. Əsas məqsəd rusların Xerson vilayətində yerləşdirilmiş 30 minlik qoşununu tədricən məhv etmək olub. Yəni, istəniliridi ki, ruslar bu bataqlıqda daha çox texnika və canlı qüvvə qoysunlar. Nəticədə, ruslar uzun sürən hazırlıq prosesindən sonra, nəhayət, geri çəkilmək barədə yekun qərar verdilər.

Artıq bir aydır ki, Rusiyanın Xersondan çəkilməsi barədə istər rusiyalı hərbi müxbirlər, istərsə də ukraynalı analitiklər tez-tez söhbət salırdılar.

Bəzi analitiklər deyirlər ki, ordu generalı Sergey Surovikin geri çəkilməklə yanaşı, yeni taktikaya əl atmaq istəyir və onun məqsədi həm də Ukrayna ordusuna qarşı hansısa hiyləgər tələ qurmaqdır. Bu versiya qətiyyən istisna edilməməlidir. Heç şübhəsiz ki, Ukrayna hərbi komandanlığı rusların nə edəcəklərini bilməmiş deyil və real vəziyyəti düzgün dəyərləndirib lazımı tədbirlər görəcək. Artıq səkkiz aydır ki, Vladimir Putinin və onun generallarının gedişləri, manevrləri USQ tərəfindən yaxşı öyrənilib.

Hər halda, Rusiya baş verənlərin yeni bir uğursuzluq kimi təqdim edilməməsi üçün bir aydır ki, müəyyən manipulyativ gedişlərlə öz ictimaiyyətini psixoloji cəhətdən bu hadisəyə hazılayırdı.

Bəs, hərbi baxımdan sağ sahildə qalmaq niyə məqsəduyğun hesab edilməyib? Əlbəttə, uzun müddət yalnız su yolu ilə kommunikasiya qurulması hədsiz dərəcədə müşküldür. Həmçinin Ukrayna ordusunun intensiv hücumları rus əsgərlərini taqətdən salırdı. Ordunun təchizatsız və sağlam arxa cəbhə olmadan duruş gətirə bilməyəcəyi faktdır, inadkarlıq göstərməyə dəyməzdi.

Rusiya ordusu artıq üçüncü dəfədir ki, geriyə çəkilmə əməliyyatı aparır və onlar öncəki iki əməliyyat nəticəsində bunu tam təhlükəsiz şəkildə yerinə yetirmə bacarığı nümayiş etdirə bilməyiblər və nəticədə xeyil canlı qüvvə və texnika itiriblər.

Çox böyük ehtimalla, Xersondan çəkilmənin əsl səbəbi Rusiya ordusunun uzun cəbhə boyu döyüşmək imkanından məhrum olması ilə bağlıdır. Onlar min kilometrlik cəbhə xəttini mümkün qədər daraltmağa çalışırlar. İndi Vladimir Putin dərk edir ki, onun “dastanlara sığmayan” əzəmətli və qorxulu ordusu haqqında danışılanlar yalnız gurultulu PR kampaniyasıdır və bu ordu mövcud şərtlərə adekvat cavab vermir. Yəqin ki, Kreml bütün bunları nəzərə alıb, Rusiya ordusunun döyüş qabiliyyətinə uyğun taktiki plan əsasında fəaliyyət göstərməyə çalışacaq.

Aydındır ki, Rusiya müharibədən öncə qarşısına qoyduğu strateji məqsədlərə nail olmayıb. Denasifikasiya, demilitarizasiya terminləri ortadan birdəfəlik qaldırılıb. Putin fikirləşir ki, zaman keçdikcə Rusiya əhalisi onun söylədiklərini unudacaq. Müharibənin ilk dövrlərində hücumlar səmərə verməyəndən sonra Putin deyirdi ki, narahatlığa əsas yoxdur, “hər şey plan üzrə gedir”. Rusiya dövlət başçısından soruşulmalıdır ki, cənab Prezident, Kiyev, Xarkov, Çerniqov ətrafındakı iri yaşayış məntəqələrini və nəhayət, Xerson vilayətini ələ keçirib, sonra oraları tərk etmək də həmin plana daxildirmi?

Bildiyimiz kimi, bu yaxınlarda işğal edilmiş ərazilərdə keçirilən saxta referendumun nəticələrinə görə, Xerson artıq Rusiyaya məxsus ərazi sayılır. Deməli, Rusiya ordusu “öz vətən torpağından” qaçır? Bəlkə, Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsini təntənəli bayram şənliyi ilə qeyd edən zaman Qızıl meydana yığılmış “vətənpərvər kütlə” qarşısında Putinin “ura! ura!” qışqırması da həmin planın tərkib hissəsidir? İndi o vilayətlər bir-bir əldən çıxır axı! Bütün bunlar tarixdə məzhəkə kimi yadda qalacaq...

Əlbəttə, işğalçılığa və avantürist siyasətə haqq qazandırmaq üçün Kreml istənilən cildə girir. Qaldı ki, ordunun minlərlə itki verib geri çəkilməsinə, bunun da “çox vacib və ağıllı addım” olduğunu müxtəlif yollarla izah etməyə çalışacaqlar və deyəcəklər ki, müharibədə hər şey olar, biz hələ təzə başlamışıq...
Ardını oxu...
Xerson vilayəti ona görə işğal olunmuşdu ki, ruslar öz planlarına görə, bu istiqamətdən hücuma keçib Nikolayevi və Odessanı zəbt edəcəkdilər. Beləlkilə, Rusiya ilə oyuncaq Dnestryanı Respublikası arasında birbaşa quru yolu yaranacaq və Ukraynanın Qara dənizə çıxışı tam bağlanacaqdı. Bu, Rusiyanın cənub istiqaməti ilə bağlı strateji planı idi və ordunun qarşısında həmin planın həyata keçirilməsi tapşırığı qoyulmuşdu. Rusiya generallarının sözügedən tapşırığın reallığa nə dərəcədə uyğun gəlib-gəlməməsini dilə gətirmələri mümkünsüz idi, onların buna cürətləri çatmazdı. Şoyqunun generallarının vəziyyəti necə təhlil etməsi və hansı qərarlar vermələri çox zaman ciddi önəm daşımır. Çünki onlar ancaq Kremlin əmrlərini yerinə yetirirlər. Onların öz müstəqil mövqeyi ola bilməz. Yuxarıdan gələn tapşırıqların hərbi cəhətdən düzgün olub-olmaması müzakirə edilmir. Rusiyada müharibə ilə bağlı strateji və hətta taktiki qərarları silahlı qüvvələr komandanlığı vermir, onların işi dinməzcə göstərişləri yerinə yetirməkdir. Putin yalnız vəziyyət ən kritik həddə çatandan sonra qərar vermək ixtiyarını generallara həvalə edir. Özü isə xarakterinə uyğun olaraq həmişəki kimi gözdən itir.

Rus hərbçilər bir şeyi yaxşı bilirlər - geri çəkilməyi. Rusiya ordusu bundan sonra öz mövqelərindən növbəti dəfə geri çəkilə bilər. Hazırda Luqansk vilayətində cəbhədən xeyli arxada “Vaqner xətti” adlandırılan istehkam qurğuları tikilir. Donetsk vilayətində geriyə çəkilmək ölümə bərabərdir. Zaporojye istiqamətindən geri çəkilmək isə Ukraynanın Krım sərhədlərinə qədər irəliləməsinə səbəb olacaq. Bəzi məlumatlara görə ruslar artıq Ukrayna ilə Krım sərhədi boyunca da müdafiə xətləri yaradırlar.

Rusiyanın hələ ki, resursu var, lakin bu, əbədi deyil, onlar imkanlar tam əriyib qurtarana qədər döyüşməkdə davam edəcəklər. Cəbhədə uğur əldə edə bilməyən və sınıb tökülən rus ordusunun uzun müddət müharibə aparmaq imkanı getdikcə zəifləyir. Şübhə yoxdur ki, Putin bunu görür və o, “işlər şuluqlaşdıqca” yeni səfərbərlik dalğasına start verəcək. Kreml bundan sonra Ukraynanı strateji cəhətdən iflic etmək üçün böyük şəhərləri elektrik enerjisi ilə təchiz edən infrastrukturlara, vacib kommunikasiya xətlərinə, Dnepr çayı üzərindəki körpülərə, administrativ binalara raket zərbələri endirilməsi əmrini verəcək.

Putin bütün gücü ilə beyninə yerləşdirdiyi maksimum planı yerinə yetirməyə cəhd göstərəcək. Amma o, istədiyinə nail ola bilməyəcəyini anlayarsa, o zaman taktikanı dəyişəcək və ordunun tam haldan düşməməsi üçün məcburən yavaş-yavaş tutduğu mövqelərdən geri çəkiləcək.

Hərb sənətində belə bir qayda var: Əgər hansısa ərazini əlində tuta bilmirsənsə, onun saxlanmasına enerji sərf edilməsindən vaz keçməlisən. Putinin minimum planı Luqansk və Donetsk vilayətlərini alınmaz qalaya çevirməkdir. Ona görə də Rusiya rəsmi təbliğat maşını cəmiyyətin şüurunu Putinin planlarına uyğun formada elə tənzimləməyə çalışacaq ki, ölkə daxilində müharibə əleyhinə kütləvi etirazlar baş qaldırmasın. Yoxsa, hər şey cığırından çıxar və Rusiyanın qanlı tarixi bir daha təkrarlana bilər. Yekun sonluq isə Kremldə əyləşən “Çar”ın acınacaqlı aqibəti ilə nəticələnər.

Vaqif Nəsibov

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Ukrayna qoşunlarının payızda Xersonu almaq üçün əks-hücum əməliyyatına başlaması öz effektini verməkdədir. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı qoşunların komandanı Sergey Surovikinin məruzəsindən sonra rus qoşunlarının Xersondan çıxarılmasına dair əmr imzalayıb. Artıq Xersondakı inzibati binalardan Rusiya bayraqları da götürülüb.

Rusların Xersondan çəkilməsi haqqında müxtəlif iddialar səslənir. Ən çox səsləndirilən versiya bu geriçəkilmənin diplomatik müzakirələri başladacağı barədədir.

Prinsip etibarilə Rusiya ilə ABŞ arasında diplomatik sferada müzakirənin getdiyi doğrudur. “Vol Strit Jurnal” nəşri də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə son bir ayda bir neçə dəfə gizli danışıq apardığını yazır. Sallivanın Putinin köməkçisi Yuri Uşakovla da danışdığı deyilir.

Aydın məsələdir ki, danışıqların məqsədi eskalasiyanın daha da genişlənməsi riskinə qarşı birbaşa əlaqə kanalının açıq saxlanılmasıdır. Ümumiyyətlə, Bayden administrasiyası Moskva ilə birbaşa əlaqəni milli təhlükəsizlik baxımdan vacib hesab edir. Bütün hallarda müharibə gec-tez bitməlidir və bunun üçün də birbaşa əlaqənin saxlanılması vacibdir.

Rusiya komandanlığının Xersondan çəkilmək əmri hərbi-taktiki baxımdan da doğru qərardır. Əslində, proses Surovikinin “çətin qərarlar verə bilərik” açıqlamasından sonra başlamışdı. Çünki Ukrayna ordusu rus qoşunlarının əsas logistik kanallarını kəsməyi bacarıb.

Hərbi-taktiki və diplomatik baxımdan rus qoşunlarının Xersonu tərk etməsi düzgün qərar olsa da, bu geriçəkilmə siyasi olaraq Rusiyanın prestijinə ciddi zərbə deməkdir. Məsələ ondadır ki, rəsmi Moskva cəmi 1 ay 10 gün əvvəl Xerson da daxil olmaqla işğal etdiyi Ukrayna ərazilərini təntənəli şəkildə Rusiya torpağı elan etmişdi. Bu gün isə həmin ərazilərdən geri çəkilmək məcburiyyətində qalır.

Düzdür, bir-iki banan respublikası və kvozidövləti çıxmaqla, heç kəs işğal edilən Ukrayna torpaqlarını Rusiya ərazisi olaraq tanımasa da, faktiki olaraq indi bütün dünya görür ki, Rusiya kimi nəhəng nüvə gücü öz ərazisi elan etdiyi torpaqları qoruya bilmir. Nüvə silahına əl atmağa isə cəsarət etmir.

Nəticə etibarilə demək olar ki, Rusiya Ukrayna müharibəsində artıq məğlub olub. Hazırda cavabsız qalan yeganə sual müharibənin nə vaxt bitəcəyi və rəsmi Kiyevin hansı şərtlər çərçivəsində sülh müqaviləsi imzalamasıdır.

Politoloq Turan Rzayev

Hurriyyet.Az
 
 
 
Ardını oxu...
Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

DİA.AZ bildirir ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Görünən odur ki, Nikol Paşinyan buna görə sülhməramlıların müddətini uzatmaq və hətta bölgədə daimi saxlamaq istəyir. Çünki onlar erməni silahlılarına daim vəziyyəti gərgin saxlamağa kömək edirlər.

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistan möcüzə gözləməsin:

“İrəvan beynəlxalq vəziyyətin Ermənistanın faydalana biləcəyi elə bir gözlənilməz ssenari üzrə inkişaf edə biləcəyini düşünürsə, yanılır. Ona görə yanılır ki, Azərbaycan hər bir inkişaf ssenarisinə hər baxımdan hazırdır. Belə ki, növbəti ilin büdcəsindən ən böyük vəsait yenə də hərbi məsələlərə ayrılacaq. Eynilə, diplomatik masada da əməli addımlar atılır ki, Ermənistan dar çəmbərdən kənara ayağını ata bilməsin. Nə şimala, nə cənuba, nə qərbə güvənsin. Nə mütəşəkkil qaydada silahlandırılma, nə hərbi təlimlər, nə də o taydan gələn dəstək deyil, Ermənistanı xilas edəcək yeganə siyasət revanşist ritorikadan çəkinmək, qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkmək və dinc qonşuluq mühitində yaşamaqdır. Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan həm şimala, həm cənuba, həm qərbə, həm də Ermənistanın daxilində istər iqtidar, istərsə də müxalifət düşərgəsində təmsil olunan kəslərə, eynilə də müxtəlif tərəflərin dili olan. xaricdən göndərilmiş, öyrədilmiş ünsürə aydın mesajını çatdırdı ki, yenidən Azərbaycanın əleyhinə qarşı hansısa neqativ fikirdə olmaq niyyəti daşısalar, onda “Dəmir Yumruğ”un dadını bir də görəcəklər. “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələrin hər biri onlar üçün dərs olmalıdır".

Nikol Paşinyan ona görə sülhməramlıların müddətini uzatmaq və hətta orda daimi saxlamaq istəyir ki, onlar erməni silahlılarını mütəşəkkil qaydada silahlandırır və vəziyyəti daim gərgin saxlamağa kömək edirlər:

"Ermənistanın sülh prosesini pozacaq revanşist meyillərdən, təxribatlardan çəkinməli olduğunu xarici işlər naziri Ceyhun Bayramov da Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanın diqqətinə çatdırdı. Unudulmasın ki, rus sülhməramlılar orada əbədi deyil, müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onlarında orada qalma müddəti də göstərilir. Azərbaycanın da səbrinin həddi var. Belə davam edərsə, sülhməramlılar vaxtından tez də çıxarıla bilər. Üçtərəfli Bəyanata imza atan hər bir tərəf öhdəliyini unutmamalıdır. Azərbaycan tərəfi beynəlxalq öhdəliklərinə daim böyük məsuliyyətlə yanaşıb, eləcə də üçtərəfli Bəyanata. Öhdəliklər yerinə yetirilməsə, biz də daha sərt addımlar atacağıq".
Ardını oxu...
İranın “Səhər” televiziyası Azərbaycan mediasının bu ölkə rəsmilərinin ermənipərəst mövqeyini tənqid edən çıxışlarına cavab verib. İran parlamentində Güney Azərbaycanı təmsil edən deputatlar “Səhər” proqramına açıqlamalarında yenə bizə hədə-qorxu gəliblər. Bir də utanmaz-utanmaz Azərbaycanın Qarabağ uğrunda döyüşlərində guya bizə dəstək vermələrindən danışıblar. Halbuki, bizə necə dəstək vermələri ortadadır. Hələ indiyədək erməniləri özlərinin minillik qardaşı elan etmələrindən belə geri çəkilmirlər.
Güney Azərbaycan deputatları öz qan qardaşlarına hədə-qorxu gəlməkdənsə, molla rejiminin ermənipərəst siyasətinə aydınlıq gətirsəydilər, daha ağıllı iş görmüş olardılar. Onlar unutmasınlar ki, təmsil etdikləri torpaqlar minillik Türk hakimiyyətinin mərkəzi olub, yəqin ki, bundan sonra da elə olacaq. Onlar unutmasınlar ki, həmin torpaqlarda son bir əsrdə Səttarxan, Seyid Məhəmməd Xiyabani, Mir Cəfər Pişəvəri, Ayətullah Kazım Şəriətmədari kimi vətənpərvər oğullar yetişib və İran Türklüyünün bayrağını göylərə qaldırıb, bu gün onların davamçıları yenə meydandadır və mütləq qələbə çalacaqlar. Onlar unutmasınlar ki, Güney Azərbaycan Türkləri ötən əsrdə dəfələrlə müstəqillik bayrağı qaldıranda Quzey Azərbaycan işğal altında idi və bu səbəbdən onların haqq işinə dəstək verə bilmirdi. Güney Azərbaycandakı milli qüvvələrin böyük fədakarlıqlarına rəğmən məğlubiyyətə düçar olması da məhz bu cür təklənmələrindən qaynaqlanmışdı. İndi Şimali Azərbaycan da həmin işğal altındakı ölkə deyil və lazım gələrsə, İran adlanan məmləkətdəki qardaşlarına hər cür dəstəyi verəcək. Odur ki, Cənubi Azərbaycanı təmsil edən deputatlar silkələnib özlərinə gəlsinlər. O taylı, bu taylı Azərbaycanın əsəbləri ilə oynamaq onsuz da sosial dayaqlarını itirən molla rejiminə ancaq fəlakət gətirə bilər.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
“Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə Qarabağı xilas edəcəyik”. Qarabağdakı qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın bu cür sərsəm açıqlaması birmənalı qarşılanmayıb. Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə gəlməsi və qısa zaman ərzində qondarma qurumda mühüm “vəzifə” alması bir çox qaranlıq məqamlardan xəbər verir. Bəzi təhlilçilər Vardanyanın məhz Rusiyanın adamı olduğunu və Putinin razılığı ilə casusluq xarakterli Xankəndinə göndərildiyini desələr də, bir çoxları erməni milyarderin Qarabağdakı ermənilərə “hamilik” üçün gəldiyini istisna etmirlər. Hər bir halda qondarma qurum nümayəndəsi kimi tanınan erməninin Azərbaycan torpağında belə bir sərsəm açıqlama verməsi heç də ürəkaçan deyil. Və bu haqda Azərbaycan tərəfindən lazımı addımların atılacağı şübhə doğurmur.

Teref.Az-ın məlumatına görə, mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Vardanyan birmənalı şəkildə Arayik Arutyunyana nəzarət etmək və Qarabağdakı separatçılıq meyllərini qızışdırmaq üçün Xankəndinə göndərilib: “Təəssüfedici məqam ondan ibarətdir ki, Rusiya vətəndaşı olan biri Kremlin gözü önündə bundan imtina edir və sülhməramlıların müvəqqəti yerləşdiyi xankəndinə gələrək “separatçı nazir” qismində sərsəm fikirlər səsləndirir. Bu, Azərbaycan-Rusiya münasibətləri konteksindən də kifayət qədər problemli bir məsələdir”.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycan Rusiya əleyhinə hansısa qərarların verilməsində heç bir formada iştirak etmir: “Ancaq buna baxmayaraq Rusiyanın vardanyanın Xankəndinə gəlməsinə, eyni zamanda hansısa “açıqlamalar” verməsinə göz yumması təkcə iki ölkə münasibətləri baxımından yox, beynəlxalq əlaqələr konteksindən də qəbulolunan deyil. Hesab edirəm ki, Vardanyanın təcili həbs edilərək Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı iş aparılmalıdır. Vardanyan və onun timsalında bütün separatçılar Azərbaycana təhvil verilməzsə, bunun Bakı və Moskva arasında gələcək diplomatik münasibətlərdə gərginlik yaradacağı mesajı ötürülməlidir. Bu addımlar atılmayacağı təqdirdə Azərbaycan-Rusiya münasibətlərindəki səhvlər daha da dərinləşəcək”.

Müşviq Tofiqoğlu
 
Ardını oxu...
Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi Prezident İlham Əliyevin siyasi fəaliyyətində tam əksini tapır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir.
Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.
44 günlük Vətən müharibəsi ilə öz ərazisinin işğalına və Ermənistanın işğalçı siyasətinə son qoyan, kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə və siyasi kapitala çevirməyə uğurla davam edir.
31 oktyabrda Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüş növbəti mühüm və yadda qalan hadisə sayıla bilər.
Görüş zamanı Prezident İlham Əliyev bildirmişdir ki, bu görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Həmçinin, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul olunmuşdur.
Qeyd etmək lazımdır ki, bəyanatda 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrası haqqında və regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan respublikaları arasında sülh sazişinin bağlanmasına fəal hazırlıq görülməsinin vacibliyi qeyd olunmuşdur.
Eyni zamanda, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunması haqqında qeydlər aparılmışdır.

Xəlilova Aynur - YAP üzvü
Teref.az
 
 
 
Ardını oxu...
“Qarabağ ermənilərinin reinteqrasiyasının vaxtı çatıb”

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi görüşündə Bakı və İrəvan arasında davam edən sülh prosesinə dair birgə bəyanat imzalandı. Soçi bəyanatı mürəkkəb mahiyyəti və ağır diplomatik dili ilə ictimaiyyət tərəfindən o qədər də asan anlaşılmadı. Ona görə də ölkə ictimaiyyətində yeni bir müzakirə mövzusu yarandı. Sosial şəbəkələrdə “Soçi bəyanatı kimin xeyrinədir?” sualı ətrafında qızğın mübahisələr başlayıb. Bu müzakirələrdə çıxan suallara aydınlıq gətirmək üçün sabiq xarici işlər naziri Həsən Həsənova müraciət etdik. TEREF.AZ yazır ki, diplomat Pressklub.az-a eksklüziv açıqlamasında Soçi bəyanatını rəsmi Bakının diplomatik zəfəri hesab etdiyini bildirdi və mövqeyini bənd-bənd əsaslandırdı:

“Soçi görüşünün başlanğıc hissəsində Prezident İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki, Qarabağ məsələsi müzakirə mövzusu deyil. Bu bəyanat görüşün digər iştirakçıları üçün çox ciddi mesaj idi və danışıqların istiqamətini müəyyənləşdirdi”.

Sabiq nazir hesab edir ki, sonradan qəbul edilmiş sənəd bu mövqe əsasında formalaşıb. Ona görə də Soçidə qəbul edilmiş üçtərəfli sənəd Ermənistan-Azərbaycan münasibətlərinin gələcək tənzimlənməsi prosesi üçün çox mühüm bir diplomatik aktdır və bu akt tamamilə Azərbaycanın milli maraqlarına xidmət edir.

“Bu fikri 5 müddəaya söykənərək əsaslandırmaq mümkündür:

Sənəddə hər hansı başqa problem deyil, məhz “Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması”ndan söhbət gedir. Mətndə əks olunan “kompleks” sözü iki dövlət arasında sülh müqaviləsinin qəbulu üçün Azərbaycanın əsas kimi təklif etdiyi beş prinsipə işarə edir.
Sənəddə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün fəal hazırlığın vacibliyi vurğulanır. Bu isə Azərbaycanın prioritet kimi vurğuladığı problemdir.
Sənəddən belə anlaşılır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirdiyi bəyanatların əksinə, Rusiya sülhməramlı qüvvələrinin əməliyyat zonasının genişləndirilməsinə, qəbul olunmuş zamanın dəyişdirilməsinə, eləcə də hər hansı digər qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur.
Bu sənəd təsdiq edir ki, Azərbaycanın erməni əhalisinin statusu və xüsusi hüquqları problemi, ümumiyyətlə, danışıq predmeti deyil. Nəticə olaraq, onların reinteqrasiyası ətrafında fəaliyyətə başlamaq vaxtı çatıb. Bunun üçün sənəddə təklif edilir ki, ictimai xadimlər, ekspertlər, dini liderlər tərəfindən birgə düşünülmüş addımlar atılmalıdır.
Ən əsası, qəbul edilmiş sənədin mühüm dəyəri ondadır ki, son vaxtlar müxtəlif ermənipərəst qüvvələr tərəfindən fəal şəkildə irəli sürülən ideyalar burada öz əksini tapmayıb və rədd edilib”.
H.Həsənov sonda vurğuladı ki, qəbul edilmiş sənəd Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini istəməyənlərə xəbərdarlıqdır ki, onların cəhdlərinin heç bir faydası yoxdur.

“Tarixin təkərini çevirmək olmaz. Azərbaycan XX əsrin 80-ci illərindəki kimi deyil, dünya da əvvəlki kimi deyil. Bu sənəd bir daha onu göstərdi ki, İlham Əliyevin təbirincə desək, “Dağlıq Qarabağ münaqişəsi həll olunub, bitib, mövcud deyil, tarixə göndərilib və nida işarəsi”.
Nicat İsmayılov
 
 

Ardını oxu...
"Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov Naxçıvan Dövlət Universitetinin 2 ci kurs əyani (magistratura) tələbəsidir. Özü də əlaçıdır."
Naxçıvanın əlaçı tələbə-nazir müavini
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyevin vəziyyəti yaşdır. Nazirlikdə aparılan yoxlamalar zamanı yol verdiyi qanunsuzluqların “korrupsiya” əməli olduğunu eşidib binəvanın ürəyi getmişdi. Sən demə, o boyda nazir əməllərinin “korrupsiya” olduğundan belə xəbəri yoxmuş. Amma xöşbəxtlikdən, cənab nazirin canı möhkəm imiş. İlkin tibbi müdaxilələrdən sonra özünə gələn Rafael Əliyev indi səbrsizliklə Bakıdan gələn “uzaylıların” onun barəsində verəcəkləri qərarı gözləyir. İşdir, şayət, “uzaylılar” onu indiki vəzifəyə layiq görməsələr, yaxud qoluna qandal vurub Böyükdüz əsirxanasına göndərsələr, cənab naziri təbii ki, müavini Həsən İsmayılov əvəzləyəcək.
Ardını oxu...
Bəs, inanılmaz təsadüflərin üzünə güldüyü Həsən İsmayılov kimdir?
“Qara pişik”dən aldığım məlumata görə, Həsən İsmayılov indiki Baş nazir Səbuhi Məmmədovun kadrıdır. Səbuhi Məmmədov 6 fevral 2017-ci il tarixindən 2018-ci ilin 30 noyabrına qədər Naxçıvan MR Maliyyə naziri işlədiyi ilyarımlıq dövrdə Həsən İsmayılovu vəzifəyə gətirib. Daha sonra isə özü çıxıb Baş nazirin müavini vəzifəsinə gedib. 2020-ci ildə Maliyyə naziri postuna Rafael Əliyev gətirilənə qədər nazirliyə faktiki haqqında bəhs etdiyimiz Həsən İsmayılov rəhbərlik edib. Rafael Əliyevin fitvası veriləndən sonra, yəqin ki, bir müddət Naxçıvan MR-in maliyyə sistemi yenidən bizim qəhrəmanımızın ixtiyarına keçəcək.
Burda nə var ki, deməyin. Məsələ burasındadır ki, Həsən müəllim həm də tələbədir. Hazırda Naxçıvan Dövlət Universitetində Hüquqşunasliq sahəsi üzrə magistr təhsili alır. 2 ci kurs tələbəsidir. Özü də əyani oxuyur. Əyani magistrların dərs vaxtı işləməsi isə xususilə dövlət qulluğunda qadağandır.
İşlərinin çoxluğunu nəzərə alsaq, belə çıxır ki, Həsən İsmayilov əslində dərsə getmədən tələbəlik edir. Bütün bunlara baxmayaraq, Həsən müəllim elə böyük zəka sahibidir ki, dərsə getmədən belə, əlaçı tələbə adını qazana bilib. Hətta əlaçı təqaüdü alır. Təsəvvür edirsinizmi, bir adam həm nazir maaşı, həm də əlaçı təqaüdü alır. Bununla da kifayətlənmir, əlilin, kasıb-kusubun, sosial vəziyyəti ağır olan vətəndaşların təqaüdünə də tamah salır.
“Qara pişik” bu yerə çatanda necə qəzəbləndisə aslan kimi nərildəyərək dedi: “Allah tamahını kəssin, ay Həsən! Sən nə acgöz imişsən”.
Heyder Oguz
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
“İtkinlər: 4000-dən hər biri” layihəsi başa çatdı... amma itkinlər dərdi bitmir

“Mən gözümü açandan evdə həmişə əmimi gözlədiklərini görmüşəm. Nənəmlə babam əmimi gözləyə-gözləyə dünyadan köçdülər. Heç unutmuram, nənəm son nəfəsində də gözünü qapıdan çəkmədi. Son kəlməsi “oğlum gəldi?” oldu…

İndi atam qardaşını, mən isə əmimi gözləyirəm. Axtarırıq desəm, yalan olar. O vaxt axtarmaq üçün demək olar ki, aylarla cəbhə boyu gəziblər. İndi isə evdə oturub gözləyirik… Hərdən mənə elə gəlir ki, mən əmimi gözləməyi ailəmdən öyrənmişəm. Yəqin bu vərdişim övladlarıma da keçəcək…

Biz məktəbdə oxuyanda tədbirlərdə bu şeri deyirdik:

“Orda bir kənd var uzaqda, o kənd bizim kəndimizdir…

Getməsək də, varmasaq da, o kənd bizim kəndimizdir…”

Onda öz-özümə düşünürdüm ki, orda bir igid var uzaqda, o igid mənim əmimdir. Gəlməsə də, getməsə də… o igid mənim əmimdir…”

Bütün bunları mənə “İtkinlər: 4000-dən hər biri” layihəsini işlədiyim müddətcə görüşdüyüm gənclərdən biri danışıb. O adının açıqlanmasını istəmədi, hesab edir ki, əmisi haqqında “axtarmırıq, ancaq gözləyirik” deməsi atasını incidə bilər.

Digər bir müsahibim, ümumiyyətlə, danışmaqdan imtina etdi: “Qızım, çox sağ olun ki, məni axtarıb tapmısınız, ancaq əvvəlcədən deyim ki, müsahibə verməyəcəyəm. Mənim oğlum ölməyib ki, haqqında danışım. Oğlum yaşayır və mən onu hər gün gözləyirəm. Bütün Gəncə bilir ki, mən illərdir onun gələcəyi günü gözləyirəm”.

1992-ci il, sentyabrın 19-da Fərrux dağında gedən döyüşlərdə itkin düşən İlhamın anası Elmira Dadaşova isə Fərruxda kütləvi məzarlığın aşkarlandığı gündən gözünü qapıdan çəkib, başqa istiqamətə dikib – DNT testlərinin nəticələrinə… Hər dəfə zəng edəndə “bir xəbər çıxmadı?” – deyə soruşur…

Layihə çərçivəsində Pressklub.az saytında yayımlanan araşdırmalarda cəmi altı itkin haqqında məlumat verə bildik, ancaq bir kitablıq intizar hekayəsi topladıq. Ümid edirəm, zamanla onları sizə təqdim edə biləcəyik. Bu yazıda isə sadəcə ilk yazılar yayımlandıqdan sonra aldığımız rəy və mesajlardan bir neçəsini toplamışıq:

Yaqut Seyid

I Qarabağ müharibəsində kəndimizdən könüllü döyüşə gedən oğulların yeddi nəfəri itkin düşdü. Rəhmətlik Fidan dayı dünyadan köçən günə qədər gecələr həyət qapısını arxadan bağlamırdı ki, birdən oğlum gecə qayıdar, küçədə qalmasın.

Aysel Camal

Bibim oğlu I Qarabağ müharibəsində Ağdərə döyüşlərində itkin düşüb. Xəbəri 1992-ci ilin fevralında gəlib… Məktəbimiz onun adını daşıyır… Şəhid statusu verilib, ancaq rəhmətlik atası sağlığında bir dəfə də şəhidlərə verilən yardımı almadı ki, “mənim oğlum sağdır!” Bibim bu gün də onun yolunu gözləyir, hər zaman yuxularında görür, deyir “mənim balam sağdır!”

Müşfiq Qədirov

Bizim kəndimizin də Vüqar və Şahid adlı iki itkini var. I Qarabağ müharibəsində itkin düşüblər. Şahidin anası hələ də onu sağ gözləyir, qələbədən sonra daha da ümidləndi… Ölmüş olması ehtimalını belə qəbul etmir… Mən onu başa düşürəm, babamın atası da II Dünya müharibəsində itkin düşüb, babam ölənəcən yolunu gözləyirdi… İndi də saf-saf mən gözləyirəm… Elə bilirəm, gələcək, nə vaxtsa bir xəbəri çıxacaq…

Rəbiyyə Zərdabi

Ağır dərddir… Göz yollardan yığılmır… Bir dəfə Şüvəlanda oğlu əsirlikdə qalan ananın söhbəti məni günlərlə ağlatmışdı… Ana dedi ki, yağışı, göy gurultusunu heç sevmirəm… Səs-küy olur… Birdən oğlum gələr, qapını döyər, yaşlanmışam, eşitmərəm… Şimşəyin səsi də qoymaz eşidəm… Bilirəm, gələcək, yuxuma gəlib deyib ki, ana, sağam! Məni gözlə…

Gülnarə İsmayılova

Çox ağır dərddir, elə bu gün bir ana ilə söhbət elədim… Onun da oğlundan heç bir xəbər yoxdur, yaşlı qadının gözü yoldadır, Edillidə tapılan məzarlıq barədə məlumatı yox idi deyə deməyə ürəyim gəlmədi…

Şəfəq Azər

1992-ci ildə bizim bir sinif yoldaşımızın qardaşı da itkin düşdü… Hər gün müəllimlər dərsdə soruşurdu ki, qardaşından nə xəbər var? Beləcə, dərslərimiz cəbhədən gələn doğru-yalnış xəbərlərlə keçirdi… Atası “oğlum gəlib çıxmayınca saqqalımı qırxmayacağam” dedi. Atasının saqqalı o qədər uzanmışdı ki, adam qoca Məcnuna bənzəyirdi… Məcnun zatən ərəbcə dəli deməkdir. Hər onu görəndə ürəyim ağrıyırdı…

Humay Xəlifəqulieva

Xalamın oğlu I Qarabag müharibəsində itkin düşüb. Xalamın ürəyi “oğul” deyə-deyə partladı… Dözmədi… Yoldaşı da vəfat etdi. İndi işğaldan azad edilən ərazilərdə qazıntılar altından çıxan insan sümüklərini gördükcə fikirləşirəm ki, bəlkə xalam oğlu da oradadır…?

Təhminə Əsgərli

Mənim xalam bu günə qədər 1992-ci ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində itkin düşmüş oğlunu gözləyir… Deyir, gələcək…

Mehriban Səfərova

Hər dəfə “İtkinlər” layihəsini oxuyanda mən onların sağ olduğuna inanıram. Torpaqlarımız azad olunanda mənə elə gəlirdi ki, hamısı oradadır, bizi gözləyirlər… Düşünürdüm ki, qələbə ilə yanaşı, bu məsələ də öz həllini tapacaq…

Nuran Əhmədzadə

I Qarabağ müharibəsində bizim də qapımıza şəhid tabutu gəlib. Həmişə itkin yolu gözləyən ailələrin danışdıqlarını eşidəndə şükür etmişəm ki, nə yaxşı ki əmimin ziyarət etmək üçün bir məzarı var. İtkin analarına əlimdən yalnız səbir diləmək gələr…

Aytac Əli

Biz məktəbdə oxuyanda sinif yoldaşımın atası müharibədə itkin düşmüşdü. Ümidləri var idi… Bibisi deyirdi, bəlkə sağdır, bir gün gələr. İndi, illər sonra “İtkinlər” layihəsini oxuyanda o oğlanın niyə daim elə kədərli olduğunu anlayıram. Doğma adamının itkin düşməsi kimi dəhşətli nə isə yəqin ki, yoxdur…

Sənubər

Ağdamın Yusifcanlı kəndindən iki ailə tanıyırdım, onların da itkinlərindən bu günə qədər heç bir xəbər çıxmayıb. Hazırda Qaradağ rayonu Sahil qəsəbəsindəki yataqxanada yaşayırlar. Gözləyirlər…

Ceyhun Məcidov

1994-cü ildə mənim də qardaşım Füzuli istiqamətində itkin düşüb. Şəhidlik statusu verilib, ancaq hələ də yolunu gözləyirik. Heç bir səs-soraq, “gördüm” deyən yoxdur… Elə bil heç həyatda bu adda adam olmayıb…

Xatirə Məhərrəmli

30 ildir bizim böyük ailəmizin də gözü yollardadır… İki dayim doğma şəhərləri Şuşanı müdafiə edərkən itkin düşüblər. Ailəmizin üz tutmadığı qurum qalmadı, amma heç elə bil yoxuymuşlar… Biz də bu dərdlərin içində uşaqkən böyüdük… Nənəm son günə qədər qamətin dik saxladı ki, oğullarım gəlib məni beli bükük görməsinlər… Anam isə iki qardaşının dərdini hələ də çəkir… Bilsəniz necə ağırdır…

Əli

Atamın bacısı, bacısı oğlu, əmisi uşaqları… Düz səkkiz nəfər Kəlbəcərdə itkin düşüblər. Otuz ilə yaxındır gəzirik, beynəlxalq və yerli təşkilatlara bildirmişik. Amma heç vaxt bir nəticəsi çıxmayib.

Asəf Sadıqov

Döyüşçü yoldaşımız Feyzullayev Aydın Zakir oğlu Vətən müharibəsində itkin düşən 6 hərbçidən biridir. Sentyabrın 30-da Füzuli rayonu Alxanlı istiqamətindən döyüşə qatıldı və həmin gündən ondan xəbər yoxdur. Ailəsini ziyarət edəndə atası Zakir dayı belə bir cümlə işlətdi: “Cibindən 3-5 manat düşüb itəndə gözün hey axtarar, mən isə cavan oğlumu itirmişəm…”

***

Onların sayı çoxdur. Rəsmi məlumata görə, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşüb. Hər birinin haqqında ayrıca yaza bilməyi arzulayırıq. Analarının dili ilə desək, bir gün özlərinin bu yazıları oxumaları ümidi ilə…

Layihədə əməyi keçən hər kəsə, xüsusilə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təşəkkür edirik!

Vüsalə Məmmədova
 
 
 

Dünyapress TV

Xəbər lenti