Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edib.
Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
O bildirib ki, sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: "Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul edib".
O bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.
Müstəqilliyin ən böyük nemət və ən böyük sərvət olduğunu bildirən dövlət başçımız vurğulamışdır: “Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür”.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: "Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilib. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, o vaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər".


Aysel Mənsimova - politoloq

 

Dünyapress TV

Xəbər lenti