Ardını oxu...
Praqada liderləri bir araya gətirən Avropa Siyasi Birliyi ideyası Fransa prezidenti Emmanuel Makrona məxsusdur. Paris Ukraynanın Avropa İttifaqına qısa müddətdə üzvlüyünün əleyhinə olduğu üçün bu ölkəni və digərlərini bir araya toplamaq üçün Avropa İttifaqı nəzdində Avropa Siyasi Birliyi təsis edilməsini lazım bilib, Brüssel bu ideyanı dəstəkləyib. Tədbirə 44 dövlət dəvətlidir, bunlardan 17-i Avropa İttifaqının üzvü deyil. Avropa Siyasi Briliyinin konkret nə ilə məşğul olacağı hələlik bəlli deyil, ancaq hiss olunur ki, bu format ATƏT-ə bənzər quruma çevrilə biləcək. ATƏT Azərbaycanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüklərinin qorunması məsələlərində sinifdə qaldı, eyni zamanda Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı da işlək mexanizmə çevrilmədi. Yeni təsisatın işlək olması üçün imkanlar var. Misal üçün Praqadakı toplantı çərçivəsində, Serbiya-Kosovo, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Türkiyə-Yunanıstan dialoqunun genişlənməsinə şərait yaradılacaq. Heç bir nəticə olmasa belə Avropa Siyasi Birliyi platforması ölkə liderlərinin görüşüb fikir mübadiləsi aparması üçün münbit müstəvidir.
Yeni platforma Rusiyanın xoşuna gəlməyəcək. Ancaq Ukraynada gücünü itirən Rusiyanın diplomatik zəmində prosesə mane olacağı ehtimalı azdır. Azərbaycan və Ermənistanın Avropa İttifaqına üzvlük hədəfləri yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan Brüssellə dialoqun genişlənməsində maraqlıdırlar.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Bakıda “Nə alsanız 1 manat” başlıqlı mağazalara yəqin ki, hər biriniz rast gəlmisiniz. Kifayət qədər populyarlaşmışdı deyə az qala hər addımbaşı belə ucuz satış mərkəzləri qarşımıza çıxırdı. Bəs düşünmüsünüzmü insanların təəccübünə səbəb olan bu tendensiya birdən-birə necə və harada yarandı?

Bu tip mağazalar Çində daha geniş yayılmasına baxmayaraq, əslində Azərbaycana Avropadan gəlib. Zaman-zaman bu qitədə ucuz və keyfiyyətsiz məhsulların daha çox satışını həyata keçirmək üçün bu cür kampaniyalar aparılıb. Yarandığı vaxtlar kiçik əşyalar satışa çıxarılırdısa, sonralar piştaxtaları geyim və böyük məişət avadanlıqlarına qədər hər çeşiddən olan məhsul bəzədi. Azərbaycanda da elə Avropadakı kimi oldu, təkcə 1 manatlıq məhsullar deyil, həm də qiyməti keyfiyyəti qədər olan məişət avadanlıqları, kosmetik vasitələr, hətta geyimlər müştərilərə təqdim olundu.

İnsanlara keyfiyyətsiz məhsulların “bir qiymətin gücü” prinsipi ilə daha asan satılması ənənəsi bu gün də ayaqdadır. Amma “manatlıq” mağazalar artıq təkcə yol kənarlarında yaşamır, həm də böyük supermarketlərə siraət edib. Xüsusilə də Çindən, Pakistandan və digər Asiya ölkələrindən aşağı keyfiyyətli məhsullar idxal olunaraq, ABŞ və Avropa məhsulu kimi müştərilərə təqdim edilir.

DİA.AZ publika.az-a istinadən xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Avropanın bir sıra ölkələrində satılan “Pepco” məhsullarını Azərbaycana gətirib. O “Pepco” ki, Avropanın “manatlıq” mağazalar şəbəkəsidir və əslində, müştərilərinə də məhsullarını o cür təqdim edir. Şəbəkə “hamısı bir dollara” sloqanı ilə geyim, ev heyvanları üçün yemək, oyuncaqlar, gözəllik məhsulları və məişət əşyalarından tutmuş dərman vasitələrinə qədər müxtəlif məhsullar təklif edir. 1999-cu ildə zəncir biznesinin əsası qoyulsa da, 2003-cü ildə Cənubi Afrikanın “Pepkor” şirkəti “Poundstretcher”in 14 mağazasını alır və növbəti il Polşada “Pepco” markasını təqdim edir. Polşadan başqa, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Xorvatiya, Litva, Sloveniya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya və Serbiya da daxil olmaqla, əksər Avropa ölkələrində fəaliyyət göstərir.

Bəs, “Araz”ın Avropa brendi kimi təqdim etdiyi bu şirkət həqiqətənmi Avropanındır? Məhsullar Avropadamı istehsal edilir?

“Araz” supermarketlər şəbəkəsinin 17 filialında “Pepco” çeşidləri müştərilərə “ucuz və keyfiyyətli” məhsul adı altında satılır. “Pepco” məhsullarını Avropa brendi kimi təqdim edən “Araz” qeyd etdiyi keyfiyyətə təminat verirmi? Təsəvvür edin ki, 10-15 manata Avropa brendi olan ayaqqabı alırsınız. Hətta 1-2 manata da geyimlər var, onların sayı daha çoxdur. İndi oxucuların beynini bu sualı yola bilər: 3-5 manatlıq geyim necə keyfiyyətli ola bilər? Avropada bir fincan qəhvənin 10 avro olduğu bir vaxtda bu qiymətə yüksək keyfiyyətli kostyum almaq olarmı? Hər kəs bu sualın cavabını çox yaxşı bilir.

Adi bir müqayisə: Avropadan idxal olunan ikinci əl məhsulların satıldığı “Memi” mağazalarında təqdim edilən geyimlər belə onlardan qat-qat bahadır. Bəs, nədir “Pepco”nu bu qədər üstün edən?! Həm keyfiyyətli, həm ucuz, həm də Avropa brendi...

Azərbaycan alıcısının Avropanın “manatlıq” mağazasının məhsullarını bəlkə də şübhə duymadan almaq istəyi satışı iri supermarket şəbəkələrinin həyata keçirməyidir. Avropa brendi kimi təqdim etdiyi “Pepco”-nun əslində hansı ölkəyə aid olduğunu “Araz” niyə gizlədir? Satışın daha çox Avropa ölkələrində aparılması nə zamandan brendin və istehsalın da ora aid olduğunu göstərir?

“Steinhoff International Holding”in rəsmi saytında qeyd edilib ki, “Pepco” Cənubi Afrika brendi sayılır. “Cənubi Afrikanın “Steinhoff” şirkətinə məxsus olan və hazırda Varşava Birjasında çoxmillətli pərakəndə satış şəbəkəsidir”, – məlumatda deyilir. Yəni, “Pepco” çoxmillətli satış şəbəkəsidir və Avropa brendi sayılmır. “Araz” “Pepco”nu əslində, Afrika brendi kimi təqdim etməlidir. Amma bu gün nədənsə “Avropanın keyfiyyətli və ucuz məhsulu” reklamını aparmaqla Azərbaycan alıcısını bir neçə dəfə aldatmış olur.

Əslində, “Pepco” “manatlıq” mağaza olduğunu və orada hansı keyfiyyətdə məhsul satıldığını gizlətmir, bunu açıq şəkildə bəyan edir və auditoriyasını açıqlayır. Bəs “Araz” niyə gizlədir?

Başqa bir mənbəyə baxaq: “East Value Research” araşdırma mərkəzinin məlumatına görə, “Pepco” əksər məhsulların 1 funt sterlinqə satışını həyata keçirir. Şəbəkənin geyimlərinin pərakəndə satış qiymətləri uşaq bədən kostyumu üçün 1 funt sterlinqdən qadın paltosu üçün 20 funt sterlinqə qədər dəyişir və çeşidin 90%-i 10 funt sterlinq və ya daha aşağı qiymətə satılır. Yəni, orada nadir hallarda 10 funtdan baha nə isə tapıb almaq olar. Bu gün reallıqdır ki, qiymət keyfiyyətin göstəricisidir. “East Value Research”ün araşdırması isə onu göstərir ki, “Pepco”nun məhsullarının keyfiyyət göstəriciləri qiyməti kimi aşağıdır.

“Pepco” brendləri Çin, Honq-Konq, Banqladeş, Pakistan və Hindistanda da mövcuddur. Məhsul bu ölkələrin xüsusilə zəngin olmayan təbəqəsini geyindirməyi və digər məhsullarla təmin etməyi hədəfləyir. Şirkətin rəsmi saytında qeyd edilib ki, “Pepco”nun qarşıdakı hədəfi orta səviyyədə yaşayan və aşağı gəlirləri olan şəxslərə diqqət yetirməkdir.

Məsələyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov da münasibətini bildirib.

O qeyd edib ki, artıq geyimlər ərzaq qiymətinə satışa çıxarılır. E.Hüseynov hesab edir ki, qiymətin aşağı olması həmin məhsulun saxta olması ehtimalını yüksəldir.

“Aşağı qiymətə satılan geyimlər təbii olaraq istehlakçılarda şübhə yaradır. Neçə illərdir ki, Bakının mərkəzində mağaza fəaliyyət göstərir, brend məhsullarının etiketini oxşar məhsullara vuraraq dəfələrlə ucuz qiymətə satır. Burada qiymətin aşağı olması həmin məhsulun saxta olmasının sübutudur. Azərbaycan əmtəə bazarının bütün seqmentlərində saxta mallar mövcuddur və istisna olunmur ki, daha çox ərzaq satışı ilə məşğul olan mağazaların satdığı geyimlər də saxta olsun. Çin dünyada hər şeyi saxtalaşdıran ölkəduir. Məhsul çox ucuz qiymətə satılırsa, ola bilsin ki, Çindən ölkəmizə idxal olunsun. Çünki Azərbaycanda xüsusilə istehlakçının rəğbətini qazanan məhsulun bir neçə həftə sonra onun saxta növləri gətirilir. Buna nəzarət edən dövlət qurumları təəssüflər olsun ki, susurlar. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 95-ci ildə qəbul edilib və bundan sonra dəyişməyib, heç bir müasir tələbələrə də cavab vermir”, - AİB sədri qeyd edib.

P.S. Yazıda adıçəkilən qurum və şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Bəzilərimiz "vaxt var idi..." deyib keçmişin həsrəti ilə yaşayır. Mən qətiyyən. Vaxt elə bu vaxtdır. Və gördüyümüz zamanların ən yaxşısı elə bu vaxt, bu zamandır...
Sübut?
Bir məktəblinin döyülməsi ilə aləm bir-birinə dəyib.
Fb-nin ən ciddi simaları etiraz edir, olayın peşini buraxmır, yazır, yazır...
Aztv mövzu ətrafında hoqqabazlıq edir...
Xidmətçi medianın ictimai problemlərdən danışmaq üçün əlinə fürsət düşür....
Nazirlik işi "nəzarətə götürür"... nəzarətə götürənləri də fb əhli nəzarətə götürür. Ovçu gözlərdən heç nə yayınmır...
Fitrətən məsləhətçi millət olduğumuzdan kimsə məsləhətini əsirgəmir...
Fb hər kəlməyə həssasdır, kimi qınayır, kimi söyür, kimi ittiham edir.
Bu fürsətdə həm də fb-nin geniş salonlarında qanacaq sərgisi açılır...
Sonu nə ilə bitəcək, bu da önəmlidir...
Amma o həsrətini çəkdiyiniz zamanlarda bu kimi vəhşiliklər hər gün, hər saat baş verirdi, nə dil bilirdi, nə dodaq...
İndi zaman başqadı, cidanın çuvala sığmayan vaxtıdı...
Vaxt elə bu vaxtdı...
Yeni məsuliyyətlər yaranır: həm döyən, həm döyülən tərəf üçün...
Həm də döyməyə meylli olanlar üçün...
Qəzetlərə danışan məktəb təmsilçilərinin yerlərdə olan səviyyəsi ortaya çıxır...
Hər kəs öz olayını, həyəcanını, özünə vəsfini yazır... nələr tökülür ortaya: əməllər, ağıllar...
Olayın sonunda alan da, satan da gizli qalmayacaq... elə satılmayan da...
Çox ibarətamiz işləklər baş verir... bu, birinci deyil...
Bu "vaxt" xoşuma gəlir... "vaxt var idi..."yə boş verin...
Mənim də sizlər kimi problemlərimin sayı yoxdur. Çoxunun da öhdəsindən gələ bilmirəm....
Amma və lakin... gördüyümüz və görmədiyimiz vaxtların ən gözəli elə bu vaxtdır... İNTERNET ƏSRİ...
 
Ardını oxu...
Avropa Siyasi Birliyinin Praqada keçiriləcək sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.
Şarl Mişelin vasitəçiliyi ilə görüşlərə alışmışıq, bir dəfə də beynəlxalq tədbir çərçivəsində Fransa prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa fikir mübadiləsi olmuşdu.
Bu görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəilk götürərsə danışıqlarda irəliləyiş ola bilər.
Ancaq buna zəmanət yoxdur. Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub.
Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
İlk mərhələdə Kremlin Ukraynaya nüvə zərbəsinə cavab reaksiyası nəticəsində Rusiya savaşan ordusunu və Qara dəniz donanmasını itirəcək… Kreml Avropa məkanına nüvə zərbəsi endirməyə cəsarət edərsə, fəlakət zonası qat-qat genişlənib böyüyəcək, bu haldasa, NATO-nun məhz Rusiyanın əhali sıxlığı olan qərb ərazilərini vura biləcəyi ehtimal olunur…
Dünya dövlətləri böyük bir dilemma qarşısında qalmış kimi görünürlər. İndi Qərb siyasi dairələri əsasən, bəşəriyyət üçün olduqca önəmli xarakter daşıyan yeganə suala cavab tapmağa çalışırlar: Nüvə müharibəsi olacaqmı, əgər, bu, baş verəcəksə, hansı şəraitdə reallaşacaq? Və hələlik bu suala məntqli, birmənalı cavablar mövcud deyil.

Ancaq buna baxmayaraq, indi Qərb siyasi dairələri də qətiyyən şübhə etmirlər ki, dünya hazırda nüvə müharibəsinə heç vaxt olmadığı qədər çox yaxındır. Yəni, Rusiya da daxil olmaqla, əksər nüvə dövlətləri hər an o qorxunc “düymə”yə basa bilərlər. Ondan sonrasa, heç bir dövlət üçün geriyədönüş şansı qalmayacaq.

Təbii ki, belə vəziyyətdə Qərb siyasi dairələrində Rusiyaya hansısa güzəştlərin qaçılmaz ola biləcəyi də müzakirə edilməyə başlandığı vurğulanır. Çünki, Kremldə Rusiyanın Ukrayna savaşında məğlub olması ilə barışmayacaqları artıq hər kəsə aydındır. Putin hakimiyyətinə mütləq hərbi qələbə lazımdır. Ona nail olmaq üçünsə, Kreml istənilən ən yolverilməz və taleyüklü addımı atmağa hazırdır.

Qərb xüsusi xidmət servislərinin əldə etdiyi məlumatlara görə, Kremlin qismən səfərbərlik elan etməsi hazırda vaxt qazanmaq və vəziyyəti nisbətən dəyişmək məqsədi güdür. Tezliklə, Rusiyada ümumi səfərbərlik də elan olunacaq. Bundan sonra da Rusiya Ukrayna savaşında öz hədəflərinə çatmazsa, bu halda, Kreml sahib olduğu son vasitəyə - nüvə silahına əl atacaq.

Halbuki, Rusiyanın nüvə silahından istifadə etməsi bütün dünya üçün böyük fəlakətə yol aça bilər. Kreml hələlik mövcud situasiyada nüvə faktorundan Rusiyanın beynəlxalq rəqiblərinə qarşı təhdid və şantaj məqsədilə istifadə edir. Yəni, bu şantaj faktoru sayəsində Rusiyanın hədəflərinə çata biləcəyinə hələ də ümid bəsləyir.

Rusiyanın hazırda ilk hədəfi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmaqdan ibarətdir. Çünki, Rusiyanın yalnız hərbi deyil, bütün sahələr üzrə resursları tükənmək üzrədir. Rusiya artıq Ukrayna savaşının ağırlığına tab gətirməkdə çətinlik çəkir. Hətta böyük ehtimalla Rusiya yaxın bir neçə ay ərzində bütün sahələr üzrə daxili kollaps ilə də üzləşə bilər.

Ona görə də, Rusiya Ukrayna savaşından tez-tələsik, ancaq müəyyən üstünlüklərlə çıxmaq niyyətindədir. Ən azından Kreml Ukraynanın işğal olunmuş ərazilərini öz əlində saxlamağa iddialıdır. Çünki əks halda, Putin hakimiyyəti Ukrayna savaşında verilən çoxsaylı canlı qüvvə və hərbi texnika itkilərini, ümumiyyətlə, məğlubiyyəti Rusiya cəmiyyətinə izah edə bilməz.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ukrayna savaşının hansısa mərhələsində - daha dəqiq desək, məhz məğlubiyyətin qətiləşdiyi anda nüvə silahından istifadə edə biləcəyi ehtimal olunur. Əgər, Rusiya belə bir addım atarsa, hətta taktiki nüvə silahı ilə zərbə belə, yüzminlərlə insanın həyatı bahasına başa gələ bilər. Halbuki, dünya dövlətləri də bunu Rusiyaya qətiyyən bağışlamazlar.

Onu da qeyd edək ki, ABŞ başda olmaqla, əksər Qərb ölkələri öz vətəndaşlarını Rusiya ərazisindən artıq çıxartmağa başlayıblar. Bu addım müəyyən mənada, yaxınlaşdığı ehtimal olunan nüvə savaşına ilkin hazırlıq da hesab edilə bilər. Və bu, o deməkdir, Qərb siyasi dairələrində nüvə savaşı ilə bağlı ehtimallar tamamilə ciddiyə alınır.

Həmin ehtimallara görə, Rusiya ilk nüvə zərbəsini məhz Ukrayna ərazisinə endirmək niyyətindədir. Buna veriləcək cavab reaksiyasına uyğun olaraq, növbəti nüvə zərbəsi Avropa məkanını da hədəfə ala bilər. Bu haldasa, qlobal nüvə savaşından yayınmaq demək olar ki, mümkün olmayacaq.

ABŞ və Qərbdən gələn açıqlamalara əsasən, hesab etmək olar ki, Ukraynaya nüvə zərbəsi endirilərsə, NATO buna dərhal adekvat reaksiya verəcək. Çünki, bu hərbi-siyasi alyans Ukraynaya nüvə zərbəsinin NATO-ya edilmiş hücum kimi qəbul ediləcəyini artıq rəsmən bəyan edib. Və belə anlaşılır ki, NATO Rusiyaya cavab zərbəsi endirməyi elə əvvəlcədən öz üzərinə götürmüş vəziyyətdədir.

Qərb xüsusi xidmət servislərinin ehtimallarına görə, Kreml Ukraynaya nüvə zərbəsi endirdikdən sonra hadisələr çox sürətlə cərəyan edəcək. Buna cavab olaraq, Ukrayna ərazisində olan Rusiya ordusu tamamilə məhv olunacaq. Eyni zamanda, Rusiyanın Qara dəniz donanması da bu su hövzəsinin dibinə göndəriləcək.

Bundan sonra baş verəcək hadisələr isə birmənalı şəkildə yenə də məhz Kremldən asılı olacaq. Belə ki, əgər, Kreml Avropa məkanına nüvə zərbəsi endirməyə cəsarət edərsə, fəlakət zonası qat-qat genişlənib, böyüyəcək. Bu haldasa, NATO-nun məhz Rusiya ərazisinə nüvə zərbəsi endirə biləcəyi ehtimal olunur.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya əhalisinin mütləq əksəriyyəti ölkənin Qərb hissəsində kompakt şəkildə yaşayır. Həmin bölgələrə endiriləcək nüvə zərbəsinin hansı fəlakətləri törədə biləcəyini təsəvvür etmək isə qətiyyən çətin deyil. Yəni, milyonlarla, hətta hər iki tərəfdən onmilyonlarla günahsız insan həyatını itirə bilər.

Ona görə də, Kremlin dünyanı və Rusiyanı geriyə dönüşü olmayacaq kataklizmlərə sürükləməkdən imtina etməsi olduqca vacibdir. Bəşəriyyəti qorxunc fəlakətlərdən qorumaq üçün hələ qətiyyən gec deyil. Nüvə zərbəsindən sonra isə bunun üçün çox-çox gec olacaq.

Rusiya "qırmızı cizgi"ləri keçməməlidir və artıq dayanmaq barədə düşünməlidir. Əks halda, Kremlin və Ukrayna savaşını ssenariləşdirən beynəlxalq dairələrin günahı ucbatından həm Rusiya, həm də bütün dünya bəşər tarixinin ən böyük faciəsini yaşaya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
 
Ardını oxu...
"Brüssel görüşündən sonra hadisələrin axarına bilərəkdən, şüurlu şəkildə mənfi təsirlər yaradılsa da, proseslərin danışıqlar müstəvisinə geri dönməsi vəziyyətin stabilləşdiyindən xəbər verir. Bu stabillik, silahların susdurulması sükutu informasiya müstəvisində pozuldu".

Teref.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, dünyada regionumuz üçün də olduqca taleyüklü hadisələr baş verir:

"Təəssüflər olsun ki, əlini-qolunu bağlaya bildiyimiz Ermənistanın, yalan ifraz edən ağzını yuma bilmirik. Şübhəsiz ki, Cenevrə görüşü öncəsi guya Azərbaycan hərbçilərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı sosial şəbəkələrdə videomaterialların yayılmasından söhbət gedir. Nəzərə alsaq ki, Cenevrə görüşünün özü də məhz 31 avqust tarixində Brüsseldə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib, eyni zamanda 5 maddəlik təklifin özü də Ermənistan tərəfindən də qəbul olunub, deməli, sülhün əldə olunmasına maneə törədən yerdə qalan qüvvələr daxili və xarici erməni revanşistlərlə məhdudlaşmır.

Avropa İttifaqına qaz nəql edən interkonnektorun açılışı bu arqumentimizi daha da gücləndirir və əsaslandırır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bütün bu hadisələrin fonunda ona məhz azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə videonun göndərildiyini, araşdırılmasını və doğrudursa, məsuliyyətə cəlb edilməsini vurğulaması da ondan xəbər verir ki, Aİ ola biləcək bütün ehtimalları hesablayır, vəziyyətə tam nəzarət edir və dərhal cavab verir.

Ümumiyyətlə isə heç bir görüşün qərarsız, əhəmiyyətsiz, uğursuz mərhələ ya nəticə kimi başa düşülməsinin və şərh edilməsinin tərəfdarı deyiləm. Bunlar nəticə deyil, ona doğru gedən yolda mərhələlərdir ki, qlobal miqyasda baş verən hadisələrin regionumuza da təsirinin hər zamankından daha çox olduğunu nəzərə alaraq, sözsüz ki, hamar olmayacaq. Təbii və süni maneələr olub, mövcuddur və olacaq. İstər real, istərsə də obrazlı şəkildə desək heç bir tərəf birdən-birə təslim olub, silahları, rıçaqları yerə qoymayacaq. Hərbi, diplomatik, bütün mümkün yollarla nəticəyə biz məcbur etməliyik, edirik də.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatına əsaslansaq noyabra qədər region tamamilə yeni bir mərhələyə qədəm qoymalıdır. Bu mərhələdə Ermənistan harda və necə olacaq bu onun seçimidir. Olduqca taleyüklü məsələlər baş verir. Keyfiyyət baxımından yeni münasibətlər sistemindən Ermənistana da pay düşə bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Zəngəzur dəhlizi isə Ermənistanın həlletmə, ya qərar qəbuletmə gücündən asılı olacaq qədər kiçiltməyə çalışıb, mane ola biləcəyini düşündüyü qədər asan, mikro, regional layihə deyil. Bu, böyük güclərin marağındadır və onlardan verilən mesajların da heç biri Ermənistanın maraqlarına deyil, öz maraqlarına xidmət edir. Bu maraqlar da regionun aparıcı dövləti kimi ilk növbədə Azərbaycanla uzlaşdırılır.

Prezident İlham Əliyev meqa layihələrin təşəbbüskarı və icraçısı olduğu üçün etimad qazanan və dünya miqyasında təqdir və təşəkkür edilən bir Lider olduğundan maraqlarımız cılız maraqlara deyil, böyük hədəflərə fokuslanıb".
 

Ardını oxu...
Tovuz rayonun Qaraxanlı kənd mədəniyyət evi qəzalı vəziyyətdədir.

DİA.AZ xəbər verir ki, adiyyatı qrumlara binanın vəziyyəti ilə bağlı dəfələrlə məlumat verilib.

Onlar baxış keçirərək, təmir ediləcəyini bildirsələr də verdikləri vədə əməl
etməyiblər.



Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurumları dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video kifayət qədər şübhəlidir və açıq suallar yaradır, xüsusilə görüntülərin sürətli şəkildə xarici mediaya servis edilməsi, Bakı-İrəvan münasibətlərində vasitəçilik edən avropalı siyasətçilərin məsələyə münasibəti və s. fonunda.
- Görüntülər nə qədər realdır?
- Niyə indi ortaya çıxdı?
- Bu görüntülər nəyə hesablanıb?
Görüntülərin feyk olduğuna əminlik yaradan məqamlar var:
1. Görüntü və səs arasında uyğunsuzluq açıq hiss olunur;
2. “Əsirlər”in reaksiyası “güllələnən” insanın reaksiyasına bənzəmir;
3. Videosujetin həcmi “gerçək güllələmə” səhnəsinin qurulması baxımından çox azdır: təsəvvür edək ki, bir hərbçi düşmən hərbçiləri güllələyir, belə olanda sonda mütləq öz “imzasını” qoymalıdır - Ermənistan, yaxud ermənilər haqda nəsə mesaj göndərə bilər; döyüşlərlə bağlı Azərbaycan hərbçilərinin çəkdikləri videoların əksəriyyətinin sonunda da “imza”ya rast gəlmək olur;
Videonu incələdikdə montaj olduğu açıq şəkildə görünür. Təbii ki, bu sahənin mütəxəssisləri daha dəqiq bilərlər. Lakin 44 günlük müharibə və sonrasında Ermənistanın “səhnəciklər” qurması faktları da bu videonun feyk olduğu fikrini daha da gücləndirir.
- Müharibə dağlarda getdiyi vaxt “azərbaycanlı hərbçilərin” əli bağlı olan iki “erməni əsri” güllələdiyi görüntüsü yayılmışdı, hərçənd, səhnəciyin şəhər mühitində çəkildiyi aydın görünürdü;
- Ermənistan Azərbaycanın müharibəyə “terrorçu” cəlb etdiyini iddia edirdi və bunun “görüntülərini” də yaymışdı: görüntülərdə Dövlət Sərhəd Xidmətinin hərbi formasında bir neçə şəxsin gəzdiyi görünürdü, bu görüntülərdən bir neçə gün sonra (o zamankı) müdafiə naziri David Tonoyanın zirzəmidə keçirdiyi görüşdəki erməni əsgərlərin bir neçəsində Azərbaycan DSX-nın hərbi formasının bənzərinin olduğu aydın görünürdü;
- Yaxud döyüşdə məğlub olan erməni ordusunun “qələbəsinə” aid bir videogörüntü var idi: bütün bölük ölür, bir erməni əsgər sona qədər döyüşür və postu qoruyur, komandir onu qucaqlayır; həmin görüntülərdə mikrafonu gizlətməyi unutmuşdular;
Belə feyk görüntülərin, qurulan səhnəciklərin sayı kifayət qədərdir. Və ermənilərin səhnəcik təcrübəsi də son görüntülərin “Azərbaycan əsgərinin formasında” qurulan növbəti teatr olduğunu deməyə əsas verir.
Niyə indi yayıldı sualının cavabını sərhəd toqquşmasından sonra siyasi proseslərin inkişafında tapmaq mümkündür.
Ermənistan, eyni zamanda, Qərb ölkələrindəki erməni diasporu/lobbisi bütün vasitələrlə Azərbaycanın “təcavüzkar” obrazını formalaşdırmaq istiqamətində işləyir:
a) Müharibədən sonra bölgədə yaranmış postmünaqişə reallıqlarını dəyişdirmək, xüsusilə üçtərəfli razılaşmaları arxa plana keçirmək;
b) Azərbaycan ordusunun sərhədin bərpası istiqamətində irəlilədiyi mövqelərdən geri çəkilməsinə nail olmaq;
c) Avropa strukturlarında Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi ilə rəsmi Bakını sülh müqaviləsini İrəvanın şərtləri ilə imzalamağa, yaxud ən azı mövcud tələblərini yumşaltmağa məcbur etmək;
(Bu görüntülərlə Azərbaycana qarşı azərbaycanlıların da imza atdığı “sülh çağırışı”nın eyni vaxtda yayılması təsadüfi deyil).
Bu hədəflərə nail olmaq üçün Ermənistana, həm də bu ölkənin mövqeyindən çıxış edənlərə əsaslar lazımdır, “güllələnmə səhnəsi” də buna heablanıb.
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Çoxsaylı Rusiya ordu hissələrinin Donetsk vilayətinin Liman şəhəri yaxınlığında mühasirəyə düşməsilə bağlı “Liman” sözü bütün dünya mediasının hərb xəbərlərində tez-tez səslənir. Mühasirəyə düşənlərin sayı 1 500-5 500 arası deyilir, bu günə qədər müharibədə Ukrayna silahının ən böyük qələbəsidir! Слава Украiнi! Героям слава!
Amma mən ayrı söhbət eləmək istəyirəm.

“Liman” sözü də tatar-türk sözü, Ukrayna ərazisində çoxsaylı türk kökənli toponimlərdən biridir.
Sözün bir neçə mənası var, hamısı da dənizlə bağlıdır.
1. Okean, dəniz və göl sahilində gəmilərin dayanması, yük vurub-boşaltması üçün yararlı, körpü, kran, rels və s. qurğuları olan yer, məkan. İndi ingilis “port” sözü daha çox işlədidilir, Port-Baku, aeroport və s.
Ədəbi misal: “Bu gün Bakı limanında xeyli qağayı sahil boyunca gəmilərin üstündə süzüb qıy vururdu”. Hüseyn Abbaszadə.
Haşiyə. Rəhmətlik Hüseyn müəllimin ədəbi yolumun başlanğıcında mənə kömək eləməsi haqqında hələ ayrıca yazacağam, 100 illiyi yaxınlaşır.
2. "Liman"ın ikinci mənası - körfəz.
3. Sahil boyu dəniz suyunun qurunu, məsələn, çay dənizə töküləndə, yayıldığı ərazini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzi.
Türk dilləri sözü yunan dilindən, “limen”dən götürüb.

Amma Ukraynada, Krım ərazisində vaxtilə, antik dövrdə qədim yunanlar yaşasa, ellinistik dövlətlər olsa da, yerin adı məhz limandır, limen deyil. Yəni ukraynalılar məhz tatarlardan götürüblər.
Ukrayna vikisinə inansaq, qəsəbə XVII yüzilliyin sonlarında İzyum (Üzüm – bu yer adı haqqında bir dəfə yazmışam) alayının kazakları tərəfindən salınıb, o vaxtlar zəifləmə çağlarını yaşayan tatarlara qarşı orada kazakların keşik səngərləri, istehkamları vardı. Sonradan böyüyüb şəhər olub, indi önəmli dəmiryol qovşağıdır.
Ukraynalılar kazaklara “kozak” deyir.

Haşiyə. 1970-ci illərin ikinci yarısında yuniorlar arasında boks üzrə Bakı çempionu Vladimir Kozak vardı, yüngül çəkidə. "Burevestnik"in zalında məşq edirdi, mən də ora bodibildinq məşqləri eləməyə gəldim. Tale elə gətirdi ki, trener Raçik Aslanyan məni, cəmi 1-2 ay boks məşqlərinə də qoşulan adamı Bakı çempionunun sparrinqinə çıxardı - məşq döyüşünə. Hələ yaxşı ki, yuniorların norması olan 2 dəqiqəlik 2 raund, özü də xüsusi meşin dəbilqələrdə ki, ağır zədə olmasın. Eyni çəkidəydik, mənim 25-26 yaşım vardı, onun 17-18. Babat çırpdı məni o Kozak, dodaqlarım şişmişdi, içəridan qançır idi. Bu barədə də yazmaq istəyirəm, maraqlı döyüş idi. Əslində o zalda məşqlərimlə bağlı bir "Nokaut" adlı hekayəm var, "Ədəbiyyat və incəsənət" qəzetində, 70-cilərin sonlarında dərc olunub.
Kazaklar haqqında da hələ yazacam, birinci hissəsini çap elədiyim “Əsirliyin nəfəsi” xatirə hekayəsində, 1991-də helikopterlə Kərəmli kəndindən Ağdama qayıdan zaman Stepanakert söhbəti düşəndə, əsirlik təhlükəsi yarananda orada kazak zabit də da vardı, önəmli rolu oldu.

Maraqlı məqam da odur ki, türk kökənli sözlər Krıma osmanlılardan əvvəl gəlib. Çünki Krım xanları Çingizlilərin bir qoludu, Krım Qızıl Ordunun tərkibində olub, Qızıl Ordu parçalanandan sonra müstəqil xanlıq elan ediblər. Osmanlı imperiası isə Krıma 1475-də gəlib, yalnız sahil şəhərləri və dağlıq yerləri tutdu. Qalan ərazilər Krım xanlarında qaldı, onlar da sultanların vassalı oldu. 300 il sonra, növbəti rus-türk hərbini sonuclayan Küçük-Qaynarca müqaviləsiylə hər iki imperia Krım xanlığının işinə qarışmamaq öhdəliyi götürdü.

İngilis şərqşünası Kanninghəm,- Bosvort da olabilər, yaddaşa etibar yox, - "Müsəlman sülalələri" kitabında yazır ki, Krım xanları sülaləsi dünyada ən uzun sürən sülalədir, həm islam, həm də xristian aləmində. Cavanlıqda oxuduğum o kitabı gərək tapım, yenidən oxuyum, orada çox maraqlı faktlar, adlar var, 1970-cilərin sonu, 80-cıların əvvəlində qulağımda qədim, unudulan, amma hətta xatirəsi də şirin mahnı kimi səslənirdi - məmlüklər, Bürcülər, Bəybars, Aybəy, Krım xanları Dövlət-Gəray, Səadət-Gəray, Səlamət-Gəray, İnayət-Gəray, Qara Qaplan-Gəray... O vaxt yazmaq olmazdı, çox danışmaq da məsləhət deyildi, amma indi yazmaq olar, yazmaq isyəyirəm.

P.S. Görürsüz də, yaşım 70 yaxınlaşsa da, - bir aydan az qalıb, - ədəbi planların azalmayıb, artıb. Jurnalistika öz yerində. Qonşularımızın "qədimlik", "mədənilik" xəstəliyinin qaynaqları barədə tarixi-analitik yazı yazmaq da var planlarımda, məsələ göründüyü kimi sadə deyilmiş, ciddi mənbələrdən öyrənmişəm.
Allah sizin hamınıza və əzizlərinizə ömür versin, əziz dostlar, oxucular! Mənə də sizə verənin yarısını, 1/3-ni.
Çingiz Sultansoy
Teref.az
 
 
 
Ardını oxu...
Rusiyanın ilk prezidenti Boris Yeltsin Vladimir Putini 1999-cu ildə baş nazir təyin etdikdə ikincinin ilk işi Çeçenistanı ram etməsi oldu. Putin şəhər və kəndlərin dağıdıllması, kütləvi bombardmanlar hesabına İkinci Çeçen savaşını qazandı və bu onun 2000-ci ildə prezident seçilməsini təmin etdi. ABŞ və bır qrup Avropa ölkəsi Çeçenistanda insan haqlarının kütləvi şəkildə pozulmasına etiraz etdi, ancaq Kremlin üzərinə çox getmədilər, çünki hər halda söhbət Rusiyanın ərazi bütövlüyündən gedirdi. 2001-ci ildə terrorçular qaçırdıqları mülki təyyarələr vasitəsilə Nyu-York və Vaşinqtonda partlayışlar törətdikdə Putin beynəlxalq terrorizmlə mübarizədə ABŞ-a dəstək verəcəyini bildirdi. ABŞ o zamankı prezidenti oğul Buş Putinlə görüşdən sonra mətbuata belə dedi: “Onun gözlərinə baxdım, Putinə inanmaq olar”. Putin Buşu hipnoz etmişdi.
Putin Konstitusiya pozulmasına deyə 2008-ci ildə prezident kürsüsünü 4 illik müddətə dostu Dmitri Medvedevə ötürdü. Buna baxmayaraq, həmin il Rusiyanın Gürcüstana qarşı işğalçı müharibəsinin arxasında baş nazir Putin dayanırdı. Qərb bu dəfə də Putinin şıltaqlığına dözdü, halbuki, Abxaziya və Cənubi Osetiya Gürcüstandan qopardıldı. Putin 6 il sonra Ukraynanın Krım bölgəsini ilhaq etdi və Donbasda separatçı bölgə yaratdı. Qərb anladı ki, bu dəfə “qırmızı cizgilər” aşılıb, Putini hansısa yolla dayandırmaq lazımdır. Ancaq Qərb düşünənə kimi Putin növbəti planını hazırlayırdı, 8 il keçdi və Kreml sahibi işğalçı müharibə yolu ilə Ukraynanın 4 bölgəsi Rusiyaya biləşdirdi. Putin dayanmaq bilmir. Putini durduracaq qüvvə Ukraynanın müharibədə qələbəsi və itirdiyi bölgələri geri qaytarması, o cümlədən Rusiyada artan narazılıq ola bilər, ancaq ikinciyə ümid azdır.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti