Ardını oxu...
Bizə, REAL-a həm hakimiyyətin içindən, həm yan-yorəsində və orbitində olanlardan ən çox gələn iradlardan biri budur ki, siz xalqın dilini bilmirsiniz, qəliz dənaşırsınız, sonra da çıxıb izah etmək məcburiyyətində qalırsınız. Hətta 30 ildir hakimiyyətin orbitindən çıxa bilməyənlər bizi aşağılamaq, arqumnetlərlə cavab verməyə beyinləri olmadığı üçün “mala” termini də icad edib yayamağa başladılar.
Əslində siyasi dil, üslub bir az qəliz, elmi, çoxmənalı və çoxşaxəli olmalıdır, siyasi dil bəsitləşəndə mənasızlaşır, səviyyəsizləşir, bununla da xalqın böyük bir hissəsini proseslərdən çəkindirir. Müxaliflik kriteriyası kimi hər cümlənin əvvəlinə və axırına “İlham Əliyev” sözlərini salmaq göstərilirsə, bu bu siyasəti bəsitləşdirməkdən başqa bir şey deyil. Dar çevrə iqtisadi, sosial problemlərin həlli yollarını, xarici siyasətin kodlarını bilmədikləri üçün cəmiyyəti “dərd danışmağa” öyrədirlər, deyirlər ki, biz bəsit dillə dərd danışaq, siz də ağlayın, amma həlli yolları bizlik deyil, cəmiyyət də dərd danışana öyrəşdikcə, dərd həll edənlərə qəliz dili-üslubu olan kimi baxmağa başlayır. Çünki, hakimiyyətin də, orbitində olanların da problemlərin həlli ilə bağlı diskurs açmağa səviyyələri çatmır, ona görə də, hər iki tərəfə bəsitləşdirilmiş üslub sərf edir – bir tərəf 30 ildir ölkədə hakimiyyətdə olmasına, ölkədəki bütün problemlərin kökündə durmasına baxmayaraq hər addımda 92-93-cü illəri hədəf göstərərək özünə bəsit müxalifət təyin edir, qarşı tərəf də bundan sevincək olub əsl müxaliflik havasına girir, və beləcə 30 ilimizi əlimizdən alıblar.
Bəsitləşdirilmiş siyasi üslubun ziyanlarından biri də xarici siyasətlə bağlı primitiv yanaşmanın təbliğidir – ölkəni idarə etməyə talib olan, bunu hədəf kimi qarşısına qoyan siyasi qüvvələr və siyasətçilər beynəlxalq diplomatik, qəliz dili və üslubu öyrənməlidirlər.
Yüzlərlə misal çəkə bilərəm, amma gəlin son günlərin iki mesajı timsalında məsələnin məğzini izah etməyə çalışım:
1) İran tərəfi Cənubi Qafqazda sərhəd rejiminin (orjinalda məhz bu ifadədir) dəyişdirilməsini qırmız xətt adlandırıb – Həmən də bunu “tərcümə” etməyi bacarmayanlar cənub qonşumuza hücuma keçdilər. Maraqlıdır ki, belə məqamlarda hakimiyyət susur, daha “ağıllı” davranır (ən azı təcrübələri və qlobal məsləhətçiləri var), önə çıxan bəzi müxalif kəsim ilə İran dövləti arasında qalmır, faktiki olaraq da belə məsələlərdə qonşu ilə münasibətləri korlamadan qonşunun öz alternativlərinə münasibətinin pis olmasına şərait yaradır. Əgər hökumət bununla bağlı rəsmi izah tələb etsə İran çox sakit şəkildə deyəcək ki (niyyəti, məramı, hədəfi başqa olsa da), bəli, biz Cənubi Qafqazda sərhədlərin, sərhəd rejiminin dəyişməsinə qarşıyıq, yəni, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığımıza vurğu etmişik, bir də Zəngəzurdan keçməsi nəzərdə tutulan yolun Rusiyanın tam nəzarətinə keçməsindən (sərhəd rejiminin dəyişməsindən) məmnun deyilik. Yəni, 3000 il diplomatiya məktəbi olan dövlət dediyinin altından belə çıxacaq, ortada da qəliz diplomatik dili anlamayanlar qalacaq. Həmin ortada qalanların bəsit məntiqi ilə İran dediklərini “malalayacaq”, halbuki, düşüncələri çatsa, siyasi dilin məhz belə olmasını qavraya, gələcəkdə bənzər səhvlər etməzlər,
2) ABŞ dövlətinin 3-cü şəxsi Nensi xanım İrəvana səfərə gələb (bu səfərin səbəbləri haqqında dünən yazmışam, şərhlərdə link qoyaram), səfərin iki əsas məqsədi var: ABŞ-da seçki və Paşinlayana dəstək. Pelosi xanım çatan kimi bir tvit atıb, bizdə yenə qəliz dili anlamağa çətinlik çəkənlər hədəfin Azərbaycan olduğu barədə hay-həşir salıblar. Tvitin tam tərcüməsi belədir: “Qurucularımız 1787-ci il Konstitusiya Günündə avtokratiyadan demokratiyanı seçdilər. Nəsillər boyu biz bu seçimi müdafiə etmişik və müdafiə etmişik. Bu gün ABŞ-dan Ukraynaya, Tayvandan Ermənistana qədər dünya demokratiya və avtokratiya arasında seçim qarşısındadır və biz yenə də demokratiyanı seçməliyik”.
Biz indi ABŞ-a sual versək ki, bu nə deməkdir?! ABŞ rəsmiləri deyəcək ki, biz Rusiya və Çini nəzərdə tutmuşuq, onların caynağından Ukraynanı, Tayvanı və Ermənistanı qurtarmağı hədəf qoymuşuq. Ermənilər soruşanda isə deyəcəklər ki, Ermənistan demokratiyadır deyə sizi dəstəkləməyi nəzərdə tuturuq. Diplomatik və siyasi dil budur, qəlizdir və çoxşaxəlidir.
Ölkədə siyasi dili bəsitləşdirməkdən ən çox dividend götürən elə bu siyasi sistemdir. Kimlər bu üslubun təbliğatı və dominant siyasi dilə çevirməkdə hakimiyyətə kömək edirlərsə, elə bu sistemin möhkəmlənməsinə xidmət etmiş olurlar.
P.S. Pelosi İrəvanda başqa açıqlamalar da verib, öz daxili seçkilərində səs qazanmaq üçün irəli-geri, çox mənasız danışıb, amma bunun da izahını ABŞ tapacaq, deyəcək ki, hakimiyyətin icra qolu, Dövlət Departamenti belə düşünmür, ABŞ bölgədə sülhün və əminəmanlığın qorunması üçün hər iki ölkə ilə yaxından işləməyi düşünür. Çünki, dediyim kimi, siyasət qəliz işdir, dili-üslubu da elədir. Zatən Pelosinin vəzifədə son 2 ayı qalıb, seçkilərdən sonra Nümayəndələr Palatasının rəhbərliyi dəyişəcək.
Natiq Cəfərli
Teref.az
 
 

Ardını oxu...
Zaman-zaman sosial şəbəkələrdə müxtəlif şəxslərin üzr videolarına rast gəlirik. Qanunlara əməl etməyən, inzibati xəta törədən sadə vətəndaşlar, müğənnilər, hətta iş adamları və məmurlar kamera qarşısına keçir, törətdikləri əmələ görə peşman olduqlarını bildirirək, xalqdan üzr istəyirlər. Əsasən, 2020-ci ildə karantin qaydalarını pozan şəxslərin görüntüləri ilə populyarlaşmağa başlayan “üzr” videoları, hazırda da geniş vüsət alaraq, hər kiçik məsələdə baş vurulan bir vasitəyə çevrilib.

Bir qrup insan bu hərəkəti alqışlasa da, cəmiyyətdə bu məsələyə birmənalı baxmayan, bunun qanunsuz olduğunu, şəxsin şərəf və ləyaqətini alçaltdığını bildirənlər də var. Son zamanlar isə tanınmış simalar bu cür videoların çəkilməsinə etiraz olaraq, öz üzr videolarını çəkərək sosial şəbəkələrdə paylaşmağa başlayıblar.

Müvafiq qurumlar isə bildirirlər ki, belə görüntülər şəxsin razılığı və öz istəyi əsasında ictimailəşdirilir.

Ardını oxu...

Bəs, hüquqi cəhətdən üzr videolarının çəkilməsi nə dərəcədə qanunauyğundur?

Bu mövzuyla bağlı vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, qanunvericilikdə bununla bağlı hər hansı bir müddəa yoxdur: “Vətəndaşın özünün könüllü razılığı olmasa, heç kim onu bu hərəkəti etməyə məcbur edə bilməz. Bu, yalnız mülki qaydada həll oluna biləcək bir məsələdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-cü maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Məsələn, məhkəmə şərəf və ləyaqəti ləkələyən məlumatların yayılmasına görə bir şəxsin üzərinə digər şəxsdən yazılı üzr istəməsi, həmin məlumatı təkzib etməsi öhdəliyi qoya bilər. Habelə hüquqları pozulmuş fiziki şəxsin həmin məlumatlara qarşı öz cavabını dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır”.

Vəkil qeyd edib ki, hüquq-mühafizə orqanlarının bu kimi addımları onların səlahiyyətində olmasa da, bu kimi addımlar cəmiyyətdə müəyyən bir gərginliyin və xaosun aradan qaldırılmasına, başqa şəxslərin bu kimi əməlləri törətməkdən çəkindirməyə istiqamətlənib: “Lakin qanunsuz olaraq vətəndaşın özünün razılığı olmadan heç kim onu məcbur edə bilməz ki, etdiyi əmələ görə üzr istəsin. Əks halda bu hərəkət İnsan Hüquqları haqqında Konvensiyanın 3-cü və 8-ci maddəsinə, eləcə də Konstitusiyanın 46 və 47-ci maddəsinə zidd olar. Cinayət Məcəlləsinin 59-cu və İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində cinayəti yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Yüngülləşdirici hallardan biri də inzibati xəta və cinayət törətmiş şəxsin səmimi peşmançılığı və şəxsin könüllü gəlib təqsirini boynuna almasıdır. İctimai qayda, ictimai təhlükəsizlik, eləcə də cinayət tərkibi yaradan hallarla bağlı qanunvericilikdə müvafiq olaraq öz əməlini etiraf edib, ondan səmimi peşmançılıq hissi keçirən şəxslərin könüllü razılığı və sərbəst iradəsi nəticəsində bu videolar çəkilərsə, burada qanuna zidd nəsə yoxdur”.

Vəkilin sözlərinə görə, şəxsin üzrxahlıq etməsi, bağışlanılmasını xahiş etməsi, səmimi peşmançılıq hissinin keçirilməsi və yaxud keçirilməməsi ilə bağlı qanunvericiliyin normalarında hər hansı qadağa yoxdur: “Buna o prizmadan yanaşa bilərik ki, qanunda nə qadağan deyilsə, o mümkündür. Lakin hüquq mühafizə orqanlarının fəaliyyət istiqamətləri arasında üzr istətmək kimi heç bir norma yoxdur. Şəxsin iradəsi ziddinə ona (zor gücü, işgəncə və ya hədə-qorxu təsiri altında) üzr videosu çəkdirmək birbaşa qanuna ziddir. Həmin şəxslər üzr videosunu mənəvi təzyiqin altında nədənsə qorxduğu, çəkindiyi üçün etməməli, həqiqətən bunu istəməli və videoların yayılmasına razılıq verməlidir. Üzr videosu çəkilənlər bilsinlər ki, bundan imtina edə bilərdilər və heç kimin onlara bu seçimində təzyiq göstərmək hüququ yoxdur və üzr videosuna çəkilməməsinə görə onları heç bir məsuliyyət gözləmir”.

E.Bəyməmmədli
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələrinin 13 sentyabr təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı mediaya açıqlamasında iddia etmişdi ki, qardaşı hərbi xidmətə düzəlmək üçün bankdan 6 min manat kredit çəkərək, rüşvət verib. Bu məsələ iki gündür, medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusudur. Müdafiə Nazirliyi məsələnin araşdırılacağını və Sənan Əhmədovun nazirliyə dəvət edildiyini bildirmişdi. Bunun ardınca sosial şəbəkələrdə Sənan Əhmədovun “üzrxahlıq videosu” yayıldı. Videoda şəhid qardaşı dediklərini təkzib edir, yanlışlıq olduğunu bildirir və hamıdan üzr istəyir…

Video yayılan kimi, dərhal məntiqi mexanizm işə düşdü – sosial şəbəkə təmsilçiləri, ictimai sektorda, hətta ondan kənarda olan insanlar kütləvi halda özləri üzr videolarını çəkib paylaşmağa başladılar. Bu paylaşımlardakı sarkazm və kütləvi qınağın ünvanı yenə hökumətdir. Cəmiyyət bütün təbəqələri ilə etirazını bildirir. Bunu edən orqan, yaxud şəxs də daxil, hələ kimsənin bu videonun niyə çəkilib yayıldığını əsaslandıran bircə cümləsi belə yoxdur.

İnformasiya siyasəti, siyasi PR işi yerlə sürünür. Ortada əcaib bir mənzərə var: bir neçə gün əvvəl düşmənlə döyüşü təşkil edən, əmr verən, onlarla şəhidin qanı bahasına müəyyən hərbi-strateji üstünlük əldə edən, geri dönüb şəhid ailələrinə, yaralılara, qazilərə minnətdarlıq etməli olan hökumət… əksinə, onlardan hansınısa üzr istəməyə məcbur edir.

Kimsə durub deməsin ki, məlum video şəhid qardaşının öz təşəbbüsü ilə çəkilib. Ortada məcburiyyət var, “səbəb” isə odur ki, şəhidin qardaşı onun xidmətə rüşvət müqabilində qəbul olunduğunu iddia edib.

(Bu başqa məsələdir ki, məhz komando birliklərinə qəbulda rüşvətin rol oynadığı az inandırıcıdır. MAXE qəbulundan tutmuş, bir çox başqa işlərə qədər rüşvətin rol oynadığı barədə vaxtaşırı iddialar səslənir, hətta buna görə cəzalandırılanlar da olub. Amma komando xidməti üçün belə bir iddia ilk dəfədir eşidirəm. Bəlkə elə bu “ilk dəfə”dədir məsələnin mahiyyəti? Vətən Müharibəsində fenomen kimi ortaya çıxmış, peşəkarlığı və vətənpərvərliyi ilə anidən məşhurlaşmış və insanların sayğı, sevgi ünvanına çevrilmiş, türk ordu sistemində yetişdirilmiş komando birliklərinin rüşvətdə ittiham olunması təsadüfdürmü? Təki təsadüf olsun…)

Sosial media nüvə silahı, atom bombası qədər təhlükəlidir. İnformasiya işinə məsul komanda bunu anlamırsa, bu işin başını buraxmalıdır. Anlayırsa və gücü çatmırsa, yenə buraxmalıdır…

İndi həmin “nüvə reaksiyası” başlayıb:

– iki ildir regionun ən güclü ordusu olduğunu təsdiq etmiş ordumuz indi rüşvətdə suçlanır;

– şəhidin torpağı qurumamış onun qardaşına təzyiq göstərilməsi cəmiyyətdə mənəvi-emosional böhran yaradıb;

– informasiya işinin haradan idarə olunduğu rəsmən bilinmədiyi üçün məsuliyyəti kimin üzərinə yükləməyi də bilməyən insanlar birbaşa hökuməti və onun rəhbərini qınayırlar, konkret əmələ cavabdeh olan məmurlar kənarda qalır;

– Vətən Müharibəsindən sonra olduğu kimi, yenə daxili milli birlik və həmrəyliyi qorumaq yerinə, hansısa “gizli əllər” bu cür etiraz, hətta nifrət yaradan, cəmiyyəti daha çox parçalanmaya yönəldən hadisələr törədə bilir;

– heç bir hüquqi və mənəvi sərhəd tanımayan bu cür faktlar ölkənin bütövlükdə informasiya təhlükəsizliyinin ciddi risk altında olduğunu nümayiş etdirir.

İctimaiyyətin kütləvi üzr videoları ağır mənəvi deqradasıya mənzərəsi yaratmaqdadır. Proses dayanmasa, rüsvayçı bir situasiya ilə üzləşə bilərik. Dayanması üçün isə kimsə cəzalanmalı, bu tip hadisələrə münasibət dəyişməli, idarəçilik qaydaları islah olunmalıdır. Görək, olacaqmı?

Kim çəkib bu videonu? Kim yayılmasına göstəriş verib? Gör, nə qədər piyada məntiqin və primitiv ağlın yiyəsi olmalısan ki, guya “hökuməti xilas etmək, rüşvət iddiasının hədəfindən çıxarmaq” məqsədilə bu cür səbatsız, qeyri-peşəkar, yarıtmaz və təhlükəli qərarlar alasan. Dövlət anlayışının zədələnməsi, şəhidlik kimi müstəsna mənəvi məfhumun cari maraqlara qurban verilməsi bağışlanmamalıdır.

İki ildir ki, Azərbaycan ciddi bir formatın içərisində, böyük risklərin astanasındadır (Bəli, elə son Səmərqənd görüşü də bunu göstərdi). Belə vəziyyətlərdə daha məsuliyyətli və diqqətli olmaq, dövləti hər bir vətəndaşın, xüsusilə də şəhid ailələrinin və qazilərin yanında göstərmək daha doğru olardı. Nəinki o insanların qarşısında, kameranın arxasında…
Qabil Abbasoğlpressklub
 
Ardını oxu...
Konstruktiv siyasət yürütməyi rəhbər tutan dövlətimiz tarixi qələbə qazanan tərəf kimi Ermənistana sülh çağırışı edərək, regional aktorları da özündə ehtiva edən əməkdaşlıq platformasının qurulması təşəbbüsünü irəli sürdü. Azərbaycan kimi yalnız qurucu əməllərə sadiq olan bir dövlət və xalq ermənilərin əsrlərlə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımları fonunda belə tarixi və nümunəvi addım ata bilərdi. Buna baxmayaraq, ermənilər yenə də öz xislətlərindən əl çəkmir, revanşist şüarlar səsləndirir, sərhəddə təxribatlar törədir, tarixi ədavətin və düşmənçiliyin davam etdirilməsində maraqlı olduqlarını göstərirlər.
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir
Baş verən məsələləri aydın dəyərləndirməyi bacaran dövlət başçımız cənab İlham Əliyev Azərbaycan xalqına hər zaman açıq mesaj verir ki, biz necə bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq. Bu baxımdan da hər bir inkişaf ssenarisinə hazır olaraq, “dəmir yumruğumuzu” bərk saxlamalı, lazım olan məqamda düşmənin başına endirməliyik.
Müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızı öz hesabımıza, daxili resurslarımızla dirçəldir, soydaşlarımızı qısa zaman çərçivəsində öz doğma yurd-yuvalarına yerləşdirmək istiqamətində əməli addımlar atırıq. Düşmən isə mənfur xislətindən əl çəkmir, hətta özünə xeyir və fayda gətirəcək əməkdaşlıq platformalarına maksimum mane olmağa çalışır. Sözsüz ki, Ermənistanın illər ərzində cəzasızlıq sindromundan rəvac alması indi də davam edir. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatda erməni silahlı qruplaşmalarının ərazilərimizdən çıxardılması Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olmalı idi. Buna isə bu günə qədər əməl olunmur. Bu, azmış kimi, sülhməramlıların neytrallıq prinsipinə və mandatına zidd olaraq, erməni təəssübkeşliyi qanunsuz erməni silahlı dəstələrinin sərhəddə təxribatlar törətməsinə gətirib çıxarır, Azərbaycan tərəfi şəhid verir, regional layihələrin icrası gecikir, sülh müqaviləsini isə sabotaj etməklə məşğul olunur.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.
Azərbaycan dəfələrlə baş verən məsələlər barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırıb. İndi isə öz suveren ərzailərində antiterror əməliyyatı həyata keçirir. Bunu Ermənistan da, ona havadarlıq edən bütün qüvvələr də bilməlidir. Rəşadətli ordumuz bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir.
Xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, “dəmir yumruğ”umuz yerindədir. Odur ki, dövlətimizə qarşı daxildən və xaricdən təzyiq etməklə, hər hansı təzyiq və təhdidlə qətiyyətimizi qırmaq, birliyimizi sarsıtmaq, əmin-amanlığımızı pozmaq mümkün olmayacaq.

Aysel Mənsimova - politoloq
 
 
 
Ardını oxu...
Hər tərəfin düşmən ola, paytaxt etmək istədiyin şəhər işğal altında ola, onu azad etmək üçün ordun olmaya, amma sən məktəbi, universiteti olmayan xalq üçün sərhədləri dəqiq bilinməyən ərazidə dövlət qurasan. Özü də sıradan dövlət yox, Şərqin ilk Demokratik Cümhuriyyətini…

Əcnəbi bu cümləni oxusa, hansısa fantastik əsərin müəllifinin adını yada salmağa çalışar. Amma bu, bizim üçün adi cümlədir artıq. Çünki o dövlət bizik – Azərbaycan; o dövlətin baniləri də bizimkilərdir – Cümhuriyyət quran babalarımız.

Tiflisdən Gəncəyə…

Zaqafqaziya Seyminin dağılmasından sonra – 28 may 1918-ci ildə Qafqaz canişininin Tiflisdəki iqamətgahında toplaşan Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bəyannamə ilə “Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət” elan olundu. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi.

Ardını oxu...

1918-ci il mayın 28-dən iyunun 16-na qədər Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti Tiflisdə fəaliyyət göstərdi. Cümhuriyyət tariximizin Tiflis dövründə gələcək uğurların əsasını qoyan iki mühüm addım atıldı – Osmanlı dövləti ilə Batum müqaviləsi bağlandı və Osmanlı dövlətindən hərbi yardım istənildi. 4 iyun 1918-ci ildə bağlanmış bu müqavilə Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası saziş idi.

Yeni dövlətin mübahisəli və birmənalı qarşılanmayan qərarı – İrəvanın Ermənistana güzəştə gedilməsi də Tiflisdə baş verdi. 1918-ci il mayın 29-da İrəvan bir şərtlə Ermənistana güzəştə gedildi – ermənilər Dağlıq Qarabağa olan ərazi iddialarından əl çəkməli idilər. Lakin təəssüf ki, bu baş vermədi.

Ardını oxu...

Yeni dövlətin paytaxtı elan olunan Bakı şəhəri işğal altında olduğundan, Milli Şuranın və Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk hökumətin Gəncədə fəaliyyət göstərməsi qərara alındı. Zatən istiqlal elanından üç gün əvvəl – mayın 25-də Osmanlı Türkiyənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə varid olmuşdu ki, bu da Cümhuriyyət hökumətinin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edə biləcək başlıca faktor idi. Bu səbəbdən Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü.

Ardını oxu...

Gəncənin paytaxt dövrü

Yeri gəlmişkən, Cümhuriyyət qurucuları tarixdə təkcə Azərbaycan adlı ilk dövlət yaratmamışdılar. Həm də Bakı ilk dəfə olaraq bütün Azərbaycanın, daha dəqiqi, Quzey Azərbaycanın paytaxtı elan olunmuşdu. İşğal altında olan paytaxtı azad etmək üçünsə ordu lazım idi.

Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addımları məhz bu şəhərdə atıldı.

Məhz Gəncədə 24 iyun tarixli qərarla ilk dəfə olaraq milli bayrağımız dalğalanmağa başladı. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu.

Ardını oxu...
Məhz Gəncədə 22 iyun tarixli qərarla taxıl, iribuynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən çıxarılması qadağan edildi.

Məhz Gəncədə 27 iyun tarixli qərarla türk dili Azərbaycanın dövlət dili elan edildi.

Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi.

Məhz Gəncədə 28 avqust tarixli qərarla məktəblər milliləşdirildi.

Məhz Gəncədə dahi Üzeyir Hacıbəylinin başçılığı ilə “Azərbaycan” qəzeti işıq üzü gördü, Gəncənin qədim adı özünə qaytarıldı, Qaryagin qəzası Cəbrayıl adlandırıldı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü.

Məhz Gəncədə dövlətin sosial-iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.

Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı, Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü: hərbi nazirlik, hərbi zavod yaradıldı. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 26 iyun 1918-ci ildə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. İyulun 11-də hərbi səfərbərlik elan olundu, hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi, zabit kursları təşkil olundu.

Xarici siyasətdə mühüm işlər görüldü: daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya Birinci Dünya müharibəsi (1914-18) dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə əslində azərbaycanlılara qarşı soyqırımlarına hüquqi qiymət verilməsinin əsası qoyuldu. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimaiyyətinə çatdırmaq üçün konkret işlər gördü.

Gəncədə Bakı üçün ordu qurmaq

Ardını oxu...

İyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövləti ilə arasında “Yoldaşlıq müqaviləsi” imzalandı. Müqaviləni Osmanlı tərəfdən ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil bəy əfəndi və Qafqaz Cəbhəsinin komandanı Vəhib Paşa, Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Azərbaycan və Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Müqaviləyə əsasən, Osmanlı AXC-nin müstəqilliyini tanıdı və hərbi yardımı öz üzərinə götürdü. Müqavilənin 4-cü maddəsində deyilirdi: “Osmanlı imperator hökuməti Azərbaycan Cümhuriyyəti Hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyduğu təqdirdə, hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürür”.

Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər Paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırdı. Çünki Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər Paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil olunmasının vacibliyini xüsusi qeyd etmişdi.

İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verilsə də, Milli Ordu quruculuğu prosesi çox ləng gedirdi. Bunu Nuri Paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlardan da görmək olar: “Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir…”

Amma Osmanlının Azərbaycana yeni diviziya göndərməsi üçün yollar heç də rahat deyildi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün V.İ.Leninin tapşırığı ilə Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etmişdi. S.Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaq. Eyni zamanda, almanların Bakı neftinə xüsusi maraqları olduğundan, Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların 5-ci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etmişdilər. Ona görə də Mürsəl Paşanın rəhbərlik etdiyi 5-ci Qafqaz piyada diviziyası Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu və Gəncəyə varid olaraq Nuri Paşanın əmrinə müntəzir oldu.

Bakı uğrunda döyüş

Azərbaycan hökuməti Qafqaz İslam Ordusu vasitəsilə öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri apardı.

Bakı Xalq Komissarları Sovetinin liderləri isə Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğmaq üçün yollar arayırdılar. İyunun 10-da Stepan Şaumyanın əmri ilə Bakı Sovetinin qoşunları Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi.

Ardını oxu...

Qafqaz İslam Ordusu 1918-ci il iyunun 27-dən iyulun 1-dək Qaraməryəm yaxınlığında Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvələrini darmadağın etdi. Göyçay ətrafındakı bu qələbə Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi Diktaturası” adlı mürtəce bir qurum yaradıldı.

Şamaxıdan sonra Salyan-Neftçala bölgəsini də düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Düşmən birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Nuri Paşa düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan, işlər ləng gedirdi.

Nəhayət, sentyabrın 13-də saat 17:11-də Bakının Hacı Həsən (indiki Xocasən) kəndinin qərbindəki müşahidə məntəqəsində Nuri Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam Qafqaz İslam Ordusu komandanının “Sarıxaçlı kilsə istiqamətində irəli” – deyə orduya müraciət əmri verildi. Bu əmr Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağını bildirirdi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək, Yasamal yamaclarına çıxdı və əl bombaları ilə düşməni məhv edərək, şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə birlikdə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.

Ardını oxu...

Bununla da “Sentrokaspi Diktaturası” darmadağın edildi və Bakı anti-Azərbaycan qüvvələrin əlindən xilas olundu. Nuri Paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ‘‘Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub”. İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuri Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: “Millət Sizə minnətdardır”.

Ardını oxu...

1918-ci il sentyabrın 17-də – Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

Beləliklə, 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi. Onlardan 1130 nəfəri Bakı uğrunda şəhid olmuşdu.

Paytaxt günümüz niyə yoxdur?

Bir çox ölkələrdə “Şəhər günü” və ya “Paytaxt günü” adlı bayramlar var. Xüsusən qədim tarixə malik şəhərlərin əhalisi bu günə xüsusi həssaslıqla yanaşır. Son illər Azərbaycanın Gəncə, Şəki, Sumqayıt kimi şəhərlərində də “Şəhər günü” tədbirləri keçirilib.

Təəssüf ki, 31 illik son müstəqillik tariximiz ərzində hələ də Bakının günü müəyyənləşməyib. Elə bu qeyri-müəyyənliyin nəticəsidir ki, bir neçə ildir “Facebook”da hamı bir-birini 1 iyul – Bakılılar Günü münasibətilə təbrik edir. Hətta əslən bakılı olmayanlar belə. Halbuki əksəriyyəti heç bu günün tarixini bilmir. Əslində internet saytlarında da bu günlə bağlı konkret informasiya yoxdur.

Bilməyənlərin nəzərinə çatdıraq ki, 1 iyul – Bakılılar Günü 90-cı illərdə Bakıdan İsrailə köçən yəhudi əsilli vətəndaşlarımız tərəfindən elə bu ölkədə qeyd olunmağa başlayıb. Azərbaycana isə sədası təxminən 20 ildən sonra gəlib çatıb. Yəni bu günün ehtiva etdiyi bakılılar “verdim”ə “vərdim”, “baba”ya “boba”, “ana”ya “anə” deyən türk dilində danışan bakılılar deyil, rus dilində danışan “bakinetslər”dir.

Əslində bu “bayramlaşma” da “qaloş piri” kimi savadsızlığın nəticəsindən başqa bir şey deyil. Çünki Bakının da, bakılıların da, Bakıda doğulanların da, yaşayanların da bircə bayram günü var – 15 sentyabr. Həmin gün Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin gənc ordusunun əsgərləri Bakını erməni-bolşevik işğalından azad ediblər. Bu səbəbdən Bakının tarixində ən əlamətdar gün 15 sentyabrdır.

Paytaxt günümüz mübarək!
Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru
pressklub
 
Ardını oxu...
Milli Məclisin deputatı Etibar Əliyev Təbrizin keçmiş millət vəkili, İranın Tacikistandakı sabiq səfiri Əliəsğər Şeirdustun Azərbaycan haqqında səsləndirdiyi təhqiredici sözlərə cavab verib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazıb.
"Əliəsğər Şeirdusta bir-iki xatırlatma etmək istəyirəm: Mənim rəhmətlik nənəm çox dindar qadın olub. Deyirdi ki, yağış yağanda erməniyə yaxın durmayın, islanmış paltarı ilə sizi murdarlaya bilər.
İkincisi, Şeirdustun anasının ona dediyi murdar məsələsi də dostları ermənilərə aiddir. Erməninin ən çox sevdiyi heyvan donuzdur. Bu vəhşi və murdar millət işğal olunmuş ərazilərimizdəki məscidlərdə donuz saxlayıblar. Boyuna xam ip tutsunlar, ay Şeirdust, məsciddə donuz saxlayıblar! Bunu bilirsən axı! Elə sizləri birləşdirən bəlkə də murdarlıqdır. Mənəvi murdarlıq...".
Xatırladaq ki, “Klub Haus”da çıxış edən iranlı diplomat İran rəsmilərinin Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalı olduğunu deyib:
“Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm. İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm. Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrandan torpaq iddiası etsin!?”
 
 
 
Ardını oxu...
15 sentyabr. Bu gün məktəblərimizdə dərslər başlayır. Bu attestat, diplom almaq üçün başlayan dərslərdir. Bilik almaq üçün başlayacaq dərslərə hələ çox var. 30 illik müstəqillik dövrümüzün bir qanayan yarasını, yəni Qarabağı əsasən sağalda bildik. Ancaq digər qanayan yaramız olan təhsili müqəddəs inanc yerinə çevirə bilmədik. Vətən təhsili də Vətən torpağı kimidir, qorumadınsa, itirdinsə, bütün məmləkət əhli bunun suçlusudur. Kəsəsi deyək, təhsilimiz hələ də içimizi rahatladacaq səviyyəyə yetişmədi. Test kimi, Boloniya prosesi kimi mütərəqqi layihələri də səmərəli işlətməyə ağlımız yetərli olmadı və daha da gerilədik. Ona görə də Bilik günündən deyil, sadəcə Dərs günündən bəhs edəcəyəm. Hamımızın Dərs Günündən dərs çıxarıb təhsilimizin də Qarabağ kimi yenidən dirilişində rol almasını diləyirəm.
Bu gün həm də başqa bir dərs günüdür. 104 il öncə Bakı işğaldan azad olunub. O vaxt pərişan durumda olan Azərbaycanı və başkəndimiz Bakını böyük komutan Nuri Paşanın öndərliyində Qafqaz İslam Ordusu azad edib. Bu gün bizim üçün gerçək Vətənsevərlik Dərsi Günüdür. Onminlərlə Anadolu kökənli türk əsgəri uzaq yolları adlayıb bizim məmləkətin harayına gəlib və onun azadlığa qovuşması üçün savaşaraq şəhid və qazi olub. O zaman da düşmənlərimiz indikinin eynisi idi. Bu 1300-dən çox şəhidin üstündə anaları-ataları ağlaya bilməyib, onları dəfn edən, o vaxt ağır-əziz edən, qayğılarına qalan dövlətimiz də olmayıb. Onları varlı-kasıba da bölün nadanlarolmayıb, hamısına "Mehmetcik" deyiblər! Bir geri dönüb onların ruhunu salamlayaq. Dövlətin, müstəqilliyin, ordunun dəyərlərinin nə olduğunu bir daha xatırlayaq. Bu şəhidlərə görə acı, Vətən torpağı üçün savaşda isə qürurlu günlərimizmüzdə yuyulub kəfənlənmək belə nəsibləri olmayan o şəhidlərimizə də, müstəqillik yolunda canını fəda etmiş bütün şəhidlərimizə də vəfa borcumuzu bir daha yaddaşımızda təzələyək. Qəzanız mübarək olsun Azərbaycanı bizə bəxş edən şəhid Mehmetcik və böyük komutan Nuri Paşa! Qəzanız mübarək onların bizə əmanəti olan Azərbaycanı ləyaqətlə qoruyan, canını fəda edən bu günün Azərbaycan Əsgəri! Bu gün əsl Vətənsevərlik Dərsi günüdür. 104 il öncə Bakını azad etmə qayğısını yaşayan xalq bu gün Vətənin sərhədlərində üç rəngli bayrağımızı dalğalandırır!
Fazil Mustafa
Millət Vəkili
DİA.AZ
 
Ardını oxu...
“Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi”.

Bu sözləri gürcü politoloq Quram Marxuliya Azərbaycan və Ermənistan sərhəddindəki gərginliklə bağlı Baku TV-yə açıqlaması zamanı deyib.

“Hələ də sovet ittifaqında olduğunu düşünən Ermənistan, Rusiyanın ona kömək edəcəyinə inanır. Azərbaycan güclü, hərbi cəhətdən qüdrətli dövlətdir. Azərbaycan heç vaxt ermənilərin öz torpaqlarında təxribat törətmələrinə imkan verməyəcək”, - deyə Q.Marxuliya qeyd edib.

Daha ərtaflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti