Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də öz fərmanı ilə Qərb mətbuatının “Rus dünyası” konsepsiyasına əsaslanan xarici siyasət doktrinası adlandırdığı “Rusiya Federasiyasının xaricdəki humanitar siyasətinin Konsepsiyası”nı təsdiq edib.

Bu 30 səhifəlik sənədin müəlliflərinin məqsəd və vəzifələrinə uyğun olaraq, Konsepsiya “1) Rusiyanın beynəlxalq nüfuzunu gücləndirməli, 2) xaricdə ölkə haqqında obyektiv təsəvvür formalaşdırmalı, 3) onun uzunmüddətli maraqlarını təmin etməlidir”

Məktəb və ali təhsil sistemi ilə sıx bağlı olan konsepsiya Rusiyada tədris ilinin başlanmasının beşinci günündə ictimaiyyətə təqdim edilib ki, bu da dolayısı ilə işin son anda başa çatdırıldığını göstərir. Amma əslində, formal olaraq o, beş gün yox, onilliklər gecikmişdi.

Ola bilsin ki, belə bir konsepsiya 30 il əvvəl SSRİ-nin dağılmasından sonra müstəqilliyin ilk illərində dünyaya gəlsəydi, bəlkə də, yox olmuş imperiya məkanında tarixin gedişatına təsir göstərə bilərdi. O zaman Moskvanın ucqarlara, eləcə də bütövlükdə dünyaya təsiri, güc baxımından deyil, daha çox neçə əsrlik humanitar təsir baxımından əhəmiyyətli olaraq qalırdı.

Rus təsiri rusluğun yayılması nöqteyi-nəzərindən deyil, rus və Qərb mədəniyyətinin simbiozunun surətinin çıxarılması (o, xeyli çoxşaxəli idi və elə də qalır) sayəsində güclü idi, burada sonuncunun Rusiyanın özünə və onun vasitəsilə imperiyanın bütün məkanına təsiri əhəmiyyətli idi. Rusiyanın məhz bu “beynəlmiləl” missiyası onu güclü, cəlbedici və nüfuzlu edirdi.

Məhz bu simbioz sayəsində ilk dəfə konsepsiyada xatırladılan rus elitası formalaşmağa başladı: Dostoyevski, Çaykovski, Şostakoviç, Mendeleyev, Kurçatov. Amma rus elminin, tarixşünaslığının, poeziyasının, fəlsəfəsinin əcdadlarından başlamaq daha doğru olardı. Məsələn, Mixail Lomonosovdan. O, rus məişətinə qədim yunan sillabik şeirini gətirdi. Bu, rus poeziyasının başlanğıcı idi, sonra gerçəkdən dünya poeziyasının nailiyyətinə çevrildi. Yaxud, məsələn, Almaniyada təhsil almış görkəmli şəxsiyyət, ilk Rurik knyazlarının nəslindən olan Vasili Tatişşev. O, “Rusiya tarixi”ni yazan ilk şəxs olub. Avropa poeziya və ədəbiyyatının davamçıları isə Karamzin, Fonvizin, Krılov, Puşkindir. Bütün sahələrdə Qərb elmi və mədəniyyəti ilə sıx əlaqədə olan Rusiya xadimlərinin bu siyahısını sonsuza qədər davam etdirmək olar.

Bu ənənə sovet dövründə davam etdi, o vaxt rus dili xarici dünya (mədəniyyət, ədəbiyyat, fəlsəfə, təbiətşünaslıq və s.) ilə bütün sovet məkanı arasında körpü olaraq qalırdı. Bu, bəlkə də, Moskvanın əsas təsiri idi. “Rus dünyası”nın müstəsnalığı konsepsiyasının təbliği nəticəsində bu funksiyanın itirilməsi öz əhəmiyyətinə görə Qərb və Rusiya mədəniyyətlərinin qarşılıqlı təsirini kəskin şəkildə məhdudlaşdırdı və bununla da Rusiyanın cəlbediciliyini əhəmiyyətli dərəcədə azaltdı. Rusiya Federasiyası əslində çoxmillətli ölkə sayılmasına baxmayaraq, beynəlmiləllikdən dar milli substansiyaya çevrildi.

Belə şəraitdə, təbii ki, rus dili mədəniyyətlərarası dialoqda kommunikativ funksiyasını itirməyə başladı və onu keçmiş imperiyanın bütün subyektlərinin, eləcə də dünyanın müxtəlif guşələrindəki tərəfdarlarının xarici dünya ilə birbaşa ikitərəfli əlaqəsi əvəz etdi.

Özlərini virtual “rus dünyası” ilə əldən salan konsepsiya müəlliflərinin baxışlarının məhdudluğunu həm də o göstərir ki, beynəlxalq hüququn prinsiplərinə birtərəfli qaydada subyektiv şəkildə yanaşılır, bir tərəfdən qanunun aliliyindən danışılır, digər tərəfdən isə verməklə başqalarının mənafeyinə ziyan vurmaqla milli mənafeyə üstünlük verib onun aliliyinə məhəl qoyulmaması təbliğ olunur. Konsepsiyada zorla qoparılan, hətta MDB üzvləri tərəfindən tanınmayan DXR, LXR, Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi kvazi birləşmələrlə əlaqələrin daha da gücləndirilməsi birbaşa bəyan edilir.

Belə şəraitdə konsepsiya Rusiya imperiyasının parçaları və Rusiya Federasiyasının milli subyektlərinin özləri üçün nə qədər cəlbedici ola bilər? Rusiyanın Ukraynada başlatdığı və etnik-siyasi rus mədəniyyəti məkanında getdiyinə görə vətəndaş müharibəsi adlandırıla biləcək müharibəni “Rus dünyası”nın tabutuna vurulan son mismar adlandırmaq olar. Bir çox rusların düşündüyünün əksinə olaraq, Rusiyanın təkcə Qərbdə deyil, həm də postsovet məkanında heç bir tərəfdarı yoxdur. Rusluğun müstəsnalığı üzərində qurulan konsepsiya 17-ci əsrin sonunda Rusiyanın inteqrasiya inkişafı konsepsiyası ilə tamamilə ziddiyyət təşkil edir. Ona görə də Putinin imzaladığı strategiya iflasa məhkumdur.

Mehman Əliyev

Mənbə: turan.az
 

Xaçmaz Rayon İcra Hakimiyyəti builki abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Taleh-A.T." Müəssisəsidir.

Qalib şirkətə 1,228 milyon manat ödəniləcək.

DİA.AZ bildirir ki, əslində "QALİB ŞİRKƏT" bizə və ən əsası Xaçmaz sakinlərinə çox tanışdır. Xaçmaz rayon rəhbərliyi üçün isə ümumiyyətlə, YAD BİRİSİ DEYİL.

Elə bir müddət əvvəl, konkret olaraq, iyul ayında məlumat vermişdik ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb. Bəli, yanılmadınız, 1 077 755 manatlıq tenderin qalibi "Taleh-A.T." Müəssisəsi olmuşdu.

Xatırladaq ki, "Taleh-A.T." Müəssisəsi bundan da əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçisinin Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin uşaq bağçasında əsaslı təmir işləri üzrə 38 900 manatlıq tenderin qalibi olub.

DİA.AZ bildirir ki, "Taleh-A.T." Müəssisəsi davamlı olaraq Xaçmaz RİH-in tenderlərində `QALİB` elan olunur. Halbuki bu qurumun adı dövlətin yanında heç də müsbət mənada hallanmır.

Xatırladaq ki, təkcə elə iki əvvəl də Xaçmaz RİH "Taleh-A.T." Müəssisəsinə Xaçmaz şəhərinin daxili küçələrinin təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 953 054 manat ödəmişdi.

Apardığımız araşdırmalar da təsdiqləyir ki, son iki il ərazində görülən işlərin ümumi dəyəri 200 min manatdan artıq deyil və bu da yeyinti faktını tam çılpaqlığı ilə təsdiqləyir. İndi isə Xaçmaz RİH eyni şirkətə 1 milyondan artıq yeni vəsaiti ayırır. Hər halda hüquq-mühafizə orqanları bu faktları araşdırsa, ortaya daha samballı faktlar çıxar.

DİA.AZ onu da qeyd edir ki rəsmi qurumların yaydığı məlumata görə, "TALEH - A.T." müəssisəsi malların dəyərini azaltmaqla vergidən dəfələrlə yayınıb. Hər halda belə bir şirkətə dövlətin milyonlarının əmanət olunması ən azından şübhəlidir...

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
 
 
Ardını oxu...
İtaliya Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rola malikdir. Bu baxımdan Azərbaycan-İtaliya münasibətlərinin lokomotivinin bu sahə olduğunu demək mümkündür.
Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2006-cı ildə təsis edilib. Bu ölkə davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikasına nəzər saldıqda, ticarətin sabit yüksək artım dinamikasının şahidi olmaq mümkündür. Dünya bazarında neftin qiymətlərindəki qeyri-sabitlik fonunda bu dinamikada müəyyən illərdə eniş olsa da son illərdə yenidən yüksələn xətt üzrə davam edir. Təkcə ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 28,5 faizi, o cümlədən ixracının 41,6 faizi bu ölkənin payına düşüb. Cari ilin 7 ayında isə xarici ticarətin 36,8 faizi, o cümlədən ixracın 48,3 faizi İtaliyaya aid olub. Başqa sözlə, rəqəmlər bu ölkənin Azərbaycan üçün əhəmiyyətini izah edir və əlavə sözə ehtiyac da yaranmır.
Ötən il iki ölkə arasında olan ticarət dövriyyəsinin 95,65 faizini Azərbaycanın bu ölkəyə ixracı təşkil edib. Başqa ifadə ilə Azərbaycanın İtaliya ilə xarici ticarət dövriyyəsində müsbət saldo böyük fərqlə ölkəmizin xeyrinədir. İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının ixracı üstünlük təşkil edir. İxracın 65,6 faizini xam neft və neft məhsulları təşkil edib. İxracın yalnız 0,57 faizi qeyri neft-qaz məhsullarından ibarət olub. İxracın yerdəqalan hissəsini təbii qaz ixracı tutub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycandan İtaliyaya da qaz nəqlinin başlaması bu ölkəyə ixracda yeni səhifənin açılmasına şərait yaradıb. Təbii qaz nəqli layihə gücünə çatdıqca bu özünü ixracda da göstərməkdədir.
İtaliya ilə iqtisadi əlaqələr özünü işğadan azad edilmiş ərazilərin bərpası layihələrində də göstərib. Belə ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrə Türkiyə şirkətlərindən sonra ikinci olaraq İtaliyanın "Ansaldo Energia" şirkəti qoşulub.
“ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunmuşdur. İtaliyanın "ENİ" şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir.
Bundan əlavə, müxtəlif İtalyan şirkətlərinə (Saipem, ValvItalia, Renco S.p.a, Bonatti spa, Enereco S.p.a. e Max Streicher S.p.a, Honeywell SRL və s.) Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərdə təchizat və xidmət layihələri verilib.
Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirirlər. Bu işlərin bir hissəsi artıq yekunlaşıb. Düzdür, bu müqavilələrin maliyyə tutumu İtaliyanın Azərbaycanla ticarətindəki kəsirindən geri qalır. Lakin o da nəzərə alınmalıdır ki, bu ölkənin Azərbaycandan idxalı, əsasən beynəlxalq konsorsiumlar çərçivəsində həyata keçirilən hasilata əsaslanır.
Bununla belə, yaxın gələcəkdə də Azərbaycanın İtaliya ilə iqtisadi əlaqələrinin enerji müstəvisində inkişaf edəcəyi şübhəsizdir. Əgər əvvəllər burada əsas yeri xam neft tuturdusa, hazırda bura təbii qaz da əlavə olunmaqdadır. Bu fon iki ölkənin münasibətlərində digər sahələrdə də əməkdaşlıq imkanları yaratsa da enerji amilinin həmişə ön planda qalacağı istisna deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında bu il İtaliyaya qaz nəqlinin həcminin daha da artırılacağının, bu ölkəyə 10 milyard kubmetrə yaxın “mavi yanacaq” ixrac ediləcəyinin planlaşdırıldığını bildirib. Ölkəmizin başçısı ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunduğunu, bunun da 11,7 milyard kubmetrinin İtaliyanın payına düşdüyünü xatırladıb. Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar Azərbaycanın enerji resurslarına bu ölkədə tələbatı daha da artıracaq.

Metin Hüseynov – siyasi şəhrçi
 
 
 
Ardını oxu...
Son zamanlar Türkiyədə şirkət açıb biznes qurmaq istəyənlər, Türk vətəndaşı ilə evlənənlər, Türkiyədə yaşamaq və ya işləmək üçün miqrasiya etmək istəyənlər, təhsil və digər xidmət almaq istəyənlər xeyli artıb.
Eyni zamanda Türkiyənin, Türkiyə vətəndaşlarının, dövlət qurumlarının və biznesin də Azərbaycanla oxşar əlaqələri, inteqrasiyası xeyli güclənib.
Belə bir şəraitdə isə hər iki dövlətin vətəndaşlarının və biznesin müxtəlif xidmətlərə, ilk növbədə dövlət xidmətlərinə ehtiyacı yaranır.
Bu ehtiyacı daha asan üsulla necə reallaşdırmaq olar ?
Ardını oxu...
Türkiyənin Samsun şəhərində keçirilən TEKHNOFEST-də diqqət çəkən maraqlı məqamlardan biri də məhz bununla, iki dövlətin dövlət strukturlarının inteqrasiyası ilə bağlı olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç TEKHNOFEST-də açıqlama veriblər ki, Türkiyənin “e-Devlet Kapısı” portalına Azərbaycanın e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir.
Bununla da, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən turkiye.gov.tr üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.
Teref.az yazır ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra Osman bəy
deyir:
Azərbaycan vətəndaşları da elektron hökumət portalına daxil olaraq oradan Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” portalına keçid edib uyğun xidmətlərə müraciət edə bilərlər.
Düşünürəm ki, dövlət sistemlərinin inteqrasiyası ilə ortaq xidmətlər təklif etmək, dövlətlərin əməkdaşlığı sahəsində yeni bir yanaşmadır.
Müvafiq dövlət xidmətlərini ölkəni tərk etmədən əldə etmək imkanı yaratmaq olduqca faydalı və effektiv bir yanaşmadır.
Güman ki , növbəti addımlarda, adı çəkilən qurumlar arasında imzalanan memoranduma əsasən Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi ilə vahid bir e-Dövlət modeli də qurulacaq.
Bu isə daha çox sayda xidmətlərə effektiv formada əlçatanlığı təmin edəcək.
Yeri gəlmişkən, xatırlayıram ki, ötən il keçirilən TEKHNOFEST-də nazir Rəşad Nəbiyev də elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunduğunu bildirmişdi.
Eyni zamanda, ASAN-a dəxli olmayan ASAN İmzanın əlçatanlığının problemli olduğu bir zamanda RİNN daha effektiv , səmərəli və əlçatan olan SİMA rəqəmsal imzasını yaratmaqla və ASAN loginə inteqrasiya etməklə e-Gov və MyGov-u da vətəndaşlarımız üçün daha da əlçatan edib.
Beləliklə , bütün bu addımlardan sonra gözləmək olar ki, "Bir millət, iki dövlət" deyimi, gələcəkdə "Bir millət, iki dövlət və bir e-Dövlət" olaraq yeni mahiyyət kəsb etmiş olacaq.
Osman Gündüz
Teref.az
 
Ardını oxu...
Ekspert: “Yeni yolu ancaq yalan təsəvvürlərdən imtina edən hansısa üçüncü qüvvə təklif edə bilər”

Ermənistandakı ictimai vəziyyət göstərir ki, bu ölkənin seçiciləri həm iqtidarda, həm də müxalifətdə olan qüvvələrdən bir qədər məyusdurlar. Düzdür, qüvvələr arasında birinin üstünlüyü hələ də əhəmiyyətli olaraq qalır. Və seçicilər hər şeyə rəğmən, hakim qüvvənin tərəfindədirlər.

Əgər Ermənistan parlamentinə seçkilər bu gün keçirilsəydi, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 16,1%, müxalif “Ermənistan” bloku isə 5,1% səs toplayardı. Bunu “Gallup International”ın iyul-avqust aylarında keçirdiyi sorğunun nəticələri də sübut edir.

Verelq.am-ın xəbərinə görə, potensial seçicilərin hər iki siyasi qüvvəyə rəğbəti azalıb. Belə ki, iyunun əvvəlində dərc olunmuş sorğulara əsasən, o zaman respondentlərin 20,4%-i “Vətəndaş Müqaviləsi”nə səs verməyə hazır idisə, indi bu rəqəm 16,1%-ə düşüb.

İyunda keçirilən sorğuların nəticələrinə görə, respondentlərin 8,3%-i “Ermənistan” blokuna səs verməyə hazır olub. İndi bu rəqəm, yuxarıda qeyd edildiyi kimi, cəmi 5,1% təşkil edir.

Sorğunun nəticəsinə görə, respondentlərin 32,8 faizi seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib. 12,1% cavab verməkdən imtina edib, 15,6% cavab verməkdə çətinlik çəkib.

Əgər seçki bu həftəsonu keçirilsəydi, sorğulara görə, parlamentə yalnız yuxarıdakı iki qüvvənin düşmək şansı olardı, qalan partiyalar baryeri keçə bilməzdi.

Sorğunun nəticələrinə görə, üçüncü yeri 2,7% səslə “Şərəfim var” bloku tutacaqdı. Respondentlərin 2,3%-i Çiçəklənən Ermənistan Partiyasına səs verəcəklərini bildirib.

Və daha bir vacib məqam – “Gallup International”ın keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 42,5%-i müxalifətin bu ilin sentyabrında parlamentə qayıtmasının bu və ya digər dərəcədə əleyhinədir.

Müxalifətin parlamentə qayıtması ilə bağlı suala respondentlərin 31,4%-i “qətiyyən yox”, 11,1%-i “böyük ehtimalla yox” cavabını verib. Respondentlərin 26,1%-i müxalifətin qanunverici orqana qayıtmasının lehinə çıxış edib. Onlardan 11,4%-i birmənalı olaraq müxalifətin parlamentə qayıtmasının lehinə çıxış, 14,7%-i isə “böyük ehtimalla hə” cavabını verib. 31,2%-i cavab verməkdə çətinlik çəkib.

Ermənistana, qonşuları Türkiyə və Azərbaycanla münasibətləri qaçılmaz olaraq normallaşdırmaq şərti qoyulduğu bir zamanda xalqın əhval-ruhiyyəsi belədir. Və mümkündür ki, Ermənistanda belə bir seçimin zəruriliyini hamıdan yaxşı anlayan Paşinyanın hakim partiyasıdır. Sorğu göstərir ki, müəyyən laqeydlik olsa belə, siyasi fəal ermənilərin əksəriyyəti hələ də dövlətin başında məhz bu qüvvənin durmasına üstünlük verir. Bu nəyi nümayiş etdirir? Bu, nə baş verməsindən asılı olmayaraq, regionumuzun sabitliyə və ümumi sülhə doğru irəlilədiyinə ümid etməyə əsas verirmi? Yəni, indiki gərginliyin arxasında son 30 ildə şahidi olduğumuzdan daha yaxşı şeylər göründüyünü göstərir?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb:

– Vəziyyət onu göstərir ki, Ermənistan cəmiyyəti bütövlükdə əvvəlki hakimiyyətin Qarabağ məsələsinə fokuslanmış ənənəvi siyasətindən və hansısa “Böyük Ermənistan”ın – nüfuzlu regional dövlətin yaradılması ideyasından məyus olub. Keçmiş hakimiyyət öz maraqlarını təbliğ etmək üçün Qarabağ kartından istifadə edirdi. Amma Azərbaycan tərəfi Qarabağ kartını onların əlindən aldı və nə əvvəlki, nə də indiki hakimiyyət artıq bundan istifadə edə bilmir. Onlar başqa heç bir ciddi arqument irəli sürə bilmədilər. Siyasi elita erməni cəmiyyətinə yeni yol təklif edə bilmədi, yeni ideyalar irəli sürə bilmədi. Köhnə ideyalar iflasa uğradı, amma cəmiyyətdə hələ də ilkin düşüncənin əsasları, keçmişin əks-sədası yaşayır. Başqa sözlə, cəmiyyət yol ayrıcındadır. Siyasi elita – iqtidar və müxalifət layiqli yol təklif edə bilmir. Çünki onların bir vaxtlar ictimai şüurda qurduqları tələlər, Azərbaycan və Türkiyə haqqında hər cür fobiyalar, hansısa “erməni torpaqlarının qaytarılması” ilə bağlı müxtəlif cəfəngiyyatlar hələ də şüurlardadır. Bəzi gözləntilər, illüziyalar hələ də var. Və bütün bunlar Ermənistanın siyasi elitasına yeni gündəm formalaşdırmağa imkan vermir.

Beləliklə, köhnə gündəm işləmir, cəmiyyət laqeydliyə qapılıb. Təbii ki, bütün bunlar Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin nəticəsidir.

Ermənistanın artıq onu inkişafa doğru aparan yola qədəm qoyduğunu söyləmək çətindir. Bu, Ermənistanın köhnəlmiş, dəbdən düşmüş ideologiyaları ilə əvvəlki formada dirçəlişi yox, yeni dövlətin yaradılması olmalıdır. Amma yeni dövlət modelini heç kim təklif edə bilmir. Siyasi elita zəif, səmərəsiz və səriştəsiz oldu. Çünki real vəziyyəti dəyərləndirərək müharibədən sonrakı yeni mərhələnin vəzifələrini dəqiq müəyyənləşdirə bilmədi. Bu da başadüşüləndir, çünki orada bütün bu insanlar hələ də cəfəng ideyalarla yaşayırlar. Onların başında “Böyük Ermənistan”, erməni millətinin mövcud olmayan “böyüklüyü” haqqında düşüncələr var. Bu fantaziyalar onların şüuruna təsir etməkdə davam edir. Bu cür düşüncə ilə isə yeni heç nə təklif oluna bilməz.

Yeni yolu isə ancaq hələ üfüqdə belə görünməyən üçüncü qüvvə təklif edə bilər. Bu qüvvə bütün bu köhnəlmiş fikirlərdən imtina edərək, yeni şəraitdə və reallıqlarda yeni Ermənistan qurmaq niyyətini nümayiş etdirməlidir. Hələlik isə nə qədər ki belə bir qüvvə yoxdur, erməni cəmiyyətində çaşqınlıq və çalxalanma davam edəcək. Və çox təəssüf ki, erməni xalqı böyük ehtimalla obyektiv olaraq baş verəcək güc tətbiqinin təsiri altında səhvlərdən dərs çıxaracaq. Çünki burada öz maraqlarını reallaşdırmağa çalışan kənar qüvvələr də var. Söhbət heç də Azərbaycan və Türkiyədən də getmir. Kənar maraqlar arasında daha nüfuzlu oyunçular var – Avropa İttifaqı, ABŞ, Rusiya. Onlar da bütövlükdə Ermənistandakı siyasi proseslərin vektorunu müəyyən edə və hələ də nə vaxt gələcəyi məlum olmayan bu yeni üçüncü qüvvənin formalaşmasına təsir göstərə bilər

Rauf Orucov
Ardını oxu...
Sosial şəbəkələrdə Bakıda Neftçilər metrosunun yaxınlığında yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində uşaqlara qarşı zorakılığı özündə əks etdirən video görüntülər yayılıb.

Ürəkağrıdan görüntülərdə baxıcı azyaşlı uşaqların saçlarını yolur, döşəmədə sürüyür, bədən nahiyələrinə xəsarətlər yetirir.

DİA.AZ xəbər verir ki, teleqraf.com məsələylə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikirlərini öyrənib.

Birlik sədri bu cür problemli reabilitasiya mərkəzlərinin açılmasına görə səlahiyyətli qurumları məsuliyyətsizlikdə günahlandırıb:

“Belə mərkəzlərin açılmasından aidiyyəti qurumların hansı halda xəbəri olur? Nəyə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lisenziyasız mərkəzlər fəaliyyət göstərir? Deməli, burada məsuliyyət aidiyyəti qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə düşür. Yox, əgər bu mərkəzlər Elm və Təhsil Nazirliyinin nəzarətindədirsə, o zaman nazirlik cavab versin: hansı keyfiyyətlərinə görə belə bir mərkəz açılıb?

Məndə olan məlumata görə, “Mehnur” Reabilitasiya Mərkəzi ümumiyyətlə, lisenziyasız fəaliyyət göstərib. Onun rəhbərinin adı da Nuranədir. Bakının bir neçə yerində mərkəzin filialları var. Videogörüntülər dünəndən yayılıb, elə dünən gecədən etibarən də mərkəzin bütün sosial şəbəkə platformaları fəaliyyətin dondurub”.

Kəmalə Ağazadə hesab edir ki, mövcud situasiyada valideynlərin atacağı addım hüquq çərçivədə olmalıdır: “Onlar uşaqlarının hüquqlarını ancaq məhkəməyə müraciət etməklə qoruya bilərlər. Amma çox təəssüf ki, bəzən xüsusi qayğıya ehtiyacı olan uşaqların davranışlarından bezən valideynlər başlarından etmək üçün aparıb övladlarını belə müəssisələrə qoyurlar. Uşağına həqiqi sevgisi olan valideyn görmürmü ki, övladında aqressiya daha da artıb?

Uşaqlarını belə müəssisələrə etibar edən valideynlər əvvəlcə mütləq araşdırma aparmalıdırlar. Həmin mərkəzlərin lisenziyasının olub-olmadığını öyrənmək, habelə müəllimlərlə söhbət etmək, onların xarakteri, psixoloji durumu haqqında məlumat toplamaq lazımdır. Birmənalı şəkildə bu tip müəssisələr kameralaşdırılmalıdır. Əks halda bu cür hallar artacaq”.

Müsahibimiz cəmiyyətdə gedən ictimai müzakirələrdən də söz açıb: “Bir hissə deyir ki, həmin videonu çəkənin özünü də həbs etmək lazımdır. Adam çəkir, pis olur, gizli saxlanılır, başqa söz deyirik. Hesab edirəm ki, kameralaşdırma sistemi bütün müəssisələrə aid olmalıdır”.
Ardını oxu...
Rusiyanın iki planından biri: "İttifaq dövləti" çərçivəsində SSRİ-nin hansısa prototipinin yaradılması

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində psevdoreferendumların keçirilməsi ehtimalı kimi daha çox 11 sentyabr tarixi göstərilir. UNİAN Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyi üçün belə “hədiyyə” alıb-almayacağını araşdırıb. AYNA həmin araşdırmanı istinadla təqdim edir:

Rusiyanın Ukraynanın “rusdilli” regionlarını, xüsusən də cənub və şərqini tez bir zamanda ələ keçirmək planlarının iflasa uğramasına baxmayaraq, Kreml nəhayət, onlardan əl çəkməyə tələsmir. İşğalçıların əvvəlcə planlaşdırdığı kimi, may ayında psevdoreferendum keçirmək mümkün olmadı. Beləliklə, artıq iyun ayında Rusiya informasiya məkanında “obyektiv hallar” adı altında gizlənən bəhanələr peyda olmağa başladı. Onlar bildiriblər ki, “DXR”də “referendum” vaxtı deyil, çünki Donetsk vilayəti hələ tam “azad edilməyib”. Zaporojye vilayətində AES ətrafında gərgin vəziyyət hökm sürür. Xersonda isə “problem” “dövlət strukturlarının” olmamasıdır.

İlhaq ləğv edilmədi?

Bununla belə, rusiyalı hüquq müdafiəçisi və bloger Mark Feyqinin fikrincə, Kremlin hələ yayda işğal olunmuş Ukrayna ərazilərinin ilhaqı ilə bağlı iki əsas planı var idi.

Birincisi, Zaporojye vilayətinin işğal olunmuş hissəsində psevdoreferendumun keçirilməsini və onun Rusiya Federasiyasına “qoşulduğunu” elan edən yerli referendum idi. Və “DXR” və “LXR” ehtiyac yaranarsa, sadəcə olaraq öz saxta parlamentləri vasitəsilə eyni “qoşulmaları” elan edəcəkdilər.

İkinci plan daha radikaldır. Bu, "İttifaq dövləti" çərçivəsində SSRİ-nin hansısa prototipinin yaradılmasını nəzərdə tuturdu.

“Yəni Cənubi Osetiya, Dnestryanı, Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərini "müstəqil dövlətlər" kimi tanımaq, Rusiya və Belarusun da daxil olduğu “İttifaq dövləti”nə gətirmək”, - Feyqin bildirib.

Sadə sözlə desək, Ukraynanın işğal olunmuş ərazilərindəki “müstəqil” qurumlar “İttifaq dövləti”nə – Moskvanın idarə edəcəyi federasiyaya qoşulur. Məhz bu kontekstdə Rusiyanın informasiya məkanında belə bir halda Rusiyanın “müdafiə” edəcəyini, məsələn, Xerson vilayətini “Rusiya ərazisi” kimi “qoruyacağını” eşitmək getdikcə daha çox mümkün idi. Düzdür, Rusiya rəsmiləri əhaliyə məlumat verməyə tələsmirdilər ki, bu, təkcə əlavə torpaqların ilhaqı deyil, həm də təkcə “federasiyanın yeni subyektləri”ndə deyil, ümumilikdə Rusiyada tam səfərbərlik demək olacaq.

"Putin çətin ki, Rusiyanın guya "yeni ərazisini müdafiə etmək" üçün cəmiyyəti ayağa qaldıra bilsin. Açıq səfərbərlik müharibədə böyük itki olardı. Kreml sosial partlayışa səbəb olmaqdan qorxur", - hərbi ekspert Oleq Jdanov qeyd edir.

Və bir çox ekspertlər hesab edir ki, Rusiya Federasiyasının sentyabrın 11-dən əvvəl belə bir fırıldaq həyata keçirməyə vaxtı yoxdur. ABŞ Dövlət Departamentinə görə isə Rusiya hələ də yaxın həftələrdə əvvəlcədən planlaşdırılan psevdoreferendumları keçirə bilər. Üstəlik, belə bir imkan həm işğalçıların hələ də öz inzibati sərhədlərini keçməyə çalışdıqları Donetsk və Luqansk vilayətləri, həm də Xarkov vilayəti, Xerson və Zaporojye üçün mövcuddur.

Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel deyib: “Uydurma referendumların bir hissəsi kimi Rusiya, şübhəsiz ki, təbliğat və dezinformasiya kampaniyalarından istifadə edəcək, "seçici fəallığı"nı saxtalaşdıracaq və guya Rusiya Federasiyasına qoşulmağa "səs verənlər"in faizini şişirdəcək”.

Üç problem

Aydındır ki, rusların planlarını həyata keçirmək üçün əsas problem Ukrayna Silahlı Qüvvələridir.

“Mövcud hərbi vəziyyət referendumların keçirilməsini qeyri-mümkün edir”, - Oleq Jdanov qeyd edir.

"Ruslar "referendum" ideyasını səsləndirəndə, heç olmasa, bütün Xerson vilayətini və Zaporojyeni nəzarətə götürməyə vaxt tapacaqlarını gözləyirdilər. Amma indi onlara aydındır ki, sentyabrın 11-dən əvvəl bunu etmək mümkün olmayacaq”, - politoloq Yaroslav Makitra əlavə edir.

Tarixin “Krımda olduğu kimi” təkrarlanmasına daha bir maneə isə Rusiyanın müvəqqəti işğal olunmuş ərazilərdə dəstəyidir. Daha doğrusu, dəstəyin tam olmamasıdır.

Politoloq, Ukrayna Seçicilər Komitəsinin Xerson vilayət təşkilatının keçmiş nümayəndəsi Vladimir Molçanov qeyd edir ki, ruslar hətta işğal olunmuş ərazilərdə əhalinin dəqiq sayını belə bilmirlər: "Xüsusilə Zaporojyedə işğalçıların seçici siyahıları yoxdur. Xerson vilayətində isə onlar yalnız kağız daşıyıcıları ələ keçiriblər. Bunlar 10 min A2 vərəqdir. Ruslar onları emal edə bilərlər, lakin sentyabrın 11-nə kimi yox".

Melitopol meri İvan Fedorov qeyd edir ki, hətta saxta referendum keçirmək onlar üçün çətindir: "Mənzil-mənzil gəzəndən sonra işğal olunmuş Melitopol ərazisində qalan vətəndaşlarımızın 10 faizdən az hissəsi "referendum"u dəstəkləməyə razılıq verib".

Xerson vilayətində də vəziyyət oxşardır. Orada işğalçılar rayon sakinlərinə rüşvət verərək psevdoreferendumda iştirak etməyə çalışırlar. Xerson ictimaiyyətinə görə, tələb olunan qiymət 10.000 rubldan başlayır. Bununla belə, Xersonun ağıllı insanları tez pul götürüb xərcləyirlər və rus "idarəsindən" qaçırlar.

İşğal altında olan Donbassdakı vəziyyət isə daha maraqlıdır. Məlum olub ki, 2022-ci ilin fevralından rus qoşunlarının gəldiyi “Rusiya sülhü”nün tərəfdarları kifayət qədər deyil. Və əvvəllər Rusiyaya "qoşulmağı" dəstəkləyə bilən Luqansk və Donetsk sakinləri zorla səfərbər olundular və yəqin ki, artıq Ukrayna tarlaları üçün "gübrəyə" çevrildilər.

Luqansk hərbi administrasiyasının rəhbəri Serhi Qaydayın sözlərinə görə, hazırda işğal olunmuş şəhərlərin əksəriyyəti boşdur. İşğalçılar isə əhalini rüşvət və şantaj yolu ilə qarşıdan gələn psevdosəsvermədə iştirak etməyə çağırırlar: bəzilərinə yemək, su və ya tikinti materialları vəd edilir, digərləri isə mənzildən məhrum edilməklə hədələnir.

"Bu, şantajın ən sadə formasıdır: "Biz sizə əsas ehtiyaclarınızı ödəməyə kömək edəcəyik, siz isə referenduma gedəcəksiniz. Yoxsa, öl, nəticəni sənsiz də çəkəcəyik". Onlar şantajı bu formada edirlər", - Qayday qeyd edib.

Bundan başqa problem isə “inzibati iş” yerinə yetirmək, yəni “referendumun” plan üzrə getdiyi “təsvirini” birbaşa təşkil etmək istəyən insanların olmamasıdır.

"Rusiya Federasiyası ideyasının "referendumlar"la həyata keçirilməsi effektiv administrasiyanın yaradılmasının qeyri-mümkünlüyünə əsaslanırdı. Yerdə kifayət qədər sayda icraçı olmadıqda, "referendum"dan söhbət gedə bilməz. Hazırda orada olanlar rus hərbçilərinin iştirakı olmadan hətta səhnələşdirilmiş "seçki" də yarada bilmirlər”, - Gələcək Ukrayna İnstitutunun politoloqu İxar Tışkeviç qeyd edir.

Səhnələşdirmə ilə "seçici fəallığı"

Həqiqətən də, işğalçılar ələ keçirilən ərazilərdə “seçici fəallığı” təmin etmək üçün artıq “xalq ifadəsi”nin müxtəlif kreativ formalarını sınaqdan keçirirlər: bəzən onlar "səsvermənin" yeddi gün uzadılması planlarını müzakirə edir, sonra yerli sakinləri "səs verməyə" necə məcbur etmək barədə düşünürlər.

Tışkeviçin fikrincə, Moskvanın işğal olunmuş ərazilərdə inkişaf etmiş əməkdaşlıq administrasiyası olmasa belə, Kremlə istənilən əlverişli anda silah altında “referendum” keçirməyə heç nə mane olmur: "Ruslar bu "referendum"u keçirməlidirlər. Və təbii ki, insanları pulemyotlar altında saxlamaq və onları "kameralara" bülleten atmağa məcbur etmək problem deyil. Rusiya Federasiyası bunu ən azı sabah təşkil edə bilər".

Bu fikri Melitopol şəhərinin meri İvan Fedorov da təsdiqləyir: "Əgər vəzifə hamının Rusiya Federasiyasını dəstəklədiyi təbliğat videosu çəkməkdirsə, o zaman bunu edə bilərlər. Amma bu, müvəqqəti işğal olunmuş ərazilərdəki insanların faktiki əhval-ruhiyyəsinə qətiyyən uyğun gəlməyəcək”.

Üstəlik, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya işğal olunmuş ərazilərdə xalqın iradəsinin ifadəsi deyilən işə hazırlığı demək olar ki, başa çatdırıb.

Sual: niyə dayandırıldı?

Politoloq Yaroslav Makitranın fikrincə, rusların yerli dəstəyinin olmaması onların hətta şəkil çəkməsinə, yalançı görüntülər yaymasına mane olur. Bundan əlavə, Xerson, Zaporojye və Xarkov vilayətlərinin böyük bir hissəsi Ukraynanın nəzarəti altındadır. Ruslar vəziyyəti öz xeyirlərinə çevirə biləcəklərinə əmin deyillər. Ona görə də regionların bu hissələrini Rusiya Federasiyasının tərkibinə daxil etməkdən qorxurlar”.

“Əgər onlar belə psevdoreferendum keçirsələr və istədikləri nəticəni “əldə etsələr”, öz ölkələrinə və dünyaya nümayiş etdirəcəklər ki, onlar rus adlandırdıqları ərazilərə nəzarət etmək iqtidarında deyillər”, - ekspert vurğulayır.

Politoloq Volodimir Molçanovun fikrincə, bu fakt Kremli növbəti “xoşməramlı jest” etməyə və sentyabrın 11-də “referendum” keçirməkdən imtina etməyə məcbur edə bilər: "Sadəcə izah edəcəklər. Yaxud deyirlər ki, "xüsusi əməliyyat”ın məqsədlərinə nail olunub, ona görə də “referendum” ləğv edilib. Yaxud da deyəcəklər ki, məsələn, "Zaporojyeni almayana qədər biz referendum keçirməyəcəyik"".

Rusiya KİV-i mənbələrə istinadən bildirir ki, Kreml hələlik "referendum" ideyasını bir neçə aylıq - qışa qədər təxirə salmaq və ya bu cür avantüradan tamamilə imtina etmək barədə qərar verməyib. Axı hələ də bəlli deyil ki, qismən işğal olunmuş əraziləri Rusiya Federasiyasına dəqiq necə “inteqrasiya” etsinlər, onlara kim və necə nəzarət edəcək. Sədaqətsiz əhalinin sayını və rusların özlərinin Xerson uğrunda, hətta onun uğrunda ölmək istəmədiyini nəzərə alsaq. Axı psevdoreferendumda Kreml nəhayət ki, danışıqlar imkanını itirəcək. Ukrayna artıq “referendumlar”ın Rusiya üçün son boşluğu bağlayacağını açıq şəkildə bəyan edib.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.
Heydər Əliyev ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlərə başladı, onun rəhbərliyi ilə Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.
Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir.
Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci ilin noyabrında sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası yarandı.
Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi
Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. 1993-cü il oktyabın 3-də və 1998-ci il oktyabrın 11-də keçiilən prezident seçkilərinin nəticələinə müvafiq olaraq, xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az
 
Ardını oxu...
“İmam Mehdi”nin məhkəmə prosesini izləyirsiniz? Özünü sonuncu imam kimi təqdim edən Aqil Babayev adlı soydaşımız xeyli sayda adamı hərifləyib. Hərifləmək azdır, qaz kimi yolub.

Onun qurbanlarının arasında bir nəfər haqda xüsusi olaraq danışmaq istəyirəm. Hazırda məhkəmədə zərərçəkən qismində iştirak edən həmin şəxs çox imkanlı adamdır. Sözün həqiqi mənasında pulu başından aşır. Əgər belə olmasaydı, cənnətdə yer almaq üçün “İmam Mehdi”yə 420 min manat verməzdi.

Bu yazdıqlarım jurnalist təxəyyülünün məhsulu deyil. Mən bu sözləri klaviaturada döyəcləyərkən məhkəmə materiallarına istinad edirəm. Bəli, “İmam Mehdi” həmin yoldaşı cənnətdə yerlə təmin edəcəyinə inandırıb, o da gözünü qırpmadan 420 min manatı sayıb "sonuncu imam"ın ovcuna qoyub. Day orasını bilmirəm ki, İmam Mehdi hərifləyib 420 min manatını aldığı adamı cənnətdə Cennifer Lopezin, Rihannanın, Kayri Cennerin olacağıyla müjdələyib, ya müjdələməyib. Əsas odur ki, həriflədiyi adamların hesabına özü cənnəti bir müddət bu dünyada yaşayıb...

Həmkarım Elnur Məmmədli deyir ki, bu xəbəri oxuyanda beyni error verib. Səbəbini də təxminən belə izah edib: İnsan rüşvətlə cənnətdə yer almağın mümkünlüyünə necə inana bilər?

Mən yazım, əgər razılaşmasanız, siz də öz fikrinizi deyərsiniz. Azərbaycanda 420 min manat qazanmaq hamıya qismət olmur. Alimin, aydının cibində siçanların oynadığı bu ölkədə çox az sayda adam bu qədər sərvəti gözünü qırpmadan kiməsə rüşvət verə bilər. Yəqin adamın 4 milyonu var ki, 420 minini rahatca kiminsə ovcuna qoya bilir.

Burda qeyri-adi, təəccüblü heç nə yoxdur. Çünki həmin adam rüşvərtlə doğulub, rüşvətlə boy atıb, pərvəriş tapıb.

Mən sayım, siz barmağınızı qatlayın: dünyaya gələndə valideynləri doğum evində həkimlərə rüşvət verib. 4 saat sonra bələyini dəyişən tibb bacısı bu işi “şirinliyin” müqabilində edib. Bağçaya gedənə kimi sahə həkiminə “görüm-baxım” ediblər. Sonra bağça müdiri valideynlərini soyub. Birinci sinfə gedəndə direktora bağça müdirəsinə verdiyinin iki qatını veriblər. Əvvəl sinif müəllimini razı salıblar. Sonra sinif rəhbərini. Attestat alanda da direktor haqq-hesab çəkib. Universitetdə oxuyanda dekana pul verib. Hərbi xidmətdə olanda komandirin "könlünü" pulla alıb. İşə düzələndə yenə rüşvət verib. İş adamıdırsa, tenderləri rüşvətlə udub. Məmurdursa, yüksəlmək, bir pillə yuxarı qalxmaq üçün rüşvət verib. Ən nəhayət, ötən il dədəsi öləndə ona qəbir yerini rüşvətlə alıb. Özü öləndə isə uşaqları “ölüm kağızı”nı rüşvətlə alacaq.

Elnur Məmmədli, siz deyin: Qəbir yerini rüşvətlə alan adam cənnəti niyə rüşvətlə almaq istəməsin?

Seymur VERDİZADƏ

/yenisabah.az/
 
Ardını oxu...
Avqustun 3-də Ermənistanın təxribatına cavab olaraq Ordumuzun keçirdiyi “Qisas” əməliyyatı bir daha sübut etdi ki, haqqımıza qovuşmaq və ədaləti təmin etmək üçün mütləq güclü olmalıyıq. Dünyada və ətrafımızda baş verənləri izlədikcə, ona da əmin oluruq ki, tarixi Zəfərimizi qorumaq və onu əbədi etmək üçün daha sıx birləşməliyik. Çünki açıq-aydın görünən odur ki, Qələbəmizə sevinən qardaş və dost ölkələrlə yanaşı, onu həzm edə bilməyən bədxahlar da az deyil. Ermənistan və havadarları, ilk növbədə, erməni lobbi təşkilatları və onların təsir imkanları qarşısında həssaslıq göstərən məlum siyasi dairələr çox yaxşı bilirlər ki, ölkəmizi zəiflətmək üçün Dünya Azərbaycanlılarının tarixi birliyini sınağa çəkməlidirlər. Bu dairələr onu da gözəl anlayırlar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imza atdığı bütün tarixi nailiyyətlərin təməlində şəxsi siyasi iradəsi və qətiyyəti ilə yanaşı, xalqımızın öz Liderinin ətrafında birləşməsi və güclü ordu faktoru dayanır. Tarixən erməniləri əzizləyib gözlərinin üstündə saxlayan və onlardan “əzabkeş, ən qədim və məğlubedilməz millət” mifinin yaradılmasında iştirak edən dairələrə o da məlumdur ki, iflasa uğramış bu mifləri diriltməyin iki yolu var: ya xalqın güvəndiyi və tərəddüd etmədən arxasınca getdiyi Qalib Sərkərdə sıradan çıxarılmalı, ya da xalqın birliyinə nifaq salınmalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bugünlərdə şəxsi instaqram hesabında etdiyi paylaşımın Prezidentimizlə bağlı olan hissəsi bu mənada xüsusi diqqət çəkir. Həmin hissə belədir: “Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!”

“Qisas” əməliyyatından dərhal sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxdı və ya qəhrəman Azərbaycan əsgər və zabitinin qarşısında buna məcbur oldu. Halbuki, Ermənistan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərə görə bu prosesə Bəyanatı imzaladıqdan dərhal sonra başlamalı idi. Lakin başlamırdı və ya başlamaq üçün ona imkan verilmirdi. Ya da hər iki faktor eyni vaxtda mövcud idi, təəssüf ki, bu gün də mövcuddur. Məhz “Qisas” əməliyyatından sonra Bəyanatda nəzərdə tutulan başqa bir müddəa da həllini tapdı. Ermənilərin və havadarlarının müqavimətinə, əndazəni aşan çirkli və çeşidli oyunlarına baxmayaraq, Laçın şəhəri, Zabux və Sus kəndləri 30 ildən sonra Azərbaycanın nəzarətinə qaytarıldı. Bu tarixi hadisə Ermənistanın ictimai-siyasi həyatındakı qarşıdurmanın daha da gərginləşməsinə səbəb olduğu və erməniləri mənəvi-psixoloji cəhətdən növbəti dəfə sarsıtdığı halda, ölkəmizdəki radikal müxalifətin ayrı-ayrı nümayəndələri və onların sosial şəbəkə ruporları baş verənlərin miqyasını ciddi-cəhdlə kiçiltməyə çalışırlar. Nə qədər acı olsa da, bu, reallıqdır. Səbəbi də odur ki, bir vaxtlar “Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da azad edilməyəcək” deyən bu şəxslər növbəti dəfə siyasi fiaskolarını yaşayırlar. Çünki bu tarixi qələbə mərhələsinin arxasında da məhz Prezident İlham Əliyevin imzası dayanır. O imza ki, hər yeni qələbə ilə Azərbaycan xalqının öz ətrafında daha sıx birləşməsinə xidmət edir. İmza sahibinə siyasi qısqanclığın digər səbəbi də budur ki, Laçında Dövlət Bayrağımızı ucaldan qəhrəman əsgər və zabitlərimiz növbəti qələbə raportunu yenə də İlham Əliyevə verirlər. Adını qatı müxalifətçi qoyub siyasi qısqanclıq üzündən hadisənin mahiyyətini kiçiltməyə cəhd edənlər onu da unudurlar ki, Laçın da Şuşa kimi 30 il əvvəl məhz onların hakimiyyət ehtirasının qurbanı olmuşdu. Belələri çox yaxşı bilirlər ki, ənənəvi Laçın dəhlizinin bağlanması və Azərbaycanın nəzarətinə qayıtması ermənilərə hansı mənəvi-psixoloji sarsıntını yaşadır. Bunu çox gözəl bilirlər, lakin etiraf etmirlər. Siyasi səbatsızlıq üzündən deyil. Bu cür tarixi nailiyyətlərin onların iddia etdikləri vətənpərvər müxalifətçi statusunun üzərindən çalın-çarpaz xətt çəkdiyinə, başqa sözlə, siyasi qısqanclıqlarına görə...

Hətta ümumilli məsələlərdə siyasi natamamlıq ucbatından siyasi cılızlıq edənlərin bu cür davranışına təəccüblənməyə dəyməz. Onlar üçün vacib olan odur ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə olunan istənilən, o cümlədən tarixi nailiyyətlər ya etiraf olunmasın, ya da onların miqyası nəyin bahasına olursa-olsun kiçildilsin və dövlət başçısı, ədalətsiz şəkildə olsa da, tənqid hədəfinə çevrilsin. Çünki reallıq, həqiqət onlara sərf etmir. Davamlı siyasi uğursuzluq və məğlubiyyət sindiromu belələrini o həddə çatdırıb ki, tarixi faktlar belə, onları qəflət yuxusundan oyada bilmir. Bu da görmək və ya dərk etmək keyfiyyətlərinin zəifləməsindən irəli gəlmir. Sadəcə, siyasi reputasyalarını diriltmək və siyasi fiaskolarını pərdələmək üçün həqiqətləri etiraf etmək istəmirlər. Elə bu səbəbdən, onu da etiraf etmirlər ki, 1991-ci ilin elə bu günlərində, setyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi xalqımızın arzusu və təkidli tələbi sayəsində baş tutdu. Məhz Heydər Əliyev şəxsiyyəti xarici və daxili təhdidlər qarşısında Azərbaycan xalqının yeganə və ən etibarlı sipərinə çevrildi. Bu gün ermənilər üçün ənənəvi, “miatsum” yolu hesab etdikləri Laçın dəhlizinin bağlanmasının əhəmiyyətini kiçiltməyə cəhd edənlər, 30 ildən sonra Laçında dalğalanan bayrağımızı görməzdən gələnlər, işğal dövründə Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz məskunlaşdırılan Suriya və Livan mənşəli ermənilərin bu ərazilərdən çıxarılmasının siyasi-tarixi əhəmiyyətini guya dərk etməyənlər çalışırlar ki, ədalətsiz və qərəzli cəhdlərini müstəqilliyimiz yolundakı hansısa şəxsi xidmətlərini abartmaqla pərdələsinlər. Amma belələri unudur ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilmişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdı ki, həmin bayrağımız Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınsın. Ulu Öndərin bu təşəbbüsünün nəticəsi olaraq, 1991-ci il fevralın 5-də Bakıda Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının Döblət bayrağı haqqında” Qanun qəbul olundu. Müstəqilliyimizin ali rəmzlərindən biri olan Dövlət Bayrağımız Naxçıvanın Ali Məclisində 1990-cı il noyabrın 17-dən, Bakıda isə 1991-ci ilin fevralın 5-dən etibarən dalğalanmağa başladı. Bu tarixi faktları görməzdən gələn bəzilərinin 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonrakı siyasi qısqanclığına da təəccüblənməyə dəymir. Onlar unutsalar da, xalqımız unutmayıb və heç vaxt unutmayacaq, tariximizin yaddaşında daima yaşayacaq ki, ümummilli maraqlarımıza xidmət edən Birlik və Türkçülük ideologiyasının ölkəmizdə gerçəkləşməsi təşəbbüsü də Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar bunun əyani sübutudur.

Tarixdə yaşadığımız faktlardan yalnız bir neçəsini yada salmağa ona görə ehtiyac duydum ki, siyasi qısqanclıq mərəzindən qurtula bilməyən, özünu gah “əsl”, gah ”ana”, gah da “yeganə” müxalifət adlandıran və digər müxalifətçi əqidədaşlarına aşağılayıcı epitetlərlə damğa vurmaqdan çəkinməyən məlum siyasi qrupun bəzi nümayəndələri bəlkə bu cür faktları yada saldıqdan sonra təhrif və unudqanlıqla həqiqəti dəyişmək gücündə olmadıqlarının fərqinə vararlar. Düşündüm ki, Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini görməzdən gələn, çoxəsrlik tariximizdə xalqımızın möhtəşəm birliyinə və güclü ordu quruculuğuna müvəffəq olan Prezident İlham Əliyevin tarixi Zəfər və Qələbələrimizin altında dayanan imzasına siyasi qısqanclıqla yanaşan bu kəslər, nəhayət, aradakı fərqi başa düşərlər. Vaxtilə Uinston Çörçill belə demişdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dövlət Xadimləri olaraq Xalqımız və müstəqil Azərbaycan qarşısındakı xidmətləri göz önündədir. Siyasi qısqancların isə hər cür siyasi cılızlıqlarına baxmayaraq, gələcək seçkilər barədə düşünmələrində elə bir qəbahət yoxdur. Lakin böyük dövlət adamı Çörçill müdrik kəlamlarından birində bunu da demişdi: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”.

Göründüyü kimi, bəşər tarixinin təkrarlanmaq qayəsi də movcuddur. Bəlkə də, yaxşı ki, belədir. Ən azından, ibrət və ədalətli nəticə çıxarılması üçün.

Ülvi Quliyev

Milli Məclisin deputatı

 
 
 

Dünyapress TV

Xəbər lenti