“Amerika Birləşmiş Ştatları Çinlə ticarət sazişi bağlamaq istəyir və onun razılaşa biləcəyinə əmindir”. “Report” xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bildirib.
“Görək Çinlə işlər necə gedir. Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Xalq Respublikasının Sədri Si Cinpinə böyük hörmətlə yanaşıram, o, uzun müddətdir mənim dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.
Rəsmi Pekin isə ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.
Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.