Azərbaycanın tanınmış alimi, Türkiyədə elmi-siyasi fəaliyyətlə məşğul olan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor Aygün Attarın Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü vəzifəsi sona çatıb.
Yenicag.az xəbər verir ki, 5 il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla bu vəzifəyə təyin edilən Aygün Attar ölkə tarixində şura üzvü olan xarici ölkədə doğulmuş ilk şəxs idi.
Bununla bağlı sosial media hesabında paylaşım edən Aygün Attar vəzifəsini layiqilə başa yetirmənin sevincini yaşadığını bildirib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Aygün Attarın yeni vəzifəyə təyinatı ilə bağlı artıq hazırlıq işləri görülür. Belə ki, xanım professorun mümkün iki vəzifəyə təyinatda adı hallanır. Bunlardan birincisi Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsi, ikincisi isə nüfuzlu universitetlərdən birinə rektor təyinatıdır.
Qeyd edək ki, Aygün Attar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Vətənə xidmət” medalı, 2022-ci ildə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında göstərdiyi səylərə görə “Dostluq” medalı ilə təltif olunub. O, əvvəllər Türkiyənin Girəsun Universitetinin rektoru, Baş nazirin müavinini, müşaviri kimi vəzifələr tutub.