ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinin müsahibəsində bildirib ki, "Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar".
"DogruXeber.az" xəbər verir ki, sözügedən müsahibə dünya arenasında ajiotaja səbəb olub.
Çox keçməyib ki, Amerika rəsmisi "The Times"in onun səsləndirdiyi fikirlərin təhrif etdiyini bildirib.
"Times məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra sabitliyi təmin edəcək, Ukraynanın suverenliyini dəstəkləyəcək qüvvələr haqqında danışdım. Mən Ukraynanı bölmək niyyətində deyildim", - o, ifadə edib.
Kelloq mümkün sülh nizamlanmasının bir hissəsi kimi Ukraynanın bölünməsini təklif etmədiyini deyib. Onun sözlərinə görə, səslənən fikirlər yalnız atəşkəs rejiminin dəstəklənməsinin texniki aspektlərinə aiddir və Ukrayna ərazisinin yenidən bölüşdürülməsi ilə bağlı hər hansı qərarı nəzərdə tutmur.
"The Times"ın məlumatına görə, Kelloq əvvəllər Ukraynanı müharibədən sonrakı Berlindəki işğal sektorlarına bənzər məsuliyyət zonalarına bölmək fikrini irəli sürmüşdü. Qəzet iddia edib ki, o, Britaniya və Fransa qüvvələrinin Ukraynanın qərbində “təkrarsığorta qüvvəsi” kimi yerləşdirilməsini təklif edib və ABŞ bu missiyada iştirak etmir. Ölkənin qərb və şərq hissələri arasında Ukrayna qüvvələrinin iştirakı ilə bufer zonanın yaradılması nəzərdə tutulurdu.
Kelloq daha sonra vurğulayıb ki, onun təklifləri ərazi bölücü xətlərin yaradılmasına deyil, əldə edilmiş və sülhün qorunmasına yönəlmiş razılaşmalar əsasında fəaliyyət göstərən beynəlxalq sabitləşdirmə qüvvələrinin mümkün yerləşdirilməsi ilə bağlıdır.
Trampın xüsusi nümayəndəsi izah edib ki, onun ideyası məhdud beynəlxalq kontingentlərin yerləşdirilməsi imkanı ilə atəşkəsi dəstəkləmək üçün müvəqqəti mexanizm yaratmaqdır.