İrəvanda köhnə oyunçuların yeni oyunu - NƏ BAŞ VERİR?
“Qarabağ klanı”nın son günlər Ermənistanda yenidən fəallaşması revanşist müxalifətin Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirməsi ilə müşayiət olunur.

“Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”. Keçmiş qondarma rejimin “müdafiə naziri”, hazırda Ermənistan parlamentinin deputatı Seyran Ohanyan belə deyib. Uydurma rejimin nümayəndələrindən ibarət bir qrup etirazçı ilə görüşən Ohanyan erməni separatizminin bərpasına çağıran şovinist açıqlamalar verib.

“Hər bir erməni üçün Qarabağın taleyi böyük əhəmiyyət kəsb edir. Sosial problemlərlə yanaşı, gələcək tale baxımından ciddi işin aparılması lazımdır. Qarabağ səhifəsi bizim üçün bağlanmayıb”, -deyə Ohanyan qeyd edib.

Xocalı soyqırımının təşkilatçısı Ohanyan 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarına görə Azərbaycanı “soyqırımı” törətməkdə ittiham edib.

““Qarabağ xalqı”nın subyektivliyini, “Qarabağ xalqı”nın statusunu qorumaq, kollektiv və təhlükəsiz qayıdışını təmin etmək lazımdır. Ermənistan hakimiyyətinin bu məsələdə davranışı çox təhlükəlidir. ATƏT-in Minsk Qrupunun mövcud formatında danışıqlar prosesi davam etməlidir. Çox mürəkkəb proses gözlənilir, lakin davam etməlidir”, - deyə Ohanyan vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyası Ermənistan hökuməti tərəfindən dayandırılmış aylıq 50 min dram sosial yardımın bərpası tələbi ilə bağlıdır.

Seyran Ohanyanın daim revanşist baxışları ilə seçilsə də, məhz etirazçıların yanına gedərək bu fikirləri səsləndirməsi bir qədər fərqli siyasi mesajları özündə əks etdirir. Yəni Ohanyan radikal müxalifətin mövqeyini açıqlayıb. Onun bu mövqeyi daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablanıb. Ohanyan qarşıdan gələn seçkilərdə eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi revanşist müxalifətin siyasi platformasının tezislərini elan edib.

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi kilsə etirazlarının iflasa uğramasından sonra Robert Köçəryanın yenidən siyasi təşəbbüsü ələ almaq niyyətini görmək olar. 2026-cı ildə sabiq prezident Serj Sarkisyanın seçkilərə qatılmaq ehtimalı azdır. Əvvəla, Sarkisyanın Köçəryanla siyasi ədavəti olduğundan, onların vahid siyasi blok yaratması qeyri-mümkündür. Digər tərəfdən, Serj Sarkisyanın bu yaxınlarda nəvələri ilə parkda fotoşəkil çəkdirib paylaşması onun siyasətdən getməsi və seçkilərdə yerini daha cavan bir liderə verməsi mesajı kimi başa düşülə bilər. Ancaq Köçəryan üçün bütün revanşist müxalifəti öz ətrafında toparlamaq heç də asan görünmür.

Son rəy sorğularına görə, sabiq prezidentin siyasi reytindi 2 faizdən də aşağıdır. Ohanyanın şovinist çıxışları revanşist qüvvələrin seçki prosesində Qarabağ “kartı”ndan istifadə etməyə üstünlük verəcəyini göstərir. Lakin müxalifətin vədləri siyasi baxımdan tamamilə qeyri-realdır. Çünki artıq Qarabağ münaqişəsi olmadığına görə, Qarabağ “kartı” da yoxdur.

Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilər üzərində Azərbaycanın suveren hüquqlarını tanıyıb və postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını qəbul edib. Ona görə də Ohanyanın fikirləri daha çox siyasi populizmdir. Revanşist müxalifət seçki kampaniyasında Baş nazir Nikol Paşinyanı müharibədə məğlub olduğuna görə növbəti dəfə satqınlıqda ittiham etməyə hazırlaşır. Paşinyan isə məğlubiyyətin və xəyanətin bünövrəsinin özündən əvvəlki üç prezident tərəfindən qoyulduğunu iddia edir. Bu mənada seçki prosesində hər iki tərəfin sarsıdıcı məğlubiyyətə görə siyasi məsuliyyəti bir-birinin üzərinə atmağa çalışacağı aydındır.

Ohanyan da daxil olmaqla radikallar ermənilərdə hakimiyyətə gələcəkləri təqdirdə Qarabağa qayıtacaqlarına və bununla da sanki işğal dövrünün status-kvosunu bərpa edəcəklərinə dair ümid yaradırlar. Ohanyanın guya ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirmək barədə utopik çağırışları da buna hesablanıb. Halbuki, keçmişi geri qaytarmaq zaman baxımından heç cür mümkün deyil.

Belə bir cəhd Ermənistanın 44 günlük müharibədən daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara bilər. Çünki Azərbaycan hərbi cəhətdən 2020-ci illə müqayisədə bir neçə dəfə güclənib. Eyni zamanda, həm bölgədə geosiyasi balans, həm də beynəlxalq siyasi şərait Azərbaycanın xeyrinə dəyişib.

Müşfiq Abdulla
"Cebheinfo.az"
 

Dünyapress TV

Xəbər lenti