"Sizin təmsil olduğunuz Milli Məclis çox rahat şəkildə bir və ya bir neçə hərbi xidmətin "H" hərfini bilməyən şəxslərin ucbatından..."
Əziz dostlar! Hörmətli həmkarlar!
Bu müraciətim Milli Məclisdə aprelin 11-də müzakirə olunan bir məsələ ilə bağlıdır. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərlə bağlı bəzi ciddi iradlarımdır.
Hörmətli Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və komitə üzvləri! O cümlədən Milli Məclisdə oturub həqiqətən də ölkə üçün uzun illərə hesablanmış peşəkar qanunlar qəbul etməyə borclu olan deputatlar. Mən bir daha sosial media üzərindən sizlərə müraciət etmək məcburiyyətindəyəm.
Ya biz qanunları qəbul etməzdən əvvəl əvvəlki illərdə olduğu kimi cəmiyyətlə müəyyən müzakirələr aparacağıq, ya da bax bu cür ÇİY və MƏNTİQSİZ qanunları sadəcə biz də aldığımız yüksək deputat məvacibini dogrultmaq görüntüsü yaratmaq üçün bax bu cür yarımçıq və yarımcan qəbul edəcəyik. İnciməyin, sizin bu gün ikinci oxunuşda guya müzakirə etdiyiniz qanun layihəsi də sadəcə bir formal yanaşma daşıdığı üçün məcburam ki sizlərə buradan bir daha bəzi xatırlatmalar edim. Və çox-çox xahiş edirəm ki, yazdıqlarımı səmimi qəbul edin. Ya mənim yanlış olduğumu açıb bəyan edin, ya da bu cür "qanunlar "qəbul etməyin. Mən ona da təəccüblənmirəm ki, Sizin təmsil olduğunuz Milli Məclis çox rahat şəkildə bir və ya bir neçə hərbi xidmətin "H" hərfini bilməyən şəxslərin ucbatından bütöv bir Silahlı Qüvvələrin şəxsi heyətini az qala kolxozçu, mülki şəxs statusuna çevirmisiniz. Təklif edirəm ki, yazdığım qeydləri də bir daha qanun hələ tam qəbul edilmədiyinə görə nəzərdən keçirəsiniz. Özü də bu cür qəliz və söz yığnağına əsla ehtiyac olmadığı halda, maşallah, baxıram Qanunu nəyi var yükləmisiniz. Qanun qısa, konkret, lakonik və hamı üçün başa düşülən olmalıdır. Milli Məclis və onun maşallah orada komitələrdə olan şəxslər, hansılar ki, mütəxəssis kimi rəy verirlər, o qədər qəliz, dolaşıq cümlələr yazıb doldururlar qanunun içinə ki, bu da həm qanunu tətbiq etməli olan hüquqşünaslar üçün, həm də o qanuna əməl etməli olan şəxslər üçün çox çətin olur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744391719_2.jpg
Baxın, sizin bu gün müzakirə etdiyiniz qanun layihəsini düz 3 dəfə oxudum və həm güldüm, həm də kədərləndim.
Güldüm ona görə ki, sadə bir məsələni bu qədər qəlizləşdirməyin mənası yoxdur. Və bu addımın adı nədir?
Qısaca deyim ki, əgər vətəndaşın sürücülük hüququ verən vəsiqəsi yoxdursa, onun avtomobili idarə etməyə qanunla haqqi yoxdur və o cəzalanmalıdır. Bizim hərbçilərin dilinə sizin qəbul etmək üçün guya müzakirə etdiyiniz qanun layihəsi əvvələr də var idi və sadəcə onun işlənilməsinə, əməl olunmasına müvafiq qurumlar nəzarət etməli idilər. Yəni, hərbi formanı geyinməyə icazəsi olmayan adamlar o müqəddəs formanı harda gəldi, necə gəldi geyinə bilməzlər və GEYİNMƏMƏLİDİRLƏR.
İndi keçirəm kədərlənmək məsələsinə. Ay hörmətli qanun qəbul edən əmilər və xalalar!
Uğrunda vuruşduğum dövlətin və hökumətin mənə rəsmi qaydada icazə verdiyi hərbi mundiri, geyimi nə vaxt geyinməyi, necə geyinməyi yəqin ki, o icazəni verən adam və ya qurum sizdən az bilmir və mən də o fikirdəyəm ki, sizin bunun üçün bir "yol xəritəsi" də təklifinizə ehtiyac yoxdur. Sadə dillə desəm, mütləq deyil ki, mən o geyimi ancaq sizin sadaladığınız günlərdə ancaq geyinim? Əvvala, o geyimi daşımaq hər kəsə icazə verilmir ki, harda gəldi, necə gəldi daşısın. Onun da qaydaları və şərtləri var. Təzə "velosipedə", onu icad etməyə əsla ehtiyac yoxdur. Baxın, sizin bu qəbul etməyə hazırlaşdığınız qanun "qaş düzəldən yerdə vurub gözü çıxartmağa" daha çox oxşayır, nəyinki hərbi formanın nüfuzunu qaldırmaq və ya onun qanunsuz geyilməsinin qarşısını almağa.
Mənə o səlahiyyət verilibsə, mən onu ilin istənilən günlərində rahat, qürurla geyinə də BİLƏRƏM, sizin sadaladğınız 3-5 dəfə hansısa rəsmi tədbirlərdə də həmçinin.
Siz mənə Konstitusiyada verilmiş azadlıq və sərbəstlikləri məhdudlaşdıra bilməzsiniz, yuldaş deputatlar. Bu kobud qanun pozuntusudur. Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxs kimi mən istənilən vaxt, o cümlədən sizin qanun kimi tələb qoyduğunuz həmin formanı ANCAQ (?!) Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcəksinzi iddianız, amiranlığınız yolverilməz və səhv yanaşmadır.
Layihəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və istefaya buraxıldıqları dövlət orqanının (qurumun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcəklər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744391719_3.jpg
Baxın, sizin bu təklifiniz də mənim fəaliyyətimi məhdudlaşdırır. Baxmayaraq ki, mənə geyinmək səlahiyyəti verilib, siz isə bunu məhdudlaşdırısınız. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelikləri və ya nümayəndələri öz milli bayramlarına biz ictimai nüfuzlu ehtiyatda olan hərbçiləri, müharibə iştirakçılarını da dəvət edirlər. Biz həmin dövlət tədbirlərinə idman formasında getməliyik? Bu nə yanaşma və münasibətdir? Siz əksinə üzərində öz dövlətinin reqaliyaları olan şəxslərin belə tədbirlərə qatılmasını təşviq etmək əvəzinə mənə qadağa qoyursunuz ki, sən ora forma geyinə bilməzsən? Niyə ay ağıllı patriot qanunverici tovariş? Budurmu sənin vətənpərvərliyin və xalqına xidmətin?
İndi sizin diqqətinizə çatdırcağım məqam isə ümumiyyətlə rüsvaycılıq və biabırğılıqdır. Buna ən yaxşı halda hərbin nə olduğunu anlamayan bir təsadüfi şəxsin savadsızlığı və səriştəsizliyi kimi yanaşmaq doğru olardı.
Yazıb doldurulan guya qanun layihəsində belə bir məqam da var.
Qanuna əsasən, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
Heyf ki, çox yazib sizi yormaq da istəmirəm. Siz bu 20 il və artıq, həmçinin xidmət illərindən asılı olmayaraq cümləsini necə başa düşdünüz? Hətta buna da hardasa göz yumub qəbul etmək olar. Bəs bu Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında ....cümləsini kim necə başa düşür? Məgər Silahlı Qüvvələr Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi deyil ki? Ölkəni Silahlı Qüvvələrdən ayrı göstərmək və bunu Qanun şəkilində təqdim etmək hansı ağlın məhsuludur, ay mənim filtifessor və professor yığnağı. Məgər Silahlı Qüvvələrimiz Azərbaycan dövlətindən də başqa hansısa dövlətə xidmət edir ki?
Sonda. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Yəni, dövlətin öz müdafiəçisinə qanunla nə verməlidirsə, onun HAMISINI verməlidir. Bunu da götürüb üstünə "onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir".
Savadsızlığın pik nöqtəsini də qeyd edim və məsələni bitirək.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744391719_4.jpg
HƏRBİ QULLUQÇU Vətəninə, Dövlətinə və Xalqına XİDMƏT EDİR. O işləmir. Xidmət edir, ay professorlar. Bəs qanuna saldığınız "işdənçıxarma müavinatı" deyilən sözü necə başa düşək? Budur sizin "mükəmməl" adlandırdığınız qanun layihəsi. Bilirəm xoşunuza gəlmir, amma savadlı mütəxəssislər götürün Milli Məclisə, özünüz də arada hərbi qanunvericiliyi varaqlayın.
Ən sonda, bu cür yarıçiy qanundansa, qalib ölkənin Silahlı Qüvvələrinin bütün şəxsi heyətini sevindirəcək qanunlar, düzəlişlər qəbul edin. Nəhayət ki QAZİ sözünü də rəsmiləşdirin, qanunlaşdırın. Hamı o sözü işlədir,amma hüquqi QAZİ kimdir onun açması üstündən 5 il vaxt keçib hələ də yoxdur.
Allah Silahlı Qüvvələrimizi və Ordumuzu qorusun. Tanrı onlara ən yaxşı yaşam nəsib etsin. Bayrağımız daima ucalarda olsun!
Şəhidlərin müqəddəs ruhları qarşısında baş əyirik!
Uzeir Cəfərov. hərbi ekspert,ehtiyatda olan polkovnik

Dünyapress TV

Xəbər lenti