
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib ki, Almaniya hökumətinin son açıqlama və rəftarı Rusiya ilə toqquşmalara gətirib çıxara bilər. V.Volodin bildirib ki, Almaniya hökuməti vəziyyəti qəsdən gərginləşdirir.
“Bu gün Almaniyanın hakim elitası vəziyyətin gərginləşməsi üçün əsas şərtləri formalaşdırır, bu isə ölkələrimiz arasında qarşıdurma riskini artırır”, – Volodin qeyd edib.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Almaniya son dövrlər hərbi qüvvələrini gücləndirməyə yönəlmiş addımlar atır:
“Xüsusilə, bu ölkədə ağır sənayeyə artan diqqət müasir silah növlərinin istehsalına şərait yaradır. Rəsmi Berlin hazırda Fransa ilə Avropa liderliyi uğrunda rəqabət aparır. Xristian-Demokratların yenidən hakimiyyətə qayıdışı və Fridrix Merz hökumətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda verdiyi iddialı açıqlamalar Almaniyanın rəqibləri üçün narahatlıq doğurur.
Fridrix Merz sələfi Olaf Şolzdan fərqli olaraq Ukrayna məsələsində daha sərt və prinsipial mövqe nümayiş etdirir. Almaniya Rusiyaya güzəşt edilməsinin əleyhinə çıxış edir. Ukraynaya verilən Almaniya silahlarının geniş miqyasda istifadəsi, habelə bir neçə gün öncə Rusiyaya qarşı həyata keçirilən “Hörümçək toru” əməliyyatında Almaniya kəşfiyyatının da Ukraynaya dəstək verdiyi ilə bağlı səslənən iddialar Moskvada ciddi narahatlıq doğurur.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya siyasi elitası daxilində sərt xətt tərəfdarı kimi tanınır. Onun bu açıqlaması hazırkı mərhələdə bəzilərinin gözündə ciddi qəbul olunmasa da, gələcəkdə baş verə biləcək hadisələrdən heç kim sığortalanmayıb. Ukrayna müharibəsi Rusiyanı ciddi resurs itkiləri ilə üz-üzə qoyur. Belə bir şəraitdə Rusiyanın hər hansı NATO ölkəsi ilə birbaşa hərbi toqquşmaya girməsi inandırıcı görünmür.
Volodin bu açıqlama ilə Rusiyanın təkcə Ukrayna ilə deyil, həm də NATO ölkələri ilə qarşıdurmada olduğunu göstərməyə çalışır.”
Globalinfo.az xatırladır ki, Sovet Rusiyası ilə faşist Almaniyası arasında 1941—45 illərdə müharibə olub. Bu savaş daha çox İkinci Dünya müharibəsi kimi qeyd edilsə də əsas qarşıdurma iki ölkə arasında aparılıb. Mayın 9-da faşizm üzərində qələbənin 80 ili tamam oldu və bu, Moskvada, Qırmızı meydanda təntənəli şəkildə qeyd edildi. Müharibənin bitməsinin 80 ili tamam olduğu ərəfədə Berlin-Moskva gərginliyi xüsusi diqqət çəkir.