Sülh təlimləri iki gün ərzində sərhədyanı Norduz bölgəsində keçiriləcək. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçiriləcək hərbi təlimlər barədə danışarkən deyib. "Ora heç bir təhlükə yoxdur, ona görə də bu təlimlər sülh xarakteri daşıyır. Təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. Onlar regionda davamlı sülh kontekstində həyata keçirilir. Əsas məqsəd sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir. İki ölkə arasındakı sərhədyanı bölgələr regionun həssas coğrafi yerləşməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümid edirik ki, təlimlər qarşıya qoyulan məqsədlərə və cədvələ uyğun şəkildə keçiriləcək", – deyə o vurğulayıb. Qeyd edək ki, İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirəcəyini elan edib.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, adətən hərbi təlimlər əvvəlcədən planlaşdırılır:
"Ermənistan və İran da belə təlimlər keçirə bilərlər. Prinsipcə, Azərbaycan da Türkiyə ilə mütəmadi olaraq birgə hərbi təlimlər təşkil edir. Bu təlimlər heç bir halda üçüncü dövlətə qarşı yönəlmir və qarşı tərəfdən də bu barədə narahatlıq gözlənilmir. Lakin Ermənistanla müharibə vəziyyətində olmağımız, sülh müqaviləsinin hələ də imzalanmaması və son zamanlar sərhəddə baş verən təxribatlar fonunda Ermənistan və İran arasında keçiriləcək təlimlər diqqət çəkir. Hərçənd ki, bu təlimlərin xüsusi, konkret hədəfə yönəlik səbəbi görünmür. Azərbaycan da müxtəlif ölkələrlə bu tip təlimlər həyata keçirir. Amma Ermənistan prizmasından baxıldıqda, bu təlimlər siyasi mesaj xarakteri daşıya bilər. Bununla belə, İran hazırda Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və bu səbəbdən onun Azərbaycana qarşı mənfi siyasət yürütməsi real görünmür".