Abdullahian Ankarada Çavuşoğlu ilə görüşündə bildirib ki, İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünə hazırdırlar. Sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyindən maraqlı qüvvələrin olduğu bəllidir, Əliyev də “İran isteblişmentinin nümayəndələri”nə işarə etmiş, yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır. Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil. Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini də gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər. Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi də istisna edilməməlidir. Bu baxımdan, rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür. İranlı nazir Ankarada “sionist” iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”. Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etməyə cəhdidir. Halbuki, Abdullahin Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır.