Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatdan çox yeyinti - DETALLAR
Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatı aşan yeyinti olub. Xəstəxananın su borcunun ödənişiylə bağlı problem ortaya çıxarkən, bunun da üstü açılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamaların nəticəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Beləcə, xəstəxananın Maliyyə şöbəsinin hesabatlılıq bölməsinin müdiri Natiq Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

Bölmə müdiri 2021-ci ilin fevralından xəstəxanada həmin vəzifədə çalışıb. Öncə dərman ehtiyatlarının hesabatını aparıb, ardından işçilərin maaşlarını hesablamağa başlayıb. Araşdırmalar zamanı üzə çıxıb ki, o, 2023-2024-cü illərdə həm özünün, həm də xəstəxananın bir sıra işçilərinin maaş kartlarına əlavə pullar köçürüb. Sonra isə həmin adamlara köçürmənin səhv olduğunu deyərək yazılan məbləğlərin geri qaytarılmasını istəyib. Pulları ya nağd şəkildə geri alıb, ya da onun kartına köçürüblər.

Cinayət işində toplam 91 min manatdan çox mənimsəmədən söhbət gedir
N.Hüseynov ifadə verərkən, özünü təqsirli bildiyini deyib. Bu işləri daha çox xəstəxana direktorlarına məxsus “Asan imza” vasitəsiylə gördüyünü, direktorların yeyintidən xəbəri olmadıqlarını da bildirib. Onlara, sadəcə, sistemə daxil olaraq əməliyyat gerçəkləşdirəcəyini söyləyib: “Bu işləri görəndə nə vaxtsa üstünün açılacağını bilirdim. Ehtiyacım vardı, ona görə elədim”.

Təqsirləndirilən şəxs 91 min 270 manatlıq ziyandan 5 min 600 manatını istintaq dövründə ödəyib. O, əməlindən peşman olduğunu, ziyanın qalan bölümünü ödəməyə maddi imkanının yetmədiyini deyib.

Yeyintinin üstü belə açılıb
Yeyintinin üstünün necə açılmasına gəlincə, xəstəxana rəhbərliyinə zəng gəlib, suya görə borcun ödənilmədiyi deyilib. Direktor borcun ödənilməməsinin səbəbini araşdırarkən, yeyintilər üzə çıxıb.

Keçmiş bölmə müdiri həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olub. O, bugünlərdə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunarkən, məhkəmə zalındaca həbs edilib. Hökmə əsasən, külli miqdarda mənimsəmədə təqsirli bilindiyindən ona 6 il həbs cəzası kəsilib.

/AzadlıqRadiosu

Dünyapress TV

Xəbər lenti