Bu təşkilat Avrasiyada hökmranlıq etmək istəyir
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Hindistanın Qoa adasında mayın 5-də keçirdikləri görüşündə liderlərin toplantısına hazırlıq mövzuları müzakirələri edilib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin sammiti 4-5 iyul tarixlərində Dehlidə keçiriləcək. Nazirlər bu görüşə hazırlıqla yanaşı beynəlxalq və regional vəziyyəti də müzakirə ediblər. Müzakirə edilən mövzular içərisində Əfqanıstandakı durum da olub.
Liderlər Dehlidə 20 bəyanat qəbul edəcəklər. Bundan başqa İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvlüyünə qəbul ediləcək. Halbuki, təşkilat 2017-c ildə Hindistan və Pakistanı üzvlüyə qəbul etdikdən sonra genişlənməyə üstünlük verməyəcəyini açıqlamışdı. Siyasət dəyişib. Çünki Qərb dünyasıyla rəqabət aparan Rusiya və Çinə daha çox tərəfdaş lazımdır. İrandan sonra Belarusun da üzvlüyə qəbulu gündəmdədir. Küveyt, Myanma, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn təşkilatla tərəfdaş statusuna malikdirlər. Səudiyyə Ərəbistanı bu ilin mart ayında Şanxay Əməkdaşlıq Təşkilatında “dialoq tərəfdaşı” statusunda qəbul olunub. Qoadakı toplantıya Pakistanın xarici işləri nazirinin gəlişi də diqqət mərkəzində olub. Bu 2014-cü ildən bu yana Pakistan rəsmisinin Hindistana ilk rəsmi səfəri idi. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli münasibətlərin normallaşması əsas vəzifələrdən biridir.
Rusiya və Çin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində anti-Qərb blokunu formalaşdırmağa çalışsalar da, buna nail olmaq Moskva və Pekin üçün çətindir. Çünki Mərkəzi Asiya ölkələri və Hindistan Qərblə siyasi əməkdaşlıqdan və hərbi təmaslardan imtina etməyəcəklər. Bu ölkələr Rusiya və Çinin artan maraqlarından ehtiyat edirlər.
Buna baxmayaraq, Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya bölgəsində əhəmiyyətli rola iddialıdır, yeni nəqliyyat yolları çəkilir, dəniz limanları tikilir. Bu layihələr təşkilata marağı artırır. Bu mənada Azərbaycan və Türkiyə də Şanxay Əməkdaşlıq Təşkilatındakı prosesləri diqqətlə izləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistandakı toplantıdan sonra ölkəsinin Dehli ilə xüsusi əlaqələrdən danışıb. Rusiyadan Hindistana neft satışının həcminin artması iqtisadi ekspertlərin diqqət mərkəzindədir. Buna baxmayaraq, Rusiya Hindistanın ondan ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilməyib. Moskva Hindistan valyutası olan rupi ilə ödənişdən imtina edib. Moskva isə hesab edir ki, rupi ehtiyatının yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil. Rusiya və Hindistan yerli valyutalarla ticarət məsələsini müzakirə etsələr də, prinsiplər rəsmiləşdirilməyib. Rusiya ödənişi rupi ilə deyil, Çin yuanı və ya digər valyutalarla etmək istədiyini bildirib. Dehli buna razılaşa bilməz.
“Atlas” Araşdırmalar Mərkəzi
 
 
 

Dünyapress TV

Xəbər lenti