Və ya sual olunur: Ermənistan KTMT-dən “yaxasını qurtara” biləcəkmi?
Bu günlərdə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərə müsahibəsində deyib ki, hazırda ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi gündəmdə deyil. Amma eyni zamanda, bu məsələnin yenidən gündəmə gələ biləcəyini də istisna etməyib.
Onun sözlərinə görə, bu mövzu ötən ilin sentyabrında Azərbaycanın “hücum”u zamanı Təhlükəsizlik Şurasında müzakirə olunub: “Həmin vaxt hökumət rəsmi olaraq Rusiyaya və KTMT-yə müraciət edərək, digər məsələlərlə yanaşı, Ermənistanın ərazi bütövlüyünün bərpası və Azərbaycan silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılmasının təmin edilməsi üçün hərbi yardıma ümid edirdi”.
Bu yardım alınmadı, KTMT yalnız müşahidəçi göndərməyə hazır olduğunu bildirdi. O zaman Ermənistan Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi blokdan niyə çıxmadı? Səkkiz aydan çox vaxt keçsə də, Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi deyir ki, Ermənistanın addımlarının nəticə verəcəyinə hələ də ümid var. Bütün bu müddət ərzində İrəvan KTMT-dən Azərbaycanın “təcavüz”ünə siyasi qiymət verilməsini gözləməkdə davam edir.
“Bəli, vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla yanaşı, öhdəliklərimiz də olsa, atdığımız addımların, işimizin müəyyən nəticələr verəcəyinə ümid etməkdə davam edirik. Hələ də belə bir ümid var. Elə məsələlər var ki, KTMT-nin sammiti zamanı daha sonra müzakirə olunub və iş davam edir. Yaxın vaxtlarda Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanat barədə də müzakirələr olacaq və bu barədə məlumat verəcəyik”, - deyə XİN rəhbərinin müavini bildirib.
Keçən ilin noyabrında blokun İrəvan sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında sənədi məhz orada siyasi qiymətləndirmə olmadığına görə imzalamamışdı.
“KTMT-yə alternativ nədir” sualına isə nazir müavini konkret cavab verməyib. Səfəryan KTMT-nin təklif etdiyi paketə silah və qoşunların daxil olub-olmadığını da dəqiqləşdirməyib.
Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması da bu baxımdan maraqlıdır: “Bizi mövcud olan və guya qorumalı olan o təhlükəsizlik mexanizmləri indi işləmir və Ermənistan yeni təhlükəsizlik təminatları tapmağa çalışır”.
Ümumiyyətlə, aydındır ki, heç nə aydın deyil. İrəvanın KTMT-də bundan sonra da qalması ilə bağlı hər hansı aydın niyyətin olub-olmaması tamamilə anlaşılmazdır. Adamda belə bir hiss yaranır ki, bir tərəfdən Ermənistan bu blokdan kənarda qalmağı çox istərdi, digər tərəfdən isə belə bir addım atmaqdan qorxur. Ya qonşuların - Türkiyə və Azərbaycanın xəyali hücum təhlükəsi üzündən, ya da Kremlin kəskin reaksiyasından ehtiyatlanaraq.
Maraqlıdır, yeri gəlmişkən, Ermənistanın KTMT-dən potensial çıxması hansı tendensiyaları doğura bilər, bu, bu hərbi qurumun dağılmasına səbəb olmayacaqmı?
Prosesi AYNA-ya tanınmış ekspertlər şərh ediblər.
Qazaxıstanlı politoloq Kazbek Beysebayev:
“Bu suallara cavab vermək üçün ilk növbədə Ermənistanın coğrafi mövqeyinə baxmaq lazımdır. Açıq desək, Ermənistanın qonşuları ondan çox fərqlənir və bəzi qonşularla ciddi problemlər var. Bu şəraitdə İrəvanın yalnız bir müttəfiqi var - Moskva. Sadəcə başqası yoxdur.
KTMT-yə gəlincə, əgər olanları öz adı ilə çağırsaq, deməli, bu, Rusiya ilə digər ölkələr arasında razılaşmadır. Ona görə də İrəvanda KTMT-dən mümkün çıxmaq barədə çox danışa bilərlər, amma getməyəcəklər. Moskva buraxsa belə, İrəvan yenə də çıxmayacaq”.
Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov:
“Erməni məmurlarının bütün hay-küyləri və narazılıqları dövlət təcrübəsi olmayan və öz postlarını təsadüfən zəbt edən səriştəsiz şəxslərin Rusiyanı ucuz şantaj etmək cəhdi kimi qiymətləndirilə bilər. Ermənistanın Rusiyadan asılılıq səviyyəsini nəzərə alsaq, Moskvanın cəzası son dərəcə ağrılı ola bilər.
İrəvanda hakimiyyətdə olan həvəskarlar hesab edirlər ki, Ermənistan KTMT-dən çıxmaqla Rusiya ilə əvvəlki münasibətlərini saxlayacaq: deməli, erməniləri Türkiyədən qoruyacaq, Rusiya sərhədçiləri də daxil olmaqla Rusiya hərbi bazası (80%-i Rusiya xəzinəsindən maaş alan ermənilərdən ibarət) qalacaq, silah təchizatı, ucuz qaz, vizasız rejim və ticarətdə üstünlüklər də həmçinin. Adını da qoyacaqlar ki, guya Ermənistan KTMT-dən ona görə çıxır ki, Qazaxıstan, Qırğızıstan, Belarus kimi ölkələrdən dəstək almır.
Eyni zamanda, Paşinyan hökuməti KTMT-dən çıxmağı Qərbə baha satılmaq və Avropa İttifaqı, ABŞ, NATO və sairdən əlavə hərbi və maliyyə yardımı dilənmək niyyətindədir.
Qoy onlar Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələni qaldırmağa çalışsınlar. Biz Bakıdan və Türkiyədən yalnız Paşinyanı alqışlayacağıq və Kremlin onu davranışından rüsvayçılıqla tövbə etməyə və açıq şəkildə “geri qaytarmağa” məcbur edəcək şillələrə tamaşa edəcəyik. Bakı və Türkiyə üçün İrəvanda bu cür çaşqınlıqlar sadəcə daha bir plyusdur”.