Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları bəzən sərrast olduğu qədər, həm də o qədər zəhər-zəqqum olur ki, onu 1 nimçə balla qarışdırıb “həzm etmək çətindir”. Tipini bəyənməsək də, zaman-zaman bizi də sözləri ilə çox zəhərləsə də, etiraf edilməlidir ki, XİN sözçüsü Qarabağ mövzusunda bilgili və hazırlıqlıdır. Son aylar isə ermənilər onu çox “qaralayıb” və hər fürsətdə naqolay suallar verib çətin vəziyyətə salmaq istəyirlər...
Həftənin əvvəlindəki ənənəvi mətbuat konfransında erməni jurnalistin Laçın yolu ilə bağlı Zaxarovaya yönəlik sualı da bu qəbildən idi. Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni futbolçuların Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılmasında Rusiya sülhməramlılarının da günahkar olması ilə bağlı suala Zaxarovanın cavabını həqiqət olsa da, “balla qarışdırıb yemək” lazım idi. XİN sözçüsü ittihama belə cavab verdi ki, Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ardınca onu da xatırladıb ki, İrəvan məhz Avropa İttifaqının himayəsi altında keçirilən görüşlərdə keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik”. Əlbəttə, biz də bu bəyanatı çək-çevir etsək, “Zaxarova Qarabağı tanıdığına görə İrəvana sitəm edir” kimi nəticə də çıxara bilərik. Amma Zaxarovanın dedikləri indilikdə bizə toxunmur və biz də onu rahat buraxaq ki, qoy ermənilərə cavab versin, onlarla “atışsın”.
Rəsmi İrəvanın Zaxarovanın bəyanatına bir neçə günlük susqunluqdan sonra reaksiya verməsi onu göstərdi ki, XİN rəsmisinin sözlərini “həzm etmək” doğurdan da asan olmayıb.
Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni İTV-sinə müsahibəsində Zaxarovanın dediklərini absurd adlandırıb, amma özü də çox absurd “arqument” səsləndirib. Deyib ki, bəs, təkcə İrəvan yox, Rusiya tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Putin müharibədən sonrakı müsahibəsində dilə gətirib. Simonyanın başı kötükdən deyil və Zaxarovanın nə demək istədiyini hərfən başa düşüb, amma necə deyərlər, söhbəti Rusiyanın üzərinə “fırladıb”. Məlumdur ki, Rusiya müharibədən əvvəl də, sonra da Azərbaycanın ərazi bötüvlüyünü tanıyıb, ayrı-ayrı rəsmi və ya qeyri-rəsmi şəxslər zaman-zaman bəlkə də hansısa yekəbaş bəyanatlar verib, amma rəsmi Kreml heç zaman... Yəni Simonyanın müqayisəsi təkcə qüsurlu və yersiz deyil, həm də absurddur.
"Rusiya bununla deməyə çalışır ki, o, 9 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, artıq qarant deyil? Əgər belədirsə, o zaman bunu birbaşa söyləmək lazımdır" deyə, Simonyan davam edib. Simonyan da Zaxarovaya “iynəli sözlər”lə cavab verməyə çalışıb: “Deyək ki, erməni tərəfi hansısa bəyanatla çıxış edib, amma 9 noyabr 2020-ci il tarixli bəyanat var ki, orada üç ölkənin imzası var, orada Laçın yolunun eni 5 km olan ərazi olduğu, onun Rusiya sülhməramlılarının nəzarətində olduğu bildirilir. İndi sual olunur: bu ərazi kimin nəzarəti altındadır və Rusiya sülhməramlıları haradadır?”Bu da əlbəttə ki, Rusiyanın şantajının davamıdır. Simonyan yenə də hədəfi yayındır, üstəlik Rusiyanı aşağılayır və öz ağlınca, Azərbaycana qarşı qoymağa çalışır. Bu dediklərinin açması budur ki, “yaxşı, Azərbaycan bizi rəzil etdi, bəs, siz niyə 5 kilometrlik əraziyə nəzarət edə bilmirsiz?” Simonyan Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti dislokasiya yerlərinin harada olduğunu yaxşı bilir, rəsmi xəritə də var. Laçın postu da oraya sülhməramlılara acıq və ya qıcıq yaratmaq üçün qoyulmayıb. Ölkəsinin sərhədinə nəzarət-buraxılış postu qoymaq Azərbaycanın qanuni haqqıdır. Buna Rusiya hansısa sənədə istinadən yasaq qoya və ya müqavimət göstərə bilməzdi. Sülhməramlılara gəlincə, onlarda oradadırlar, sərhəddən keçənləri Qarabağa gətirir, gələn varsa posta qədər aparır, müşahidə edir, təhlükəsizliklərinə təminat verir. Zaxarovanın da dediyi kimi, “yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməkdən ibarətdir”.
Simonyan fərqindədir ki, Zaxarovanın “Qarabağı tanıdınız” açıqlaması Paşinyan hakimiyyətinə daxili hücumları artıracaq, çünki Rusiya rəsmisi hələ də günahkar axtarışında olan ermənilərə konkret hədəfi göstərir. Bunu isə Paşinyan hakimiyyətinin devrilməsinin siqnalı kimi də qəbul edirlər. Simonyan məlum müsahibəsində bunu gizlətməyib də. O, Rusiyanın Ermənistanla niyə belə davranması sualını xeyli dağınıq cavab verib. Bunu həm Rusiyanın Ukraynada çox çətin vəziyyəti, həm də Ermənistan ərazisindən keçən dəhlizlərin uzunmüddətli perspektivlərində geosiyasi maraqları olması ilə izah edib.
Erməni spiker Ermənistan hakimiyyətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışması ilə bağlı ittihamlara cavabı da maraqlıdır. "Danışıq dili ilə desək, biz bunu deyirik, əgər sənin (Rusiya - red.) bizi qorumaq öhdəliyiniz varsa, o zaman bizi qoruyun və deməyin: siz bəyanat verdiniz, ona görə də sizi qoruya bilmərik.” Əsli erməni “məntiqidir”. Sanki hamı bunlara borcludur, hamının bu milləti, dövləti qorumaq kimi mənəvi borcu varmış, o cümlədən də Rusiyanın. Simonyan Paşinyan hakimiyyətin istefaya getdiyi zaman Rusiyanın Ermənistana kömək edəcəyi iddiasına da çox iddialı reaksiya verib.
“Bu gün Ermənistanda seçilmiş, demokratik hökumət var ki, bu, görünür ki, regionda “pis” nümunədir”. Simonyan demək istəyir ki, guya regionda Ermənistan demokratik ölkə kimi pis nümunədir, onu Rusiya da, Azərbaycan da ona görə yıxmaq istəyir.
Simonyan və bu gün Qarabağ ermənilərinə “müstəqillik günü” ilə bağlı məktub göndərən Paşinyan fərqində deyil ki, Ermənistanın düşməni nə Rusiya, nə Azərbaycan, nə Zaxarova deyil, Düşmən elə özləri, apardıqları axmaq siyasətdir. Belə davam etsinlər...
Nazim SABİROĞLU
Musavat.com