Ardını oxu...
Şiə radikalları Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə basqın etməklə Azərbaycanda dini əhval-ruhiyyə yaratmaq istəsələr də, cəmiyyətdə bunun əksi oldu.

Axar.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev paylaşıb.

“Sosial şəbəkələrdən gələn reaksiyalara əsasən, demək olar ki, Azərbaycan bayrağının yerə atılmasına görə insanlar hiddətlənib (bu onu göstərir ki, bu əməli edən insanların Azərbaycana heç bir siyasi, emosional və ya hər hansı bağlılığı yoxdur). Belə ki, bu, ictimaiyyəti sekulyar dövlətçilik, ölkə bayrağına, tarixə və ənənələrə sədaqət ideyası ətrafında səfərbər edib”.
 
Ardını oxu...
“Artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır”.

Teref.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni geosiyasi nizamın əsasını qoydu. İranın bu nizam və Azərbaycana qarşı aqressiv siyasəti nəticə vermədi, Tehran artıq yeni reallıqlarla barışmağa başlayıb. İranın aqressiv və hədələyici tonlarına baxmayaraq, Azərbayan prinsipial mövqeyindən geri çəkilmir və regional siyasətini uğurla davam etdirir.

İran Azərbaycana qarşı bütün “kart”larnı açıq şəkildə ortya qoydu, amma bu gedişi də nəticəsiz qaldı. İran qonşuluq prinsipləri və əxlaqına zidd olaraq öz xarici siyasətində Azərbaycana qarşı düşmən mövqeyində dayanır. Amma artıq Azərbaycan regional siyasətə yön verən, bölgə üçün nəzərdə tutulmuş nəhəng geosiyasi layihələrə təsir edə bilən dövlətdir”.

Məhəmməd Əsədullazadə Azərbaycanın İsraildə səfirlik açmasının vaxtının çatdığını söyləyib:

“Hesab edirəm ki, artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır. İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. İranın son davaranışlarından məlum oldu ki, o, heç bir dildən anlamır. Üstəgəl, Tehran Azərbaycana qarşı olan aqressiv münasibətini sərgiləmək üçün İsraildən bəhanə olaraq istifadə edir.

İsrail bu gün müsəlman və ya ərəb ölkələri ilə əlaqələrini normallaşdırır, onlarla hərbi-siyasi sahələrdə əməkdaşlıq qurur. Buna görə də Azərbaycanın İsraildə səfrilik açması üçün heç bir problem yoxdur. Onsuz da bu qərarımıza kimsə nəsə deyə bilməz, müstəqil ölkəyik və istədiyimiz xətti seçmək bizim hüququmuzdur.

Qənaətimə görə, hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi də imzalamaq olar. İsrail də Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır”. /Yenisabah.az/
 
 
 
Ardını oxu...
Həssaslıqların yem kimi istifadə edildiyi bir dövrə qədəm qoymuşuq

ABŞ-ın keçmiş Prezidenti Donald Trampla polemikaları, ABŞ Nümayəndələr Palatasının sədrliyi kürsüsündə nümayiş etdirdiyi emosional, reaktiv və ehtiraslı davranışları ilə tanıdığımız Nensi Pelosi bugünlərdə şəxsi karyerasının ən uğurlu gününü keçirdi. Siyasət, müharibə, qeyri-sabitlik və ehtiras tarixində iz qoyan Anne Boleyn Troyalı Helen, Marie Antoinette, Kleopatra və Kösəm Sultan kimi tarixə düşəcək bir tamaşada baş rola çevrildi. O, bütün dünyanın seyr etdiyi bir gərginliyin bir hissəsinə deyil, bütün dünyaya təsir edəcək bir müharibənin təhrikçisi kimi tarixə düşəcəkdi.

Hələlik müharibəyə başlaya bilməsə də, rolunu çox gözəl oynadı. O, Birinci Dünya müharibəsinin “rəqqasəsi” Mata Hari qədər çevik olmasa da, bəzilərinin “Üçüncü Dünya müharibəsi” adlandırdığı bugünkü proksi müharibəsində 80-ci illərin "təsir agenti" olduğunu sübut etdi.

Bəli, ABŞ hökumət rəsmiləri, narahatlığı açıq-aşkar görünən çinli həmkarlarına “Çinin ərazi bütövlüyü və suverenliyinə qarşı mövqeyimizdə heç bir dəyişiklik yoxdur” mesajı versələr də, yaşanan “Pelosi əməliyyatı” bunun əksini göstərirdi. Bunu çinlilər də anlayırdılar. Pelosi bu barədə öz istəyi ilə qərar vermiş kimi görünsə də, ortada bir ABŞ iradəsi və qərarı olduğu şübhəsizdi.

Kor kor-gör gör: Üzərində “USA” yazısı olan ABŞ dövlət təyyarəsi, Çinin əsas hissəsi ilə Tayvanı birləşdirən cənub-şərqdən adaya yaxınlaşan hərbi marşrut, vaxtında bildiriş, bilmək, məxfilik və işıqlandırma tədbirləri - bütün bunlar əməliyyatın dövlət əməliyyatı olduğunu artıq sübut edirdi.

ABŞ Nensi Pedosi üzərindən böyük oyun oynadı – meydançaya civə ilə dolu zərlər atdı. O meydançaya ki, Çin “mənim torpağım”, “33-cü əyalətim”, “suverenlik şərtim” adlandırır.

Birləşmiş Ştatların 3-cü şəxsi, Nümayəndələr Palatasının sədri Nensi Pelosi hərbi-siyasi əməliyyat keçirilirmiş kimi, Tayvana eniş etdi. Və bütün iddialarına baxmayaraq, Çin bunun qarşısını ala bilmədi.

Bunun qarşısını almaq olardımı?

Əslində, Pekin bunun qarşısını ala bilərdi, amma bacarmadı. Məsələn, heç bir hücum silahından istifadə etmədən, müdafiə sistemləri ilə quracağı divarlarla təyyarənin ön kəsə bilərdimi? Bilərdi!

Amma ya kəsmədi, ya da kəsməyə cəsarət etmədi. Yəni, nəticələrini hesablaya bilmədi. Əslində, bu passiv mövqenin sərgilənməsi bir çox şübhələri meydana çıxarır.

Nəysə, olan oldu - Pelosi ABŞ dövlət bayrağı ilə Çinin suverenliyini pozdu. Çin bundan sonra nə edəcək, öz şərəf və nüfuzunu necə xilas edəcək və bunu edərkən tələyə düşəcəkmi?

Çünki dövr həssaslıqların yem kimi istifadə edildiyi bir dövrdür.

Mövzunu yaxşı başa düşmək üçün burada Çinin qəzəbinin səbəblərinə nəzər salmaq lazımdır:

- O, Pelosinin səfərini suverenlik məsələsi - təhdid kimi qəbul edir.

- O, Rusiya kimi məhv olmaq riski yaradan tələyə düşə biləcəyini düşünür.

- Formosa adası (yəni Tayvan) Çinin 33-cü əyalətidir. Çin bunu belə qəbul etməyənlərlə ünsiyyət yaratmır.

- Pekin ehtiyat edir ki, Pelosinin səfəri Tayvanı əvvəllər tanımış 23 ölkədən daha çox ölkənin tanıması üçün həvəsləndirici addım ola bilər.

- Çin öz suverenlik həssaslığını təhrik etməklə, özünüməhvə apara biləcək proseslər yaşanmasından ehtiyatlanır.

Bu nöqtədə Nensi Pelosinin təsir agenti kimi missiyası nəticəsində formalaşan Çin - Tayvan - ABŞ gərginliyinə belə bir nəzər salaq:

- Milli qüvvələrin düzgün hesabını kim edə bilər?

- Kim nəyə cəsarət edə bilər?

- Kimi gücü, ehtiyatı və vaxtı daha düzgün istifadə edə bilər?

Hesab edirəm ki, Amerikanın bu addımı böhran vəziyyətində Çin ordusunun qüdrət və qabiliyyətini sınaqdan keçirməklə bağlıdır. Axı biz gələcəkdə qlobal imperiyanın kreslosunda kimin “oturacağı” ilə bağlı rəqabət və oyundayıq. Tərəflərin müxtəlif yollarla bir-birinin iradəsini, əzmini, gücünü və qabiliyyətini sınaması tamamilə başadüşüləndir. Baxaq görək qlobal güclər necə strategiya hazırlayacaqlar.

Sözü uzatmadan vurğulayaq ki, ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi “Əl-Qaidə” əməliyyatı da coğrafiyanın dizayn edilməsi üçün mühüm elementlərdən biriydi.

Daha bir kiçik qeyd:

Tayvanın qurucu atası Çan Kay-şek Çinin Baş naziri olarkən biz türklərə böyük bir kələk gəlmişdi. Təmiz Çin işi, Çin strateji intriqası.

Bunu niyə yazdım? Ona görə ki, bugünkü kimi məğlubiyyət var, ondan dərs götürə bilərik.

1931-34-cü illərdə Kumul üsyanında Çinin Baş naziri olmuş Millətçi Çin Tayvanının qurucu atası Çan Kay-şek əvvəlcə uyğurları üsyana qaldırtmış, sonra uyğur türklərinə qarşı Çin qanından olan Hui müsəlmanlarını göndərərək Şərqi Türküstanı almışdı.

İndi möhkəm dayanın. Şərqi Türküstana qarşı göndərilən Çan Kay-şeyin Çin orduları kimlər idi? Qədiri, Cehriyye, Kübrevi və Kufiyə məzhəblərinin çinli ardıcılları. Onların başlarında, Çin dilində Məhəmməd mənasını verən Ma adlı Hui komandirləri var idi.

Nə bilim, əşşi. Bu gün vəkillərin, fetölərin, dindən və dindən sui-istifadə edən strukturların savaşında türk və müsəlmanların bir-birinə qarşı necə istifadə edildiyini düşünəndə bunu da yazacağımı düşündüm. Ola bilsin ki, dərs çıxarılsın. “Cənnətə gedəcəm” düşüncəsi ilə dünyanı cəhənnəmə çevirənlər, oyunda oyuncağa çevrilib cəhənnəmə gedənlər, bəlkə də, bir az dərs alalar...

Müəllif: Abdullah Ağar

Mənbə: "tv100.com"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
Ardını oxu...
Gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun!

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmənin qarşısında çəkilən kadrlardan görünür ki, keçmiş nazir ictimaiyyətin hədəfinə tuş gəlməmək üçün sürətlə irəliləyir.

Onun nazirliyə rəhbərliyi dövründə yalnız bir müşavirədə mətbuatın iştirakı təmin edilib ki, həmin toplantıda da Müslümov nazirliyin əməkdaşlarını “ağ yuyub, qara sərib”. “Haqqı pozulan vətəndaşın dostu”, “ədalət çarçısı”, “tələbkar məmur” obrazı ilə gündəmə gəlməyə çalışan sabiq nazirin dövründə haqqı çatanlar pensiya və sosial müavinət almadığı halda, evi və maşını olanlar, aylıq kifayət qədər gəlir əldə edənlər bu imtiyazlara sahib olublar. Səlim Müslümovun vəzifədən uzaqlaşdırılmasından sonra isə nazirlikdə araşdırmalar aparılıb.

Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) minlərlə insana saxta pensiya kəsib, minlərlə ehtiyaclı vətəndaş isə Allahın ümidinə buraxılıb. Rəsmi açıqlamalara görə, digər dövlət qurumlarında, misal üçün, sürücülük vəsiqəsi almaq üçün tələb olunan arayışlarda sağlam çıxan vətəndaşlar adıçəkilən nazirlikdə əlil kimi qeydiyyata düşüblər. Düzdür, Səlim Müslümov yola salınandan sonra həmin saxta pensiyalar kəsilib, lakin ƏƏSMN bu gün də ictimaiyyətin ən çox narazı qaldığı dövlət qurumlarından biri olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsində iştirak edən, öz sağlamlıqlarını torpaqlarımızın azadlığı yolunda itirən qazilərimizin hüquqlarının pozulması, onların sosial tələblərinin qulaqardına vurulması, nazir Sahil Babayevin bununla bağlı suala cavab verməkdən imtina etməsi bir daha göstərir ki, ƏƏSMN-də ciddi bir islahat aparılmayıb. Necə ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir, bu nazirlikdə də yalnız şəxs dəyişikləri baş verib.

Qurumdan narazılıq dalğası bu gün də davam etməkdədir. Onlarla müharibə qazisinin ötən iki il ərzində intihar etməsi, düşmənin qarşısında sipər olanların sosial problemlərin qarşısında aciz qalması, bundan dolayı öz canlarına qəsd etməsi məhz belə bir “xidmətin” nəticəsində mümkün olub.

Azərbaycanda mövcud olan problemləri xronoloji ardıcıllıqla sıralasaq, heç şübhəsiz, ilk yerlərdən birini məmur özbaşınalığı tutacaq. Bu gün ölkədə korrupsiyanın da, inhisarçılığın da, satınalmalar zamanı dövlət vəsaitlərinin qəsb olunmasının da, vətəndaşların süründürməçiliyə salınmasının da, düşünən beyinlərin xilas yolunu mühacirətdə görməsinin də, layiqsiz kadrların önə çəkilməsinin də, istedadlı insanların məqsədli şəkildə iyrəndirilməsinin də - bir sözlə, bəlalarımızın əksəriyyətinin əsas səbəbi məmur oliqarxiyasıdır. Məhz onların sayəsində Azərbaycan vətəndaşı özünü güvəndə hiss etmir, hər hansı probleminin həllini qanunlarda və qanunvericilikdə deyil, məmurlarla yaxınlaşmaqda görür. Çünki alternativi yoxdur və məhz alternativi olmadığına görə də, ya məmurların qurbanına, ya “ortağına” çevrilir.

Vəzifədə olanda bu günün təntənəsi ilə yox, sabah özünün də düşə biləcəyi vəziyyəti nəzərə alaraq yaşamaq lazımdır. Nə olar, adam bir gün vəzifəyə gələr, sabah vəzifədən azad edilər. Elə etmək lazımdır ki, adının qarşısında sabiq sözü yazılanda, hamı “yaxşı rəhbər idi, təvazökar adam idi” deyib, ehtiramla səni ansınlar. Yoxsa “kimə gəldi daş atım, yerli-yersiz insanları incidim, onların lənətini qazanım” – bu, heç kimə başucağlı gətirməyib və gətirməyəcək.

Vaxt var idi, Səlim Müslümovun, Ramiz Mehdiyevin, Əli Həsənovun, Vüqar Səfərlinin və digərlərinin qılınclarının dalı da kəsirdi, qabağı da. Fikirləşirdilər ki, əbədi imtiyaz əldə ediblər. Kimin istəsələr “torbasını tikə” bilərlər, kimi istəsələr “tasa otuzdura” bilərlər, kimi də istəsələr təhqir edə bilərlər. Lakin günlərin birində ayıldılar ki, artıq “lələ köçüb, yurdu qalıb”.

Səlim Müslümov, Vüqar Səfərli, icra başçıları - hamısının məhkəməsində bir epizod diqqət çəkir: onların hər biri günahı olmadığını bəyan edir, bəraət istəyir.

Bu dünyada insanlar başqaları üzərində “qələbə qazanmaqla” digərlərinin qisasını alırlar. Bunun adına isə ilahi ədalət deyilir. Bir gün bu ilahi ədalət özünü göstərir və əbədi imtiyaz edənləri “ədalətin carçısı”na çevirir. Onda isə artıq gec olur. Çünki nə əvvəlki gücləri qalır, nə təsirləri, nə də ətrafları. Sabun köpüyü kimi hamısı bir anda partlayıb gedir.

Nəhayət, gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun, cənablar! Unutmayın ki, bir gün siz də sələflərinizin taleyini yaşayacaqsınız. Və bir gün siz də imdad istəyəcəksiniz. Nə qədər gec deyil, düşünün - bəlkə, gec də olsa, sizi bağışlayarlar deyə.

Zaman isə gözləmir, öz sürətində və axarındadır! Əgər sabah məhkəmə binalarının qarşısında Müslümov kimi ictimai qınağa tuş gəlməmək üçün sürətlə gözdən itmək istəmirsinizsə, bu gün sürətinizi azaldın!

Müəllif: Azər Niftiyev
 

Dünyapress TV

Xəbər lenti