Naxçıvanın baş “leşyeyən”i Azər Zeynalovun ətrafında həlqə daralır.
Ovqat.com-un məlumatına görə, dünən Azər Zeynalovun qardaşı Ceyhun DTX-nın Naxçıvan Baş Ofisinə gətirilib.
İfadəsi alındıqdan sonra sərbəst buraxılan Ceyhun Zeynalovun yenidən, bu dəfə uzun müddətliyə DTX-ya çağırılacağı gözlənilir.
Zənnimizcə, Ceyhun Zeynalovun DTX-ya çağırılması təsadüfi deyil. Böyük ehtimalla, Azər Zeynalovun da başının üstündə “qara buludlar dolaşır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsini icra edən Azər Zeynalov “kiçik torpağ”ın mədəniyyət, təhsil və səhiyyə kimi humanitar sahələrinə nəzarət edir. Naxçıvanda haqqı yeyilən hər mədəniyyət xadiminin, xəstənin ahu-naləsində onun da xüsusi payı var. DTX-nın Naxçıvan Baş İdarəsinin son zamanlar səhiyyə ocaqlarında apardığı əməliyyatlardan sonra Azər Zeynalovun qardaşının eyni idarəyə çağırılması arasında üzvi əlaqənin olduğu şübhə doğurmur. Xatırladaq ki, iki gün əvvəl Naxçıvanın Səhiyyə Nazirliyinin rəhbər şəxsləri, həmçinin bütün xəstəxanaların baş həkimləri DTX-ya çağırılmışdı. Onlardan Naxçıvan MR xəstəxanasının baş həkimi Zəbur Bağırovun hətta Bakıya gətirildiyi də vurğulanırdı. Baş həkimlər xüsusilə Naxçıvanın tibbi sığorta fondunu talamaqda şübhəli bilinirlər.
Şəkildə: Azər Zeynalovun malikanəsi: "Xan" həzrətləri ev kimi istifadəsinə icazə vermədiyi üçün tələbə yataqxasına çevrilib
Azər Zeynalov təkcə mədniyyət xadimlərinin və xəstələrin haqqını yeməklə kifayətlənməyib. O, həmçinin Naxçıvanda vurulmuş iri məmurların “ölmüş” mülkünə qonan və onları mənimsəyən əsas şəxs kimi tanınır. Məhz bu qabiliyyətinə görə, o, Naxçıvanda “Baş leşyeyən” ləqəbi ilə tanınır. Azər Zeynalovun Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun qardaşı iş adamı Əvəz Əhmədovun mülklərinə yiyələnməsi barədə dünən facebook səhifəsində paylaşdığımız bir məlumatı diqqətinizə çatdırırıq:
Azər Zeynalov: Naxçıvanın baş “leşyeyəni”
Yəqin yadınızda olar, bir müddət əvvəl yazdığımız bir yazıda Naxçıvan MR-də “leşyeyənlik” “sənət”inin geniş yayıldığından bəhs etmişdik. Bildirmişdik ki, Muxtar Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov dostu Xoklu Habillə əlbir olub vurulan iri məmurların mülkiyyətini yarı qiymətinə alır və özünküləşdirirlər. Bu işə himayədarlıq edən Mirzə Cəlilov, yerinə yetirən isə Xoklu Habildir. Xoklu Habilə məhz bu yeni peşəsinə görə Naxçıvanda “leşyeyən” də deyirmişlər.
Sən demə, Naxçıvanda “leşleyən” təkcə Habil “müəllim” deyilmiş. Hətta ondan daha yekə leşyeyən də var imiş. Adı da nə olsa yaxşıdır? Azər Zeynalov. Bəli, bəli, bu zamanadək sizə “Boz kardinal” kimi tanıtdığımız adam. O adam ki, xalq artisti Həsən Ağasoyu da 1.5 il işsiz qoyub və indi xalq artisti ondan kompensasiya istəyir.
Azər Zeynalov Naxçıvanda külli-ixtiyar sahibi olduğundan əlavə “leşyeyən”ə belə ehtiyac duymurmuş. Özü birbaşa ölmüş mülklərə qonur və heç bir xərc çəkmədən onları öz mülkiyyətinə keçirirmiş. Təsəvvür edin ki, bir vaxtlar Naxçıvanın ən qüdrətli adamı sayılan sabiq Daxili İşlər naziri Əhməd Əhmədov da xan tərəfindən vurulduqdan sonra onun və qardaşı iş adamı Əvəz Əhmədovun da “sahibsiz qalmış” mülkilərini “baş leşyeyən” ələ keçirib.
Əvəz Əhmədovun Azər Zeynalov tərəfindən ələ keçirilən mülklərindən bəziləri:
1.Mövlan Ticarət Mərkəzi: Azər Zeynalovun bu ticarət mərkəzindəki 10 dükanın hər birini 150 min manata satdığı bildirilir;
2. Badaşqan restoranı: Ərazisi 17 sot olub. İndi bu ərazidə obyektlər tikilib iş adamlarına satılır;
3. Piramida Pub;
4. Yarımçıq qalmış tikili.
Bildirildiyinə görə, Azər Zeynalovun da Mirzə Cəlilov kimi icraçı “leşyeyən”i varmış: Naxçıvan şəhər İcra başçısının müavini Pəncalı adlı şəxs. Amma onun “leşyeyən”i Xoklu Habil kimi məsrəfli deyilmiş. Pəncalı “müəllim” icra başçısının müavini olmağı “Baş leşyeyən”ə borclu olduğundan onun ələ keçirdiyi mülkləri öz patronunun adına müftə rəsmiləşdirirmiş.
Azər Zeynalovun “leşyeyənlik” qabiliyyəti barədə araşdırmamızı davam etdirəcəyik”.
Facebookdakı bu paylaşımımızdan sonra redaksiyamıza maraqlı bir məktub daxil oldu. Adının açıqlanmasını istəməyən müəllifin yazdığına görə, “baş leşyeyən” Azər Zeynalov əsas kapitalını Ali Məclisin sədr müavini işləməmişdən əvvəl rəhbərlik etdiyi Naxçıvan Dəmir Yolları MMC-ni talamaqla qazanıb. Bir sözlə, o, təkcə leşyeyən yox, həm də dəmiryeyən imiş. Azər Zeynalovun işini araşdıran müvafiq dairələrin diqqətini çəkəcəyini düşünüb məktubu olduğu kimi yayımlayırıq:
“Axşaminiz xeyir, Heydər bəy.
Azər Zeynalov Naxçıvan Demir Yollarının rəisi işlədiyi dövrdə Sədərəkdən Ordubada 4 zolaqlı dəmir yolları vardı. Sovet illərindən qalan həmin dəmir yollarının uzunluğu hardasa 180 km idi. Dörd zolaqlı dəmir yolunun iki xəttini toplasaq, 360 km edir. Azər Zeynalov həmin dəmir yollarının relslərini sökərək metallom kimi irana satdı. Üstəlik, yüzlərlə vaqonu ve teplovozları da bu hesaba qatın. Bu hardasa milyonlarla ton polad, 590 min ton aluminium və mis deməkdir. Təkcə rels və vaqonların ümumi çəkisini dəmir metallomunun indiki qiymətinə vursaq, 2 milyard manatdan çox pul edir. Xahis edirik ki, bu faktları işıqlandırasınız.
Onu da qeyd edim ki, Azər Zeynalov Naxçıvan MR Güləş Federasiyasınin sədridir. Federasiyaya rəhbərlik etdiyi dövr ərzində hələ bir idmançını belə, dövlət hesabına yarışa göndərməyib. Naxçıvan MR İdman Nazirliyinə ayrılan pullar Azər və İdman naziri Hacı Ramil tərəfindən indiyədək mənimsənilir. 2004-cü ildən bir idmancının da Naxçıvan MR İdman nazirliyi tərəfindən Azərbaycan və xaricdəki yarışlara ezam edilməməsi bu cür düşünməyə əsas verir. Hardasa 20 il ərzində Naxçıvan idmançıları öz hesablarına yarışlara gediblər. Azər Zeynalov və İdman naziri Hacı Ramil tərəfindən Naxçıvan şəhərindəki İlham Əliyev adına İdman Olimpiya Kompleksində Azərbaycan bayrağı vurmaq qadağan edilib”, - məktubda vurğulanır.