"Münaqişənin bitməsini, sülhün bərqərar olmasını ona görə çox istəyirəm ki, regionumuzda sülh, əməkdaşlıq, iqtisadi və insani münasibətlər bərqərar olan kimi Kremlin yüzillik oyunları bitəcək, bölgəmiz üçün rifah şansı yaranacaq"
"Son aylar müxtəlif internet kanallarında ictimai çıxışlarım zamanı sülhdən, bölgəmizdə sülhün vacibliyindən, daim müharibə təhlükəsinin ölkəmiz və regionumuz üçün fəsadlarından, rifaha aparan yolun qarşısında ciddi maneə olduğundan, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiyasi üçün “yol xəritəsinin” vacibliyindən çox danışıram. Sonra həmin videoların şərh bölümünə nəzər salanda görürəm ki, “divan Remboları” təhqir dolu ifadələr səsləndirirlər ki, bu “ermənipərəstdir”, yəqin şəhid verməyib, müharibə görməyib, və s." Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq hesab edir ki, səfərbərlik olsa həmin “divan Remboları” qaçıb-gizlənəcəklər, çoxu heç ölkədə də yaşamır: "Elə rəylərin əksəriyyəti kiril əlifbası ilə yazılar – bunu bilirəm. Amma bəzi insanlar arasında çaşqınlıq yaratmasınlar deyə qeyd edim ki, ailəmizdə 1994-cü il mayın 7-də, 20 yaşında şəhid olmuş Ruslan Cəfərov, bir neçə qazi var. Özüm universiteti bitirən kimi 1993-cü ilin sonunda könüllü olaraq Azərbaycan Ordusuna yazılmışam, 2 il 9 ay xidmət etmişəm. Bu münaqişənin bitməsini, sülhün bərqərar olmasını ona görə çox istəyirəm ki, regionumuzda sülh, əməkdaşlıq, iqtisadi və insani münasibətlər bərqərar olan kimi Kremlin yüzillik oyunları bitəcək, bölgəmiz üçün rifah şansı yaranacaq və Cənubi Qafqaz respublikalarının rəhbərləri daim münaqişə və müharibə təhlükəsini istismar edə, buna əsaslanaraq köklü islahatlar aparmamaq üçün bəhanələr yarada bilməyəcəklər".
REAL-ın icra katibi onu da əlavə edib ki, Ermənistanın cığal, mənasız, gələcəyi olmayan, sülhdənqaçan mövqeyi mütləq dəyişməlidir, qarşılıqlı ərazi bötövlüyünün tanınması haqqında sözlü bəyanatlar dövlətlərarası imzalanmış sənədlərə çevrilməlidir: "Bu ilk, amma çətin addımdan sonra böyük sülh sazişinin detalları müzakirə edilə bilər. Amma Azərbaycanın beynəlxalq hüquqa və məntiqə söykənən qarşılıqlı ərazi bötövlüyünün tanınması təklifi mütləq tezliklə həll olunmalıdır. Bu addım Kremlin, onların Ermənistanda qızışdırdığı, dəstək verdiyi revanşistlərin “qazını” alacaq, ümidlərini söndürəcək".