Ardını oxu...
Paris ermənilərin nəyinə aşiq olub?
Fransa Cənubi Qafqazda, Ermənistanda təsadüfən ortalığa çıxmayıb. Bütün bunlar keçmiş SSRİ-də Moskvanın ermənilərə yaratdığı şəraitin nəticəsidir. Həmin illərdə Kreml Ermənistandakı ermənilərin diaspor və lobbisi ilə əlaqə saxlamasına hər cür imkan verirdi. Sovetlərin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və onun həyat yoldaşı Raisa Qorbaçovanın ermənisevərliyi də bu etnik qrupun əl-qolunu açılmasına səbəb oldu. M.Qorbaçovun müşaviri, Qarabağı Azərbaycandan qoparmaq üçün yaradılmış “Miatsum” hərəkatının aparıcılarından biri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni İnstitutu və Erməni Veteranlar Assosiasiyası tərəfindən şərəfinə təşkil edilmiş tədbirdə Qarabağ barədə bunları demişdi: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”. O, Qarabağın Ermənistana verilməsi ideyasını Fransanın “Humanite” (“L’Humanité”) qəzetinə müsahibəsində də dəfələrlə vurğulamışdı. Deməli, keçmiş sovetlər, Fransa, “ermənilərin diaspor xətti” bu etnosun nümayəndələrinin cinayətkar, terrorçu olmasının başlıca günahkarlardandır. Yeri gəlmişkən, illər sonra, 2021-ci ildə Azərbaycandan olan jurnalist Aqanbekyandan həmin fikirləri barədə soruşanda o, belə cavab vermişdi: “Mən heç nə xatırlamıram, heç xatırlamaq da istəmirəm. Mən, ümumiyyətlə, nə Ermənistana, nə də sizə müsahibə verirəm. Bununla maraqlanan siyasətçilərə zəng vurun. Mən iqtisadçıyam. Rusiya iqtisadiyyatı barədə sual verin, cavab verim”.

Bununla da Aqanbekyan “kitablarının bağlandığını” etiraf etmişdi. Ancaq Rusiyadakı ermənilər sərsəm ideyalardan əl çəksələr də, Fransa özünü SSRİ-dən qalan boş yerə, Ermənistanın post-Rusiya dövrünə hazırlayır. Vətən müharibəsi dövründə rəsmi Paris və bu ölkənin KİV-i işğalçı Ermənistanı müdafiə etmək üçün bütün saxtakarlıqlardan yararlandılar. Ancaq onların nə boşboğazlıqla dolu təbliğatı, nə də yardımları təcavüzkarın Azərbaycan torpaqlarında qalmasına yardım etmədi.

Yelisey sarayının bu xidməti isə Ermənistan üçün avans sayıla bilərdi. Çünki müharibədən sonra rəsmi İrəvanın Parislə əlaqələri genişləndirmək istiqamətində fəaliyyətinin qarşılıqlı maraqlardan doğduğu təsdiqləndi. Hətta o da məlum oldu ki, Rusiyanın Ermənistandan sıxışdırlması ideyasının arxasında Fransa hakimiyyəti durur. Ermənistan Silahlı Qüvvələrində Rusiya istehsalı olan silah və hərbi texnikanın bu ölkənin məhsulları ilə əvəzlənməsi də bu mülahizəni təsdiqləyir.

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri və məşhur Misak Manuşyanla həyat yoldaşı Melinanın 80 ildən sonra Panteonda yenidən dəfn edilməsi fevralın 23-ü ərəfəsinə düşür. Eləcə də bu tarixdə Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.

Mətbuat konfransında erməni nazir bildirib ki, Fransa ilə əməkdaşlığa Rusiya və başqa tərəfdaşlar hörmət etməlidir: “Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var və bunu hamı bilməlidir”.

Onun sözlərinə görə, Fransa istehsalı olan silahların təlimatını bu ölkənin mütəxəssisləri həyata keçirəcək.

Fransanın müdafiə naziri Lekornu bildirmişdi ki, Ermənistanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olarsa, o zaman yaxın, orta və uzun mənzilli raketlər veriləcək. Onun sözlərinə görə, ölkəsinin hərbi məktəblərində erməni kursant, zabit və kiçik zabitlər təlim keçəcək. Yeri gəlmişkən, Fransa ilə Ermənistan 2023-cü ilin oktyabrında silah tədarükü və hərbi yardım haqqında saziş imzalayıblar.

Tərəflər həmçinin Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığını müzakirə ediblər.

Beləliklə, İrəvan və Paris fevralın 22-23-də Rusiya-Ermənistan əməkdaşlığını Parisdə Panteon qəbiristanlığında basdıraraq, hərbi əməkdaşlıq sazişi imzaladılar. Bu, həm də Ermənistanın rəsmi olaraq Rusiyadan imtinasının başlanğıcı sayıla bilər. Ermənistan hökuməti Fransanı Rusiyaya rəsmi olaraq dəyişdi. Martın 5-də RF-nin XİN başçısı Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığını da Kremlin İrəvana səssiz xəbərdarlığı saymaq olar.

O da sirr deyil ki, Fransa Ermənistanı özünə bərabər tərəfkeş olaraq görmür. Paris silah satmaqla pul qazanır, yeni müstəmləkə torpağı olaraq Ermənistanı ələ keçirməyə can atır. Bir zamanlar Fransa Rusiya ilə dünyanı bölmək uğrunda mübarizə aparardı. İndi o, bu ehtirasını Ermənistanı ələ keçirməklə təmin etməyə çalışır.

Tarixi hadisələr Ermənistan üçün Fransa ilə Rusiyanın fərqinin olmadığını isbatlayır. Ötən aylarda fransalı hərbçilərin Zəngəzur bölgəsinin Qafan şəhərində yuxarı sinfin qız şagirdini zorladıqdan sonra qəddarcasına döydüklərinə dair məlumat yayılmışdı.

Ötən ilin sonunda Bernar adlı fransalı gənc zabit və dostları Qafan sakini olan 15 yaşlı məktəbli qıza zorakılıq və təcavüz ediblər. Məktəblinin valideynləri polisə və ambulatoriyaya müraciət ediblər. Araşdırma başlansa da, fransalı zabitlər həbs olunmayıblar, üstəlik, Ermənistan ərazisini tərk ediblər. Valideynləri qızın fransız zabitinin yanında olduğu ictimai yerlərdə müşahidə kameralarından səs yazıları əldə edə biliblər. Yalnız bundan sonra Fransanın Ermənistandakı səfirliyinin nümayəndələri onlarla əlaqə saxlayıb və “anlaşılmazlığı aradan qaldırmaq” üçün onlara Disneyland Parisə səyahət etməyi təklif ediblər.

Bir yeniyetmə qıza qarşı zorakılıq “Disneyland”lə başa çatıb. Tarixdən və ədəbiyyatdan oxumuşuq ki, aclıq illərində valideynləri öz uşaqlarını bir qarın çörəyə satarmış.

Nə qədər düşmən mövqedə də olsalar da, acınacaqlı hadisədir. Çünki bu cinayəti törədən Fransanın zabitidir. Ermənistan cəmiyyəti isə bu ölkəni nicat yeri, xilaskar olaraq görür.

Oxşar hadisə 2015-ci il yanvarın 12-də baş vermişdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsinin, biri 8 aylıq körpə olmaqla, 7 üzvünü qətlə yetirmişdi. Bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. Ancaq onu Ermənistan hüquq mühafizə orqanları deyil, Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi cəzalandırdı. Ermənistan prokurorluğu Rusiyanın uyğun qurumları ilə müzakirələr, danışıqlar aparsalar da Permyakov təhvil verilmədi.

2018-ci il dekabrın 2-də bazanın 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinmişdi. Bu hadisə ilə bağlı istintaqı da Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparmışdı. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb etmişdi. Ancaq Avetisyan ailəsinin 7 üzvünü qatili kimi, Cülyetta Qukasyanı da öldürən şəxsin cəzasını Rusiyada çəkməsi haqqında qərar qəbul olundu.

Bu hadisələrdən biri rusiyayönlü Serj Sarqsyanın, o biri isə qərbyönlü sayılan Nikol Paşinyanın hakimiyyəti zamanı törədilib. Hər iki cinayət işində Ermənistan vətəndaşlarının qanı yerdə qalıb.

Tarixdən məlumdur ki, Rusiya ermənilərə torpaq verib, dövlət belə qurub. Fransa nə iş görüb? Bununla belə, onun vətəndaşının Ermənistanda törətdiyi iddia olunan cinayəti də ört -basdır edilir. Belə çıxır, rəsmi İrəvan bununla Fransaya avans verir. Rəsmi Paris bunun əvəzini zaman-zaman ödəməli olacaq.

Rusiya ordusunun Ermənistanda qalmasının təşəbbüskarı rəsmi İrəvandır. Elə Avropa İttifaqı mülkü müşahidə missiyası (tərkibində fransalı zabitlərin də olduğu – S.S.) da Azərbaycan-Ermənistan sərhədyanı bölgələrində ermənilərin, daha dəqiqi, Nikol Paşinyanın arzusu ilə yerləşdirilib.

Tarix sübut edir ki, ermənilər üçün ən yaxşısı yadellilərin hesabına türklərdən qorunmaq deyil, onlarla əməkdaşlıq etmək, dil tapmaqdır. Bu həqiqətə nə zaman inanıblarsa, həmin vaxt bölgə də sakit həyatını yaşayıb. Nə zaman ki, üçüncü, yadelli qüvvələrə bel bağlayıblar, onlar da, digər bölgə xalqları da əziyyət çəkiblər, sonunda isə itirən yenə özləri olublar…
Sədrəddin Soltan
pressklub
 
 
 
Ardını oxu...
“Son illər erməni xalqının belini qırmaq, milli qürur və özünüdərkdən məhrum etmək məqsədi ilə Ermənistan dövlətçiliyinə qarşı genişmiqyaslı geosiyasi konspirasiya təşkil edilib”.
Bunu erməni hərbi ekspert, müdafiə nazirinin keçmiş müşaviri David Camalyan deyib.
“Hesab edirəm ki, Ermənistan dövlətinin “immuniteti” aşağı düşüb. Ermənistan dövləti məğlubiyyət virusuna yoluxub. Problem ondadır ki, Sərkisyanın vaxtındakı kimi insanları öz ətrafına yığmağa qadir şəxsiyyət yoxdur. Əgər ölkədə vəziyyət dəyişsə və hakimiyyətə lazımi qüvvələr gəlsə, o zaman 30 il ərzində etibarlı dayaq olmuş və ölkənin müdafiəsinə töhfə vermiş bütün mühüm strukturlar özünə gələ biləcək. Əsas vəzifələrdə düzgün insanlar olacaq və düzgün qərarlar verəcəklər”, – Camalyan vurğulayıb.

Camalyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Ermənistanda hakimiyyətin dəyişəcəyi fonunda ölkənin vəziyyətinin düzələcəyinə inanan qüvvələr hələ də mövcuddur:
“Halbuki bu olduqca yanlış təsəvvür və iddiadır. Ermənistanın müstəqillik dövründə də yüksək səviyyədə uğurları olmayıb. Çünki Azərbaycan torpaqlarını işğal etmək erməni ordusunun gücü ilə deyil, Rusiyanın böyük dəstəyi ilə bağlı idi. Ermənilər Yəni Ermənistan Rusiyanın köməyilə Azərbaycanın ərazilərinə soxularaq 30 il işğal altında saxladı”.

Ekspert qeyd edib ki, ermənilərin indiyə qədər öz hesablarına nəyəsə nail olmasına rast gəlinməyib:
“Onlar hər zaman başqalarının yardımı ilə müvəffəqiyyətlər əldə etməyə çalışıblar. İndi isə situasiya dəyişib. Ermənilər başa düşür ki, artıq Rusiya onlara əvvəlki kimi dəstək vermir. Amerika Birləşmiş Ştatları və Qərbin, xüsusilə də Fransanın verdiyi dəstək isə formal xarakter daşıyır. Yəni Fransanın Ermənistana təhlükəsizlik təminati vermək imkanı və şansı yoxdur. Ona görə də hakimiyyətin dəyişməsi ilə ümumi vəziyyətin düzələcəyi ilə bağlı fikirləri absurd və məntiqsizdir. Ermənistanda bütün toplum başa düşməlidir ki, dünyada situasiya dəyişib. Erməni faktorundan dünyada istifadə dövrü sona çatır. Fransa da bir müddət Rusiyaya qarşı ermənilərdən istifadə edəcək. Qərblə və Rusiya arasında toqquşmanın yekun mənzərəsi məlum olduqdan sonra erməni faktoru qalmayacaq. Eyni zamanda Cənubi Qafqazda erməni dövlətçiliyi ciddi təhlükə yaşayacaq”.
 
Ardını oxu...
“O müəllimlərin hərəkəti qeyri-etik və cinayət əməlidir”

Repetitor institutu möhkəmləndikcə məktəblərə qarşı diqqət və etimad azalır. İş o yerə çatıb ki, şagirdlər məktəbə getməyə vaxt itkisi kimi baxır. Məktəbdə keçirəcəkləri zamanı repetitor yanında daha səmərəli keçirməyə can atırlar. Məsələyə səthi yanaşanlar məktəblərin yox, məktəblilərin vəziyyətinin acınacaqlı olduğunu düşünür, hətta məktəbə getmədikləri üçün şagirdləri günahlandırırlar. Əslində, nə qədər paradoksal səslənsə də, məktəblilərin də arqumenti var – onlar yaxşı təhsil almaq üçün məktəbdən yayındıqlarını deyirlər. Təhsil almaq üçün məktəbdən yayınan şagirdlər… Bu gedişlə, təhsilimizin aqibəti nə olacaq?

Bu sual elm və təhsil naziri Emin Əmrullayevin sonuncu brifinqində bir daha qaldırıldı. Medianın suallarına cavab verən nazir bildirib ki, əslində müəllim özü dərsdən sonra qalaraq, şagirdlə əlavə məşğul ola bilər. Onun sözlərinə görə, burada qeyri-qanuni heç nə yoxdur: “Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.

Görəsən, illərdir kök salmış repetitorluq sənətinin təkcə maaş artımı ilə qarşısını almaq mümkün olacaqmı? Axı repetitorluq hazırda universitetə qəbul olmağın tək çarəsinə çevrilib. Cəmiyyətdə elə fikir formalaşıb ki, repetitor yanına getməyən şagird tələbə ola bilməz, universitetə gedən yol repetitordan keçir. Bəs bu yolda məktəbin yeri haradadır? Təhsil ocaqlarımız niyə bu qədər geri planda qalıb? Universitetə gedən yolun repetitordan yox, məktəbdən keçməsi üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Pressklub.az-a açıqlamasında bildirib ki, repetitorluğun bu qədər geniş yayılmasının səbəbi təhsildəki boşluqlarla əlaqədardır.

Ekspert variantlardan biri kimi qəbul imtahanı formatının dəyişdirilməsini təklif edir. Həmçinin məktəbdə tədris olunan fənlərin sayı azaldılmalı, dərsliklərin dili sadələşdirilməlidir ki, şagird onu asan qavraya bilsin. Üstəlik, dərsliklər tərtib olunarkən yaş psixologiyası nəzərə alınmalıdır. Bütün dərsliklər elmi, akademik üslubda yazılanda şagird onu çətin qavrayır və kömək üçün repetitor yanına getməli olur.

Müəllimlərin böyük hissəsinin repetitorluqla məşğul olmasına gəlincə, müsahibimiz deyir ki, dünyanın əksər ölkələrində bu hala rast gəlinir: “Bu, bir xidmət sferasıdır. Amma müəllimlərin hədə-qorxu ilə şagirdləri öz yanına cəlb etməsi yolverilməzdir”.

Problemin səbəblərindən biri də subyektiv amildir – repetitorluqla məşğul olan bəzi müəllimlər maddi gəlir əldə etdikcə məktəbdə dərs keçməyə az maraq göstərirlər, yaxud, ümumiyyətlə, maraq göstərmirlər. Əksinə, belələri “hazırlığın” yeganə çıxış yolu olduğunu göstərmək üçün sinifdə aşağı nəticə alınmasında da maraqlı olurlar. Necə deyərlər, dərsi “yola verirlər”, hazırlığa gəlməyən şagirdləri gözümçıxdıya salırlar. Ekspert məhz bu davranışın qəti əleyhinə olduğunu dilə gətirib. Belə müəllimlərin əlindən şagirdlər məktəbdən daha da soyuyur və uzaqlaşır.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu da bəzi məktəb müəllimlərin öz yanına hazırlığa gəlməyən şagirdlərlə intriqa apardığını təsdiqləyir.

“Az eşitməmişik, orta məktəb müəlliminin yanına getməyib, başqa müəllimin yanına gedən uşaqların gözümçıxdıya salınmasını. Ümumiyyətlə, müəllimlərin bu cür davranışı, öz fənnini dərsdə deyil, dərsdən kənar öyrədərək valideyndən pul alması qeyri-etik və cinayət əməlidir. Bu məsələlərdə ciddi nəzarət olmalıdır”.

Fikrətoğlu hesab edir ki, universitetə hazırlığın repetitorsuz mümkün olmadığı fikri artıq insanların beyninə yerləşib: “Təəssüf ki, şagirdlərin repetitor yanına getməsi məcburiyyət olmaqla yanaşı, dəb halını da alıb. İş o yerə çatıb ki, təkcə yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərdə oxuyan uşaqlar belə müəllim yanına hazırlığa göndərilir. Çox vaxt attestat xətrinə uşaqlar məktəbə gedirlər. Repetitor yanına daha çox getsin deyə, müxtəlif vasitələrlə şagirdlər məktəbdən yayınır”.

Ekspert problemin maddi tərəfinə də toxunub. Deyir ki, repetitorluqla məşğul olan müəllimlərin qazancı aldıqları maaşdan dəfələrlə çoxdur: “Bakıda bir fənni 100-300 manata tədris edən müəllimlərin bəzəkli reklamlarına rast gəlmək adi hal alıb. Fənn müəllimlərinin çoxu məktəbə yük kimi baxır, 45 dəqiqəni “doldurmağın” yollarını fikirləşir. Çünki həmin müəllimlər özlərinin əsas gəlir yerini daha çox uşaq hazırlamaqda görür”.

Bəs sertifikasiya keçirməklə müəllimlərin maaşlarını qaldıraraq repetitorluğun qarşısını almaq mümkün olacaqmı? Ekspert bunun asan olacağını düşünmür. Deyir ki, sertifikasiyanın özündə, keçirilməsində, şərtlərində problem var. Dərin kök salmış repetitorluqla mübarizə aparmaq üçün maaşları 100-150 manat artırmaq çıxış yolu deyil.

Ekspert repetitorluğun qəti əleyhinə olmadığını söyləyib. Lakin bu işin qanuniləşməsini vacib hesab edir:“Repetitorluqla məşğul olmaq istəyənlər attestasiyadan keçməli, xüsusi lisenziya və ya buna bənzər sənəd almalıdır. Bununla da valideyndə həmin müəllimə etimad yaranacaq. Həm valideyn rahat olacaq, həm müəllim qanuni yolla pul qazanacaq, həm də dövlət vergi almaqla fayda götürəcək”.

Həmsöhbətimiz problemin başqa bir tərəfinə də toxunub. Hansısa qrupu seçib qəbul imtahanına hazırlaşan abituriyent 5-ci sinifdən 11-ci sinfədək keçirilən bütün proqram üzrə imtahan verməli olur. Məktəbdəki gündəlik dərslər ona təkrar üçün əlavə vaxt vermir: “Ona görə də abituriyentlər repetitor yanına getməyə məcbur olur. Amma məktəblərdə hər qrup üzrə hazırlıq proqramları təşkil edilsə, o zaman repetitorluğun qarşısı alınar”.

Eynşteyn deyirdi ki, hər bir ölkənin gələcəyi onun təhsili ilə bağlıdır. Sabahımızı düşünürüksə, bu gün təhsilimizə ciddi yanaşmalıyıq.
Günay Elşən
pressklub
 
 
 
Ardını oxu...
Los-Ancelesdə küçə avaralarının sayı getdikcə çoxalır: ABŞ hakimiyyəti yoxsulluq problemini necə həll etməyə çalışır?

ABŞ-da yoxsulluğun və bərabərsizliyin kəskin artması təkcə narkotik epidemiyasına və cinayətin artmasına deyil, həm də evsizlərin küçələri zəbt etməsinə səbəb olub. Hollivudun, gözəl çimərliklərin və imtiyazlı məhəllələrin sinonimi olan ABŞ-ın ikinci ən böyük şəhəri olan Los-Anceles indi çoxlu sayda küçə avaraları ilə məşhurdur. Bu göstəriciyə görə şəhər Nyu-Yorkdan sonra ölkədə ikinci yerdədir. Şəhər və əyalət səviyyəsində çoxsaylı yardım proqramlarına və təşəbbüslərə baxmayaraq, problem son illərdə pisləşməkdə davam edir. Los-Anceles küçələrinin niyə evsizlərlə dolu olması və ölkə hakimiyyətinin problemin öhdəsindən necə gəlmək istədiyi barədə “Lenta.ru” araşdırma aparıb. AYNA sözügedən araşdırmanı istinadla təqdim edir:

Mənzil problemi

Dörd milyonluq Los-Anceles şəhərində evsizlərin sayı sürətlə artmaqdadır. Əgər koronavirus pandemiyasından əvvəl şəhərdə mənzilə ehtiyacı olan 40 mindən bir qədər çox insan qeydə alınmışdısa, 2023-cü ilə qədər Los-Angeles Evsizlərə Yardım Təşkilatının (LAHSA) hesabatına görə, küçədə yaşayanların sayı 50 min nəfəri keçib. Bunlara müvəqqəti sığınacaqlarda yaşayan və daimi mənzil gözləyən təxminən 20 min nəfər də əlavə edilməlidir.

Film və televiziya mərkəzi ilə tanınan şəhərdə yüksək mənzil qiymətləri və kirayə mənzillərə tələbatın artması evsizlərin sayının artması probleminə səbəb olub. Düzdür, bu status “Mələklər şəhəri” əhalisinin əhəmiyyətli hissəsinin gəlir səviyyəsinə uyğun gəlmir.

“Evsizliyin əsas səbəbləri iqtisadidir. Evsiz bacı-qardaşlarımız yoxsulluq və evsizliklə mübarizə aparır, çünki kirayə haqları çox yüksəkdir”, deyə LAHSA-nın baş direktoru Lesia Adams Kellum bildirib.

Humanitar fəlakət

Los-Ancelesdə evsiz insanlar küçələrdə, maşınlarda və çadırlarda yaşayırlar. Artıq şəhərin bir çox ərazilərində çadırların sıx olması adi hala çevrilib. Evsizlərin vəziyyəti artıq humanitar fəlakət adlandırılır ki, bu da BMT-nin diqqətini belə cəlb edir.

Hər gün altıya yaxın evsiz ölür, küçə sakinlərinin ən azı üçdə biri narkomaniyadan əziyyət çəkir, hər dördüncü şəxs müxtəlif ruhi xəstəliklərdən əziyyət çəkir.

Son vaxtlara qədər evsizlərin həyatı normal idi, onlar təsadüfən küçəyə çıxdılar. Bu, onlara peşəkar yardım olmadan aradan qaldırılması çətin olan müəyyən bir travmaya səbəb olur. Məsələn, evsizlərdən biri bu yaxınlarda vokal müəllimi işləyirmiş və atasının gözlənilmədən ölümündən sonra həyatı bir gecədə alt-üst olub. Bundan sonra o, bir neçə il küçədə yaşamalı və hər gün var olmaq uğrunda mübarizə aparmalı olub.

İtirilmiş Venesiya

Los-Ancelesdəki evsiz insanlarla bağlı problemin parlaq nümunəsi Venedik (Venesiya) romantik adı olan ərazi hesab edilə bilər. Venedik bir çox cəhətdən İtaliya şəhərinin təqlidi kimi düşünülmüş, intibah üslubunda binalar tikilmiş və buna görə də turistlər üçün cazibə nöqtəsi olaraq qalmışdır. Milyonlarla insan buranın görməli yerlərini gəzmək istəyirdi. Amma indi Venesiya evsizlərin cəmləşdiyi yerlərdən birinə çevrilib. Burada 40 min sakin üçün 1,6 min evsiz küçələrdə yaşayır - sakinlərin dörd faizinin mənzilə ehtiyacı var.

“Associated Press”in jurnalistləri 2021-ci ildə ərazinin küçələrinin evsiz insanların sığındığı tərk edilmiş avtomobillərlə necə düzüldüyünü göstəriblər. Səkilər çadırlar, mebellər, supermarket arabaları, velosipedlər, sığınacaqlar və döşəklərlə doludur. Hətta çimərliklər də tikilən çadır şəhərciklərə görə öz cəlbediciliyini itirib.

Problemlərin bütün spektri

Özünü evsizlik probleminin ardınca küçədə tapanların törətdiyi cinayətlərin sayı da artır. Bunlar oğurluq, mənzillərin və avtomobillərin oğurlanması, narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Müxtəlif psixotrop maddələrin istifadəsi və müvafiq olaraq onların həddindən artıq dozası nəticəsində ölüm halları da artır. Bu problemlərin birləşməsi səbəbindən Los-Anceles cəlbediciliyini itirir.

Şəhər koronavirus pandemiyasından sonra ilk dəfə əhalinin azalması ilə üzləşdi. Şirkətlər getdikcə şəhərin mərkəzində ofis icarəyə götürməyə daha az həvəs göstərirlər. Turistlər “Mələklər şəhəri”nə səyahət etməyə daha az həvəslidirlər və biznesmenlər, varlı vətəndaşlar buranı potensial yaşayış yeri hesab etmirlər.

Evsizlərin problemi isə öz növbəsində məhəllədə yaşayan imtiyazlı evlərin sakinlərini qıcıqlandırır. Əvvəlcə onların bir çoxu imkansızlara rəğbət bəsləyirdi, onsuz da üzləşdikləri çətinlikləri başa düşürdü. Lakin sonra çadır düşərgələrinin xərcləri onların mərhəmətindən üstün oldu. Vətəndaşlar davamlı olaraq evsiz insanların törətdiyi cinayətlərdən təngə gəldiklərini deyirlər. Onlar evlərinin arxasındakı xiyabanlarda heroin istifadəsinə və atılan şprislərə işarə edirlər. Hətta öz təhlükəsizlikləri üçün dəyənəklərlə küçələrə çıxmağa məcbur olurlar.

“İnsanlar belə yaşaya bilməz. Hər kəs əziyyət çəkir. Təkcə mənzili olmayanlar deyil, mənzil alanlar da”, - deyə Los-Anceles sakini “Associated Press”ə deyib.

Digərləri isə şəhər rəsmilərinin bu problemlərə lazımi diqqət ayırmamasından şikayətlənirlər. “Hakimiyyət adətən çiyinlərini çəkir”, - şəhər sakinləri narazılıqlarını bildirirlər.

“Biz yeni Los-Anceles tikəcəyik!”

Evsizlərə kömək etmək son nəticədə həm Prezident Co Bayden, həm Kaliforniya qubernatoru Qevin Nyusom, həm də 2022-ci ildə Los-Ancelesin meri seçilən Demokrat Partiyasının üzvü Karen Bass üçün prioritet məsələyə çevrilib. O vəzifəyə başladıqdan sonra dərhal şəhərdə həyat keyfiyyətinin yaxşılaşdırılması və aktual problemin aradan qaldırılması üçün genişmiqyaslı islahatlar aparmaq niyyətində olduğunu bildirib.

“Evsizlik problemini həll edəcəyik”, - deyə mer vurğulayıb. Karen Bass mənzil və səhiyyə xidmətlərinin göstərilməsinin genişləndirilməsindən danışıb və küçələri 40 mindən çox evsizdən təmizləmək niyyətində olduğunu bildirib. Bunun üçün o hətta şəhərdə fövqəladə vəziyyət tətbiq edib.

Amma artıq vəzifəsinin ilk ilində yeni mer öz planlarını həyata keçirməkdə çoxlu çətinliklərin olduğunu etiraf etməli oldu. Əvvəla, pandemiya zamanı evsizlərə dəstək kəsildi və maliyyələşmə indi daha da çətindir. Bununla belə, 2010-cu illərin əvvəllərində analoji təşəbbüslərə cəmi 80 milyon dollar ayrıldığı halda, 2023-cü ildə 1,3 milyard dollar sərmayə qoymaq mümkün idi. Ancaq evsizlərə dəstək siyasətinin özü dərhal inkişaf etdirilməli idi. Merin özü problemlərdən birini evsiz insanların izlənilməsi üçün əvvəllər ümumiyyətlə mövcud olmayan vahid sistemin olmamasında görür.

“Ümumi Kaliforniya məlumat bazası kifayət deyildi, dəyişiklikləri real vaxtda izləmək lazımdır. Çoxlu maneələr var. Evsizlərin mənzillərə burada və indi ehtiyacı var. Amma daimi yaşayış evlərinin tikintisi uzun müddət tələb edir və ehtiyacı olanlar həmişə məqbul şəraitdə deyil, illərlə gözləmək məcburiyyətində qalırlar. Mümkün həll yolu onların otellərdə müvəqqəti yerləşdirilməsidir ki, bu da xərc tələb edir”, - deyə mer bildirir.

Amma köçürmənin özü heç də həmişə problemin aradan qaldırılmasına gətirib çıxarmır. Müvəqqəti mənzil alanlar geri qayıda bilərlər. Şəhər rəsmilərinin sözlərinə görə, hər üç evsiz insandan biri yenidən küçələrə çıxır. Belə ki, Venesiya ərazisində son illərin nailiyyətlərindən sayılan çadır şəhərciyi dağıdılanda bir çox evsiz insanlar sadəcə olaraq yoxa çıxıb və şəhər üçün problem olaraq qalıb.

Nəhayət, belə bir fikir var ki, küçələrdə yaşamağa öyrəşmiş evsizlər özləri üçün daimi normal mənzil belə seçməyəcəklər və sonda yenidən “azadlığa” qaçacaqlar.

Köçürülmə

Buna baxmayaraq, Los-Ancelesin meri məsələn, bir neçə ildir çadır şəhərciyinin yerləşdiyi və yerli sakinlərin daim şikayət etdiyi Vestsayd rayonunda həyata keçirilən “Inside Safe” proqramı çərçivəsində müəyyən nəticələr əldə edə bilib. Evsizlərə köçürülmə ehtimalı barədə əvvəlcədən xəbərdar edilmiş, sonra bir gün avtobus çadırlara yaxınlaşaraq “könüllüləri” şəxsi əşyaları ilə birlikdə aparmışdı.

“Associated Press”in jurnalistləri həm köçkünlərdən, həm də onların keçmiş qonşularından müsahibə götürüblər. Evsizlər yeni evlərinə köçmək üçün həyəcanlı görünürdülər.

"Bu, xüsusi bir gündür!", - evsizlər qışqırdı və şəxsən bələdiyyə sədrinə təşəkkür etdi. Artıq mənzillə təmin olunan qonşular da bundan az sevinmirdilər.

Evsiz əhali öz ərazilərini daha sakit və təhlükəsiz etməli idi. Vestsayd sakinlərindən biri dedi: "Mən çox xoşbəxtəm, yəqin ki, evə gedərkən bir şüşə şampan alacağam".

Qarşıda çox iş var

Nəticədə, keçən ilin sonuna qədər Karen Bass problemi yarıdan az həll edə bildi - 50 min nəfərdən təxminən 21 mini yeni mənzil aldı. Evsizlərə dəstək proqramlarına rekord investisiyalara baxmayaraq.

Çoxdur yoxsa az? Nəzərə alsaq ki, evsizlərə verilən mənzillərin sayı əvvəlki illə müqayisədə 5 min ədəd və ya 28 faiz artıb, o zaman müəyyən irəliləyişlər nəzərə çarpır. Yalnız “Inside Safe” proqramı sayəsində onlarla düşərgə təmizləndi.

Müvəqqəti sığınacaqlar

Ancaq əksər hallarda ehtiyacı olanlar üçün yeni ev yalnız müvəqqəti sığınacaqlardır. Köçürülən evsizlərin düşərgəsi dərhal ləğv edilsə də, onun keçmiş ərazisi hasarlarla əhatə olunsa da, zaman keçdikcə bu və ya digər yerlərdə yeni çadırlar peyda oldu. Tamamlanmış mənzil layihələri hələ də hazırlanır və tələbata cavab vermir. Los-Anceles Hüquqi Yardım Fondunun mənzil və ədliyyə direktoru Barbara Şults deyir ki, şəhərin ehtiyaclarını tam ödəmək üçün daha 456 min mənzil lazımdır. Bu arada, “Mələklər şəhəri”nin imici düşərgələr və onların doğurduğu digər sosial problemlər səbəbindən solmağa davam edir.

Müəllif: Turan Abdulla
\ayna.az
 
Ardını oxu...
Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu elan etməsi və rus sərhədçilərin ölkədən çıxarılmasını gündəmə gətirməsindən sonra Lavrovun İrəvana ünvanlanmış “münasibətlərə yenidən baxmaq” haqda açıqlaması kəskinləşmənin ritorikadan praktiki müstəviyə keçə biləcəyi deməkdir. Hərçənd, Rusiya və Ermənistanı bir-birinə bağlayan və bir-birinə qarşı istifadə edə biləcəyi kartlar tükənməyib.
Rəsmi İrəvanın hərbi müstəvidə Moskvadan imtina xəttini seçdiyi aşkardır:
- Fransa başda olmaqla yeni hərbi müttəfiqlərə “yelkən açan” Ermənistanın Rusiya və KTMT-nin “təhlükəsizlik çətiri”ni əvəzləmək imkanları var;
- Çıxarmaq istədikləri Rusiya sərhədçilərinin yerini də erməni hərbçilər və Avropa İttifaqı müşahidəçiləri ilə doldura bilər;
Mövcud vəziyyətdə 102-ci hərbi bazanın çıxarılmasını gündəmə gətirəcəkləri ehtimalı isə azdır, çünki bu, Rusiyanın “tarana getməsi” üçün “qırmızı xətti”dir. Bu baxımdan, İrəvan Moskvanın praktiki müdaxiləsinə qarşı “əl yeri” qoymaqla “təhlükəsizlik çətirinin” diversifikasiya edilməsi siyasətini izləyir, bununla həm də Qərbin anti-Rusiya addımları atmaq tələbini kiçik gedişlərlə inkişaf etdirir.
İrəvanda Moskva qarşısında iki üstünlüyə malik olduqlarını da hesab edirlər:
- Ukrayna müharibəsi davam etdiyi müddətdə Moskva onlara qarşı praktiki addımlardan son ana qədər çəkinəcək;
- Moskva İrəvanı sanksiyaların dəlinməsində platforma olaraq istifadə edir, son iki ildə Ermənistanın Rusiyaya ixracının dəfə artması da bundan qaynaqlanır;
Moskva da “qırmızı xətlərin” keçilmədiyi müddətdə İrəvana müdaxilədən yayınır, çünki bu, Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə haqq qazandıra, onların Ermənistanda manevr imkanlarını azalda bilər. Bununla yanaşı, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı və hərbi müstəvidən fərqli olaraq, iqtisadi müstəvidə alternativ tapmaq imkanının azlığı Moskvanı sakitləşdirən amillərdəndir.
Bütün bunların fonunda Rusiya-Ermənistan qarşıdurması daha çox ritorik “hay-küyə” bənzəyir. Hərçənd Moskvada onu da anlayırlar ki, yalnız ritorik cavablarla kifayətlənmələri Ermənistana Rusiyanın çıxarılması imkanlarının tapılması üçün zaman qazandıra bilər. Buna görə Lavrovun açıqlaması və Mirzoyanla telefon söhbətinin son xəbərdarlıq ola biləcəyi ehtimalı mümkündür.
Moskvanın İrəvanı necə cəzalandıracağı, yaxud cəzalandırmaq imkanlarının nə qədər qaldığı da maraqlıdır.
Birincisi, siyasi müxalifət üzərindən Paşinyan hakimiyyətinə təsir etmək imkanı azdır, hətta yeni fiqurlar irəli sürülsə belə erməni cəmiyyətinin iqtidara qarşı müxalifətin çətiri altında birləşməsi perspektivi zəif görünür;
İkincisi, Qasparyan qiyamından sonra erməni ordusu daxilində Rusiyayönümlü komandanın mövqeləri zəifləyib və bu, hərbi şəbəkənin hərəkətə keçməsinin də nəticə verə biləcəyini sual altına salır;
Üçüncüsü, iqtisadi rıçaqların işə salınmasıdır. Ki, bu rusların əlində ən təsirli vasitə kimi görünür:
- erməni maşınlarının Lars yoluna buraxılmaması;
- sanksiyaların dəlinməsində platforma kimi Ermənistandan imtina edilməsi;
- Rusiyadan Ermənistana “köçürmələrin” məhdudlaşdırılması;
- erməni miqrantların müəyyən qisminin geri qaytarılması ilə narazı elektoratın artırılması;
Bunlar Moskvanın İrəvana qarşı iqtisadi müstəvidə ata biləcəyi ilkin addımlardır, lakin kifayət qədər effektli ola bilər. Rusiya iqtisadi rıçaqlardan istifadə etməklə erməni cəmiyyətində nail ola bilmədiyi siyasi etirazı sosial etirazla əvəzləyə və hakimiyyətə ən azı təzyiq edə bilər.
Asif Nerimanli
 
Ardını oxu...
Sanki o, insan haqqında bilinməsi nə varsa artıq hər şeyi bilir.
Sanki o, insanın ən son “sirrini” və Həqiqəti dərk edib.
Ancaq o da hər fani insan kimi həssas, qırılqan və kövrəkdir.
Edə biləcəyi tək şey həyatın bütün amansız ziddiyyətlərinə, qəddarlıqlarına, gözəllik və bilinməzliyinə rəğmən Dünyanın xaos və harmoniyasını dərk etməkdir.
Dahi isveçrəli psixiatr, analitik psixologiyanın banisi, kollektiv şüursuzluq doktrininin müəllifi Karl Qustav Yunq (1875-1961) həyatının qürub çağında “Xatirələr, Düşüncələr, Xəyallar” adlı kitabında baxın nə yazır:
"Özümdən əmin olmamağım artdıqca ətrafımdakı hər şeyə daha kəskin yaxınlıq hiss edirəm.
İndi düşünürəm ki, uzun müddətdir məni Dünya ilə ayıran yadlaşma artıq mənim daxili dünyama çevrilib. Və birdən kəşf edirəm ki, məgərsə mən özümü heç vaxt tanımamışam”…
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF
 

Ardını oxu...
     

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Bu sistem köhnədir və sovetdən qalma fırıldaqdır... Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.

Dia-az.info bildirir ki, bunu Öz müraciəttlərində "Azneft" İB-də çalışan neftçilər qeyd edib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”,- neftçilər deyib. (Dia-az.info)

     

Ardını oxu...
Azərbaycan rəsmiləri Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib. Birincisi, Elçin Əmirbəyov deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, Elçin Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı layihənin Ermənistan üçün tam faydasını dərk edəcəyinə ümidlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil, sadəcə düşünür ki, nəqliyyat yolunu Ermənistan üçün daha münasib şərtlər daxilində fəaliyyətinə imkan yarada bilər. Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Məktəblilərdə aqressiya hallarının artmasında günahkar kimdir?

Son zamanlar ölkədə uşaqlar arasında zorakılıq halları artır ki, bu da ictimaiyyəti və hər bir qayğıkeş, məsuliyyətli valideyni narahat etməyə bilməz. Belə halların çoxu naməlum olaraq qalır, lakin bəziləri internetdə yerləşdirilən videolar sayəsində geniş şəkildə tanınır.

Belə ki, bu yaxınlarda on birinci sinif şagirdi başqa bir yeniyetmə qıza qarşı zorakılıq hərəkətləri edib. Başında yumurta sındırıb, alnına söyüş yazıb, saçlarını kəsib və baş verənlər digər uşaqlar tərəfindən lentə alınıb, sosial şəbəkələrdə qürurla yayımlanıb. Cinayəti törədən şəxs özünə bəraət qazandıraraq bildirib ki, zərərçəkmiş onu onlayn zorakılığa məruz qoyub. Hazırda faktla bağlı cinayət işi açılıb, proses davam etdirilir.

Bu cür hallar problemin olduğunu və onun həllinə ehtiyac olduğunu göstərir. Bunun qarşısını almaq üçün ölkədə məktəblilərin qeyri-etik davranışlarına qarşı cəzalandırma mexanizmlərinin yaradılmasını nəzərdə tutan “Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlanır. Sənəd Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqlar üçün 2020-2025-ci illər üçün Strategiyanın həyata keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq hazırlanır. Qanun layihəsində xüsusilə övladlarının aqressiv davranışlarına mane olmayan valideynlərin məsuliyyəti nəzərdə tutulur.

Bəziləri hesab edirlər ki, belə hallarda məktəb günahkardır, bəziləri valideynləri, bəziləri isə sosial şəbəkələri qınayır. Amma bu, kompleks yanaşma tələb edən problemdir.

Təhsil eksperti Nadir İsrafilov AYNA-ya deyib ki, uşaqlar arasında zorakılığa görə məktəbi çox vaxt günahlandırırlar, ancaq təkcə onları qınamaq düzgün deyil: “Birincisi, belə hadisələr baş verəndə məhkəmə prosesi başa çatana qədər onlara qiymət vermək olmaz. Diqqətimizi baş verənlərin səbəblərinə yönəltməliyik. Bəzi hallarda məktəb günahkar ola bilər, amma həmişə deyil. Ümumiyyətlə, övlad tərbiyəsi ailədən başlayır ki, bu da düzgün təməl qoymalıdır. Bir çox ölkələrdə valideynlər uşağın qeyri-münasib davranışına görə qanuni olaraq məsuliyyət daşıyırlar. Bizdə hələ belə bir şey yoxdur, amma ümid edirəm ki, tezliklə olacaq”.

“Sonuncu hadisəni götürək - qeyd etmək istəyirəm ki, insident məktəbdən kənarda baş verib. Məktəb uşaqların ondan kənarda etdiklərinə görə məsuliyyət daşıya bilməz - bu, artıq valideynlərin məsuliyyətidir, onlar övladlarının harada olduğunu və nə etdiyini bilməlidirlər. Amma çox vaxt məktəbi də günahlandırırlar. Bütün böyük daşların tez-tez təhsil sisteminə doğru atılmasında mətbuatın da müəyyən dərəcədə günahı var. Məsələn, ruhi xəstənin beş nəfərlik ailəsini öldürdüyü hadisəni nəzərdən keçirək. Bəzi media orqanları qurbanlardan birinin hadisəni törədənin anası olan məktəb direktoru olduğunu vurğulayıb. Nə üçün onun peşəsinə xüsusi diqqət yetirildi? Mən bunu düzgün hesab etmirəm, əksinə, müəllim peşəsinin nüfuzunu yüksəltmək lazımdır. Bu yaxınlarda bir qızın digər qıza sataşması hadisəsinə qayıdaraq deyim ki, orta təhsil sistemi belə hadisələrdən nəticə çıxarmalıdır. İndi məktəbdə təlim-tərbiyə işinə az diqqət yetirilir, amma bu amil təhsil müəssisəsinin diqqətində olmalıdır”, - deyə müsahibimiz bildirib.

Onun fikrincə, daha əlçatan dərnəklər və seçmə fənlər, idman bölmələri lazımdır ki, uşaqlar nə iləsə məşğul olsunlar: “Bununla da onlayn oyunlardan, sosial şəbəkələrdən, mobil telefonlardan qopsunlar. Sovet dövründə məktəblilərin dərsdən sonra getdiyi bir çox məktəbdənkənar təşkilatlar - pionerlər evi, gənc təbiətşünaslar məktəbi və s. vardı. Digər tərəfdən, bir çox valideynlərin niyə uşaqlarının tərbiyəsi ilə məşğul olmadığını araşdırmalıyıq. Bəzi ailələrdə valideynlər uşaqlarına tam diqqət yetirmək istəmirlər. Bunlar əsasən qeyri-funksional ailələrdir. Və bəzən səbəb valideynlərin bir çox problemlərinin olması və sadəcə kifayət qədər vaxtının olmaması ola bilər, məsələn, hər şeyi öz üzərinə götürməli olan tək bir anadırsa. Hər bir konkret hal fərdi şəkildə araşdırılmalı və ailələrlə daha çox iş aparılmalıdır. Bu, sosial məsələdir”.

Sosial şəbəkələrin neqativ təsirinə gəlincə, İsrafilovun qeyd etdiyi kimi, heç də bütün şagirdlərin həyatda nəyəsə nail olmaq, ali məktəbə getmək məqsədi yoxdur və əgər valideynlər onların tərbiyəsində iştirak etmirlərsə, o zaman onlar sosial şəbəkələrdə yaşamağa başlayırlar və fikirlərini orada bəzən mənfi bir şəkildə ifadə edirlər: “Onlar heç olmasa virtual aləm vasitəsilə tanınmaq istəyirlər. Bəzi sosial şəbəkələrin qadağan edilməsinin lazım olub-olmadığını dəqiq söyləmək çətindir. Ancaq kompüterlərdə, eləcə də uşaq smartfonlarında bəzi məhdudiyyətlər lazımdır. Bunun üçün müvafiq proqramlar var. Ümumiyyətlə, uşaqlar arasında zorakılıq hallarının azaldılması üçün kompleks profilaktik tədbirlərə ehtiyac var”.

Psixoloq Azad İsazadə mövzuya dair AYNA-ya şərhində söyləyib ki, sosial şəbəkələrdən təkcə uşaqlar deyil, böyüklər də istifadə edir: “Onları ağıllı şəkildə istifadə etsəniz, pis bir şey olmayacaq, baxmayaraq ki, onlarda çoxlu mənfi cəhətlər var. Bu, tərəqqinin təzahürlərindən biridir, lakin sosial şəbəkələrdən istifadə edib-etməmək hər kəsin öz seçimidir. Ancaq uşaqlar həqiqətən internetdə çox vaxt keçirirlər - bəzən valideynlər üçün vaxt ayırmaqdansa, övladına smartfon vermək daha asandır. Uşaqların virtual məkana cəlb olunma dərəcəsini nəzərə alaraq, məktəblər, məsələn, “İnformatika” fənni üzrə dərslər haqqında düşünməlidirlər ki, burada əsas diqqət sosial şəbəkələrin mənfi təsirinin qarşısının alınmasına yönəldiləcək”.

“Ümumiyyətlə, yeniyetmələr arasında hər zaman qəddarlıq halları olub, bu, yeni bir şey deyil, sadəcə olaraq, əvvəllər bu qədər tez-tez ictimailəşmirdi. İndi hamısı sosial şəbəkələrdə yerləşdirilib. Yeniyetməlik dövründə uşaqlar tez-tez qəddarlıq nümayiş etdirirlər, onlarda empatiya hissi hələ tam formalaşmayıb, özlərini böyük və soyuqqanlı hesab edirlər. Onlar üçün isə hər şey ya ağdır, ya qara və sonda belə hallar olur. Konkret olaraq sonuncu halda deyim ki, zərərçəkənin sosial şəbəkədə nəsə səhv yazıb-yaymamasının fərqi yoxdur, bu, onunla belə rəftar etmək hüququ vermir. Belə məsələləri həll etmək üçün hüquq-mühafizə orqanları var və biz onlara haqqını verməliyik, son illər sosial şəbəkələrdə hər hansı təhqiredici məlumatlara ciddi reaksiya verirlər. Bu, linç idi və törədən müəyyən qədər cəzasını almalıdır. O zaman başqaları da düşünəcək ki, bunu etməyə dəyərmi - bunun bir daha təkrarlanmaması üçün burada profilaktika lazımdır”, - deyə mütəxəssis vurğulayıb.

Valideynlərin məsuliyyətindən danışan psixoloq belə şeylərə görə ən azı mənəvi məsuliyyət daşıdıqlarını qeyd edib: “Məktəbdə belə hallar baş verirsə, o, uşağın fiziki və psixoloji sağlamlığına da cavabdehdir. Ümumiyyətlə, kimin günahkar olduğunu - məktəb, yoxsa valideyn - bölmək düzgün deyil. Uşağın tərbiyəsi həm ailədə, həm də böyüklərin nəzarəti altında olduğu məktəbdə baş verir. Orda da, burda da uşaqlara nəyin yaxşı, nəyin pis olduğu başa salınmalıdır”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Həmin dəhşətli cinayət baş versə, tövbə qapısı bağlanacaq

Hitlerin hakimiyyəti illərində Almaniya ilə əməkdaşlığa qadağa qoyan hüquqi və siyasi sənədlər mövcud deyildi. Buna baxmayaraq, müharibədən sonra faşizmlə əməkdaşlığa görə məsuliyyət gündəmə gəldi. İkinci dünya müharibəsindən 79 il keçməsinə, bu müddətdə ən azı üç nəsil dəyişikliyi baş verməsinə baxmayaraq, faşizmlə əməkdaşlığa görə hüquqi, siyasi və mənəvi təqib bu gün də davam edir. Putinə və Rusiyaya münasibət isə 80 il əvvəl Hitlerə və Almaniyaya olan münasibətdən daha pisdir. Barəsində çoxsaylı ittihamlar, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi olan Putin barəsində indi də Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıdığını müəyyən edən qanunvericilik aktları qəbul edilməyə başlanılıb. Avropa Parlamenti Aleksey Navalnının ölümünə görə hüquqi və siyasi məsuliyyətin şəxsən Putinin daşıdığını təsdiqləyən qətnamə qəbul edib.

Putin və onun rəhbərlik etdiyi Rusiyaya bağlılığın təhlükəli olduğunu dərk edən hər kəs bu bağları kəsməyə çalışır. Rusiya ilə bağlarını kəsməyə, Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımaq istəməyən zəngin rusiyalılar Rusiya vətəndaşlığından da imtina edirlər. “Rusiyanın 200 ən varlı iş adamı” siyahısına daxil olan “Veem Software” şirkətinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşevin Rusiya vətəndaşlığından imtina etdikləri haqqında məlumat yayılıb. Andrey Baronov və Ratmir Timaşevdən öncə isə başda 7.3 milyard dolar sərvəti olan Yuri Milner, 7.1 milyard dollar sərvəti olan Nikolay Storonski olmaqla, milyarderlər Vasili Anisimov, Timur Turlov, İqor Makarov və Oleq Tinkov bu günə kimi Rusiya vətəndaşlığından imtina edən zənginlərdir. Rusiya vətəndaşlığından imtina edən alim və mütəxəssislərin, ədəbiyyat və sənəd adamlarının, idmançıların sayı on minlərlədir.

Rusiya vətəndaşlığından imtina edən zənginlər Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımamaq üçün köçkün düşmüş ukraynalılara kömək edən nüfuzlu humanitar təşkilatlara milyonlarla dollar bağışlayırlar. Rusiya vətəndaşlıından imtina edənlərin məxfi şəkildə Ukraynaya başqa yardımlar göstərdikləri də istisna deyil, hətta məntiqə uyğundur.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Qərb dövlətlərinin çox böyük məbləğdə pul xərcləməsinə səbəb olub. Rusiya Ukraynanın şəhər və kəndlərini xarabazara çevirib, mülki infrastrukturuna və iqtisadiyyatına böyük zərər vurub. Bütün bu zərərin böyük hissəsini Rusiyaya, təzminat şəklində ödətdirəcəklər. Amma müharibədən sonra Rusiyanın həmin zərəri təkbaşına ödəməsi mümkün olmayacağı üçün Moskva ilə işbirliyində olanları da hansısa təzminatı ödəməyə məcbur edəcəklər.

Rusiya ilə işbirliyində olanlar Moskva ilə münasibətlərinin səviyyəsinə uyğun cəzalandırılacaqları halda, bu gün Ukraynaya dəstək olanlar təqdir ediləcəklər. Sərmayə dünyasında canlı əfsanə hesab olunan Uorren Baffetin oğlu Hovard Baffet Ukraynaya milyard dollara yaxın yardım edib. Bu xidmətinə görə Hovard Baffet Ukraynanın yüksək dövlət mükafatlarından olan Knyaz Yaroslav Mudrıy ordeni ilə təltif olunub. Knyaz Yaroslav Mudrıy ordeni Ukrayna dövləti qarşısında müstəsna xidmətləri olan şəxslərə verilir.

Putinin Ukraynaya qarşı cinayətkar müharibəsinə görə ilk növbədə Aleksey Navalnının komandası tərəfindən hazırlanmış “korrupsioner və müharibə qızışdıranlar” siyahısında adları yer almış altı min şəxs cəzalandırılacaq. Navalnı hesab edirdi ki, bu şəxslər Putinin siyasətinə görə məsuliyyət daşıdıqları üçün sanksiyaya məruz qalmalıdırlar.

Putinə sədaqətli təbəə olduqlarını nümayiş etdirənlər çar II Nikolaya sona kimi sədaqətli qalan general Hüseyn xan Naxçıvanskinin fəlakətli sonluğundan dərs almalıdırlar.

General Hüseyn xan Naxçıvanski çar II Nikolaya sona kimi sədaqətli qalan, müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina edən iki generaldan biri olub. Tarixi məlumata görə, çar II Nikolay 15 mart 1917-ci ildə taxt-tacdan imtina etdikdən sonra general Hüseyn xan Naxçıvanski keçmiş hökmdarına teleqram göndərək, “sevimli monarxı üçün ölməyə hazır olduğunu” yazıb. Bu həmin dövr idi ki, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçilirdi. Azərbaycan xalqının hərbi işləri bilən insanlara ehtiyacı bütün peşə sahiblərinə olan ehtiyacından çox idi. Yüksək səviyyəli sərkərdə olan general Hüseyn xan Naxçıvanski isə taxt-tacdan imtina etmiş birinə sədaqət göstərərək, Moskvada yaşamaqda davam edirdi. Taxt-tacdan imtina etmiş hökmdara sədaqət general Naxçıvanskiyə həyatı bahasına başa gəldi.

Ukraynaya qarşı çoxsaylı cinayətlər törətməkdə ittiham olunan Putinin daha fəlakətli cinayətə əl atacağı ehtimalı var. Ukraynaya atom bombasının atılacağı, kosmosda nüvə başlığının partladılacağı və dinc insanlara qarşı qanlı repressiyaların törədiləcəyi kimi fikirlərin gerçəkləşmə ehtimalı hər ötən gün artır. Bu sadalanan cinayətlərdən hər hansı biri gerçəkləşsə, Putinin adı Hitlerdən də önə keçirək, şərin əsas mücəssəməsinə çevirəcək. Putinin sonuncu cinayəti onunla bərabər mühakimə olunmaq istəməyənlər üçün də tövbə qapısını bağlayacaq.
Xaqani Cəfərli
TEREF
 

Dünyapress TV

Xəbər lenti