Repetitorluq: cinayət, yoxsa xidmət sferası?
“O müəllimlərin hərəkəti qeyri-etik və cinayət əməlidir”

Repetitor institutu möhkəmləndikcə məktəblərə qarşı diqqət və etimad azalır. İş o yerə çatıb ki, şagirdlər məktəbə getməyə vaxt itkisi kimi baxır. Məktəbdə keçirəcəkləri zamanı repetitor yanında daha səmərəli keçirməyə can atırlar. Məsələyə səthi yanaşanlar məktəblərin yox, məktəblilərin vəziyyətinin acınacaqlı olduğunu düşünür, hətta məktəbə getmədikləri üçün şagirdləri günahlandırırlar. Əslində, nə qədər paradoksal səslənsə də, məktəblilərin də arqumenti var – onlar yaxşı təhsil almaq üçün məktəbdən yayındıqlarını deyirlər. Təhsil almaq üçün məktəbdən yayınan şagirdlər… Bu gedişlə, təhsilimizin aqibəti nə olacaq?

Bu sual elm və təhsil naziri Emin Əmrullayevin sonuncu brifinqində bir daha qaldırıldı. Medianın suallarına cavab verən nazir bildirib ki, əslində müəllim özü dərsdən sonra qalaraq, şagirdlə əlavə məşğul ola bilər. Onun sözlərinə görə, burada qeyri-qanuni heç nə yoxdur: “Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.

Görəsən, illərdir kök salmış repetitorluq sənətinin təkcə maaş artımı ilə qarşısını almaq mümkün olacaqmı? Axı repetitorluq hazırda universitetə qəbul olmağın tək çarəsinə çevrilib. Cəmiyyətdə elə fikir formalaşıb ki, repetitor yanına getməyən şagird tələbə ola bilməz, universitetə gedən yol repetitordan keçir. Bəs bu yolda məktəbin yeri haradadır? Təhsil ocaqlarımız niyə bu qədər geri planda qalıb? Universitetə gedən yolun repetitordan yox, məktəbdən keçməsi üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Pressklub.az-a açıqlamasında bildirib ki, repetitorluğun bu qədər geniş yayılmasının səbəbi təhsildəki boşluqlarla əlaqədardır.

Ekspert variantlardan biri kimi qəbul imtahanı formatının dəyişdirilməsini təklif edir. Həmçinin məktəbdə tədris olunan fənlərin sayı azaldılmalı, dərsliklərin dili sadələşdirilməlidir ki, şagird onu asan qavraya bilsin. Üstəlik, dərsliklər tərtib olunarkən yaş psixologiyası nəzərə alınmalıdır. Bütün dərsliklər elmi, akademik üslubda yazılanda şagird onu çətin qavrayır və kömək üçün repetitor yanına getməli olur.

Müəllimlərin böyük hissəsinin repetitorluqla məşğul olmasına gəlincə, müsahibimiz deyir ki, dünyanın əksər ölkələrində bu hala rast gəlinir: “Bu, bir xidmət sferasıdır. Amma müəllimlərin hədə-qorxu ilə şagirdləri öz yanına cəlb etməsi yolverilməzdir”.

Problemin səbəblərindən biri də subyektiv amildir – repetitorluqla məşğul olan bəzi müəllimlər maddi gəlir əldə etdikcə məktəbdə dərs keçməyə az maraq göstərirlər, yaxud, ümumiyyətlə, maraq göstərmirlər. Əksinə, belələri “hazırlığın” yeganə çıxış yolu olduğunu göstərmək üçün sinifdə aşağı nəticə alınmasında da maraqlı olurlar. Necə deyərlər, dərsi “yola verirlər”, hazırlığa gəlməyən şagirdləri gözümçıxdıya salırlar. Ekspert məhz bu davranışın qəti əleyhinə olduğunu dilə gətirib. Belə müəllimlərin əlindən şagirdlər məktəbdən daha da soyuyur və uzaqlaşır.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu da bəzi məktəb müəllimlərin öz yanına hazırlığa gəlməyən şagirdlərlə intriqa apardığını təsdiqləyir.

“Az eşitməmişik, orta məktəb müəlliminin yanına getməyib, başqa müəllimin yanına gedən uşaqların gözümçıxdıya salınmasını. Ümumiyyətlə, müəllimlərin bu cür davranışı, öz fənnini dərsdə deyil, dərsdən kənar öyrədərək valideyndən pul alması qeyri-etik və cinayət əməlidir. Bu məsələlərdə ciddi nəzarət olmalıdır”.

Fikrətoğlu hesab edir ki, universitetə hazırlığın repetitorsuz mümkün olmadığı fikri artıq insanların beyninə yerləşib: “Təəssüf ki, şagirdlərin repetitor yanına getməsi məcburiyyət olmaqla yanaşı, dəb halını da alıb. İş o yerə çatıb ki, təkcə yuxarı sinif şagirdləri deyil, ibtidai siniflərdə oxuyan uşaqlar belə müəllim yanına hazırlığa göndərilir. Çox vaxt attestat xətrinə uşaqlar məktəbə gedirlər. Repetitor yanına daha çox getsin deyə, müxtəlif vasitələrlə şagirdlər məktəbdən yayınır”.

Ekspert problemin maddi tərəfinə də toxunub. Deyir ki, repetitorluqla məşğul olan müəllimlərin qazancı aldıqları maaşdan dəfələrlə çoxdur: “Bakıda bir fənni 100-300 manata tədris edən müəllimlərin bəzəkli reklamlarına rast gəlmək adi hal alıb. Fənn müəllimlərinin çoxu məktəbə yük kimi baxır, 45 dəqiqəni “doldurmağın” yollarını fikirləşir. Çünki həmin müəllimlər özlərinin əsas gəlir yerini daha çox uşaq hazırlamaqda görür”.

Bəs sertifikasiya keçirməklə müəllimlərin maaşlarını qaldıraraq repetitorluğun qarşısını almaq mümkün olacaqmı? Ekspert bunun asan olacağını düşünmür. Deyir ki, sertifikasiyanın özündə, keçirilməsində, şərtlərində problem var. Dərin kök salmış repetitorluqla mübarizə aparmaq üçün maaşları 100-150 manat artırmaq çıxış yolu deyil.

Ekspert repetitorluğun qəti əleyhinə olmadığını söyləyib. Lakin bu işin qanuniləşməsini vacib hesab edir:“Repetitorluqla məşğul olmaq istəyənlər attestasiyadan keçməli, xüsusi lisenziya və ya buna bənzər sənəd almalıdır. Bununla da valideyndə həmin müəllimə etimad yaranacaq. Həm valideyn rahat olacaq, həm müəllim qanuni yolla pul qazanacaq, həm də dövlət vergi almaqla fayda götürəcək”.

Həmsöhbətimiz problemin başqa bir tərəfinə də toxunub. Hansısa qrupu seçib qəbul imtahanına hazırlaşan abituriyent 5-ci sinifdən 11-ci sinfədək keçirilən bütün proqram üzrə imtahan verməli olur. Məktəbdəki gündəlik dərslər ona təkrar üçün əlavə vaxt vermir: “Ona görə də abituriyentlər repetitor yanına getməyə məcbur olur. Amma məktəblərdə hər qrup üzrə hazırlıq proqramları təşkil edilsə, o zaman repetitorluğun qarşısı alınar”.

Eynşteyn deyirdi ki, hər bir ölkənin gələcəyi onun təhsili ilə bağlıdır. Sabahımızı düşünürüksə, bu gün təhsilimizə ciddi yanaşmalıyıq.
Günay Elşən
pressklub
 
 
 

Dünyapress TV

Xəbər lenti